NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

NATALİ PORTMAN – SUPERSTAR

«Mükəmməlliyi... Hiss etdim. Mən onu dərk etdim», – oskar aldığı rolda ölümündən əvvəl Nina bu sözləri pıçıldayır. Darren Aronofskinin onu gözəl qu quşu rolu üçün seçməsi təsadüf deyil. Venesiya sahilində bir kafedə qarşımda oturub yaşıl çay qurtumlayan Natalini seyr edərkən onun mükəmməlliyin təcəssümü olduğunu anladım: Dior-dan qollarında kəsimlər olan zərif qısa qara paltardan üzünün incə cizgilərini və xüsusilə ideal dodaq xəttini vurğulayan – əbəs yerə Natalini pomada reklamına dəvət etmirlər - səliqəli gündüz makiyajına qədər. Dünya şöhrətinin dadı ona 12 yaşından tanışdır, ancaq dörddə bir əsrlik uğurlu kino karyerasından sonra belə o, ulduz xəstəliyinin qurbanı olmayıb. 35 mm-də çəkilmiş yeni Vox Lux ("Lüx Səs") filmindəki roluna görə Natalinin ikinci heykəlcik alacağından hər kəs əmin idi. Onunla yeni rolu, karyerasını və ailəsini bir arada necə tutduğu, ilhamı nədən aldığı və gülümsəməyin niyə bu qədər vacib olduğu barədə danışdıq.

Vox Lux filmi nədən bəhs edir və yeni rolunuz nədən ibarət idi?

Mən yeniyetmə vaxtı məktəbdə sinif yoldaşının silahla atəş açdığında gücbəla ilə sağ qalan amerika pop ulduzu Selestanı oynayıram. Bu, qızın psixikasına təsir göstərir, ekstremal həyat tərzinə həvəs yaradır və sakit məktəblidən qalmaqallı divaya çevirir. Film Breydi Korbetin ikinci rejissorluq işi oldu. O, ssenarini 2015-ci ildə Donald Trampın seçki kampaniyası sürətlə davam edərkən yazmağa başlamışdı: o, cəmiyyətin və onun müasirlərinin portretlərini yaratmaq istəyirdi. Selestanın karyerası sürətli yüksəliş və sürətli enişlə qeyd olunur, bütün bunlar isə amerika məktəblərində kütləvi silahlı atışmalar, terroristik aktlar, xüsusilə 2001-ci ildə 11 sentyabr tarixində baş verən terror kimi dəhşətli hadisələrin fonunda baş verir... Layihənin maliyyələşdirilməsi asan deyildi. İşə başlamazdan əvvəl bir neçə dəfə mənə zəng edib və investorların imtina etdiyinə görə hər şeyin ləğv olduğunu bildirmişdilər. Ancaq həyata keçirilməsinə qədər layihəni dəstəkləməyə qərar verdim. Çəkilişlər mənim karyeramın ən tez çəkilişləri oldu: kamera qarşısında vur tut on gün keçirdim.

Qəhrəman dərhal xoşunuza gəldi, yoxsa layihədə iştirak etmək üçün başqa səbəblər var idi?

Deməliyəm ki, filmin süjeti o qədər də orijinal deyil: istedadlı uşaq erkən yaşda ulduz olur, lakin onun karyerası sürətlə enişə doğru gedir həyatda belə hallar tez-tez olur. Mənə mahnılar yazan və onları Selestanın yerinə ifa edən əfsanəvi Avstraliyalı Sia ilə işləmək çox maraqlı idi. Sianın qarşısında çətin vəzifə dururdu: o, ekrandakı Selesta üçün elə bir mahnı bəstələməliydi ki, onlar əsl hit kimi səslənsin. Mən heç vaxt pop-ulduz olmağı arzulamamışdım, amma bu rolu oynamaq mənə çox maraqlı idi. Həm də "Qara qu quşundan" sonra musiqili filmdə iştirak etmək imkanım olmamışdı, burada isə mən yenidən rəqs edirəm və hətta mahnı oxuyuram! Yeri gəlmişkən, bu filmdə xoreoqraf mənim həyat yoldaşım Benjamin Milpye idi. Benjamin ilə evdən çıxmadan işləmək, hərəkətləri öyrənmək çox xoş idi.

Siz də karyeranıza olduqca erkən başlamısınız. Selestanın taleyini yaşamamağı necə bacardınız?

Düşünürəm ki, sürətli yüksəliş və düşüşlər, eləcə də psixi zəiflik və ekstremal həyat tərzinə həvəs valideynlərinin və yaxınlarının onların uğurundan faydalanmağa çalışan, onların istedadını mənfəət qaynağına çevirən uşaqlarda olur. Bir qayda olaraq, uşaqlar məşhur olmağı və çox pul qazanmağı arzulamırlar onlar böyüklərdə yalnız sevgi, qayğı və diqqəti axtarırlar. Böyüklərin onları manipulyasiya etməyə çalışdıqlarını izləmək çox kədərlidir! Axı, uşaqların heç bir təcrübəsi yoxdur, onlar buna müqavimət göstərə bilmirlər. Sevgi əvəzinə uşaqlar mənfəətçi yaxınları tərəfindən idarə olunurlar və nəticədə duyğusal tələyə düşürlər. Ancaq mənim ailəmdə belə bir şey yox idi. Heç vaxt mənim biznesimin bir hissəsi olmaq istəkləri olmayan, olduqca düşüncəli və qayğıkeş valideynlərim var. Onlar üçün həmişə birinci yerdə mənim təhlükəsizliyim olub.

"Qara qu quşu" filmində intellektual balerina obrazını ifa edirsiniz, Vox Lux filmində isə tamamilə fərqli obrazda çıxış edirsiniz dalaşqan, səs-küylü, hətta aktyorluq bacarıqlarınızın digər tərəflərini nümayiş etdirərək əxlaqsız birini...

Bu rol mənim üçün ən çətin rollardan biri idi və bu yalnız təbiətcə sakit və nəzakətli olduğum üçün deyil. Əsas çətinlik ondan ibarət idi ki, Selesta yığcam pop-diva obrazında olmasına baxmayaraq, olduqca real bir personajdır, belələri az deyil. Belə bir vəziyyətdə mən həmişə böyük bir məsuliyyət hiss edirəm, çünki tamaşaçı mənim qəhrəmanımı real prototiplə müqayisə edəcəkdir. Buna görə də eyni anda həm ikona, həm də bütün zəiflikləri ilə sadə bir insanı oynamaqda əziyyət çəkdim.

Məgər "ikona" və "zəiflikləri olan insan" sizə aid deyil?

Tam deyil. Çünki əgər aktrisa tanınmışdırsa, onun imici pop-ulduz imicindən fərqlənir. O, rolunun arxasında gizlənə bilər, həyatda isə adi bir insan ola bilər. Müasir kinodakı aktrisa olduqca real insandır, o küçəyə idman geyimində çıxa bilər, yaxınlıqdakı supermarketə tələsik toplanmış saçla gedə bilər. O, evlənir, uşaqları böyüdür və yalnız bəzən kinoda ya da səhnədə qlamur rollar ifa edir. Axı aktyorların funksiyası başqalarını təsvir etməkdir. Pop-ulduz tamamilə fərqli bir şeydir: o, həmişə yalnız özünü, daha doğrusu özünün qlamur versiyasını ifa edir, lakin bu imici 24 saat ərzində qorumaq çox çətindir. Yeri gəlmişkən, mən uşaqlıqdan üzdə olmağı sevməmişəm, halbuki çox açıq və ünsiyyətcil biriyəm yəqin ki, bu qardaş və bacısız böyüdüyüm üçündür.

İbtidai sinifdə çox dostlarım vardı, sinif yoldaşlarımı evə dəvət etməyi sevirdim. Amma 12 yaşım olduğunda və ekranlara Lük Bessonun "Leon" filmi çıxdığında həyatım kəskin şəkildə dəyişdi sinif yoldaşlarım mənimlə əlaqəni kəsdilər, qızlar nifrət edirdilər, köhnə dostlarım isə paxıllıq etməyə başladılar. Buna görə də bir neçə dəfə məktəbi dəyişdirmək məcburiyyətində qalırdım. Daha sonra anladım ki, insanlardan gizlənmək problemlərin həlli deyil. Və mən sadəcə yaxşı, müsbət insanlar ilə ünsiyyət axtarmağa başladım, digərləri ilə isə əlaqəni minimuma endirdim. Məktəb vaxtı mənim onsuz da kifayət qədər dərdim vardı: artıq çəki almamaq üçün dietalar saxlayırdım, sızanaqlarla mübarizə aparırdım, bir də hər kəs kimi məktəbdə oxuyurdum və imtahanlar verirdim.

Ana olduqdan sonra həyatınızda nə dəyişdi? Uğurlu karyera və ailə həyatını bir arada tutmağı necə bacarırsınız?

Düşünürəm ki, uşaqlarım olmasaydı, hər gün günortaya qədər yatardım. Ana olduqdan sonra vaxtını diqqətlə planlaşdırmaq məcburiyyətindəsən. Xroniki yorğunluğa baxmayaraq, çox iş görmək üçün tezdən qalxıram. Adətən qidalanmama çox diqqət yetirirəm, ancaq uşaqlardan sonra sabah qəhvəsi mənim xilaskarım oldu. Əgər günüm çətin keçirsə, o zaman bir dondurma ilə özümü əzizləyə bilərəm. Filmə çəkilərkən rejissorla iş planını müzakirə etmək və ona istəklərimi çatdırmaq imkanım var. Lakin bu cür lüksü öz filmimdə yaşamaq fürsətim yox idi, çünki rejissor və aktrisa funksiyalarını bir arada tutmağa məcbur idim. Xoşbəxtlikdən məsuliyyətli və qayğıkeş həyat yoldaşım məni dəstəkləyirdi mənim və oğlumuzun qayğısına qalmaq üçün məzuniyyət götürüb İsrailə gəldi. Və nəhayətində evdə oturmaq və çox sayda qohumlarımı ziyarət etmək onun o qədər xoşuna gəldi ki, bir dəfə mənə dedi: "Növbəti dəfə ailəni tərk etmək qərarına gəlsən, narahat olma bizimlə hər şey qaydasında olacaq!" Yeri gəlmişkən, niyə uşaqlar və ailə haqqında suallar həmişə kişilərə deyil, qadınlara verilir?

Sizi nə ruhlandırır, nədən zövq alırsınız? Hobbiniz varmı?

Oxumağı çox sevirəm. Açığı, son zamanlarda oxumağa gündə yarım saatdan çox vaxt ayırmaq alınmır. Uzun müddət masaüstü kitabım əsasında film çəkdiyim Amos Ozun yazdığı "Sevgi və qaranlıq haqqında povest" idi. Bu yaxınlarda onun sonuncu "İuda" romanını oxudum, indi isə qarşıma onun bütün əsərlərini oxumaq məqsədini qoymuşam. Los-Ancelesə köçdükdən sonra teatra getmək zövqünü yaşaya bilmirəm, mədəni təəssüratlar üçün Nyu-Yorka gedirəm. Parisdə isə dar dalanlarda gəzməyi, yeni kitab mağazaları və bukinist dəzgahları axtarmağı və uzun-uzadı orada qalmağı sevirdim... Los-Ancelesdə bir az fərqli həyat tərzim var amerika-kanada memarı Barton Meyersin hazırladığı evimin tərtibatı ilə məşğulam. Onun üslubunu bəyənirəm: funksionallıq, təmiz xətlər və zamansız klassika. Yeni mənzil həmişə müəyyən bir şənlik gətirir, həmçinin yaxınlarınızla olan münasibətə yaxşı təsir göstərir.

Ağır yükə baxmayaraq, Siz həmişə gözəl görünürsünüz. Bunun sirri nədədir?

Cəmiyyətimizin problemi hər gün çox yüksək standartlara uyğun yaşamaq cəhdindədir, buna uyğunlaşmaq üçün daima gərginlik içindəyik. Özümüzü yoruruq, həyatda isə tarazlıq lazımdır. Buna görə həmişə tam bekarçılıq üçün bir gün oğurlamağa çalışıram. Telefonu söndürməyi unutmuram, bu proseduru telefon detoksu adlandırıram. Düşünürəm ki, xarici görünüş daxili vəziyyəti əks etdirir: razılaşın ki, gözəl görünməyi həmişə pozitiv və xeyirxah insanlar bacarırlar. Təəssüf ki, Parisdə yaşayaraq mənə elə gəlir ki, insanlara gülər üzlə baxmağı tərgizmişəm, mənim nadir təbəssümüm hərdən amerikalı olduğumu xatırladır. Bəlkə də, buna səbəb Paris iqlimi, yağışlı günlərin çox olması idi... Amma günəşli Los-Ancelesə köçən kimi mən gülümsəməyə başladım. Və bu əhvalı qaldırmağa çox kömək edir!

*Müsahibə 56-ci buraxılışda dərc olunmuşdur.