NARGIS MAGAZINE
Bloqlar

Dilbərnamə: Mikayil Müşfiq və Dilbərin sevgi hekayəsi

Mən kiçik rahat mənzilə daxil oldum. Gözüm dərhal onların divarda asılan məşhur foto şəkillərindən birinə sataşdı.

“Yox, məndə ona qarşı heç vaxt qısqanclıq hissi olmayıb. Tamamilə. Mən bir yaşımda itirdiyim atamı da sevirdim, onu da sevirdim. Onu hamı sevirdi. İndi də sevirlər” – məni Dilbər xanımın, böyük Mikayıl Müşfiqin yeganə məhəbbətinin qızı Leyla xanım Axundzadə qarşıladı.

O bizimlə, danışılması çətin olan – ən məhrəm xatirələrini bölüşməyə razılıq verdi...

Söyləyin, zəhmət olmazsa, Mikayıl Müşfiq necə anladı ki, Dilbər onun taleyidir?

Onların əhvalatı başdan ayağa təsadüflər düyünüdür. Dilbərin doğma əmisi, İdris Axundzadə ədəbiyyat müəllimi idi və onun yaxın dostları Hüseyn Cavid və Əhməd Cavad idi. Bir dəfə o Gəncəyə qardaşıgilə gəldi və gördü ki, qardaşı qızı üçün ata evində ögey anası ilə çox çətindir. Çox düşünmədən onu özü ilə Bakıya gətirdi. Kim bilir, bu hadisə baş verməsəydi Dilbərlə Müşfiq görüşərdilərmi?..

Budur, əmisinin həyat yoldaşı onu özü ilə buraxılış gecəsinə aparır. Tədbir hələ başlamamışdır, qonaqlar foyedə yığışıblar və bu vaxt gənc, yaraşıqlı, istedadlı və özü haqqında bütün dünyaya bəyan etməyə hazır olan kurs yoldaşı yaxınlaşır.

- Dilbər, tanış ol: Mikayıl Müşfiq.

Dilbər onun haqqında əvvəllər də eşitmişdi, axı əmisinin yaxın dostu idi və o, tez-tez Mikayıl haqqında söz açardı, amma özünü ilk dəfə görürdü. Tale idimi, tam təsadüf idimi – o, onun arxasında əyləşdi. Qalın, uzun hörülmüş hörüklər Kupidon oxları olacaqlar: onları arxaya atarkən saçlar onun üzünə toxunacaq və şairin ürəyi döyüşsüz təslim olacaq. Onunla hər görüşə o öz “hədiyyəsi” ilə gələcək – Dilbərin istəyi belə idi.

- Rica edirəm, razı ol, tez-tez görüşək.

- Bir şərtlə!

- Mən hər şeyi yerinə yetirəcəm, hansı şərtlə?

- Hər görüşümüzə yeni şeirini gətir.

Dilbər Axundzadənin “Mənim Müşfiqli günlərim” memuarlarından

Müşfiq ona ən gözəl misralarını həsr edəcək, onunla şeirlə danışacaq, məktublarda bəndlər göndərəcək, o isə onu incə lirikaya ilhamlandıracaq. Bir dəfə şair ona dedi: “Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub”.

Xatırla, sevgilim, bir axşam çağı,

Yandı gözlərimdə eşqin çırağı.

Saçlarından ilham aldığım zaman,

Sardı gözlərimi incə bir duman,

Nə yüksəyi gördüm, nə də alçağı

Mikayıl Müşfiq

Müşfiq onunla görüş axtaracaq, saatlarla onu gözləyəcək, öz hisslərini isə şeirə bürüyəcək. Dilbər isə intizarında olduğu “hə” cavabını verənə qədər ona xeyli əzab verəcək. Amma yenə də bir şərtlə.

Hansı şərtlə?

