Amazon şİrkətİndən sünİ İntellekt-dizaynerİ

Süni intellekt gətirdiyi təkmilləşdirmələr və onunla bağlı potensial risklər haqqında hamımız oxuyub və ya eşitmişik. Bəziləri üçün Sİ - texnoloji inkişafın ən yüksək formasıdır, digərlərinin fikrinə görə, indiki məşğulluq sisteminin dağılmasından xəbər verir. Böyük ixtisara səbəb olmaması və cəmiyyətimizin strukturunu pozmaması üçün Sİ-xidmətinin müxtəlif sənaye sahələrində necə istifadə ediləcəyi barədə sonsuz müzakirələr aparılıb. Və qarşımızda hələ də insan əməyinin və yaradıcılığının dəyərinin qorunması məsələsi dayanır. Xüsusilə də Amazon şirkətinin sonuncu layihələrindən biri olan - Sİ bazasında "moda dizayneri" layihəsini elan etdikdən sonra. Bir çoxları hesab edir ki, süni intellektin daha sadə sahələrdə tətbiq edilməsinə nail olunana qədər yaradıcı düşüncə lazım olan sahələrdə istifadə olunmayacaq.

Amazon stilistləri və dizaynerləri süni intellekt alqoritmləri ilə əvəz edəcək ilk şirkət olmaqla hədələyir. Cornell Universitetinin professoru Kavita Balanın sözlərinə görə - «Amazon kimi şirkətlər dünyada modanın necə inkişaf etdiyini anlamaq üçün böyük bir addım atdılar. - Bütün bunlar sənayenin əsasını dəyişir».

Amazon öz geyim brendini yaratmaqla və məhsulların yüksək keyfiyyətli fotolarını investisiya etməklə yanaşı, həm də geyimi satın almazdan əvvəl geyinib ölçməyə imkan verən innovasiv Prime Wardrobe layihəsini təqdim edir: proqram Echo Look adlanır və bu proqramda hətta obrazınızla bağlı rəy də almaq mümkündür.

Lakin Amazon bununla kifayətlənmir. Amazon şirkətinin bir qrup tədqiqatçıları İsraildə mexaniki öyrənmə sistemini hazırlayıb, bu sistem bir neçə etiketi analiz edərək müəyyən obrazın tərzli olub olmadığının nəticəsini bildirir. Bu proqramın dəbli obraza və ya onun təkmilləşdirilməsinə dair tövsiyələr verəcəyi ehtimal edilir. Bu innovasiv texnologiyadır:  indiyə qədər kompüterlərə analiz üçün bir çox şəkil lazım olurdu. Bu isə bir çox real vəziyyətlərdə mümkün olmur: məsələn, Instagram paylaşımında sadəcə bir etiket mümkündür.

Amazon komandası San-Fransiskoda araşdırma mərkəzi olan Lab126-da şəkillər vasitəsilə müəyyən bir moda tərzi tədqiq edən və oxşar tərzdə sıfırdan modellər yarada bilən alqoritm hazırlayıb - əslində, bu süni intellekti olan moda dizayneridir.

Onun hazırlanmasında qabaqcıl "alət"- Generative adversarial network - GAN istifadə olunub. Bu tandemdə öyrənilən iki dərin neyro şəbəkədir. GAN çoxlu nümunələr tədqiq edərək hər hansı bir tərzin  xüsusiyyətlərini üzə çıxarır - sonra isə bu tərzi mövcud əşyalara tətbiq edə bilər. Bu aləti Google Brain-dən bir tədqiqatçı hazırlayıb.

Hər iki layihə Amazon tərəfindən təşkil edilən bir seminarda təqdim olunub. Seminar maşına moda trendlərini öyrətməyə çalışan akademik tədqiqatçıları bir araya gətirdi. Onların bəziləri moda trendlərini təqib etməyi öyrənən texnikanın insan davranışı haqqında daha geniş təsəvvür verə biləcəyini nümayiş etdirdi. Şirkət layihələr barədə şərh verməkdən imtina etdi.

Amma yenə də moda dizaynerlərinin narahat olmaları üçün hələ tezdir. Maşının trend yaratmasının çox vaxt aparacağına dair bir çox fikir ayrılığı var. Baltimorda Mariland Universitetinin professoru Tim Outs deyir: "İnsanlar musiqi, moda və kino kimi sahələrdə yeni şeylər yaradır. - Biz hələ ki, kompüterin yeni bir musiqi əsəri və ya  insanlar arasında səs-səda salan moda üslubu yaratdığını görməmişik".

Mən bir dizayner olaraq düşünürəm ki, qüdrətli Sİ-dizayner maksimum məlumat topladıqdan sonra uğurlu ticari kolleksiya yarada bilər, lakin onun heç vaxt yaradıcı yanaşması olmayacaq.

Gunel Hasanova