
Redaktorun gündəliyi:
İspaniyadan Mərakeşə bərə ilə yollandım, sonra Tancadan qatara minib Rabata – beş ay gözlədiyim müsahibə
üçün yola düşdüm. Mənim üçün hər zaman dəyərli olan insanlar şöhrət dalınca qaçmayan, sadəcə sevdikləri işə
ürəkdən bağlanan və ona bütün varlıqlarını həsr edənlərdir. Fikrimcə müsahibə parlaq üz qabığı hazırlamaq, birinci
dərəcəli ulduzlarla söhbət etmək və ya özümü ön plana çıxarmaq deyil. Bu həqiqi insanla görüşmək və onun
dünyaya baxışını anlamaqdır.
Məhəmməd Əziz adi bir kitab taciri deyil. Onun yoxsulluqdan kitablara sığınaraq yüksəlməsi hekayəsi hər cür
şüardan daha güclü ilham qaynağıdır. Ondan sevimli kitabını soruşsanız, qəti cavab eşitməyəcəksiniz – çünki o,
bütün kitabları sevir. Məhz onun kimi dürüst, həvəsli və işinə sonsuz bağlı olan insanlarla görüşmək üçün minlərlə
kilometr yol qət etməyə hazıram. Bizim söhbətimiz də elə bu cür oldu – qəlbdən-qəlbə.
![]() |
![]() |
---|
Ülviyyə Mahmud ona ərəb dilində “Əlifba. A Cultural Alphabet” kitabını hədiyyə etdi
Kitab ticarətində yolunuz nədən başladı?
Mən çox oxuyurdum. Elə bir zaman yetişdi ki, oxuduğum kitablar yığıldı və mən onları satmaq qərarına gəldim. Lakin kitab satıcıları bu kitabların müqavilində çox az pul ödəyirdilər deyə, onları özüm satmaq qərarına gəldim.
Bir gün ərzində neçə kitab satırsınız?
Fikrimcə, gün ərzində təxminən səkkiz kitab. Lakin elə günlər olur ki, heç bir ədəd də satılmır.
İndiyə qədər neçə kitab oxumuşunuz?
Demək çətindir. Kitab alışı və satışına 62 il zaman sərf etmişəm. Düşünürəm ki, oxuduğum kitabların sayı təxminən iki mindən çox olar.
Kitabxananızda nadir əlyazmalar varmı?
Xeyr, məndə nadir əlyazmalar və ya kitablar yoxdur, çünki onlar çox bahadır.
Gün ərzində neçə saat kitab oxuyursunuz?
Adətən kitab arxasında 6-8 saat vaxt keçirirəm.
Ailə üzvləriniz də sizin qədər çox kitab oxuyur?
Valideynlərim savadsızdır. Buna görə də, ailəmdə bu həcmdə kitab oxuyan yalnız mənəm.
Hansı dilləri bilirsiniz?
Fransız və ərəb.
Kitab oxuduğunuz zaman qeydlər aparırsınızmı?
Bir dəfə oxuduğum kitabı təkrara oxumuram. Bu zaman kitab öz marağını itirir. İnsanı təkrar geri dönüb yenidən oxumağa vadar edən kitablar isə istisna təşkil edir, məsələn “Min bir gecə”. Bu kitab məndə var.
Sevimli kitabınız varmı?
Ən sevdiyim kitab Qurandır. Belə ki, burada keçmiş, indiki zaman və gələcək haqqında danışılır. Bu hər zaman özümlə daşıdığım kitabdır. O hər zaman mənim yanımdadır. Qurandan başqa isə Viktor Hüqonun “Səfillər” romanını sevirəm.
Sevdiyiniz sitat varmı?
“Səfillər” bütövlükdə gözəl əsərdir. Bu kitabı oxusanız, ilk səhifədən son səhifəyədək hər sətrini sevəcəksiniz.
Klassik romanları adətən ekranlaşdırırlar. Necə düşünürsünüz, filmə baxmaq kitab oxumaq qədər təsirli və dərin ola bilərmi?
Xeyr, mən belə düşünmürəm. Kitab oxumaq və ya onun motivləri əsasında film izləmək eyni şey deyil: film kitabın bütün gözəlliyini və mənasını ötürə bilməz.
Heç vaxt satmayacağınız kitab varmı?
