NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

DEVİD LİNÇİN FATA-MORQANASI

Bir dəfə o, düz on il susdu, sonra kinodan həmişəlik gedəcəyini açıqladı. Amma sözünü tutmadı – qayıtdı və pərəstişkarlarını "Twin peaks" adlı əfsanəvi mövsümi serialı ilə sevindirdi. Lakin son zamanlar, yəqin ki, uzun müddətlik transsendental meditasiya təcrübəsi nəticəsində yaradıcılığının coşqusuz, anı yüksəliş və düşüşsüz keçdiyi bir zamanda onun həyatına tarazlıq və balans dövrü daxil oldu.

O, meditasiyaya o qədər qapılıb ki, istənilən söhbəti tanış bir istiqamətə çevirə bilir. Devid Linç – elə bundan ibarətdir: o nə ilə maraqlanırsa – istər musiqi, kino, rəssamlıq, fotoqrafiya və ya bu günkü gün meditasiya olsun – deməli bu onun bütün düşüncələrini yox edən əsl ehtirasdir.

lynch300dpi-6450

HƏYATI HİSS ETMƏK

Devid Linç şübhəsiz xarizmatik, qeyri-adi, epataj bir şəxsiyyətdir. Bir vaxtlar ölümdən, ağrıdan və ictimai çıxışlardan qorxduğunu etiraf etmişdi. Uzun müddət Devid Linç olduqca qapalı və utancaq biri idi, nadir hallarda müsahibə verirdi. Əgər onun uşaqlığı və rejissorluq karyerasının başlanğıcı haqqında ətraflı öyrənmək istəyirsinizsə, həyatı barədə özünün bəhs etdiyi "İncəsənətdə yaşam" sənədli filmini izləyin. Lakin gözlənilmədən, 17 il əvvəl o, transsendental meditasiya ilə məşğul olaraq parlaq bir oratora çevrilir. Bu meditasiyaya o dərəcədə qapılır ki, onu fəal şəkildə təbliğ etməyə başlayır. Belə ki, Martin Scorsese, Donna Karan, Clint Eastwood, Moby, Alanis Morissette, Iggy Pop, Peter Gabriel onun ardınca gedirlər. O, hətta uşaqlara, zorakılıq qurbanlarına, posttravmatik pozğunluğu olan hərbiçilərə transsendental meditasiya texnikasının təlimini təşkil edən fonda rəhbərlik edir.

Bu gün Linç layihəsinin böyük amerikan memarı, orqanik memarlıq prinsipinin müəllifi Frenk Lloyd Raytın oğlu tərəfindən hazırlanmış bir evdə yaşayır.

Əvvəlki kimi rəsm və fotoqrafiya ilə maraqlanır.

Onun foto işlərindən biri 61-ci Kann Film Festivalının afişası olub, ayaqqabı dizayneri Kristian Lubuten isə ona təbiət tabusunun və gizli arzuların özünəməxsus vizual araşdırması olan "Fetiş" adlı birgə fotolayihə təklif edib.

025-daviv-lynch-kiev_copy

Çox şey dəyişib... Nümayişlərdə nə qədər möhtəşəm filmlər uğursuzluq qazanır, gəlir gətirən filmlər isə mənim məşğul olmaq istədiyim filmlər deyil - rejissor transsendental meditasiyanın həyatına daxil olmasını belə izah edir.

Transsendental meditasiya kreativliyi necə artıra bilər?

Bizim nəticələrimiz elmi araşdırmalara əsaslanır.

Bu metodika stress, qorxu, əsəbilik səviyyəsini azaltmağa kömək edir, bu da bloklamanın aradan qaldırılmasına, rahatlamağa gətirib çıxarır və öz növbəsində də məsələn məktəblilərin və tələbələrin yaxşı oxumasına xoş təsir göstərir. Bu çox sadə bir texnikadır, gündə iki dəfə iyirmi dəqiqə vaxtınızı alacaq və əsəb stressinin öhdəsindən gəlməyə kömək edəcək. Bu sadəcə zorakılıq və ya müharibədən keçənlərə aid deyil: biz hər gün həyəcan verici vəziyyətlərə düşürük. Bu faktı etiraf edən kimi - siz artıq həyatın bütün dolğunluğunu hiss etməyə kömək edən bədən və beyin rahatlaması yolundasınız. Biz təklif edirik - məcbur etmirik, məhz həyat hissini bərpa etmək üçün sadə bir yol təklif edirik. Axı bir gündə 1440 dəqiqə var, ona görə də hər bir kəs meditasiya ilə məşğul olmağa asanlıqla 40 dəqiqəsini ayıra bilər.

Hazırda 71 yaşında olan rejissorun ilk "Fil adam" tammetrajlı filmi 1977-ci ildə işıq üzü görüb. Bu film artıq o zaman yeni, unikal tərzin özünəməxsus bəyanatı olmuşdu.

1990-cı ildə "Vəhşi ürəklər" rejissora Kannın Qızıl Palma Budağı mükafatını qazandırıb. Linç bütün karyerası boyunca dörd dəfə Oskara namizəd olub. "Twin Peaks" serialının səbirsizliklə gözlənilən üçüncü mövsümü əvvəlcədən məlum nəticə əldə edib: Devid Linç pərəstişkarlarının bir daha ağlını başından aldı. Kinematoqrafiya ilə yanaşı Linç musiqi, yüksək modanın foto layihələri ilə maraqlanır...

Studiyaların sifarişi ilə çəkdiyi filmləri barmaqla saymaq olar - bunların arasında Frank Herbertin romanı əsasında çəkilmiş "Dune" filmi yer alır. Rejissor özü bu işindən narazı qalmışdı və hətta öz adını tam versiyanın titrlarından çıxarmışdı.

Linç öz yazdığı ssenari əsasında çəkməyə üstünlük verir. Bir qayda olaraq, onun filmləri mistika ilə doludur, onlarda bir çox sirli simvollar və gizli mənalar var, çox vaxt onlar tamaşaçılara süjet xəttini özlərinin düşünməsinə imkan verərək çoxmənalı şəkildə bitir. Freydin davamçıları onun işlərini silinmiş xatirələr və zəhlətökən təkrarlamalardan bəhs edərək təfsir etməyi sevirlər.

"Mən qaranlığı və qarışıqlığı sevirəm, cəfəngiyatı sevirəm... Bir də haradasa arxasında xoşbəxtliyin və rahatçılığın bizi gözlədiyi kiçik bir qapının olduğunu bilməyi də sevirəm" - Linç bir neçə dəfə bunu etiraf edib.

Niyə mistika, niyə "qaranlıq və cəfəngiyat"? Bu suallara cavabı onun uşaqlıq təəssüratlarında axtarmaq daha yaxşıdır.

lynch300dpi-6467edited_copy

LİNÇİN TRİGGERLƏRİ

Devid Linçin ailəsi - Montana ştatının ölçülərinə görə orta sinfə aiddir.

Atası – nəsillikcə fermer olub, sonradan elmi işçi olmağı bacarıb, anası isə - ingilis dili müəllimi olub. Hər ikisi də orta səviyyədə dindar olublar və həyatları boyunca heç vaxt küsməyiblər. Bir-birini sevən valideynlər, üç uşağın rifah və sevgi içində yaşamaları üçün əllərindən gələni ediblər. Lakin Devid Linçin əsas mövzularından biri arxasında naməlum dünyanın, axirət dəhşətinin gizləndiyi idilliya olması əbəs yerə deyil.

Bir dəfə balaca Devid dostları və kiçik qardaşı ilə evlərinin yaxınlığında gəzirdi, onlar xoş görünüşlü şəhərlərinə uyğun gəlməyən qəribə bir hadisə görürlər: uşaqların qarşısına tamamilə çılpaq bir qadın gəlirdi. O, açıq-aydın özündə deyildi, ağzı qan içində idi... Bu səhnə balaca oğlanda unudulmaz təəssürat yaratmışdı. Lakin onun hələ kamilləşməyən şüuru üçün daha bir travmatik təcrübə hazırlanmışdı. Linç ailəsi bir əyalətdən digər əyalətə köçməzdən bir gün əvvəl aralarında Smit cütlüyünün də olduğu qonşuları və dostlarına vida gecəsi təşkil edirlər. Belə ki, mister Smit hər kəslə olduqca özünəməxsus şəkildə vidalaşır: hər kəsin gözü önündə o... silahla başından vurur.

