NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

AZƏRBAYCAN VƏ MACARISTAN: ÜMUMİ KEÇMİŞ, BÖYÜK GƏLƏCƏK

Dunay çayının sahillərində yerləşən olduqca gözəl Macarıstan ölkəsi artıq neçə illərdir ki, soydaşlarımızı özünə cəlb edir. Bizim ölkələri nə birləşdirir? Bəstəkar Listin vətəni bizim turistə nə təklif edə bilər və onu digər Avropa ölkələrindən fərqləndirən nədir? Bu barədə Macarıstan Xarici İşlər və Xarici Ticarət Nazirinin beynəlxalq turizm əlaqələri üzrə səlahiyyətli nümayəndəsi, Doktor Emese Boros ilə söhbət edək.

img_1541_

Belə alındı ki, Macarıstan bir çox Azərbaycanlılar üçün Avropaya pəncərə oldu. Bir çoxu Macarıstanı turist kimi ziyarət edir, kimisə Macarıstan universitetlərində təhsil alır, bəziləri isə digər ölkələrə gedərkən Macarıstandan keçir. Sizin ölkənizi ziyarət etmək istəyən sadə insanlara müraciət edərək mədəniyyətinizi necə təsvir edərdiniz?

İlk növbədə, Macarıstan mədəniyyəti və Azərbaycanla olan əlaqələrimizdən bəhs edərkən, ümumi ruhumuz haqqında danışmalıyıq. Tarixin dərinliyinə nəzər salsaq, görəcəyik ki, Macar xalqının əcdadları Asiyadan Karpat bölgəsinə köçüblər. Bu səbəblə, mədəniyyətlərimiz arasında əslində çox bənzərlik var.

Macarıstan mədəniyyəti həqiqətən unikaldır, xüsusilə qonşuları ilə müqayisədə özünəməxsusdur. Öz qrammatikası və xüsusiyyətləri ilə Mərkəzi Avropada olduqca seçilən dilimizdən başlayaq. Ölkəmiz həm də kiçik yaşlardan bəri, məktəbin ibtidai sinfində oxuyarkən öyrəndiyimiz minillik tarixi olan zəngin irsimizlə də unikaldır. Bizim musiqi mədəniyyətimiz xüsusilə seçilir. Franz Liszt, Bela Bartok, Zoltán Kodaly kimi bir çox digər böyük bəstəkarların və ifaçıların adlarını xatırlamaq olar. Bizim zəngin keçmişimizi, məsələn, krallarımızın tarixini xatırlamaq olar. Biz istəyirik ki, ölkəmizin bütün qonaqları ilə böyük, qədim tariximizi bölüşək, onlara istər tarixi, istər də musiqi baxımından mədəniyyətimizin hər tərəfini göstərək. Bu Macarıstanın ən cəlbedən tərəflərindən biridir və buna nail olmaq üçün ölkəmizdəki yüksək səviyyəli təhsil, həmçinin inkişaf etmiş turizm infrastrukturu kömək edir.

img_1533_

Macarıstan - Avropanın bir hissəsidir, ancaq Sizin mədəniyyətiniz  özünə xasdır və qonşulardan olduqca fərqlənir. Bunun səbəbi nədir? Necə düşünürsünüz, bunu orta statistik turist başa düşürmü və bu turizm sənayesinə necə təsir göstərir?

Bizim ölkəyə gələn qonağın haradan gəldiyinə həmişə nəzər salmağa dəyər. Bu barədə ilk öncə Azərbaycana istinadən danışmağı təklif edirəm. Mən artıq keçmişimizdə bənzər xüsusiyyətlərimizin olduğunu söylədim və buna görə də Macarıstan Azərbaycan turisti üçün məhz tarixi baxımdan çox maraqlı ola bilər. Bundan əlavə hesab edirəm ki, Macarıstan Azərbaycandan gələn turistə daha çox təsir göstərə bilər, nəinki başqa bir ölkədən gələn turistə.

Məndən Avropada ilk növbədə hansı ölkəyə səfər etməyi məsləhət verməyimi istəsələr, mən hər şeydən əvvəl mütləq Macarıstanı deyərdim və sadəcə macar olduğum üçün deyil. Əgər Avropa ilə ilk tanışlığınızı Macarıstandan başlasanız, qitənin qalan hissəsi sizə tamamilə fərqli şəkildə görünəcək. Bu mövzuda ölkəmizlə bəlkə Praqanı müqayisə etmək olar. Ona görə də hər kəsə Avropada ilk növbədə Macarıstana getməyi, sonra isə qitənin digər yerləri tanış olmağı məsləhət görürəm. Bu da Azərbaycandan olan qonaq üçün Macarıstanın təklif etdiyi bütün unikal imkanları xüsusən aydın şəkildə ortaya çıxaracaq.

Macarıstan - əlbəttə ki, yalnız Budapeştdən ibarət deyil. Biz istərdik ki, bizim qonaqlarımız təbii sərvətlərimizlə, qastronomiyamızla, bölgələrdəki turistik yerlərlə, eləcə də ənənəvi Macarıstan qonaqpərvərliyi ilə tanış olsunlar - bütün bunlar birlikdə turistlərə bambaşqa təəssüratlar bəxş edir, nəinki təkcə paytaxt. Biz Macarıstanın bölgələrində 30 min qonaqlama yerlərinin yenilənməsini və yaradılmasını nəzərdə tutan "Kisfaludy" proqramını hazırlamışıq, bu da öz növbəsində keyfiyyətli turizm sahəsinin diversifikasiyasına və inkişafına kömək edir. Sizə bir turist kimi Macarıstanda daha çox vaxt keçirməyi və paytaxtda tapa bilməyəcəyiniz xəzinələri kəşf etməyi, həqiqi, məxsusi Macarıstan ilə tanış olmağı, bununla yanaşı Avropa səviyyəsində xidmətdən zövq almağı təklif edirik.

img_1554_

Macarıstana gələn insanın gördüyü ilk yer hansısa siyasətçinin yox, dahi pianoçu və bəstəkar Frans Lisztin adını daşıyan Budapeşt hava limanıdır. Ölkənizin dahi incəsənət ustaların irsinə necə münasibət göstərildiyi barədə nə deyə bilərsiniz?

Əlbəttə ki, biz musiqi, ədəbiyyat, idman irsimizlə qürur duyuruq. Hər bir macarıstanlı üçün milli irsi ilə iftixar etmək birinci yerdədir. Qeyd etdiyim kimi, bu bizim üçün çox vacibdir. Biz Avropada həm dil, həm də mədəniyyət baxımından unikalıq və bizim özünəməxsusluğumuzu min illər ərzində qoruyub saxlamağımız məhz milli qürurumuza bağlıdır. Biz heç vaxt ənənələrimizdən dönməmişik, əksinə, hər şeyə rəğmən, onları qoruyub saxlamışıq, onların qorunması üçün qayğı göstərmişik və əlbəttə ki biz heç vaxt mədəniyyətimizin görkəmli şəxslərini unutmamışıq.

Sizin ölkədə də mən xalq, sıravi vətəndaşlar tərəfindən mədəniyyətinizə, tarixinizə, irsinizə və nailiyyətlərinizə qarşı eyni qayğılı münasibət göstərildiyini hiss edirəm. Öz keçmişinə və irsinə olan bu hörmət ölkələrimizin milli ideologiyalarının əsası kimi qəbul edilir və bu da Azərbaycan və Macarıstanı bir-birinə yaxınlaşdıran xüsusiyyətlərdən biridir. Bu mövzuda bir-birimizi çox yaxşı başa düşürük.

img_1518

Macarıstanda Azərbaycan haqqında, bizim mədəniyyətimiz barədə nə bilirlər? Ölkələrimizin turizm və mədəni əlaqələrinin perspektivləri hansılardır?

Hesab edirəm ki, sadəcə bir-birimiz haqqında nəsə bilmək kifayət etmir. Həmişə əlaqə saxlanılmalıdır, daim bir-birimiz haqqında nəsə öyrənməliyik. Bəli, biz sizin mədəniyyətiniz, tarixiniz, ədəbiyyatınız barədə məlumatlıyıq. Amma ilk növbədə bunu demək istəyirəm, ilk dəfə sizin ölkənizə gəldiyimdə, sizin nailiyyətlərinizdən təsirlənmişdim. Bu da onu sübut edir ki, bir-birimizlə əlaqə saxlamağa, eyni zamanda mədəni, turistik münasibətlərimizi gücləndirməyə, bir-birimizdən nəsə öyrənməyə davam etməliyik.

Ölkələrimizin münasibətləri möhkəm bir təmələ malikdir, bu ümumi bənzərlik ölkələrimizi birləşdirir, aramızdakı qarşılıqlı anlaşmaya olduqca kömək edir. Bu qarşılıqlı anlaşmadan qonaqpərvərlik yaranır. Ölkənizin qonaqlarına qarşı necə münasibət göstərdiyiniz məni valeh etmişdi. Hesab edirəm ki, bizim qonaqpərvərliyimiz sizinlə eynidir. Qarşılıqlı qonaqpərvərlikdən dostluq yaranır, dostluq isə turizm daxil olmaqla qarşılıqlı mübadilə üçün möhkəm bir özülə çevrilir.

Üstəlik, əgər biz mənəvi mövzulardan uzaqlaşsaq və sadəcə praktikadan danışsaq, bizim əlaqələrimizi Bakı və Budapeşt arasında olan birbaşa aviareys möhkəmləndirir. Gördüyüm yeganə mənfi cəhətimiz odur ki, ölkələrimizi daha fəal təbliğ etməliyik, özümüzü reklam etməliyik, insanların bizim haqqımızda, maraqlı turistik yerlərimiz haqqında, Azərbaycan və Macarıstanda keçirilən mədəniyyət tədbirləri haqqında, bizim böyük imkanlarımız haqqında məlumatlanmaları üçün bir şeylər etməliyik.

img_1589-1_

Və sonuncu sual. Ölkənizin mədəniyyəti ilə tanış olmaq istəyənlərə nəyi oxumağı, dinləməyi və nəyə baxmağı məsləhət görərdiniz?

Bu suala icazə verin macar nöqteyi-nəzərindən cavab verim. Macar turistini cəsur turist kimi təsvir etmək olar. Macar turisti həm baletə gedə bilər, həm dağ zirvəsinə çıxa bilər, həm də restoranda tanımadığı ekzotik bir yemək dada bilər. O, gəzdiyi ölkənin ən müxtəlif tərəfləri ilə maraqlanır. Hər hansı bir ölkə qonaqlara müxtəlif imkanlar təklif edə bilər, xüsusən zəngin və mürəkkəb mədəniyyətə sahib olan Macarıstan. Hesab edirəm ki, Macarıstanı ziyarət etmək istəyən hər bir kəs, ilk növbədə, ən çox maraqlandığı şeyləri müəyyən etməlidir. Əgər müəyyənləşdiribsə, o zaman ona bəzi tövsiyələri vermək olar.

Macarıstanın azərbaycanlı turistinə təklif edə biləcəyi bütün imkanları ən azı iki gün sadalaya bilərəm. Mən həmişə səfirlərimizdən və diplomatik nümayəndəliklərimizdən bu və ya digər ölkənin necə yaşadığı və nə ilə maraqlandığını soruşuram. Biz həmişə təklifimizi sorğularla uyğunlaşdırmağa çalışırıq. Yəni narahat olmayın, hər hansı bir Azərbaycan turistinin gözləntilərini doğruldacayıq.

Macarıstana xoş gəlmisiniz, onu özünüz üçün kəşf edin!

MÜSAHİBƏ SEYMUR AĞAYEV FOTO PƏRVİZ QASIMZADƏ