NARGIS
Ru En
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

Taus Maxaçeva – WONDER WOMAN OF ART

O, Kral İncəsənət kollecinin magistri, performans ustası və video-rəssam, avar şairi Rəsul Həmzətovun nəvəsidir. Onun “alter eqosu” – “Dağıstandan olan rəfiqəsi”, Maxaçevanın əvəzinə mükafatlar qazanan, bəzən “qırmızı xətlərə” həddindən çox yaxınlaşaraq oturuşmuş qafqaz mentallığını qəhrəmancasına “dişinə vuran”, özü adlandırdığı kimi, super-Tausu var. Onun əsərləri dünyanın iri rəssamlıq mərkəzlərinin – Britaniyanın “Tate Modern”, Niderlandın “Muhka”, Fransanın “Centre Pompidou” və “Kadist Art Foundation” – kolleksiyalarında yer alır. Biz Tausla müasir incəsənətin necə və harada yaranması, nəyin üzərində təşəkkül tapması və istedaddan nəyin daha vacib olması barədə söhbətləşdik.

Taus Maxaçevanın yaradıcılıq yolu nədən başladı? Həyatda əsas ehtiras kimi rəsm yaradıcılığının və müasir incəsənətin seçimi necə baş verdi?

Paradoksaldır, lakin əvvəlcə mən “dünya iqtisadiyyatı” ixtisası üzrə universiteti bitirdim. Məsələ burasındadır ki, anam sənətşünasdır və gözəl anlayır ki, incəsənətlə məşğul olaraq pul qazanmaq olduqca çətindir. O istəyirdi ki, neft şirkətində menecer olum. Amma alınmadı, bu, mənlik deyildi. Universiteti bitirdikdən sonra özüm Londonda incəsənət üzrə hazırlıq kurslarına qəbul oldum və anamdan xahiş etdim ki, məni, belə demək mümkündürsə, böyük həyata buraxsın. Əlbəttə ki, o, qorxdu, amma bu addımı atmağa özündə güc tapdı. Təhsilə fotoqrafiyadan başladım, amma çox tez anladım ki, bu kifayət deyil və müasir incəsənəti öyrənməyə davam etdim. Bitirdikdən sonra bir il fotoredaktor kimi çalışdım, sonra isə incəsənətdə öz yolumu tapdım. Mənim nümunəm – özünü reallaşdırmağın nümunəsidir. İncəsənətdə “doqquzdan beşə qədər” dəqiq qrafik yoxdur, sən öz işini özün qurursan. İndi az-çox nizamlanıb, iki gözəl köməkçimin çalışdığı öz emalatxanam var. Amma bu, əlbəttə ki, birdən olmadı.

Rusiya, Britaniya, Almaniya, Türkiyə və s. ölkələrdə keçirilən beynəlxalq və regional festival və müsabiqələrdə qalib gələrək dünyanın müxtəlif bölgələrində nisbətən qısa zaman çərçivəsində məşhurlaşmağı necə bacardınız?

Deməzdim ki, tez-tez qalib gəlmişəm, sadəcə yaxşı sərgilərdə iştirak etmişəm. Və çox çalışırdım. Anadangəlmə istedada malik olmağıma əmin deyiləm: mənə elə gəlir ki, hər şey inada və işə bağlıdır, müvəffəqiyyət də onların müqabilində qazanılır. Və əgər rəssamın deməyə sözü yoxdursa, yaxşısı budur ki, heç çalışmasın da. Bu çox çətin yoldur. Burada məsələ gəlirdə, məşhurluqda deyil, məsələ burasındadır ki, yaratmaq istəyirsən. Mətn və ya plakatlar vasitəsi ilə deyil, obrazlarla danışasan. Nə vaxtsa bundan təngə gəlsəm, nə isə başqa işlə məşğul olacağam – məsələn, Spa-salon açacağam ki, insanlar istirahət və gözəllikdən zövq alsınlar.

“Şarivari” instalyasiyanızda əks olunan mövzu Sizi nə ilə maraqlandırdı? Və Sizin üçün sirk nə deməkdir: incəsənət, əyləncə, uşaqlıq haqqında xatirə və ya nə isə başqa bir şey?

 Uşaqlıqda sirki çox sevirdim, hətta kloun olmaq arzusundaydım. Digər mədəni sahələrdən fərqli olaraq, sovet dövründə sirkdə zarafat etmək olardı, orada özünəməxsus özünü ifadə etmək azadlığı var idi. Mən isə ciddi məsələlər qabardılan və ya ciddi təlaş və qorxudan söz açılan əsərləri çox sevirəm. Biz turbulent dövrdə yaşayırıq. Müəyyən mənada insan hər zaman bir ballıq və ya iki ballıq zəlzələ vəziyyətindədir. Bir çox oriyentirlər qeybə çəkildi, yeniləri isə peyda olmadı və cəmiyyət inkişafın nə olduğunu və inkişafı necə davam etdirməyi anlamayaraq müxtəlif dəyərlər sistemləri arasında vurnuxur. Ya öz sərt örtüyün və daşlaşmış köhnə dəyərlərindən tutasan, ya da çevik olasan. Zənnimcə, Qafqazda çeviklik anlayışı iki cür qəbul edilir. Bir tərəfdən, bu cəmiyyət çox çevikdir, digər tərəfdən isə - çevikliyin müəyyən növlərindən qorxur, qorxur ki, onlar əslində daşlaşmış eyniliyini məhv etsin.