Qan içində çılpaq qadınla olan hadisə ilə yanaşı Linç daha sonralar bu barədə də film çəkib. Bu əsərlərə baxdıqda bu hadisələrdən dəlicəsinə qorxan uşağın vəziyyətini anlamaq asandır.

Meditasiya rahatlıq hissi verir. Amma rejissorluq daxil olmaqla istənilən kreativ prosesin baş verməsi yalnız ağılın narahat vəziyyətində, daxili münaqişə zamanı mümkündür.

lynch300dpi-6622_copy

Yaradıcılığı və transsendental metitasiya təcrübəsini bir araya necə sığışdırırsınız?

Konsentrasiya, transsendental metitasiyanın məqsədi xüsusi səyə ehtiyac olmadan sadə metodlarla əldə edilir. Bu əsas metod şüurun sərhədlərini genişləndirməyə, onun imkanlarını daha keyfiyyətli etməyə kömək edir. Şüur beyin qabiliyyətini, yaradıcılığı hərəkətə gətirir. Enerji, sevgi, xoşbəxtlik hissi azad edilir, bütün ən müsbət insan duyğuları sərbəst buraxılır. Siz onları duyursunuz, onların böyüməsini hiss edirsiniz. Xoşbəxtlik hissi sizin yaradıcılıq enerjinizi azad edir. Mənfi emosiyalar isə - yaradıcılığın düşmənidir: əgər siz çox qəzəblənmisinizsə, həm özünüzü, həm də ətrafınızdakıları zəhərləyirsiniz, hirs və ya depressiya beyninizi idarə etməyə başlayır. Transsendental meditasiya şüuraltı fikirləri azad edərək onun dərinliyini dərk etməyə, ən gizli düşüncəmizi və emosiyalarımızı yayımlamağa bizə kömək edir.

Gündə iki dəfə meditasiya edərək karyeranızın yüksəldiyini görəcəksiniz. Bunu öz təcrübəmdə yaşamışam. Biz metodikamızı pulsuz təklif edirik. Bu üsul məsələn, məktəblərdə qəddarlıq səviyyəsinin azaldılmasına, zorakılıqla qarşılaşan insanların psixikasının sağalmasına kömək edəcək. Mənfi təəssüratlardan azad olmaq istəyən hər bir kəs bu metodikadan istifadə edə bilər.

Linç fond işi ilə digər keçmiş maraqları kimi eyni fanatik şəkildə məşğul olur və bütün transsendental meditasiya mövzusundan uzaqlaşmaq cəhdlərini aradan qaldırır.

SAYRIŞAN LAMPA

"İdeyalar - istedad kimidir, onlar hər şeyi diktə edirlər" - nə vaxtsa Devid Linç belə deyib.

O spontanlığı, təbiiliyi sevir.

"Mulholland Drive" filminin çəkilişinin seçmələri üçün aktyor Justin Theroux birbaşa təyyarədən gəlmişdi: tamamilə qara rəngdə geyinmiş, paltarları əzilmiş və dağınıq vəziyyətdə. Məhz elə bu obrazda onu filmdə göstərmişdilər. "Twin Peaks" serialının birinci mövsümünün çəkilişində isə rejissor masanın üstündəki sayrışan lampanı dəyişdirməyi qadağan etmişdi - bu lampa xüsusi, mistik effekt yaradırdı.

Eyni prinsip aktyorların seçilməsinə də aiddir. Kyle MacLachlan, Laura Dern, Naomi Watts və bir çox digər artistlər onun bir neçə filmlərində iştirak edirlər. Amma "küçə insanları" da var. Linçin çəkdiyi bir çoxları peşəkar aktyorlar deyil. "Twin Peaks" serialında zalım ruh Bob rolunu ifa edən Frank Silva çəkilişdə dekorator işləyirdi, Şerif Endinin məzəli köməkçisi rolunu oynayan Harry Goaz isə sürücü idi və bir dəfə Devid Linçi avtomobilində aparmışdı. Həmin "Mulholland Drive" filmində kiçik rollarda tryuk qrupunun koordinatoru, ssenari redaktoru və hətta bəstəkar Angelo Badalamenti iştirak ediblər.

