NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Klassisizm dövrünün adamı

İstedadlı doğulmalısan, yoxsa bu təcrübə və səbrin nəticəsidir? Hansı daha önəmlidir: genlər ya ətraf mühit?Fərhad Şəmsi oğlu Bədəlbəyli, demək olar ki itirilmiş dövrün istedadlı nümayəndəsi,  intellekt sahibi, alicənab bakılı ruhunun nəcib ziyalısı, ona xas olan xeyirxah tərzdə mənim bütün suallarıma səbrlə "notları düzərək” cavab verdi.

screen_shot_2017-03-31_at_12.17.18

GİRİŞ

Əgər Azərbaycanın ən məşhur musiqiçi ailələrindən birində doğulursansa: atanın doğma qardaşı ilk milli baletin müəllifi Əfrasiyab Bədəlbəyli, əminəvəsi konsertlərini saatlarla izləyə biləcəyin məhşur dirijor Maestro Niyazidirsə, bununla yanaşı, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin qohumusansa  (babasının əmisi oğlu - Bədəl bəy Bədəlbəyli) həyat yolun müvafiq olaraq müəyyənləşmiş olur.

Bu kontekstdə fikrini ciddi bir şeyə cəlb etmək, özünü məhdudlaşdırmağın vacibliyini izah etmək çətin olan bir uşaq olmağın vacib bir əhəmiyyət daşımır. Bir yerdə oturmayan, qonşu uşaqlarla futbol oynayan və “nakuli” oyununda cəldliyi ilə mübarizə aparan uşaq daimi kompromis rejimində yaşayır: iki saat futbola, üç saat – pianoya... Daha  sonra, artıq doqquzuncu sinifdə  isə "istəyirəm" və "lazımdır" arasında əbədi mübarizədə getdikcə rasionallıq qalib gəlir. Musiqi sənin ayrılmaz hissənə çevrilir: sən saatlarla qamma çalırsan və etüdləri əzbərləyirsən, həyatın (və incəsənətin) ikinci məktəbi isə XX əsrin ən görkəmli insanları ilə axşam məclisləri olur: Raykin, Rixter, Koqan və Daniil Şafranı lağa qoyan Rostropoviç (onun kalamburlu ifadəsi nəyə desən dəyərdi: "zəfəranlı (şarfan) plovu dadmaq istəmirəm, sonra Şafran deyəcək ki, mən onu yedim"). Niyazinin həyat yoldaşı Həcər xanımın iftixarla və fasiləsiz zəhmətinin nəticəsi olan  azərbaycan mətbəxinin delikatesləri, konsertdən sonra musiqiçilərə rahatlamağa kömək edən çay kimi axan şərablar,  səmimi və xoş qüssə ilə yada düşən bütün o anlar...  

Musiqinin teatr ilə görüşdüyü bir mühitdə (bizim qəhrəmanın atası - Azərbaycan SSR xalq artisti, tanınmış teatr rejissoru Şəmsi Bədəlbəyli) daha bir böyük məhəbbət yetişir.  Balaca rejissorların ciddi işləri – Çexovun səhnə quruluşu, geyim axtarışı, rolu öyrənmək  bütün bunlar "həmən operadandır".

Damla damla ardınca bu möhtəşəm mənəviyyat qarışığı və təmiz gen bərəkətli torpağa tökülür, orada isə mühüm missiyası olan biri yetişir: gələcək nəsillərə bütünlüklə başqa cür düşünən, ahəngi pozan, bütün dəyərləri müxtəlif cür dərk edən, tamamilə fərqli mənbələrdən qidalanan nəsillərə notlarla şifrlənmiş mədəni kodları və mənaları universal musiqi dilində ötürən biri.

screen_shot_2017-03-31_at_12.20.03

HARMONİYA

Musiqiçi üçün istedad və əmək ikilisidən heç biri digərindən üstün ola bilməz. Onlar əl-ələ yürüyürlər. Musiqiçinin əməyi əzablı və qaçınılmazdır: daimi məşqlər, gündə 8 saat royal arxasında oturmaq, həmişə musiqi savadı üzərində yorulmadan çalışmaq...  Hətta ən istedadlı adam da məşq etmədikcə öz istedadını itirə bilər. Yalnız yazıçı və rəssam ilham gəlməsini gözləmək üçün fasilə verə bilər, pianoçunun barmaqları isə  fasiləsiz məşq tələb edir.

