Festivallar 2018

Biz sizə 2018-ci ilin ikinci yarısında keçiriləcək dünyanın ən parlaq festivallarına kiçik bir ekskursiya təklif edirik. Çatmaq olar, buraxmaq olmaz!

Tomorrowland

Harada: Bum, Belçika

Nə vaxt: 27-29 iyul

Bu musiqi festivalının bütün ərazisi nağıl kimi sürrealistik tərzdə tərtib edilmişdir. Hər il yeni bir mövzu seçilir və bu mövzuya əsasən dəlisov rəssamın fantaziyasına bənzəyən səhnə dekorasiyası hazırlanır. Elektron musiqi, möhtəşəm atəşfəşanlıq və işıq şousu – sizi bunlar gözləyir.

Fuji Rock

Harada: Yuzava, Yaponiya

Nə vaxt: 27-31 iyul

Yaponiyada hər il yüz minlərlə ziyarətçisi olan ən böyük rok-festival. Dağların və şam meşələrinin arasında səhnələr, atraksionlar və kempinqlər qurulur. Xoş olanı faydalı olanla birləşdirməyə tələsin: sevimli musiqi və təbiət qoynunda istirahət.

Boryeong Mud Festival

Harada: Poryon, Cənubi Koreya

Nə vaxt: 20-29 iyul

Bu festivalda palçıq – proqramın əsas elementidir, sözün əsl mənasında. Burada rəqs edirlər, yarışlar təşkil edirlər, heykəllər düzəldirlər, müalicə alırlar və əyləncəli şəkildə kirlənirlər.

Sziget

Harada: Budapeşt, Macarıstan

Nə vaxt: 8-15 avqust

Bu festivalı “Burning Man Europe” adlandırırlar. Burada hər il dünyanın ən məşhur qrupları çıxış edir, həmçinin qonaqlar film və teatr tamaşaları izləyə, yoqa, qayaya dırmanma ilə məşğul ola, instalyasiyaları və art-obyektləri izləyə bilərlər. Festival, yeri gəlmişkən, adada keçirilir. Ən əsas üstünlüyü isə - Bakıdan Macarıstana getmək çox asan və ucuzdur, ölkədə qiymətlər isə büdcəyə uyğundur.

Summerfest

Harada: Miluoki, ABŞ

Nə vaxt: 27 iyun – 8 iyul

50 illik tarixi olan festival! 11 gün, 11 səhnə, 800-dən çox çıxış, 900 mindən çox ziyarətçi. Summerfest - ən böyük amerikan festivalıdır. O, popdan roka, kantridən elektron musiqisinə - bütün musiqi tərzlərini özündə birləşdirir.