Bu çeviklik qorxusu şərq və qərb mentallığının qarşılıqlı təsiri ilə əlaqəli deyilmi?

Bilmirəm. Ümumiyyətlə, düşünmürəm ki, mentallığı qərb və şərq növlərinə bölmək olar. Çeviklikdən söz açdıqda, mən müstəqil və ya psixoanalitikin yardımı ilə öz inkişafında hər kəsin keçdiyi yolu nəzərdə tuturam.  Mənə elə gəlir ki, dəyərləri qərb və şərq üzrə bölmək və hansının mütərəqqi olmasını təyin etmək – ötən əsrin işidir, həm də olduqca təhlükəlidir.

Bəli, bu sivilizasiyalar toqquşmasına səbəb ola bilər...

Ümumiyyətlə “sivil” yanaşma, zənnimcə, keçmişin qalığıdır.

Əsərləriniz üçün mövzuları necə tapırsınız? Sizi nə ilhamlandırır: təbiət, insanlar, həyatın tempi, emosiyalar, həyat təcrübəsi?

İlk növbətə ünsiyyət ilhamlandırır. Məsələn, Liverpul biennalesi üçün işlər zamanı mən Moskvada bərpaçı ilə görüşdüm və o mənə rəsm əsərlərinin bərpası üçün ən yaxşı materialın insan tüpürcəyi olduğunu söylədi. Bu necəsə qələvi balansla əlaqəlidir... O Tretyakov qalereyasında ikonanı öz ağız suyu ilə bərpa edirdi və çox xoşbəxt idi ki, onun DNT-si bu ikonada uzun illər, bəlkə də əbədi olaraq iz buraxacaq. Mənim anlamımda bu – mikro-inqilabdır! Bu, müəyyən peşədə mövcud olan qeyri-adi bilikdir. Buna görə də mən müxtəlif peşə sahibləri ilə söhbət etməyə çalışıram. Burada da, Bakıda, mən müxtəlif əhvalatlar eşitmişəm. Təbii ki, Qobustana baş çəkdim, palçıq vulkanlarını seyr etdim. Mənə Bərbərovların əhvalatını danışdılar və mən insanlarla heyvanların birgə yaşaması mövzusu barədə fikrə daldım. Sirk mövzusu ilə mən 1967-ci ildə sənədli filmi seyr edəndən sonra maraqlandım. Bu filmdə milli sirklərin, o cümlədən azərbaycanlı gimnastlar Tamilla və Rüfət Nəzirovların, Özbəkistandan olan kloun Əkrəm Yusubovun və başqalarının çıxışları nümayiş etdirilmişdi. Bunlar hamısı sovet sirki idi, amma milli ənənələrlə. Bu da məni ilhamlandırırdı. Bədii praktikalar son dərəcə fərqlidir, lakin onlar yenə də təmas nöqtələrinə malikdirlər. Ümumi məqamlardan biri – cəmiyyət sərhədlərinin, qarşıdurmanın testdən keçirilməsidir, bu mənim praktikama xasdır.  YARAT-dakı instalyasiya haqqında daha ətraflı söz açsaq, daşlaşmış, istifadəyə yaramayan kostyumları, üzərinə qədəm basılması mümkün olmayan fəzadakı rəsmi qeyd etmək olar – bunlar hamısı nə isə real, amma eyni zamanda xəyali elementlərə malik metaforik obrazlardır. Mənim üçün işin əsas komponenti – audio-instalyasiyadır. O, yarım saatdan bir qədər çox davam edir və zənnimcə fantastik yazıçı Aleksandr Snegiryov tərəfindən qələmə alınan 10 novelladan ibarətdir. Orada virtual reallıq sirki əks olunub: həyatımızı, onun müxtəlif tərəflərini, məsələn, ailəni, kulinar adətləri, təbiətə və heyvanlara münasibəti metaforik, təşbihlərlə təsvir edən danışan at, digər hekayələr. Bu bir qədər Borxesə bənzəyir, hərdən satira və istehza ilə bərq vuran nə isə bir ecazkar realizm. Rəssamın işinin əsası – onun ətrafındakı həyat, onun səyahətləri, düşüncələri, reallığı qavramasıdır.

Fikrinizcə, müasir incəsənətin gələcəyi necə olacaq? Və onun inkişafında yeni texnologiyaların rolu nədir?

