NARGIS MAGAZINE
Simalar

QAR BƏBİRİNİN İZLƏRİ İLƏ

İsrafil Aşurlı haqqında alpinist dostları arasında əfsanələr dolaşır, sosial şəbəkələr onun dünyanın ən ucqar zirvələrində çəkilmiş fotolarına verilən şərhlərdən təlatümə gəlir, onun “xidmətlər siyahısı” hansısa macəra romanı kimi oxunur. Azərbaycanın ilk “qar bəbiri” ilə müsahibəyə hazırlaşmaq üçün cəmi bir neçə saatım var idi. Lakin məni səhəri gün gözləyənlərə hazırlaşmaq qeyri-mümkün idi: bu, Bibiheybət məscidi yaxınlığındakı qayalara əsl dırmanma idi. Oradan quş uçuşu hündürlüyündən Bakını seyr edərək və xəzrinin uğultusunu səsimizlə boğaraq biz dağların kimə ram olması barədə fikir mübadiləsi aparırdıq...

 

Dağla dialoq

Biz alpinistlər uca insanlarıq – axı biz yüksəkliklərdə dolaşırıq. Gurultulu ədəbi tərz “dağları fəth etmək” – bizim haqqımızda deyil: dağı fəth etmək mümkünsüzdür, ona ancaq qalxmaq olar. Zirvələr özlərinə kifayət edir, onlara fərq etmir, yamaclarında insan var, ya yox. Onlar bizə qədər olublar və biz artıq bu dünyada olmayanda da olacaqlar. Onlara qalxmağı da biz ancaq müəyyən dövrlərdə bacarırıq: əlverişli hava şəraitində, uğurlu iqlim uyğunlaşmasında, zirvəyə yol açmaq üçün fiziki imkan olduqda... Bütün bunlarda qürura yer yoxdur. Qalxma prosesi – fəlsəfi, mənəvi, məqsədi və bu dünyada öz yerini dərk etmə, daxili dialoq və hətta zirvənin özü ilə dialoqla bağlı prosesdir... Bir çox xalqların, xüsusən də Himalay ətrafında məskunlaşan xalqların mədəniyyətinə dağların ilahiləşdirilməsi xasdır. Məsələn, Nepal şerpləri – dağ zirvələrinə yük daşıyanlar – dini puca mərasimi keçirilməyənə və dağdan xeyir-dua alınmayana qədər yola çıxmırlar. Və buxurun tüstüsünün istiqamətinin hansı tezliklə dəyişməsindən asılı olaraq qərar verirlər. Dağa dırmanmaq azdır – həm də oradan aşağı enmək və düşərgəyə salamat və sağlam qayıtmaq üçün qüvvəni də düzgün hesablamaq lazımdır. Buna görə də alpinistlər arasında zirvədə dayanarkən bir birini təbrik etməmək mövhümatı yayılıb.

Bağlantıda olmaq

Yüksəklikdə orqanizm fiziki diskomfort hiss edir: oksigen azlığı, temperatur və təzyiqin dəyişkənliyi, mürəkkəb hava şəraiti – bütün bunlar ciddi sınaqdır. Lakin tərəfdarı olduğum tez-tez dırmanmalar, mütəmadi məşqlər, dərman müdaxiləsi olmadan təbii uyğunlaşma orqanizmi məşq elətdirir və yüksəkliyə adaptasiya prosesini sürətli və daha az iztirablı edir. İyirmi illik dırmanmalardan sonra qətiyyətlə deyə bilərəm ki, dağlarda ən çətini fiziki məhdudiyyətlər yox, dözmək bacarığıdır. Xüsusən də ekspedisiya yoldaşına dözmək. Müəyyən yüksəklikdə bütün rənglər solur: mavi səma, rəngli çadırlar və ekspedisiya üzvlərinin paltarlarını hesaba almasaq, gözün qavramağa qadir olduğu hər şey boz və ya ağ rəngə boyanır. Bu, çox yorur və ümumiyyətlə psixika üçün ağırdır. Tanış olmayan bir qrup insanlarla ağır şəraitdə yaşayan hazırlıqsız insanların bəzən sinirləri pozulur. Və kollektivdəki belə insanlara dözmək lazımdır: emosiyalara sahib çıxmaq, mübahisəli məqamlardan qaçmaq, kompromis axtarmaq, zamanında yardıma yetişmək, uyğunlaşmağa köməklik göstərmək. Bu zaman, inanın, dırmanma başa çatdıqda, hamı gözəl dost olaraq qalacaq, bir-biri ilə yazışacaq, ünsiyyət quracaqlar... İllərlə birlikdə olan alpinistlər arasında müəyyən komandalar formalaşır. Biz hətta danışmayaraq əlaqə qura, bir-birimizi bir sözlə, bir nəzərlə anlaya bilərik. Biz bir-birimizin güclü və zəif tərəflərini bilirik: kimsə buz üzərində bacarıqlıdır, kimsə asanlıqla ağır əşyaları daşıyır... Biz bununla yaşamağı, işləməyi, əlaqə qurmağı öyrənmişik və bu, yaxşı nəticələr verir. Amma iştirakçılar nə qədər güclü olsalar da, həmişə daha çox xarizma, nəzərəçarpan liderlik xüsusiyyətlərinə malik, marşrutda uşaqları ardınca aparacaq kimsə tapılacaq. Müxtəlif hissələrdə müxtəlif insanlar liderlik edə bilər: kimisi qayalarda virtuozdur, digəri qarışıq relyefdə qüvvətlidir...

