NARGIS
NARGIS MAGAZINE
Bloqlar

Mən sizə yazıram...

Maraqlıdır, mənim oxucum məktub yazır, ya da ən azı əl ilə qeydlər aparır?

Bu barədə çox şey bilən bir insan olaraq deyirəm: əl yazısı ilə yazılan məktubun həm müəllifə, həm də ünvanlanana verdiyi kiçik və hətta böyük sevinc heç bir şəkildə mesaj və ya sms-lərin verdiyi sevinclə müqayisə oluna bilməz. Sənə ünvanlanan məktubun zərfini açdığın zaman sevinc dolu intizar hissi - qiymətsizdir! Epistolyar janr barəsində fikirləşərək mən hər zamanki kimi, kitablara müraciət etdim.

Budur, oxumağa layiq məktublardan ibarət beş əsər.

Dostoyevski, «Bədbəxt insanlar»

«Elə olur ki, yaşayırsan, amma lap yanında, bütün həyatını nöqtəsinə kimi təsvir edən bir kitabın varlığından xəbərin olmur. Daha öncə heç fərqində olmursan, tam burada, kitabı oxumağa başladığında yavaş-yavaş hər şeyi xatırlayırsan, düşünürsən, anlayırsan.»

Fyodor Mixayloviç təvazökar məmur Makar Devuşkinin gənc qız Varvara Dobroselova ilə yazışmasında insani münasibətləri bu cür incə şəkildə təsvir edir. Bu əsər Dostoyevskinin ilk romanıdır, bədbəxt insanların sadə dildə yazılmayan sadə hekayəsidir - psixoloji janrın gələcək ustadının üslubu ilk sətrlərdən bəlli olur. "İnsan bir sirdir", - o yazır, hərçənd mənim üçün Dostoyevski özü bir sirdir, çünki oxucunu bütün kitab boyu gərginlikdə saxlamaq üçün həqiqətən psixoloq olmaq lazımdır!

Andre Morua “Yad qadına məktublar”

«Əgər biz hamımız hər birimiz haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı »

Andre Moruanın yazdığı məktublarda məhəbbət və dostluq, evlilik, həyat və ölüm haqqında bəhs edilir - bütün bunlar incə yumorla yüngül hekayə üslubunda yazılıb. Moruanın bioqrafiyasında qurdalanaraq "yad qadının" XIX əsrin sonları - XX əsrin əvvəlləri Fransanın bütün qadınlarının toplu obrazı olduğunu təxmin etmək olar. Kişi və qadın münasibətlərinin müxtəlif aspektləri barədə danışarkən, Morua bizi düşünməyə məcbur edir - bu əsrarəngiz yad qadın həqiqətən mövcuddurmu?

Yusteyn Qorder, “Portağal qız”

«Əgər iki adamın iş-gücü bir-birini axtarmaqla keçirsə, onların hərdənbir rastlaşmasında təəccüblü bir şey yoxdur.»

Keçmişdən gələn bir məktub - norv yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış portağal qız haqqında bir az sadəlövh, olduqca romantik bir hekayədir. Mən bu uzun, mülayim məktubu məktəbdə oxumuşdum və o zamandan bəri onu çoxları ilə bölüşmüşəm.

Adama elə gəlir ki, bu kitab məktubun ünvanlandığı oğlanın atasının portağallı qıza olan sevgi hekayəsini danışır. Amma əslində bu kitab sürdükləri qısa həyatlarında həm özləri, həm də gələcək nəsillər üçün həyat dərsi öyrənən insanlar haqqındadır.

Vinsent Van Qoq, «Qardaşı Teoya məktub»

«Uzun, lakin asan səslənən faydasız, boş nitq söyləməkdənsə az danışmaq, amma mənalı sözlər seçmək daha yaxşıdır.»

Əgər siz məktub şəklində romanları sevirsinizsə, o zaman əsrarəngiz Van Qoq və onun qardaşı Teoya göndərdiyi məktublar sizi biganə qoymayacaq. Bu məktubların "işıq üzü" görməsində zəhmət çəkən hər kəsə təşəkkür edirəm! Bu nəşr - bu dahi rəssam haqqında daha çox şey öyrənmək və anlamaq üçün inanılmaz fürsətdir. Van Qoqun qardaşına yazdığı məktublar vasitəsilə onun rəngarəng dünyasına daxil olaraq siz nəinki rəssamla, həm də özünüzlə təklikdə qalacaqsınız. Qüssə bu qeyri-adi dəlilik həddində hekayəni oxuduqdan sonra həqiqətən də sonsuza qədər davam edəcək, ancaq siz buna doğrudan da, təəssüflənməyəcəksiniz.

Epistolyar janrı sevənlərə bonus olaraq Yevgeniy Leonovun oğluna yazdığı məktubları oxumağı tövsiyə edirəm. Yaxşı, deyin, görüm - məktub yazırsınız?

Zeynəb Cahan