NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

VARANASİ – NURLU ŞƏHƏR

BİR NEÇƏ ADI OLAN, MİNİLLİKLƏRİN DƏRİNLİKLƏRİNDƏN ZAHİR OLAN, BÖYÜK ŞİVA TƏRƏFİNDƏN ÖZÜNƏ YER ÜZƏRİNDƏKİ İQAMƏTGAHI SEÇİLƏN, MÜASİR SİVİLİZASİYANIN DƏRK ETMƏSİ MÜMKÜN OLMAYAN DASTANLAR VƏ QƏDİM KANONLARIN BUXURU İLƏ ƏTİRLƏNƏN ŞƏHƏR... DİNİ MAHİYYƏTİ OLAN VARANASİ ŞƏHƏRİNİN DAMARLARI SƏRT MƏSCİDLƏR, TƏNTƏNƏLİ KİLSƏLƏR, DƏBDƏBƏLİ MƏBƏDLƏR FONUNDA DÖYÜNÜR.

varanasi-2_copy

VARANASİNİ GÖRMƏK VƏ - ÖLMƏK

Ölümü anlama fəlsəfəsi burada tamamilə rahat, buna görə də bir qədər arsız xarakter daşıyır. İnsanlar burada dəfn edilmələrini vəsiyyət edirlər və ya özləri bura ölməyə gəlirlər. Həyatla burada, Varanasidə vidalaşmaq – yenidən doğulmaların əziyyətli dövrəsindən azad edən və həsrətlə gözlənilən sükutu bəxş edən həsəd oyadan aqibətdir.

Amma bu nemətə sahib olmayan da öz inildəyən bədənini alovun ağuşuna ataraq xeyir-dua ala bilər. Vahiməyə salan prosedur qapalı yerlərdə deyil, açıq səma altında, daşlar üzərində keçirilir. Gecə-gündüz burada tonqallar yanır və yüzlərlə göz odun şölələrinin əvvəlcə qorxaq və qərarsız halda mərhumun başını və cəsədini yalamasını, sonra isə, sanki iştaha gələrək, cəsədi qəzəblə udmasını izləyir. Ölənin yaxınları müqəddəs ayini ehtirassız müşahidə edərək yuyunurlar və dualar oxuyurlar. Onların ürəkləri şübhə və qorxu yükündən azaddır, onlar istənilən kədəri və təəssüfü özlərindən kənar qovurlar.

Onların qəlbləri ancaq fərəh və əmin-amanlıqla dolmalıdır. Cəsədin külə dönməsini gözləyərək, onlar arxaya boylanmadan, artıq göz yaşı tökmədən və əlavə emosiyasız çıxıb gedirlər. Beləliklə mərhumla mənəvi bağlar qırılır, onun vücudu bu həyatın yükündən azad olur.

Lakin bu aqibət hər dünyasını dəyişənə nəsib olmur. Əgər onun yoxsul qohumları tonqal üçün tələb olunan odunların pulunu ödəyə bilməsələr, o zaman səndəl ağacının yonqarı ilə və kədərlə Qanqın dalğaları üzərində yellənən bədənin ayrı-ayrı üzvlərinin rəmzi yandırılması ilə kifayətlənməli olacaqlar. Kremasiya edilməyənlərin də - cüzəm xəstələrinin, ilan sancanların, bakirə qızların, azyaşlı uşaqların və sadhuların da aqibətləri acınacaqlıdır. Belələrini qayıqla çayın ortasına gətirirlər və bədəninə ağır daş bağlayaraq suya buraxırlar.

varanasi-3_copy

ANA QANQ

Hindlilər üçün bu çayın əhəmiyyətini heç nə ilə müqayisə etmək olmaz. Ora meyitləri və ölənlərin qalıqlarını atırlar. Orada itlər, inəklər, keçilər üzürlər. Onun üzərində ifrazatlar və məişət tullantıları yayılıb. Və elə buradaca sakinlər və şəhərin qonaqları gündəlik işlərini görürlər – üzlərini qırxırlar, yuyunurlar, çimirlər, paltar yuyurlar. Bu suyu içir və bir birinə müqəddəs hədiyyə kimi təqdim edirlər...

Qanq fenomeni alimləri heyrətə gətirir: çayın suyunun həddindən artıq zəhərli olmasına rəğmən, ondan içənlər dərhal və ya sonra ölmürlər.

Hindular bunu belə izah edirlər: “Qanq bizim anamızdır. O, mehribandır və öz övladlarına zərər verməz”. Hər səhər, hələ dan yeri sökülməmiş, yerli sakinlər və zəvvarlar şəfəqi qarşılamaq, dua etmək, böyük çayda yuyunmaq üçün sahilə axışır. Oxunan müqəddəs mahnılar və dualar fonunda sanki zamanın özü də ehtiramla donub qalır. Turistlər üçün çox cəlbedici mənzərədir!

varanasi-6_copy

SANSARA DÖVRİYYƏSİ

Rəngarəng libaslara bürünən və parlayan Varanasi öz məstedici gözəlliyi və vəhşi ekzotikası ilə cəlb edir. Amma bununla yanaşı bu adi turist şəhərindən daha əhatəli bir şeydir. Bu, hər gün gözəgörünməz möcüzənin baş verdiyi paradoksal yarış meydanıdır: burada əbədi olaraq donan həyat laxtası cəmi bir an öncə saxlanması mümkün olmayan sansara çarxını – sükuta və həzzə aparan yolu kəsən tale mexanizmini dayandırır. Burada, tüstüləyən vahid qazanda mədəniyyət və din, həyat və ölüm, bolluq və yoxsulluq, təmizlik və çirkab, ilham və cinayət bir birinə qarışır... Hər kəsə də inamına görə bəxşlər edilir.