Onun anasının bir arzusu var idi: mütləq təhsil almaq, öz ayaqları üzərində durmaq, müstəqil olmaq imkanını əldə etmək. O həyatda xoşbəxt olmadı, buna görə də qızını qorumaq istəyirdi. Anasının arzusuna görə Dilbər xanım toyu gecikdirirdi. Səbəb ilə şairin özü də razı idi. O, yaradıcılığında qadın obrazına tez-tez müraciət edirdi. Uzun çəkən nişanlıq müddəti misralara süzülürdü, onları həm ayrılıq, həm üzüntü, həm də çoxdan həsrətində olduqları görüşlər gözləyirdi. Lakin məhəbbət nəinki zəifləmədi, əksinə, hər ötən günlə daha da möhkəmlənirdi. Onların nişanlanması da, toyları kimi, əsrin hadisəsinə çevrildi. Təəssüf ki, fotoşəkillər qalmayıb, amma qonaqların siyahısına baxmaq kifayət edir ki, onun möhtəşəmliyini tam dərk edəsən: Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları! Bu adi toy deyildi – bu, əsl gözəllik, məhəbbət, musiqi və əlbəttə ki, poeziya bayramı idi.

Onların evi həmişə qonaqlarla dolu olardı: gah dahi şairlər, gah da ki, Müşfiqin yedirtmək və geyindirmək üçün tez-tez evə gətirdiyi, sonradan isə uşaq evinə yerləşdirdiyi baxımsız uşaqlar. Dilbər xanım Tibb Universitetini oxuyacaq, aktivist və hətta Bakı Sovetinin deputatı olacaq.

“Birgə həyatımızın ilk günündən söz üzərində işləməyin və şair həyatının nə olduğunu anladım. Yalnız indi Müşfiqin daxilində hər misraya görə nə qədər iztirab, hər sözün üzərində nə qədər əziyyət çəkib, şeirin səlisliyi və ahəngliyinə necə nail olduğunu başa düşdüm. O deyirdi ki, həyatının ən bədbəxt anları şeirsiz keçən anlardır.”

Dilbər Axunzadə, “Müşfiqli günlərim”.

Bir ildən sonra iki sevən ürəyə daha bir böyük sevinc şəfəq salacaq - dünyaya oğulları Yalçın göz açacaq. Amma onları böyük üzüntü gözləyir: o, heç bir il yaşamayacaq...

Bir çox ailələr başlarının üzərini alan dəhşəti əvvəlcədən görürdülər, heç olmasa həyat yoldaşları və uşaqlarını qorumaq üçün boşanmağa üz tuturdular. Bir birindən imtina etmə halları da olurdu. Amma Dilbər xanım belə variantları nəzərdən keçirmirdi, eləmi?

Əlbəttə ki, yox. Əvvəlcə Müşfiqi apardılar, sonra isə onun ardınca gəldilər. Ard-arda dindirmələr, işgəncələr... Dilbər xanım ondan imtina etmədi, sona qədər onun adını müdafiə etdi. Həbsxanada onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsdilər. Bilmirəm nəyə görə, amma ən çox elə Dilbər xanıma zülm edirdilər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox”...

“Ah, Müşfiq, bu günləri geri qaytarmaq mümkün olsaydı...”

İşgəncələr onun səhhətinə ciddi təsir göstərdi...

Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmirdi... Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər. Bilirsiniz, bütün bunlar onun zəif çiyinlərinə yüklənəndə o hələ gənc qız idi. Nə həyat yoldaşı var, nə uşaqlar – səhərlər oyanmağın mənası yox idi...

“Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü. Onun vəziyyəti bizi qoruduğumuz azacıq şücaətdən də məhrum etdi. Axı bu bizim Müşviqin həyat yoldaşıdır, axı bu bizim Dilbərdir”.

Dilbərlə eyni kamerada dustaq həyatı yaşayan qadının gündəliyindən
27 fevral 1938 il

Onun həbsdən və xəstəxanadan çıxdıqdan sonrakı həyatı barədə danışın. Axı o artıq hamı üçün “xalq düşməninin arvadı” idi, bu isə ancaq bir şey demək idi – bədbəxtçilik davam edir.

Bəli, bir çoxları ondan üz döndərdi. Çox çətin idi. İşə qəbul etmirdilər, üz çevirirdilər. Amma yenə də yaxşı adamlar da var idi...

Reabilitasiya aldıqdan sonra, biz – anam, mən və qardaşım – Bakıya köçdük, bir müddət Müşfiqin qohumlarının evində yaşadıq. Mən onun bacısına bibi deyirdim. O, hədiyyələr alırdı, bizimlə gəzintiyə çıxırdı. Mən onları doğmalarım kimi sevirdim. O, çox istedadlı qadın idi! O necə də dadlı yeməklər bişirirdi, tikiş tikirdi, rəsm çəkirdi, ifa edirdi! Müşfiqin özü də istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Onun bacısı da belə idi. Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim.