Ustalıqla səs texnikasının üsullarına malik olan və piano fakturasını mənimsəməyə kömək edən müəllimləri yada salmağın tam vaxtıdır. İfa texnikasının, plastikasının təkmilləşdirilməsi, lazımi səs rənginin axtarışının köməyi ilə yanaşı onlar elə bir biliklərə yiyələnməyə kömək edirdilər ki, onlarsız bu və ya digər dövrün musiqisini hiss etmək və ifa etmək mümkün deyil. Bülbül adına məktəbin pedaqoqu Kələntər, Sankt Peterburq məktəbinin tələbəsi Mayor Brenner, dahi Moskva pianoçuları Yakov İzraileviç Zak və Bella Davidoviç...  Bu nadir intellektuallarla ünsiyyətdə olmaq böyük mənəvi həyat impulsu verirdi!  

Yakov Zak beş barmağı kimi tanıdığı Luvrda məni görkəmli fırça ustalarının işləri ilə tanış etmişdi. "Nəticədə hər şeyə oxuduğun kitabların sayı qərar verir" – o, bunu təkrar etməyi sevirdi.

Pedaqoji fəaliyyət pianoçu üçün son dərəcə faydalıdır. Mən Murad Adıgözəlzadə, Murad Hüseynov, Əzizə Mustafazadəyə aspiranturada dərs demişəm. Bizim caz pianoçuları Emil Əfrasiyab, Şahin Növrəsli, İsfar Sarabski gözəl klassik məktəb keçiblər. Belə tələbələrdən gənclik enerjisi alırsan! Hərdən tələbələr səninlə hansısa əsərlərin interpretasiyasında razılaşmaya da bilərlər, və bu inkişaf etməyə kömək edir.

VARİASİYALAR

Onilliklər, yüzilliklər ərzində qazanılmış müəyyən ənənələr, nəsillərin təcrübəsi vardır ki, bu və ya digər musiqini ifa edərkən onlara istinad edirik, eyni zamanda özümüzdən də yeni bir şey əlavə edirik. Öz əvvəlki ifalarıma qulaq asanda, mən başa düşürəm ki, bəzi yerlərdə tələsmişəm. İndi isə mən eyni ifanı başqa cür çalardım... İfada ən əsası – əsərin yarandığı dövrün ruhunu ötürməkdir. Eyni zamanda dünyada baş verən dəyişiklikləri də inkar etmək olmaz, zamanla ayaqlaşmağa çalışmaq lazımdır.

Əgər gənc vaxtlarımda mənəvi informasiyanın istehlakı çətinlikləri aşaraq baş verirdisə (kitaba abunə olmaq və ya konsertə bilet almaq üçün növbədə durmaq lazım idi), indi sürətli əsrdə hər şey başqa cür baş verir. Ona görə də, bizim vəzifəmiz  mənəvi informasiyanın həyata keçirilməsi və ötürülməsinin daima yeni, müasir çatdırılma formaları axtarmaqdır.

Bir vaxtlar biz Maestro Niyazi ilə məktəblilər üçün operaya abunəlik təşkil edirdik, bu gün isə Fuad İbrahimovun rəhbərliyi altında kamera orkestri ilə birlikdə özümüz təhsil müəssisələrinə gedirik, orada konsertlər veririk.

screen_shot_2017-03-31_at_12.19.46

1988-ci ildə ölkəmizdə ilk qeyri-rəsmi təşkilatı olan “Bakı incəsənət mərkəzi”ni yaratdıq. Bu mərkəzin çərçivəsində səkkiz-on il ərzində Hyustonda, Əbu-dabidə, Moskvada Azərbaycan mədəniyyət günləri keçirilirdi. Bizə heç kim kömək etmirdi, özümüz sponsorlar axtarırdıq, neft şirkətlərini cəlb edirdik. Adətən rəsmi şəxslər qeyri-rəsmi təşkilatları sevmirlər, amma o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu bizi çox dəstəklədi... Ancaq istənilən orqanizm doğulur, böyüyür və ölür – bu, həyatın qanunudur və qaçılmazdır. Bu gün bu mədəniyyət ənənələrini “Yarat” təşkilatı davam etdirir!.

Bir qədər yenilənmiş formada da olsa, gəncləri daim maarifləndirmək lazımdır. Məsələn, Berlin simfonik orkestri dəmir beton blokları arasında köhnə baxımsız zavodda konsertlər verir, bizim dənizkənarı bulvarda isə gənclər Betxovenin Doqquzuncu simfoniyasının sədaları altında flashmob təşkil edir. Bunda heç bir uyğunsuzluq yoxdur, əksinə, bu çox təqdirəlayiq haldır.

İMPROVİZASİYA

Mənim Maestro Niyazi ilə ilk çıxışımda məlum oldu ki, səhnəyə çıxmağa heç nəyim yoxdur. O vaxtlarda geyim kultu yox idi, gənclər kostyum və qalstuka meylli deyildilər və cins şalvarla kifayətlənirdilər. Ancaq səhnə bunu tələb edirdi. Mən də köhnə tanışımız olan mağaza müdiri Oktaya müraciət etdim. O, mənə öz yenicə tikilmiş fin kostyumunu geyinməyə verdi, aydın məsələdir ki,  konsertdən sonra onu geri qaytarmağımı gözləyirdi, amma mənim mənalı baxışım ona bildirdi ki, kostyumu bir daha  görməyəcək... Kostyum mənə olduqca “uğurlu” gəldi: mən həmin kostyumda Çexoslavakiyada (1967) Bedrjix Smetan adına və Portuqaliyada (1968) Vianna da Motta adına olan  pianoçu müsabiqələrində qalib  gəldim.

Yerusəlim simfonik orkestri ilə Amerikada konsertlərin təşkili bu ilin böyük nailiyyətidir. Biz Floridaya  ABŞ-ın ən zəngin "yəhudi" hissəsinə getmişdik. Heydər Əliyevin Xocalı haqqında dediyi sözləri konsert proqramına daxil etmək mümkün oldu. Adətən  bu cür mərasimlərdə politik mövzular səslənmir, ancaq bu məsələdə Dima Yablonski çox zəhmət çəkdi – ona dərin təşəkkürümü bildirirəm!

Konsertə bir saat qalmış, dirijor öz çıxışında niyə bu proqramı seçdiyini açıqladı. Dima Yablonski Xocalı haqqında danışır və tar səslənir... Ümumilikdə biz 3000 nəfərlik zallarda 17 konsert keçirdik. Tamaşaçıların böyük hissəsini əcnəbilər təşkil edirdi, bu təbliğat məhz onlara yönəlmişdi. Axı orta statistik amerikalının bizim həqiqətlərimizdən xəbəri yoxdur. Ona görə də, mən bu mərasim ilə qürur duyuram.

screen_shot_2017-03-31_at_12.21.11

KLASSİKA

Klassik musiqi təsnifatına görə elitardır. Eyni zamanda, onu hissə-hissə, xüsusi seçilmiş halda belə olsa kütləyə çatdırmaq lazımdır. Ona görə də, özünü təbliğ etməyi, tanınmaq üçün mübarizə aparmağı bacarmalısan. Klassik nümunə – artıq yeddi ildir ki keçirilən Qəbələ festivalıdır. Bizə əvvəlcə könülsüz gəlirdilər, lakin konsertlərin və musiqi nömrələrinin təşkili ilə paralel böyük maarifləndirmə işi də aparılırdı. Bizim hörmətli Zəhra Quliyeva və Ceyran Mahmudova valeh olmuş tamaşaçılara görkəmli bəstəkarların həyatı haqqında danışırdılar, muğam, ispan musiqisi, caz və s. konsertləri keçirilirdi. Bura əfsanəvi Boris Berezovski gəlmişdi. Hətta festivalı vahid ideyanın olmamasına görə tənqid edirdilər. Amma ideya bu idi:  regionlarda yaşayan insanları  mümkün qədər çox cəlb etmək, musiqini onlar üçün “asanlaşdırmaq”.  Axı nəticədə biz onlar üçün çalışırıq, özümüz üçün yox. Beləliklə, bu tədbir bir çox amilə görə – maarifləndiricidir. Artıq festival çox məşhurdur, onun öz publikası var, insanlar uzaqlardan gəlir, uşaqlarını gətirir. Bu onlar üçün bir növ bayramdır.

KODA

Mən bütün ömrüm boyu atamın öyrətdiyi qanunlarla yaşamışam və bu günə qədər onları əsas tuturam. Hər şeydən əvvəl istənilən vəziyyətdə şəxsi şərəfini qoruyub saxlamaq; səndən asılı olan şəxslər qarşısında öz gücünü nümayiş etdirməmək, lakin ixtiyar sahibi olan insanların qarşısında da alçalmamaq; kiminsə xeyri üçün qətiyyən xahiş etməmək...  Bulqakovun dediyini xatırlayın: “Heç vaxt heç nə xahiş etməyin, xüsusən də, sizdən güclü olanlardan. Onlar özləri təklif edəcəklər və özləri hər şeyi verəcəklər"!

...Mən söhbət keçən otağı qeyri-adi adamla tanışlıqdan sonra qalan gözəl hisslərlə tərk etdim. Cəzbedici, səmimi, ziyalı Fərhad müəllim! İnkişaf üçün ürəkdən mübarizə aparan insan rəğbət doğurmaya bilməz. Lakin qəlbimdə bir az da olsa paxıllıq hissi yarandığını gizlətmirəm: İstedadlı ustanın, öz dahi əcdadlarının mirasının coşğulu davamçısı olan insanın yanında dərs almaq imkanına malik Bakı Musiqi akademiyasının yetirmələrinə olan paxıllıq.