Konsuelonun izləri ilə

Kitabın onu evində əyləşərək oxuduğun təqdirdə belə öz ardınca uzaq səfərlərə cəlb etmək, gündəlik sıxıntılardan xilas etmək və yeni üfüqlər kəşf etmək qabliyyətinə malik olduğunu kim bilmir ki! Bəs ona insanı təkcə xəyali olmayan uzaqlara aparmağa izn verilsə necə? Kitabı ələ alaraq sevimli qəhrəmanın izləri ilə gedilsə necə? Beynimə bu fikir yenicə gəlmişdi ki, o an çoxdan oxuduğum Jorj Sandın kitabındakı Konsuelo peyda oldu və ona heç xas olmayan işvə ilə incə əli ilə ardınca dəvət etdi. Tam qərarlı halda onun ardınca şığıdım: Venesiya küçələrinin mərmərinin istisini duymağa, Vena saraylarının soyuq və əzəmətli gözəlliyini görüncə fərəhdən vəcdə gəlməyə və Praqanın qaranlıq qəsrlərində dolaşan qorxunc sirlərdən dəhşətə gəlməyə çox səbirsizlənirdim... Yolda San-Marko bazilikasına rast gəldikdən, son dərəcə dəbdəbəli İtaliya senyorları ilə tanış olduqdan, İnstaqramda tarixçi və Praqada həvəskar gidlə ünvanarımızla bölüşdükdən sonra, əziz oxucu, sizinlə hisslərim və təəssüratlarımla bölüşməyə tələsirəm.

VENESİYA: ÜÇ “K” ŞƏHƏRİ         

        

İlk dayanacağım Venesiya oldu: romantik hadisələrlə dolu, yoxa çıxmaq üzrə olan bu şəhər dalğaların həzin şıppıltısı və qondolyerlərin nəğmələri ilə cəlb edirdi.

Venesiyanı necə adlandırmayıblar ki: “körpülər və kanallar şəhəri”, “İtaliyanın incisi”, “Adriatikin kraliçası”... Onu sevirlər, kimsə isə nifrət edir, amma bir şey aydındır: ona biganə qalmaq mümkünsüzdür. Mən Venesiyaya yalnız sevimli kitabımı deyil, həm də müxtəlif rəyləri oxuyaraq gəlmişdim və ehtiyat üçün özümü hazırlamışdım – “üç K – Kazanova, Karnaval və Konsuelo – şəhərindən” gözləntilərimi sıfırlamışdım. Amma bu yardım etmədi – mən... vuruldum!

Qəti və geri dönüşü olmadan vuruldum, lakin bu şəhərlə romanları alınmayanları da anladım: burada turistlər üçün kifayət qədər tələ var və onlara düşməmək üçün sadəcə izdihamın ardınca getməmək lazımdır. Vağzalı tərk edən kimi hər yerdə selfi-pərəstlərlə dolu qarışıq dəstəyə rast gəlirsən; onlar mütəmadi olaraq selfi çəkmək üçün dayanaraq San-Polo adasından aramla keçir və Rialto körpüsünə tərəf irəliləyir. Daha sonra dəstə hələ Blokun yazdığı bazilikalı və saatlı, həmçinin Dojlar Sarayı olan San-Marko meydanına – Venesiyada ən məşhur fotodayanacaqlar və must-see tərəfə gedir.

Amma bir sirr var! Venesiya “ziyarət etməli olduğunuz 10 yer” kimi müxtəlif siyahıların keçərli olduğu şəhər deyil: o, bütövlükdə gözəldir və orada yalnız və yalnız sənə məxsus köşəni tapmaq üçün, sadəcə azmaq - izdihamdan geri qalmaq lazımdır. Kannaredjio və Dursoduro adaları  San-Paolodan heç də geri qalmırlar, bəzən isə əsl venesiyalıların, nadir turistlərin və havada əriyən cəlbedici isti rənglərin mövcudluğu daha çox zövq verir. Bu dalanlarda bir qədər gəzişmək olar, lakin ayağınızın altına baxmağı da unutmaq olmaz, çünki hansısa küçə gözlənilmədən kanalla bitə bilər! Bu kanalların üzərindən ümumilikdə 400 böyük və kiçik körpü salınıb; onların bəziləri isə həm də öz tarixçələri ilə məşhurdurlar. Onlardan biri Qrand-kanal üzərindən salınan ilk körpü “Ponte di Rialto”dur. Bu körpünün başına nə gəlməyib ki: həm yanıb, həm tacirlərin çox toplaşdığına görə uçub, onu isə elə hey yenidən eyni ağac növündən təmir edirdilər, bu ağac isə gec ya tez qaçılmaz olan nəmdən yararsız hala düşürdü. Nəhayət Venesiya hakimiyyəti daimi uçqunlarla mübarizə aparmaq qərarına gəlir və yeri gəlmişkən Mikelancelonun da iştirak etdiyi ən yaxşı layihə müsabiqəsi elan edir. Amma qalib o zaman heç kimin tanımadığı və həmin dövr üçün inqilabi ideya olan – körpünün daşdan tikilməsini təklif edən Antonio de Ponte oldu. Bu məqsəd üçün daşın çox ağır olduğunu söyləyən bədxaqlara rəğmən, körpü inşa edildi və 1591-ci ildən kanalın dibinə vurulan 12 min özül üzərində dayanmaqdadır. Belə bir dayaq!

Bu körpüdən görüntü Venesiyaya həsr edilən bir çox açıqçaları bəzəyir. Hazırda onun üzərində çox sayda turist var və hansısa çinlinin əlinin kadra düşməməsi nadir halda mümkündür. Amma səhər tezdən, əsas kütlənin gəlişinə qədər oyansanız və Porporanın tanıdığı və küçələrində Konsuelonun qısa uşaq donunda qaçdığı sakit Venesiyada gəzişsəniz, bütün bunlardan qurtulmaq mümkündür. Gündüzlər izdihamlı olan bazilikalı, Dojlar Sarayı və saat Qülləli San-Marko meydanını da eyni mürgülü vəziyyətdə görsəniz daha yaxşıdır. Ora-bura şütüyən qondolyerlərin vurnuxmasından kənara çəkilərək, isidilmiş mərmərin üzərində əyləşərək dənizdən əsən küləkdən həzz almaq olar. Elə təəssürat yaranır ki, məhz bu məqamlarda şəhər sizi özünə daha yaxın buraxır...

Şəhərin əsas attraksionunun yaxınlığında son dərəcə gözəl və “iffətli” tikilini – “Nəfəs Körpüsünü” görmək olar. Düşüncəm artıq talelərində birləşmək olmayan və bu körpünün fərqli tərəflərində ancaq ah çəkməklə kifayətlənən sevgililər haqqında dramatik süjetlər yaratmaqda idi. Amma onun tarixi tam fərqli imiş. 1602-ci ildən etibarən körpü Dojlar Sarayını həbsxana ilə birləşdirib və burada edama və ya ömürlük həbs cəzasına məhkumlar pəncərədən doğma şəhərə son dəfə nəzər salaraq ah çəkiblər (körpünün üstü örtülüdür və buradan tullanmaq mümkün deyil).

Məhkumları bilmirəm, amma mən də Konsuelo kimi Venesiyanı pərişan halda tərk edirdim. Hərçənd Qrand-kanala atılan xırda pul vida olaraq gümüşü tərəfi ilə parıldayaraq mənə geri dönməyə ümid bağışlasa da, Vyanaya qədər yol boyu fikirlərə qərq oldum: şəkillərə baxaraq hələ də xəyali olaraq Venesiyada idim...

VYANA: AĞ GEYİMLİ GƏLİN

Vyana özündə dolaşan Konsuelonu ehtiyatla qarşıladı. Qəhrəmanın hisslərini tam anlamaq üçün oxucuya bu iki şəhər – Venesiya və Vyana arasındakı kontrastı hiss etmək kifayətdir. Əgər Venesiya isti və rəngarəng boyalarla valeh edirsə, Vyanada sizi hər yerdə hökm sürən ağ rəng qarşılayır, sirli yarıqaranlıq dar küçələri isə enli küçələr və dəniz qədər işıq əvəzləyir.

Vyana bir çox musiqiçiyə, filosofa, yazıçıya sığınacaq verib; onların sırasında Motsart, Nitsşe, Freyd, Bethoven və Qaydn (romanda Konsuelonun yaxın dostu) da var. Onlar eyni küçələrdə gəzib, eyni memari şah əsərlərə valeh olublar və öz ölməz əsərlərini yaratmaq üçün onlardan ilham alıblar.

Avstriyada saray operası hələ XVIII əsrdə məşhur idi və Vyana operasında çıxış etmək avropalı musiqiçilər üçün şərəf hesab edilirdi. Bütün bu zaman kəsiyində opera teatrı olmadığı üçün onlar Burqteatrda çıxış edirdilər. Vyana operasının binasını isə yalnız 1869-cu ildə neorenessans üslubunda və artistlərin rahatlığını nəzərə alan memarlar – Avqust fon Zikardsburq və Eduard van der Nüll inşa etdilər. Binanın fasadını beş heykəl bəzəyirdi: Qratsiya, Fantaziya, Komediya, Heroika və Məhəbbət. İnteryer də eyni estetikaya malik idi – yüksək tavanlar, Qasserianın əsərləri olan məşhur pilləkən və müxtəlif operalardan səhnələrlə bəzədilmiş foye... Amma hər şey əbəs imiş: şəhər əhalisi bu binanı elə açıldığı zamandan sevmədi, mətbuat onu zövqsüz və gülünc adlandırdı. Memarlar belə münasibətə dözmədilər – biri özünə qəsd etdi, digəri isə tezliklə ürək tutmasından vəfat etdi. Amma bu dəbdəbəli binanın bəlaları bununla bitmədi: müharibə vaxtı onun böyük hissəsini düşən bomba dağıtdı. Lakin taleyin qəribə təsadüfü ilə bu hadisədən sonra şəhər əhalisinin və hakimiyyətin Operaya qarşı münasibəti dəyişdi – onun bərpası həsrətlə gözlənilirdi, ilkin görünüşə qayıtması isə həddindən artıq effektiv oldu.

Konsuelo Vyanaya “bütün Avropanın qayınanası” ləqəbini almış Mariya Terezanın hakimiyyəti dövründə gəldi. Çox məzəli ləqəbdir! Buna səbəb isə uzaqgörən beynəlxalq siyasət idi: imperatriça mümkün qədər çox qonşu ilə qohumluq bağları qurmağa və mümkün münaqişələri toy və qohumluq əlaqələrinin yaradılması ilə həll etməyə çalışırdı. “Qoy başqaları döyüşsün, sən isə, xoşbəxt Avstriya, kəbinləri kəs!” - sözləri Mariya Terezaya məxsusdur. Aydın deyil, Venamı Mariya Terezanın vasitəsi ilə bayramsayağı “toy atmosferi” gətirməyə başladı, ya paytaxtın xüsusi cazibadarlığı imperatriçanı belə sülhməramlı çağırışlara ilhamlandırdı...

İstənilən halda Vyana, həqiqətən də, gəlin kimi görünür – tamamilə bəyaz rəngdə - onda çoxəsirlik müharibə və xəstəliklərdən heç bir əlamət qalmayıb. O, həmişə bər-bəzəklidir və təravəti ilə valeh edir. Bu, xüsusən Şenbrunn sarayında və onun ətrafında hiss olunur.

Həndəsi görünüşü ilə heyrətləndirən qeyri-adi bağlar, Qloriett pavilyonu və rokoko üslublu saysız-hesabsız zallı sarayın binası valeh edir və Avstro-Macar imperiyasının bir zamanlar nəhəng təsirinə şəksiz inandırır.

Burada vacib şəxsləri qəbul ediblər: Boyalı otaqda Napoleon şəxsən özü toplantılar keçirib, Güzgülü zalda balaca Motsart fortepiano çalıb, Böyük qalereyada 1814-15-ci illərin Vyana konqresinin iştirakçıları vals oynayıblar, Göy Çin salonunda isə son Avstriya imperatoru I Karl taxt-tacdan imtina aktına imza ataraq, monarxiyaya son qoyub.

Vyanada Mariya Terezadan rədd cavabı alan Konsuelo Praqadan keçərək Berlinə yollanıb. Albert əvvəlki tək cavab vermirdi və əgər Konsuelo Nəhənglər qəsrinə cavabsız məktublar yazırdısa, mən, onu təqib edərək, soyuq Vyanadan öz təəsüratlarımı qeyd edirdim və nəhayət Praqanın qırmızı damlarını nə vaxt görəcəyimə səbirsizlənirdim.  

PRAQA: PRAQA ORLOYU

Bu, son dayanacaqdır, bütün paytaxtlardan ən sirlisi. Burada demək olar ki, hər küçə ilə, hər əcaib fənərlə hansısa bir fantastik əfsanə bağlıdır və hər yerdə bu qədim şəhərin xüsusi, təkrarolunmaz aurası hiss olunur. Bu havanı udduqdan sonra Konsuelonun çex xalqına qarşı mehribanlığını və şəfqətini anlamaq mümkündür.

