NARGIS
Ru En
NARGIS MAGAZINE

Yay Baxımı

Həvəslə gözlənilən yay bizə xoş təəssüratlar və isti xatirələr bəxş edir. Lakin məhz yayın istisi, gündə qaralma və su prosedurları dərimiz üçün əsl sınaqdır. Beləliklə, ev prosedurları və sadə qulluq qaydalarına riayət etməklə dərimizi xilas edirik!

İsti havalarda dərini aqressiv maddələrdən istifadə etmədən təmizləmək zəruridir. Dərinin yağ vəzilərinin daha çox ifrazına səbəb olan qurutma prosedurundan imtina edin. Bizə tərkibində SLS və SLeS komponentləri olmayan yüngül gel və təmizləyici köpüklər lazımdır. Tonik və losyonların tərkibində spirt olmamalıdır. Misellyar su – qoruyucu komponentlərinə və yüngül teksturuna görə təmizlik vasitəsi kimi ideal seçimdir.

Heç bir halda nəmləndiricilərin istifadəsini gözardı etmək olmaz. Nəmləndirmək, nəmləndirmək, yenə də nəmləndirmək! Səhər və axşam. Yaxşı olar ki, yüngül teksturlu və tərkibində təbii inqrediyentlər olan kremlərdən istifadə edəsiniz. Dəri nəmin çatışmazlığını yağ vəzilərini aktivləşdirərək kompensasiya etməyə başlayır. Bu isə məsamələrin tıxanmasına və qüsurların yaranmasına gətirib çıxarır.

Və əlbəttə ki,  yay qulluğunun əsas prinsipi günəşdən qorunmaqdır! Üz üçün SPF-50-dən az olmayan vasitə. Artıq uşaqlar belə da bu qaydanı bilirlər, amma yenə də buna əməl etməyən qızlar var – SPF qoruma olmadan günəşə çıxmaq, xüsusilə də, təbiətdə vaxt keçirmək olmaz. Bu qaydaya əməl edərək, çoxsaylı problemlərin - hədsiz quruluq, vaxtından əvvəl yaşlanma, piqmentasiyanın yaranması və hətta birbaşa günəş şüalarının səbəb olduğu xoşagəlməz dəri xəstəliklərinin qarşısını ala bilərsiniz.

Yay üçün sizə lazım olanlar əsasən bunlardır: yüngül teksturlu gündüz kremi, emulsiya, SPF filterli krem-gel, gecə üçün isə regenerasiya edici nəmləndirici krem. Qidalandırıcı krem yay aylarında dərimiz üçün çox ağır olduğuna görə onu istifadə etməsəniz də olar.

Pilinqdən tamamilə imtina etmək lazımdır, skrabdan da həmçinin. Lakin əgər onlarsız mümkün deyilsə, ən zərif və kiçik hissəcikləri olan vasitələrə üstünlük verin. Əlavə qulluq vasitələrindən matlaşdırıcı salfetlərə və termal sulu spreylərə diqqət yetirmək olar.

Dekorativ kosmetikadan mümkünsə, tamamilə imtina edin. Qoy dəriniz nəfəs alsın! Yayda da olmasa, daha nə vaxt? Xüsusən də, məzuniyyət vaxtında. Əgər onsuz mümkün deyilsə, dərinin bütün səthini yükləməmək üçün nöqtə effektli vasitələrdən istifadə edin (konsilerlər, qələmlər).

Və sonda ev şəraitində hazırlanması mümkün olan yay üçün təmizləyici və canlandırıcı maska resepti:

  • 2 çiyələk
  • 1 çay qaşığı xama

Çiyələkləri əzin, sonra xama ilə yaxşıca qarışdırın. Üz və boyun nahiyəsinə 10-15 dəqiqəlik çəkin. İlıq su ilə yuyun və qurulayın. Təmiz və parlaq dəri təmin edilmişdir!