Özümə hər hansı bir kitabı satmamaq imkanı verə bilmərəm, çünki bu mənim gəlir mənbəyimdir. Əgər hər hansı bir kitabın mənə mənfəət gətirəcəyəni düşünürəmsə mən onu satıram, çünki yaşamaq üçün vəsaiti bu cür əldə edirəm.
Kitablara marağınız məktəb dövründən başlayıb?
Bəli. İnanıram ki, hər bir insan hələ bu dünyaya gəlməzdən öncə müəyyən bir yola sahib olur. Kiminsə alim və ya həkim olacağını əvvəlcədən bilmək olmaz, bunu yalnız Allah bilir.
Dünyanı görmək üçün Mərakeşi tərk etmək istərdinizmi?
Məni yalnız kitablar maraqlandırır. Mən Avropa və digər ölkələr haqqında çox oxuyuram. Mən kitablar vasitəsi ilə səyahət edirəm: kitab oxuyan zaman sanki şəkillər gözümün önündə canlanır. Mən heç vaxt Mərakeşi tərk etməmişəm, lakin başqa şəhərlərə səyahət etmişəm. Ən sevdiyim şəhər – Rabatdır, axı bu şəhərlə mənim xüsusi bağlarım var: mən burada böyüşəm və təhsil almışam.
Ən sevdiyiniz bədii janr hansıdır?
Mən həqiqəti əks etdirən kitabları sevirəm. Məsələn, böyük məmnuniyyət hissi ilə Pyer Bellmarı oxuyuram.
Kitab mağazanızda nəyisə dəyişmək məcburiyyətində qalmısınızmı?
Heç vaxt heç nəyi dəyişməmişəm. Dəyişən yeganə şey kitablardır.
Kitabları haradan əldə edirsiniz?
Rabatda kitabların satıldığı yer var. Onları həmin yerdən əldə edirəm.
Sizə hədiyyə olunan kitablarla nə edirsiniz?
Təşəkkür edirəm və onları satıram.
Bəs “Əlifba. A Cultural Alphabet” kitabını da satacasınız?
Xeyr. Onu evimə aparıb, rəfə qoyacam. Təşəkkür edirəm.
“Kitab - ...” ifadəsini tamamlaya bilərsinizmi?
Kitab – dostdur, yoldaşdır.
Gününüzün necə keçdiyindən bəhs edin.
Səhər oyanıb fəcr namazını qılıram, sonra səhər yeməyini yeyir və kitab mağazasına yollanıram. Yol təxminən bir saat vaxt aparır. Axşam namazınadək mağaza olur, sonra isə daha iki saat keçdikdən sonra mağazanı bağlayıram. Bu çətin işdir. Evdə şam yeməyini yeyir və yatıram. Günümün böyük hissəsini mağazada, kitab oxuyaraq keçirirəm.
Oxucularımıza hansı məsləhətləri vermək istərdiniz?
Gənclərə tövsiyə edərdim ki, yalnız məktəbdə tədris olunan dərslərlə kifayətlənməsinlər. Təcrübi işlərlə məşğul olsunlar: mexanika və ya sənətkarlıq. Fayda gətirən işlərlə məşğul olmağı öyrənin, hüquq və ya iqtisadiyyat kimi akademik biliklərlə özünüzü məhdudlaşdırmayın. Təcrübə və əl əməyi çox vacibdir. Və lütfən, zamanınızı telefon qarşısında keçirməyin.
Kitabları nəzarətsiz mağazada necə qoyursunuz?
Kitab oxumağı bacarmayanlar onları oğurlamaz. Bacaranlar isə oğru deyillər.
Təcrübi işlərlə də məşğul olun
Kitab - dostdur
Rabat...onunla xüsusi bağlarım var
- Onun yolu ağac kölgəsindən - xalça və doqquz kitabdan başlamışdır.
- Kitab oxumağa o, hər gün altı saatdan səkkiz saatadək zaman sərf edir.
- Bir günə təxminən səkkiz kitab satır.
- Gündə beş dəfə namaz qılmaq üçün yaxınlıqdakı məscidə gedir.
- Hələ məktəbi bitirməmişdən Məhəmməd Əziz sərbəst şəkildə fransız və ərəb dillərini bilirdi.
Firkinizdə müasir cəmiyyətin ən böyük təhlükəsi nədir?
Cəhalət.