Məğzinə vararaq

Biz adi həyatda tapılması çətin olan şeylər – illər ötdükcə azalmayan ləzzət, kef, eyforiya, romantika hissi üçün dağlara üz tuturuq. Gözəl zirvədə dayanaraq, ayağının altındakı buludları seyr edərək və ucadan qartalların uçuşuna baxaraq hələ uzun müddət qurtula bilməyəcəyin elə bir emosiya burulğanına düşürsən ki!.. Amma dağlar təyinatına görə elə bir yerdir ki, orada yalan uzun müddət yaşamır: onlar hər şeyin məğzini çılpaqlaşdırır və buna görə də mən onlara xüsusi məhəbbət bəsləyirəm. Dağda siz şəhərdə müxtəlif maskalar altında gizlədilənləri görürsünüz. Dağlar bütün maskaları yırtır, insanları dərəcələrə bölür və filtrdən keçirir. Zaman və dağlarla sınağı keçənlər isə seçilmiş qardaşlığa, dünyanın ən kiçik toplumuna (iki əlsıxmadan sonra biz praktiki olaraq bütün dünya alpinistlərini tanıyırıq) mənsubdurlar. Misal üçün, Valeriy Babanovla görüşərkən siz onun timsalında demək olar bütün aparıcı alpinist icması ilə görüşəcəksiniz. Axı alpinizm əsasən komanda idman növüdür, burada bir neçə insanın səyləri heyranedici nəticələr verir. Hətta beş nəfərin əməyi nəticəsində bir nəfər zirvəyə yüksələ bilibsə, bu, bütün komandanın uğurudur.

Metamarfozlar

Mən dağlara tamamilə təsadüfən gəldim: düşünürdüm, ölkə xaricinə turist səfəri edirəm, amma müəyyən oldu ki, dünyanın ən yüksən zirvələrindən olan Himalaydakı Kançencanqın (8586 m) ətəyinə yürüşə çıxmışam. Beləcə, mənim dağlarla tanışlığım baş tutdu və transformasiyam başladı. Elə vaxtlar olurdu ki, getmirdim, elə vaxtlar olurdu ki, çox gedirdim... Tədricən daha təcrübəli yoldaşların, gidlərin müşaiyəti ilə gedən təcrübəsiz gəncdən idmançılar kateqoriyasına keçdim. Dərəcələr, adlar alırdım, texniki təcrübə yığırdım. Dağlar məndə müəyyən keyfiyyətlər əmələ gətirdilər:  vəziyyəti sakit analiz etmək və dərhal qərar qəbul etmək (dağlar tələskənliyi sevmirlər, amma ləngimələrə də dözümsüzdürlər), istiqamətləndirmək, irəli aparmaq, dinləmək, yardım etmək, nəsihətçi olmaq bacarığı... Bütün bunlar həm biznesdə, həm də həyatda tətbiq olunandır. Dağlar çox transformasiyaya uğradır. Mən təcrübəsizlərin məsuliyyətsiz durumda düşərgəyə gəldikləri andan hesabat yüksəlişinə qədər transformasiyalarını tez-tez müşahidə edirəm. Budur, bu təcrübəsiz şəxs dərinlik hissinə düçar olaraq ağılasığmaz yüksəklikdə dayanıb və təlimçi onun gözlərində qorxu sezir. