NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

«Dirijor – şəxsiyyət peşəsidir»

Artıq 18 ildir ki, o, ailəsi ilə birlikdə İstanbulda yaşayır. 2013-cü ildə o, qardaşı və atası, həmçinin musiqiçilərlə birlikdə vətənini ziyarət edib və musiqi məktəblərində 18 konsert veriblər. Eyni ilin avqust ayında Rumıniyada İohann Ştraus Festivalında kral ailəsinin qarşısında konsert proqramı ilə çıxış ediblər.

Uşaq vaxtı həkim olmaq arzusunda idi. Amma sonda tamamilə fərqli bir yol seçib, gündəlik çox vaxt tələb edən zəhmətli bir yol.

Türk dünyasının azsaylı qadın dirijorlarından biri olan Turan Manafzadə bizə sənət adamı olmağın nə demək olması, dirijor pultunda qadınlara frak geyinməsinin lazımlılığı, stereotipləri pozmaq və hər şeydə ilham tapmağın necə bir hiss olması haqqında danışdı. 

image3

Elə görünə bilər ki, dirijor olmaq asandır. Dirijor və orkestr arasında ən kiçik jestləri anlayıb başa düşmək və bir-birini hiss etmələri üçün əlaqə, kontakt olmalıdır. Hər bir orkestrin öz xüsusiyyətləri var – psixoloji, mental, milli. Dirijor bu və ya digər orkestrlə hansı vasitələrlə əlaqə qurmaq lazım olduğunu özü bilir. Mən sadəcə bir neçə ildir ki dirijor olaraq çalışıram və musiqiləri uğurlu və uğursuz dərəcələrə bölmürəm. Yaxşı ifanın sirri - hər bir əsərə individual yanaşmadır. Bu ilin may ayında İstanbul opera və balet teatrının səhnəsində Hendelin «Apollon və Dafni» operası səhnələşdirilib. Mən orkestrə dirijorluq edirdim və bu tamaşanın bütün musiqi məsələləri ilə məşğul olurdum. Biletlər satılmışdı, bizim ifamızda səslənən opera isə tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Tamaşanın uğuru bir çox faktorlardan asılıdır və bunlardan biri ən vacibidir – dirijor orkestri hiss edə bildimi. 

Sənət insanının yolu çox çətindir. Güclü əsəblərə və dayanıqlı psixikaya sahib olmalıdır. Dünyada klassik musiqini dinləyən az insan var, buna görə musiqiçilər üçün onların əməyinin diqqətə alınması çox vacibdir. Musiqiçi təbii materialdan hazırlanmış alətlə ünsiyyət qurur, vaxt sərf edir və onun bacarığını bütün dünyanın dəyərləndirməsi üçün böyük səy göstərir. Sənin musiqini anlayıb qiymət vermələri çox xoşdur. Layiq görüldüyün mükafatlar öz peşəndə uğura daha bir addım atdığının sübutudur. Biz qardaşımla dünyanın ən yaxşı pedaqoqlarının  bir çox ustad dərslərində iştirak etmişik, bir çox çətinliklərlə üzləşmişik, amma hər şeyə öz gücümüzlə nail olmuşuq. Fortepianoda əllərin ağrıyanadək gündə 16 saat çalmaq nə deməkdir bilirəm. Nail olduğunla kifayətlənməməlisən. Buna görə mənim üçün həm də bəstəkar olmaq çox vacibdir: bu dünyaya yaratdığın bir şeyi göstərmək üçün fürsətdir.

image1_1

Bu yaxınlarda Kaliforniyada qardaşımın musiqili  əsərinin premyerası baş tutub.  Bu dünyada ilk balaban konserti idi. Çox qeyri-adi və maraqlı idi. Balaban özəl alətdir. Bu alət ölkəmizin tarixi üçün çox vacibdir.  Bizim Azərbaycan xaricində yaşayıb işlədiyimizə baxmayaraq, biz ona musiqi vasitəsilə yaxın olmağa çalışırıq. İstanbul opera və balet teatrında müxtəlif repertuar səslənir, amma onun səhnəsində həm də həmişə azərbaycanlı bəstəkarların əsərləri də səslənir.  Mən öz bəstələrimi və azərbaycan xalq mahnılarını öz aranjimanımda ifa edirəm. Keçən ilin iyul ayında isə məni Kiprdə keçirilən Üçüncü Beynəlxalq musiqi mətbuatında «İpekyolu» orkestrinə dirijorluq etməyə dəvət etdilər, orada türk dünyasının bəstəkarlarının əsərləri, o cümlədən Qara Qarayevin üç miniatürü səsləndi.

Qadın-dirijor qadın-bəstəkar kimi ölkəmiz üçün nadir haldır, halbuki dünyada belə nümunələr az deyil. Əlbəttə, burada stereotipin öz yeri var: bir çoxları düşünür ki, dirijorluq sırf kişi peşəsidir. Amma bu belə deyil. Dirijor yerində qadın fiquru gördükdə çox sevinirəm.  Qadın-dirijorlar çox vaxt öz şəxsiyyətlərinin çəkisini çoxaltmaq üçün kişilər kimi frak geyinirlər, əslində bu vacib deyil. Bugünkü günə qədər çalışdığım orkestrlər üçün cinsiyyətim önəmli deyil. Dirijor – şəxsiyyət peşəsidir. Orkestrın qarşısında hansı enerji ilə çıxış etdiyin vacibdir. Əsas odur ki, sənin sözünə hörmət etsinlər.  Və əgər əvvəllər dirijor fiquru kultlaşmışdırsa, indi o, orkestrin fikrini dinləməlidir. Türkdilli dünyada qadın-dirijor azdır və mən çox şadam ki, özümü bu sıraya aid edə bilirəm.   

image4

İlhamsız bütün vaxtınızı sevimli işinizə belə həsr etmək çox çətindir. Həyatın müxtəlif dövrlərində mənə müəyyən insanlar və hətta hadisələr güc verib. Bu düşünülməmiş, bəzən də gözlənilmədən baş verir. Xüsusilə məni ölkəmdə tanınmam ilhamlandırır: 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşəm. Ailəmiz bütün dünyaya Azərbaycanı təmsil edir və bu böyük bir şərəfdir - xalqımızı dünyada uğurla və layiqincə təmsil etmək. 

İncəsənət birləşdirir. Öz orkestrimi qurmaq fikrim var və indi sponsor axtarışındayam. Belə bir orkestrdə ifa edə biləcək bir çox dostum var. Bu yaxınlarda Budapeştdə F. Liszt Musiqi Akademiyasının məzunu olan skripkaçı xanım tanışımla Qara Qarayevin kvartetini ifa etdik. O, Qara Qarayevin yaradıcılığından o qədər dərindən təsirləndi ki, Yaponiyadan olan kurs yoldaşları ilə birlikdə yaratdığı kvartetə onun adını verib. Onlar öz repertuarlarına onun ikinci skripka konsertini daxil ediblər. Elə alındı ki, mən bu konsert haqqında yaxşı rəyləri Budapeştdə səfərdə olan dostlarımdan eşitdim. Kənar şəxslərdən belə rəyləri eşitmək çox xoşdur.  

Müsahibə: İnara Əlibəyova