İlk növbədə bu – virtual reallıqdır. Bir video-oyun dizayneri bir dəfə mənə dedi ki, hazırda oyunçuya kreativ üçün sonsuz imkanlar verən çox sayda oyunlar mövcuddur: o özü oyunu dəyişdirərək, onun tamdəyərli həmmüəllifi ola bilər. Bu son dərəcə valehedicidir! Ətirlərlə işləyən rəssamlar var – bu da bir növ texnologiyadır. Amma əsas, həlledici faktor olaraq rəssamın şəxsiyyəti, onun dünyaya baxışı qalır. Belə insanların mövcudluğu vacibdir – onlar əşyalara, ideyalara yeni baxış təqdim edirlər.

Əsərlərinizdən hansıları Sizə daha yaxın və sevimlidir?

Mənim əsərlərim – yaratmaya bilmədiyim şeylərdir. Əks təqdirdə orta təbəqəli menecer olardım və ya öz biznesimi açardım. Lakin mən yeni mənalar yaratmaq, yeni ideyalar katalizatoru olmaq, birgə yaratmaq üçün insanları toplamaq istəyirəm. Bu gün təqdim etdiyim layihədə böyük kollaboratorlar var – Aleksandr Snegiryov, Mariya Serova. Axı incəsənət müxtəlif ideyaları ifadə edə bilər. Məsələn, muzeyin yeni binaya bir həftə ərzində köçmək məcburiyyətində qaldığını eşitdikdə, bunun fiziki cəhətdən nə qədər çətin olduğunu anlayırsan. Əlbəttə, etiraz etmək, hiddətlənmək olar. Amma alleqoriya da etmək olar – kəndirbaz bir dağdan o birinə nəhəng rəsm əsərlərini daşıyır. Və tamaşaçılar anlayacaqlar ki, söhbət muzeylərin və rəssamların vəziyyətinin zəifliyindən gedir. Əminəm ki, hər bir rəssam özünə belə sual verir: etdiyinin mənası varmı, bu, gələcəkdə qalacaqmı? Mənim işlərimə gəldikdə isə, onların arasından sevimliləri qeyd edə bilmirəm. Mən digər müəlliflərin işlərini sevirəm.

Məsələn, kimin? Ad çəkə bilərsiniz?

Məsələn, Yasminu Çibiç, çox maraqlı rəsmlər yaradan Sen Kim: eşitmə qüsurlu olaraq, o, başqa kommunikasiya tipi istifadə olunan öz reallığı haqqında qeyri-adi süjetlər ərsəyə gətirir.

Müasir incəsənətin Azərbaycanda inkişafı barədə nə deyə bilərsiniz? Hansı istiqamətlər, hansı adlar Sizdə maraq doğurur?

Fərhad Fərzəliyevin yaradıcılığını çox bəyənirəm. Orxan Hüseynov incə, maraqlı video-işlər yaradır. Zənnimcə, Azərbaycanda yeni rəssamlar nəsli əmələ gəlir və onlar get-gedə çoxalır. Onların əksəriyyəti YARAT-la əməkdaşlıq edir. Bundan başqa, dünyaca məşhur rəssamlar və dizaynerlər Bakıya gəlir və burada öz əsərlərini yaradırlar. O cümlədən, bu ünsiyyət sayəsində ölkəmizdə yeni yaradıcı, bədii mühit genişlənir və inkişaf edir.

Gələcəkdən nə gözləyirsiniz?

Gələcəkdən heç nə gözləmirəm, mən planlaşdırıram. Yaxın 3 ilə layihələrim nəzərdə tutulub. Möhtəşəm bir şey olmayacaq, doktorluq dissertasiyası yazmağı planlaşdırmıram. Ümumiyyətlə, mən mətnlə işləməyi sevmirəm, bu mənim üçün hətta müəyyən mənada travmatik təcrübədir... Yeni əsərlər yaratmağı planlaşdırıram, eksperiment etmək istəyirəm. Venesiya biennalesindən sonra məndə qəribə bir dövr başladı. Əvvəlcə elə düşünürdüm ki, bu yaradıcılığımın zirvəsi olacaq, amma festival başa çatdı, zirvə hissi isə yaranmadı. Və mən anladım ki, mənim üçün rəsm praktikası daha vacibdir, istədiyin şeyi etmək daha əhəmiyyətlidir. Bir də, heç nədən qorxmamaq, sadəcə yenilikləri sınaqdan keçirmək və irəli getmək. Bu, hazırda mənim işimi şərtləndirən göstəricidir.

Müsahibə: Cavidan Quliyev

Foto: Pərviz Qasımzadə

Material 67-ci buraxılışda dərc olunmuşdur.

Müsahibə və çəkilişin təşkilində göstərdiyi köməyə görə YARAT Müasir İncəsənət Məkanına təşəkkürümüzü bildiririk.