NARGIS MAGAZINE
Bloqlar

PİKASSO: MAVİ VƏ ÇƏHRAYI

Parislilərin etiraz çıxışlarına baxmayaraq, mən və mənim oxucum həmişə Orsay Muzeyinin divarları arxasında dinclik tapa bilərik. Və həm də yoldan keçən biri ilə deyil, şəxsən Pikassonun özü ilə! Bu dəfə – mənim üçün təəccüblü olsa da, ilk dəfə eksklüzivlik onun mavi və çəhrayı dövrlərinə verilib. 

Bu sərgi Orsay muzeyinin dəfələrlə sizi dəvət etdiyim Pikassonun Paris Milli muzeyi ilə ilk miqyaslı əməkdaşlığının nəticəsidir. Bu muzey özündə ispan dahisinin 1900-1906-cı illərin kritik dövrünü əhatə edən şedevrlərini toplayıb.

1900-cü ildə Pablo ilk vaxtlar öz sənət əsərlərini hələ də Barselonanın avanqard hərəkatının təsiri altında yaratdığı Parisə köçüb. Növbəti altı il ərzində onun bədii üslubuna digər rəssamlarla tanışlıq və Fransaya səyahətləri təsir göstərib, bu da şübhəsiz ki, Pikassonun rəng palitrasını zənginləşdirib. 

Bu altı il onun sənəti üçün həyati əhəmiyyət daşıyırdı. 1901-ci ildə onun yaxın dostu Karlos Kasahemas intihar etdiyi zaman o hələ çox gənc idi. Pikasso yaşlı insanları, yoxsulları, soyuq və çox vaxt mavi çalarlı tonlarda gözləri görməyənləri təsvir etməyə başlayır. 1904-cü ildə isə o, Bato-Lavruara köçür və orada birinci həyat yoldaşı, Fernanda Olivye ilə qarşılaşır. Onların romantik idilliyası onun mövzularını və rənglərini dəyişdirir. O, ölümdən həyata – çəhrayı çalarlarda gördüyümüz melanxoliyaya keçid edir.

Rənglər Pikassonun hələ İspaniyada, yolun başında olarkən ehtirası idi. O, onları araşdırır, qarışdırır, dəyişdirir və bütün paris dövründə, yaradıcılığının tərəqqi etdiyi rezonans dövründə birləşdirirdi. Məhz bu dövrün əsərləri – "Qırmızı fonda çılpaq", "Mavi otaq", "Şar üzərində qız", həmçinin fərqli 300 rəsm əsəri Orsay muzeyində sərginin əsas predmeti oldu. Bu sərgiyə nadir rəsm əsərləri, heykəllər və qravürlər, arxiv materialları, məktublar və fotolar daxildir.

Sərgi 2019-cu il 6 yanvar tarixinə qədər davam edəcək. 

 

Zeynəb Cahan