Heç cürə başa düşmürəm, axı o bu qədər sarsıntıdan sonra Müşfiq lirikasını bərpa etmək üçün özündə güc və ilhamı necə tapa bildi? Cəhənnəmin bütün mərtəbələrini keçən, hətta özünü belə tanımayan qadın memuarlar yazacaq...

Mən bunu ancaq bir sözlə ifadə edə bilərəm – möcüzə. Müşfiqi aparanda masanın üzərində “Dibərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı – hamısını apardılar, Dilbər xanıma heç nə qaytarmadılar. Laki o nəinki Müşfiqin əsərlərinin bir qismini bərpa etdi, həm də özü yazmağa başladı. Möcüzə, sadəcə möcüzədir! Hərçənd, anam heç vaxt özünü şair adlandırmayıb. Yadımdadır, səhər oyanmağımı gözləyirdi və növbəti əsərini mənə oxuyurdu. Heyf ki, mən onları yazmırdım, heyf ki, çox şey itirildi!

Günəşli gündüzüm, ən şirin sözüm,

Əbədi hicrinə mən necə dözüm?

Bağçanda bitibdir nərgiz, bənövşə,

Sənsiz o gülləri mən necə üzüm?

Dilbər Axundzadə

Bir çox qadınlar deyirdilər ki, Müşfiq onlara şeirlər həsr edib. Dilbər xanım bir dəfə zarafat etdi ki, Müşfiq sadəcə rastlaşdığı qıza deyil, hətta yuxuda gördüyü qıza da şeir həsr edə bilərdi. Amma yenə də, doğurdanmı onun qadın ürəyi heç nə hiss etmirdi?

Bizim yanımızda onun daha kiməsə şeir həsr etməsi barədə söhbətlər olmayıb. Ola da bilər, olmaya da. Heç kim bunu dəqiq deyə bilməz. Bir çox şeirlərdə onun adı keçir. Bir çox şeirlərə musiqi bəstələnib və onlar mahnıya çevrilib. Hətta o kiməsə nə isə həsr edibsə, - bu normaldır, axı o şairdir.

Anasının arzusunu həyata keçirə bildimi?

Qismən. Tam olaraq yox. O, çox istedadlı idi, yaxşı oxuyurdu, yaxşı həkim, pedaqoq ola bilərdi, çox şey bacarardı. Amma həmin faciədən sonra o artıq əlil idi, yəni onun imkanları məhdud idi. Anam bizə də həmişə nəsihət edərdi: peşə sahibi olun. Anamın Sovet İttifaqına minnətdar olduğu yeganə şey qadınların təhsil almaq və işləmək hüququna malik olması idi. Bizi böyütmək onun üçün çox çətin idi. Bu dünyadan köçməzdən öncə mənə belə demişdi: “Əvvəllər çox düşünürdüm: mən nə üçün bunu etdim (ailə qurdum)? Amma nə yaxşı ki, siz varsınız!”. O bütün həyatını beləcə qorxu içində yaşadı.

Nə vaxt anladınız ki, Sizin ananız böyük şairin həyat yoldaşıdır?

Mən şairlərin, musiqiçilərin, bəstəkarların arasında böyümüşəm. Həyat olduqca gözəl görünürdü - axı hamı gözəlliyi, məhəbbəti tərənnüm edirdi... Mühit səni insan kimi formalaşdırır, dünyaya baxışını əsaslı surətdə dəyişir. Anamın çox qonaqları olurdu. Hamının bizdə toplaşdığı axşamları çox sevirdim. Şeir, şeir, şeir... Eyni zamanda mənə elə gəlir ki, onlar sanki çətinlikləri, pislikləri xatırlamaq istəmirdilər. Mən onun əlyazmalarını saxlayıram və onları dərc etdirmək borcumdur. Mən onun haqqında rus dilində məqalə yazılmağını çox istəmişəm, çünki rus dilində bizim qadınlar haqqında çox az məlumat var. Mən özüm də yaza bilərdim, amma yazmıram, hərçənd istəyim var. Yeri gəlmişkən, bizim evimizin ilk körpəsinin adı Dilbər xanımın şərəfinə qoyulub. Mənim qızımın adını isə o, Nigar Rəfibəylinin şərəfinə qoyub. O nəvələrini gördü, az da olsa, amma gördü...