NARGIS
NARGIS MAGAZINE
Simalar

FİDAN KİM ŞANXAY SƏRGİSİNDƏ

Fidan Kim - gənc azərbaycanlı rəssam, İncəsənət Akademiyasının məzunu, həm Azərbaycanda, həm də xaricdə bir çox sərgi və festivalların iştirakçısıdır. Hələ bu yaxınlarda onun fantaziyalı rəsmləri "Qız qalası" festivalında, Bakıda keçirilən ilk Avropa Oyunları çərçivəsindəki layihədə, UNESCO və Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgilərdə qonaqların diqqətini çəkirdi. Fidan dəfələrlə İtaliyada, İngiltərədə, Gürcüstanda və ABŞ-da vitraj sənətindən kitab illüstrasiyasına qədər müxtəlif texnikaları öyrənərək ustad dərsləri alıb. YARAT-da öz sərgisinə özü nəzarət ediridi. Tuş qələm onun əlində sehrli bir gücə çevrilir. Onun təsəvvüründə milli mədəniyyətin personajları, süjetləri və simvolları təsəvvür edilməyən obrazlara bürünür, onları qrafika, şərqşünaslıq, sürrealizm, ornamentalizm və miniatürlə birləşdirərək kətanda əks etdirir.

Fidan Kimin əsərləri Şanxayda Contemporary Art Fair Expo 2018 sərgisində bir həftə boyunca nümayiş olundu və o, geri dönən kimi biz ondan bu təcrübəsi barədə soruşduq.

Necə alındı ki, Şanxaya getdiniz?

Bu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Milli Günü çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında mənim fərdi sərgim keçirildi. Orada mənim işimi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi yüksək qiymətləndirdi. Daha sonra məni çoxdankı xəyalımı gerçəkləşdirməyə və Shanghai Contemporary Art Fair sərgisində iştirak etməyə dəvət etdilər. Və bu sərgilərdən sonra ŞƏT mənim işimlə daima yaxından maraqlanır.

Nə qədər vaxtdır, rəsm çəkirsiniz?

Özümü dərk etdiyim gündən. Mən 3-4 yaşındaydım, artıq kağız və qələmləri əlimdən yerə qoymurdum.

Əvvəllər Asiya mədəniyyəti ilə maraqlanırdınız?

Bəli, uşaqlıqdan bəri məni cəlb edib. Yadımdadır ki, Uzaq Şərq mədəniyyəti və tarixi ilə bağlı çoxlu kitablarım var idi. Onların filmlərini və tamaşalarını seyr edirdim. Hətta mənim əjdaha naxışlı qırmızı rəngdə balaca kimonom da var idi, mən tez-tez onu əsərlərimdə istifadə edirəm. Və əlbəttə ki, mən Şanxaya getməyi arzulayırdım, amma ziyarətimin səbəbinin yaradıcılıq olacağını təxmin edə bilməzdim!

Bu sizin neçənci sərginizdir?

Fərdi olaraq hesablasaq, o zaman beşincidir.

Orada sizi necə qarşıladılar?

Ən yüksək səviyyədə qarşıladılar. Birincisi, ilk növbədə ölkəmi, sonra isə özümü təmsil edirdim. Bu sərgidə dünya incəsənətinin aparıcı nümayəndələri iştirak edirdi. Gün ərzində yüzlərlə pavilyonu minlərlə insan ziyarət edirdi. Dünya art-dilerləri, dövlət rəsmiləri, art-bazarın ən nüfuzlu simaları və minlərlə tamaşaçı... Onların hamısı məni Azərbaycan və xalqımızla bağlı sual atəşinə tuturdular. Və mən qürurla onları bizim füsunkar şəhərimizə dəvət edirdim.

İşimə gəlincə, Çin Rəssamlar Birliyinə üzv olmağa dəvət aldım. Həmçinin onlar mənim əsərlərimi Çin bazarında satışa çıxarmağa maraq göstərirlər. Və sonda Honkonqda fərdi sərgimi təşkil etməyə dəvət etdilər. Əlbəttə ki, mənim işimə müsbət reaksiya, onların yüksək qiymətləndirilməsi və dəstəyi yadda qaldı.

Kiminsə sözləri yadda qaldı?

Ən çox Rəşid Əlimovun sözləri yadda qaldı. O, mənə yaradıcılığın dünyanın müxtəlif yerlərindən mədəniyyətlər arasında körpü olmaq və eyni zamanda Azərbaycan xalqının ən zəngin mədəniyyətini təmsil etmək üçün verildiyini qeyd etdi. 

Müsahibə: Nəzrin M.