Rejissorun soundtreklərə olan yanaşması həmişə çox diqqətlidir, amma eyni zamanda həm də demokratikdir. Real klublarda, çəkilişlərdə və onun filmlərinini mistik yerlərində məşhur və ya bir o qədər də məşhur olmayan komandalar ifa edirlər. Bundan əlavə, o məşhur kompozisiyaların remikslərini edib. XXI əsrin əvvəllərindən Devid Linç həm şəxsi elektron musiqisi albomlarını buraxır, səsyazmaları öz studiyasında yazdırır, həm də hətta ifa edir, halbuki, onun səsi çox vaxt kompüter texnologiyası vasitəsilə olduqca təhrif edilir.

videoblocks-night-butterflies-flutter-around-light-of-old-lamp-outside-macro_rkumroi1z_thumbnail-full01_copy

"İNCƏSƏNƏTDƏ YAŞAM"

Müəyyən dərəcədə spontan başlayan (və eyni dərəcədə gözlənilmədən bitən) "Mavi məxmər" filminin çəkilişlərinə dəvət olunmuş İzabella Rossellini ilə 2 milyon 423 dəqiqə, ya da dörd il davam edən romanları olub. Film müxtəlif beynəlxalq kinofestivallarda ümumi olaraq 17 mükafat və 11 nominasiya qazanıb. İzabella isə qurudulmuş tarakanlar, ölü sıçanlar və köstəbəklər (bir sözlə Linç nədə gözəllik görürdüsə) şəklində hədiyyələr alırdı. İzabella onun bütün, eyni zamanda qastronomik qəribəliyinə alışmışdı - onun sevgilisi insan beyni formasına... bənzədilmiş qidalara üstünlük verirdi. İzabellaya elə gəlirdi ki, bu xoşbəxtlik əbədi davam edəcək...

Lakin bir gün Linç heç bir şey açıqlamadan onun həyatından yox oldu.

İzabella güclü sinir pozğunluğu səbəbi ilə xəstəxanaya düşdü.

"Mən heç anlamamışdım, o həmişə münasibətlərimizdə keçməyə ixtiyarımın olmadığı xətt çəkirdi" - sonralar aktrisa bildirmişdi.

elisabet_r

Bəs meditasiya siyasi proseslərə necə təsir edə bilər?

Məşhurlar da bizim kimi canlı məxluqlardır. Onlar da hər kəs kimi, əzab çəkmək istəmirlər. Xoşbəxtlik hissi, enerji və yaratmaq bacarığının onları hər gün müşayiət etməsini istəyirlər. Bu adi insani arzudur və getdikcə daha çox adamı cəlb edir. Eyni şeyi siyasətçilər haqqında da söyləmək olar, fərqi yoxdur. Mən heç vaxt siyasətlə məşğul olmamışam, lakin düşünürəm ki, onlar da transsendental meditasiya ilə təcrübə apararaq daha sakit, ağıllı, daha sevən, daha yaradıcı ola bilərlər. Siyasətçi kimi deyil, sadə harmonik insan kimi hərəkət etməyi öyrəndiklərində, düzgün həllər axtarmaq və tapmaq onlara daha asan olacaq.

devid-linch-zhizn-v-iskusstve-2016_116029_0_copy

Bəli, bizə yalnız gözləmək qalır. Sevdiyi işə tamamilə özünü həsr etmə dəfələrlə baş verdiyi kimi soyuq uzaqlaşma ilə əvəz olunacaq, yoxsa Devid Linç nəhayət büsbütün onu ələ alan işi tapıb? Bunu zaman göstərəcək.

Müsahibə: İrina Belan Foto: Sergey Kustov, arxiv
Material 47-ci buraxılışda dərc olunmuşdur.