Şəhər bambuk xərəklərdə meyit daşıyan gülərüz hinduların vurnuxduğu dolanbac küçələri və döngələri ilə cəzb edir. Çox əhalisi olan yaşayış məhəllələrinin damlarından qayğısız uşaqlar böyük maraqla rəngbərəng çərpələngləri havaya buraxırlar. Damlardan və ağacların təpəsindən boylanan meymunlar və tutuquşular durmadan nə isə çığırırlar...

Guya vergi verilən bər-bəzəkli libasa bürünən sadhular turistlərə dərin mənalı əfsanələr danışırlar, bədənlərinin qıvraqlığını nümayiş etdirirlər və guya mərhumların yoxsul qohumları üçün pul dilənirlər: bu, kiminsə, yəqin ki, turistlərin, taleyinin təmizlənməsinə xidmət göstərəcək.

Şişman polislər mərhəmət yağdırırlar. Burada hər yerdə həşiş və tiryək çəkirlər. Şəhər narkotik alverçiləri ilə doludur. Onlara irad bildiriləndə isə dərhal cavab verirlər: guya Şivanın özü çətənəyə qarşı rəğbət bəsləyib.

Lakin alkoqoldan və narkotiklərdən beyinləri dumanlanan aqhorilər ilə görüşlər xüsusən vahimələndirir. Onların arıq bədənləri və sifətləri kremasiya külü ilə örtülüb, boyunlarından isə insan sümüklərindən hazırlanan boyunbağılar asılıb. Onlar sizinlə üz-üzə dayanıb azğın şəkildə qəhqəhə çəkə, ədəbsizcəsinə əlinizdən tuta və ya bağrına basa, kəllədən bir qurtum içməyi təklif edə bilərlər...

Onların ətrafa yaydıqları üfunət nəfəs kəsir və ürəkbulanması doğurur.

Hindistanda pərəstiş edilən inəklər və öküzlər tənbəlliklə şəhərdə gəzişir ya da yaxşıca sərilərək uzanıblar. Hindular bütün varlıqları ilə inanırlar ki, onların vəfat etmiş yaxınları istər insan cildində, istərsə də heyvan və ya bitki qismində yenidən dünyaya gələ bilərlər. Buna görə də onlar bütün canlılara qarşı səbr və mehribanlıq nümayiş etdirirlər. Burada insanlar heyvanlarla birlikdə uzanır, gəzişir və suda çimirlər. Bundan xoşhal olmaq da olardı. Əgər təəssüratları hər addım başı heyvanların sidik və nəcisinin üfunəti təlx etməsəydi.

varanasi-4_copy

SU ÜZƏRİNDƏ ALOVLAR

Varanasidə buddistlərin müqəddəs məkanı da var – Sarnatx şəhərətrafı qəsəbəsi. Məhz burada vergi verilən Budda ilk xütbəsini söyləyib və onun ilk dinləyiciləri marallar olub – onlara indi də ətraf yerlərdə rast gəlmək olar. Buddistlər daş sərdabələrin və məbədlərin qarşısında təmkinlə gəzişirlər və dini ustadları onların hər şeyi bilmək istəyən ruhlarını düşüncə dəhlizləri ilə parlaq həqiqətlər qəsrlərinə tərəf aparırlar...

Şəhərin cənub hissəsində, geniş yaşıl ərazidə, məbədlər və muzeylərin əhatəsində dünyanın ən mötəbər universitetlərindən biri - Benares yerləşir. Burada qarşınızda gözlənilmədən Varanasinin daha bir siması zühur edir – müasir, sivil, elm və mədəniyyətə açıq. Axşama yaxın isə, təəssüratlarınız nə qədər dərin olsa da, yenidən sahilə, günəş qürub edəndən sonra Odlu Pucci – “Ganga Maha Aartii” mərasimi keçirilən yerə cəzb olunursunuz. Meydançalarda “tanrıların” fiqurları düzülür, buxurlar yandırılır, dinamiklərdən məstedici mantralar səslənir. Boylu-buxunlu, yaraşıqlı brahmanlar dünyanın 4 tərəfinə tanrılara bəxşişlər göndərirlər. Rəngarəng, valehedici mənzərədi; daha sonra isə mərasim təamı – prasad paylanır. Daha sonra isə istəyi olanlar mərhumların ruhlarının digər dünyaya yollarını işıqlandırmaq üçün suya gül və yanan şamlar buraxırlar.

Varanasidə dünyanın heç bir yerində olmadığı qədər həyatla ölüm arasındakı sərhədin atmosferi, varlığa güzəştsiz və eyni zamanda həssas münasibət, Şivanın çoxmənalı təbəssümü ilə səssiz şərh edilən minilliklərin mistik əlaqəsi sezilir.

varanasi-7_copy

MƏTN RƏNA VAQİF FOTO AYCIN BAYRAKTAROĞLU