Azər Rzazadə: Uğur - bilik və əməkdir

Opera ifaçılıq sənəti özündə nə qədər sirr və cəzibədarlıq gizlədir. Azərbaycan həmişə ona olan xüsusi münasibəti ilə məşhur olub - məhz burada Şərqin ilk "Leyli və Məcnun" operasının tamaşası qoyulub. Bizim mesenatlar və sənət himayədarları daim operanı qoruyublar və ölkəmizdə onun inkişafı üçün güclərini və vəsaitlərini əsirgəməyiblər. Qonağımız - La Scala Musiqi Akademiyasında təhsil alan və İtaliyanın ən məşhur operasının solisti olan Azər Rzazadədir. Bu gün o, məşhur "Karmen" və Rudolph partiyası ilə "La Boheme" operaları ilə məşğuldur, qabaqda isə onun Moskvada və Parmada konsertləri, "Madam Butterfly" və "Traviata"da iştirakı gözlənilir. Azər Nargis'ə uşaqlıq arzusunu necə həyata keçirdiyi barədə bəhs etdi.

Azər, La Scala Akademiyasında təhsil alırsınız və İtaliyanın ən məşhur operasının solistisiniz. Buna necə nail olduğunuz barədə danışın?

Təbii ki, hər bir opera müğənnisinin La Scala'da ifa etmək arzusu var, çünki bura Callasse, Pavarotti, Domingo kimi dahi musiqiçilərin çıxış etdiyi tarixi bir səhnədir. Bu səhnənin öz xüsusi aurası var. 19 yaşınadək mən ifaçılıqla məşğul deyildim. Sonra bankdakı işimi buraxıb əsl istedadımın ardınca getməyə qərar verdim. Bakıda professor Hüseyn Əliyevlə məşğul olurdum, bu müəllimə çox dəyər verirəm və hörmət edirəm. Daha sonra təhsilimi İtaliyada davam etdirməyə qərar verdim, çünki bura, operanın vətənidir. Bu mötəbər teatra daxil olmaq üçün öz üzərimdə çox çalışırdım və buna 4 ildən sonra müvəffəq oldum. 2014-cü ildə, ilk Azərbaycanlı olaraq nəhayət La Scala Akademiyasına daxil oldum.

Balaca Azərbaycanlı oğlan Azər necə biri idi? Opera səhnəsinə gəlmək arzunuz nə vaxt aydın şəkildə formalaşdı?

Müğənni olmağı uşaqlıqdan arzulayırdım. Mən yaradıcılıq və incəsənət mühitində böyümüşəm. Atam - musiqiçi, Azərbaycanın xalq artisti Zaur Rzayevdir. O, xalq mahnıları ifaçısıdır, amma həmçinin Konservatoriyada professor Kamal Kərimovun vokal sinfini bitirib. İllər keçdikcə anladım ki, sevdiyim işlə məşğul olmalıyam. Mən həmişə Müslüm Maqomayevə, Rəşid Behbudova, Andrea Bocelliyə qulaq asırdım, həmişə klassik estrada xoşuma gəlirdi. Amma ilk dəfə operanı eşitdiyimdə, mən sadəcə ağlımı itirdim. Xatırlayıram ki, bu "Tosca" operası idi və anladım ki, məhz opera sənətçisi olmaq istəyirəm. Burada təksə səs deyil, həm də aktyorluq oyunu lazımdır. Bu mənə çox çətin, lakin çox maraqlı gəlir.

Valideynləriniz Sizin böyük həvəsinizlə həmfikir oldular?

Atam mənim müğənni olmaq istədiyimi biləndə, "yox" dedi. O, mənim səsimin olub-olmadığını, bu arzunun haradan yarandığını belə bilmirdi. Mən həmişə çəkinirdim və öz bacarıqlarımı heç kimə göstərmirdim. Heç mən də özümdən 100% əmin deyildim, özümü obyektiv qiymətləndirməyə çalışırdım. Amma bir gün atam mənə qulaq asdı və mənim belə ifa etdiyimə çox təəccübləndi. Təhsil almaq üçün getməyə qərar verdiyimdə valideynlərim məni olduqca dəstəklədi və mən həmişə buna görə onlara minnətdar olacağam.

Azər, bu qədər gənc yaşınızda seçdiyiniz həyat yolunda çox şey əldə etmisiniz. Bugünkü arzunuz nədir?

Düzünü desəm, çox şey əldə etdiyimi düşünmürəm. Mən hələ 27 yaşındayam, planlarımda hələ çox şey var. Əlbəttə ki, mən La Scala səhnəsində çıxış etməyimdən, onu Placido Domingo ilə paylaşdığımdan çox qürur duyuram. Uğurlar var, amma onlarla kifayətlənəcək qədər deyillər. Mən indi Askoli şəhərində "La Boheme" tamaşasında iştirak edəcəm, bu mənim debüt çıxışımdır, ay yarım bundan əvvəl "Karmen" operasında debüt çıxışım olmuşdu, mən Don Hose partiyasını ifa edirdim. Hazırda elə bir iş qrafikindəyəm ki, Avropa teatrlarında çox çıxışlarım olur və mən optimal formada qalmağa çalışıram. Həm formada qalmaq və çox şey əldə etdiyimi düşünmək isə - bir-birinə zidd olan şeylərdir. Bu sənət çox geniş biliklər tələb edir, bu gün burada böyük bir rəqabət var, buna görə də öz üzərimdə çox çalışıram.

Siz La Scala səhnəsində bizim əfsanəvi soydaşımız Qara Qarayevin əsərlərini ifa etmisiniz. O anda hansı hissləri keçirirdiniz?

Bu mənim doğma musiqim olduğundan savayı, həqiqətən də, xoşuma gəlir, Qarayevin və Əmirovun əsərlərini böyük məmnuniyyətlə ifa edirəm və həmişə onların əsərləri ilə çıxış etməyə çalışıram. Təbii ki, İtaliyan  pianoçunun bizim musiqini ifa etməsi, teatr direktorunun auditoriyada oturması çox xoş idi.

İtaliyan dilini mükəmməl bilirsiniz?

Mən öz prinsiplərim var - əgər bir ölkədə yaşayıramsa, bu ölkənin dilini bilməliyəm. Mən isə İtaliyada yaşayıram. Düzünü desəm, bu dili kifayət qədər yaxşı bilirəm, heç necə öyrəndiyimi anlamadım. Bir çoxları hətta mənim İtaliyan olduğumu düşünürlər. Mən müəllimlə məşğul olmuşam, həmçinin çoxlu yerli dostlarım var.

Dünyanın ən böyük opera teatrının səhnəsində çıxış etmək, təksə səs deyil, həm də aktyorluq, dil, savad, səhnədə necə hərəkət etmək, özünü necə təqdim etmək bacarığı tələb edir. Səs - yalnız başlanğıcdır. Səhnədə çox ziyalı olmalısan, hansı səhnədə özünü necə aparmağı bilməlisən, baxışları, solfecionu, hərəkətləri idarə etmək lazəmdır - bu isə heç asan deyil.

Arzuladığınız partiya, hansıdır? Sizin fərdi Everestiniz nədir?

Bu, əlbəttə ki, Otellodur. Bu partiyanı ifa etmək üçün səsim var, lakin yəqin ki, bu personaj üçün psixoloji olaraq hələ hazır deyiləm. Bunu 27 yaşında ifa etmək olmaz. Hətta əgər bu partiya üçün səs rəngi olsa da, indi bunu etmək ağılsızlıq olardı. Amma şübhəsiz, Otello - mənim xəyalımdır. Lakin mənim ən zirvəm - öz işimin peşəkarı olmaqdır. Hesab edirəm ki, məhz bilik sənə hədsiz yaradıcılıq imkanı verir. Mən, ümumiyyətlə, öz işimi sevirəm, bu mənim həyatımdır.

Səsinizi gözəl formada saxlamağı necə bacarırsınız? Sirrinizi paylaşın...

Çalışıram hər gün oxumayım, əlbəttə ki, səs yorulur və bəzi tarazlığı tapmaq lazımdır. Əslində hər şey yenə biliklə bağlıdır. Səbr, ehtiyat lazımdır və o zaman səs uzun müddət gözəl qalacaq.

Gənc atristlər tez-tez özlərini tanıtmaq üçün müsabiqələrdə iştirak edirlər. Sənətçilər arasında yarışı mümkün hesab edirsiniz?

Gənc müğənnilər üçün müsabiqə vacibdir. Düzü, mən həyatım boyunca müsabiqələrdə o qədər də çox iştirak etməmişəm, sadəcə dörd dəfə. Daha tez-tez bunu edən müğənnilər var. Bu yaxınlarda Giuseppe Verdi müsabiqəsində qalib olmuşam, əlbəttə ki, bunun müsbət tərəfləri var: səni tanıyırlar, fərqinə varırlar, məsələn, mənə dərhal "La Traviata"nı oxumaq təklifi gəldi. Təbii ki, müsabiqələrdə psixoloji təzyiqlər və rəqabət var, amma bu tamamilə normaldır.

Müasir opera rejissorluq tərtibatı haqqında nə düşünürsünüz? Yoxsa Sizə klassika daha yaxındır?

Mənə klassika daha yaxındır. Ancaq indi mən "La Boheme" operasını müasir quruluşda ifa edirəm, bundan əvvəl də belə bir təcrübəm olub. "La Boheme" operasında ideya, ümumi başlanğıc, hərəkət var. Baxmayaraq ki, bu modern quruluşdur. Müasir quruluşlarda bu sıx hallarda olmur, bu da mənim üçün qorxuncdur.

Opera sənətində kimləri müəllimləriniz hesab edirsiniz?

Mən tez-tez Pavarottiyə qulaq asıram, o, nadir səsi və texnikası olan dahi müğənnidir - bu olduqca inanılmazdır. Mənim üçün o, ən yaxşı nümunələrdən biridir. Bir də Franco Corelli, Lauro Volpi var, amma onlar bir-birinə bənzəməyən tenorlardır, çox fərqlidirlər. Sopranonu, baritonu və bası qarışdırmaq olar, lakin tenor - xüsusi bir haldır. Onların hər biri - individualdır. Mən kimisə təqlid etməyə yox, öz yolumla getməyə çalışıram.

Bakıya gəlirsiniz?

Düzünü desəm, çox nadir hallarda. Mən Qəbələ festivalında çıxış etməyə gəlmişdim, tez-tez valideynlərimi ziyarət etməyə çalışıram. Ailəmlə çox yaxınam, Avropada onlar üçün, sadəcə oturub, söhbət etmək üçün çox darıxıram. Hər şey tarazlı olmalıdır, özünü yalnız işə həsr etmək olmaz. Gələn il Bakıya daha çox səfər etməyi ümid edirəm.

Ölkəmizdə opera səviyyəsi barədə nə düşünürsünüz?

Dünya karyerasını qura biləcək yaxşı səslərimiz var, ölkəmiz mənə olduğu kimi, onlara həmişə dəstək verməyə hazırdır. Heydər Əliyev Fonduna mənə olan inamına və göstərdiyi dəstəyə görə çox minnətdaram. Biz inkişaf edirik və bu prosesin daimi olmasını diləyirəm.

 

Müsahibə Iradə Rəsulova