NARGIS MAGAZINE
Simalar

QƏYYUR YUNUS. İNTROSPEKSİYA FRAQMENTLƏRİ

Sanki sizin bütün rəsmlərinizdəki bu insanlar – ümumdünya daşqınından xilas olublar... Burada heyvanlar, quşlar, meyvələr əks olunub...

Amma deyəsən rəssam növbəti interpretasiya cəhdini diqqətə layiq görməyib.

Yaxşı fikirdir, – nəhayət o, sükutu pozdu. – Xoşbəxt olmaq istəyirsənsə, özünü Nuh gəmisinə zamanında yetirməlisən...

Hərçənd, Qəyyur Yunus dünyaya laqeyd olan dərviş deyil. Söz yığınıı ilə düşüncənin yoxluğunu basdıranlardan da deyil. Məğrur və təvazökar, qamçılayan və mərhəmətli, bəzən nəsihətlərə meyilli, lakin daha çox öz xəyallarının müdrik dastançısı.

screen_shot_2017-06-19_at_16.00.53

Mən 6-cı sinifdə oxuyanda atam mənə tar aldı. O illər musiqi ilə məşğul olmaq dəbdə idi. Pianino, skripka, kamança... Mən də musiqi məktəbinə getməyə başladım. Amma bir dəfə, yarımillik əzablardan sonra, aləti çexolundan çıxardım, boğazından tutdum və zərblə daşa çırpdım. Tar iki yerə bölündü. Mən evə getdim və hər şeyi anama danışdım. Atam işdən qayıtdı... Anam baş verənləri ona dərhal demədi, əvvəlcə ona yemək verdi. Çay gətirərkən isə dedi: “Ay kişi, bilirsən oğlun nə edib?”... Əlbəttə, mən atamın qəzəbindən qorxurdum, amma şəkil çəkmək, rəssamlıqla məşğul olmaq istəyi daha güclü idi.

screen_shot_2017-06-19_at_15.52.31

Mən Pionerlər Evində rəssamlıq dərnəyinə gedirdim və rəngli qələmlər, yağlı boyalar barədə xəyallara dalırdım. Mən akvareli qalın, təbəqə ilə çəkirdim ki, yağlı boya təsəvvürü yaradım. İxtirama tərif və təəccüb gözləyərək əl işlərimi Səttara aparırdım. O isə məni danlayırdı: “Bu nədir? Akvarel? Sən nə edirsən? Məgər akvarellə belə şəkil çəkirlər?!”...

Səttar qohumlarından kiminsə rəssam olmasını istəmirdi. Yalnız rəssamlıq məktəbinə daxil olduğumdan sonra məni öz emalatxanasına dəvət etdi. “8 nömrəli trolleybusa minərsən, Olimpdə düşərsən, 5-ci mərtəbəyə qalxarsan...”. Məhz o gündən də dostluğumuzun təməli qoyuldu.

Dostları ilə çayxanada və yaxud məşhur yazıçıların, rəssamların, musiqiçilərin iştirak etdiyi qonaqlıqlarda görüşəndə o məni belə təqdim edirdi: “Tanış olun, bu Qəyyurdu. Çox istedadlı və dərin düşüncəli gəncdir”. Mən qızarırdım, tər məni basırdı. “O nə danışır?! Nə “istedad?”... Bəlkə də o bunu qeyri-ixtiyari və ya qəlbinin yumşaqlığı səbəbindən edirdi, amma bu məndə özümü rəssam kimi dərketmə hissi yaradırdı. Bir neçə il əvvəl Səttar Bəhlulzadənin qrafik işlərindən ibarət vernisaj keçirildi. Sərgini onun əsərlərinin kolleksiyasını toplayan şəxs təşkil etmişdi; şəkilləri almaq olardı. Açılış mərasimində incəsənət xadimləri, o cümlədən, mən çıxış etdim. Hamı bir ağızdan onu dahi rəssam adlandırırdı... Orada Norveçdən olan qonaqlar da var idi. Sonradan tərcüməçi qız dedi ki, əvvəlcə norveçlilər bir neçə əsəri almaq fikrində idilər, amma son anda imtina ediblər: “Əgər o belə dahi rəssamdırsa, bəs nə üçün əsərləri belə ucuz qiymətləndirilir?” - deyiblər.

screen_shot_2017-06-19_at_15.52.56

Van Qoq səfil həyat sürürdü, amma indi əsərləri milyonlara satılır. Ona görə yox ki, insanlar ağıllandı və onun rəsm əsərlərini lazımınca dəyərləndirdilər. Əsərlərin qiymətlərini dilerlər və kommersantlar təyin edirlər. Bədii zövqü də çox vaxt onlar müəyyənləşdirirlər...