Çex xalqına məhəbbət Staromest meydanından başlayır. Burada qotik Müqəddəs Məryəm kilsəsi müəmmalı tərzdə rahat rəngarəng evlər landşaftına çox harmonik təzahür edir. Ya bəlkə şəhər üzərində qübbələrini ucaldan və gecə səması fonunda ehtiramlı həyəcan bəxş edən Müqəddəs Vita kilsəsindən başlayır? Ya Karlov körpüsündən, onun küçə musiqiçiləri, karikaturaçı-rəssamları və inanılmaz görkəmi ilə? Düşünürəm ki, Çexiya paytaxtının cazibədarlığının sirri elə bu dövrlərin qarışıqlığında və müxtəlif əsrlərin təsirindədir. Məhz bu, Praqanın təkrarolunmaz üslubunu təşkil edir. O, qışda qara bürünmüş və ya baharda gül ətri ilə təravətlənən nağıla bənzəyir, hər kəs də onun öz qəlbinə uyğun bir parçasını seçir. Mənim üçün belə parça buradakı qüllə saatı oldu – Praqa orloyu və ya Staromest saatı.

Orloy bu meydanda 1410-cu ildə quraşdırılıb. Onu iki nəfər ərsəyə gətirib: saatsaz Mikulaş və məşhur riyaziyyatçı və astronom Yan Şinder. Uzun ömrü boyu saat dəfələrlə müasirləşdirilib: siferblatı dəyişdirilib, fiqurlar əlavə olunub və dəyişdirilib...

Praqa orloyu son dərəcə çox informasiya əks etdirir: vaxt (4 sistem – qədim Çexiya, Babil, Mərkəzi Avropa və ulduz sistemi üzrə), Günəşin doğma və batma zamanı, Ayın fazaları və hətta – bir anlığa təsəvvür edin! – Günəş və Ayın zodiakdakı mövqeyini. Amma turistlər üçün ən maraqlısı burada səhər saat 8-dən axşam saat 8-ə qədər göstərilən tamaşadır.

Dörd personaj həmişə astronomik siferblatın iki tərəfində dayanır. Bir tərəfdən simicliyi tərənnüm edən pul kisəsi ilə Xəsis və şöhrətpərəstliyin təcəssümü, özünə baxmaqdan doymayan güzgülü Frant (digər versiyaya görə Maq). Digər tərəfdə - xarakterik çalmada və əlində saz olan Türk (ola bilsin ki, o, kefə və dəbdəbəyə bağlılığı əks etdirir) və qum saatlı və hər saatdan bir çaldığı zınqırovlu zəngli qorxunc Skelet: o sanki xatırladır - memento mori! Çalır və başını çoxmənalı yellədir, cavabında isə Türk etiraz əlaməti olaraq başını yellədir, bildirir ki, hazırki zamandan zövq almağa üstünlük verir. Bu zəngin müşayiəti ilə Xəsis kisəsini silkələyir, Frant başını çevirir, özünü müxtəlif rakurslarda sezir, yuxarıdakı pəncərələrdə isə növbə ilə 12 həvari, ardından isə İsa görünür. Tamaşa Xoruzun banlaması ilə sonlanır (bu səsi pəncərələr bağlananda sıxılan xüsusi tuluqlar çıxarır), bundan sonra isə saatlar vurur. Təbii ki, Mərkəzi Avropa vaxtını, axı Çexiya Avropanın məhz həndəsi mərkəzində yerləşir.

Bu ecazkar tamaşanı seyr etmək üçün turistlər bəzən meydanda bir saat gözləyirlər. Tamaşanın dərin mənasını və hər bir fiqur və freskada gizlənən ideyanı anlasaq, o zaman Orloyu daim seyr etmək olar. Hər dəfə də yeni bir şey taparaq və tapıntıya sevinərək. Zatən, Staromest ratuşası görünən mehmanxana otağı kiralayan “Ən yaxşı təklif” filminin qəhrəmanı da elə bununla məşğul idi. Amma bu artıq tamamilə başqa bir hekayədir...

Mənim isə Konsuelo ilə səyahətim sona çatdı. Onu Albertdən aldığı məktub, məni isə - gündəlik işlər və imtahanların yaxınlaşması durdurdu. Amma artıq yeni səyahətlərim üçün marşrutları necə seçəcəyimi izah etməyə ehtiyac varmı?

 

 

Mətn və foto Ruqiyə Əli Əsgər