İnstitutdakı dərslərdən sonra mən emalatxanaya baş çəkə bilmirdim – bütün enerjim tələbələrin təliminə sərf olunurdu. Beləcə 5 il davam etdi. Bundan sonra mən pedaqoji fəaliyyətimi dayandırdım.

Tələbələrimdən üçü çox bacarıqlı idi, amma biri xüsusən fərqlənirdi. Öz kitabçamda mən ona “6” yazırdım. Tələbə yoldaşları deməyincə, onun bundan xəbəri yox idi. Bu, onun çox xoşuna gəlmişdi, amma bir müddət sonra məndən qiymətinin dəyişdirilməsini xahiş etdi. “5” ona keçici “6”dan daha əsaslı görünürdü.

Təsviri incəsənətdə 2+2 heç də 4-ə bərabər deyil. Bazarda, hə, 4. Borcu olana – 4. Mühasibatlıqda da. Bu misalın klassik həllini əsas götürənlər heç caxt rəssam ola bilməyəcəklər. Pikasso sübuta yetirdi ki, 2+2=48-dir.

screen_shot_2017-06-19_at_15.56.11

Biz “Rembrandt” dedikdə “Sultan Məhəmməd”i nəzərdə tutmuruq. Biz “Rembrandt” dedikdə Avropanı, xristianlığı nəzərdə tuturuq... “Sultan Məhəmməd” dedikdə - Şərqi, islamı nəzərdə tuturuq...

Dünya rəssamı onun əsərləri ilə tanıyır. Avropa müəlliflərini təqlid etməklə heç kimi təəccübləndirmək olmaz. Sənin əsərin - sənin ünvanındır, sənin pasportundur, sənin DNT-dir. Fikrət Əmirovun musiqisi səslənəndə heç kimdə onun əslən haralı olmasına dair şübhə yaranmır.

Bütün rəsmlər - rebuslardır. Təkcə Qəyyur Yunusun deyil. Anlamaq üçün seyr etmək lazımdır. Buna isə hazırlaşmaq gərəkdir. Yola çıxarkən siz ləvazimat toplayırsınız, çantanızı lazımi əşyalarla doldurursunuz... Rəsm də belədir. Məgər ilk dəfə simfonik musiqini dinlədikdə siz hər şeyi anlamışdınız?

screen_shot_2017-06-19_at_15.55.35

Qacar rəssamlığının əsərlərini mən ilk dəfə bizim Milli incəsənət muzeyində gördüm. Mən sarsılmışdım! Eyni üslubda şəkillər çəkməyə çalışırdım, amma məndə heç nə alınmırdı. Bilirsən, sanki bütün fəndlər eynidir, amma səviyyə yenə də yetmir. Sən demə, bütün məsələ xüsusi texnikada imiş. Mən də Rubensi, Karavaconu, Rembrandtı öyrənməyə başladım... Mən bütün bu sirləri müstəqil olaraq dərk edirdim. Axı bütün bunları tam təfsilatı ilə institutlarda tədris etmirlər. Ən əsası isə, mən həmişə dua edirdim. Mən Yaradana “anlamağa yardım et” deyə müraciət edirdim. Tədricən hər şey öz yerini aldı. Mən üslub barəsində düşünmürdüm, yox. Nə danışırsız... Mən rəsmin sirlərini, rəssamlığın texnologiyalarını dərk etmək arzusundaydım. Sifətlərin işığı əks etdirmələrinə nail olmaq istəyirdim.

[IG_925]

“İncəsənətin meyarını necə hesablamaq olar?”, “Özünü ifadədə meyar yoxdur!”, “Kökəni kətana yapışdır, bu da incəsənət adlana bilər!” – belə düşüncələri bizə hər tərəfdən təlqin edirlər. Amma predmetsiz yaxud abstrakt incəsənət də - reallıqdır. Bizim zəmanəmizin reallığı. Rəssamlığın müfəssəl təfsiri mümkünsüzdür. Lakin bu heç də çəkməmək, düşünməmək, təhlil etməmək anlamına gəlmir.

screen_shot_2017-06-19_at_16.00.29

Post Scriptum

Siz zəng vurdunuz – mən razılıq verdim. Siz etiraz edə bilərsiniz: axı mən plana, redaksiyanın proqramına uyğun davranırdım və s.

Amma bu da Allahın təqdiridir. İşinizi vicdanla, düzgün yerinə yetirin, O da hər şeyi ən gözlənilməz məqamda açacaq.

Müsahibə: Nonna Müzəffərova Foto: SERGEY XRUSTALYOV

Müsahibə otuz beşinci buraxılışda dərc olunmuşdur.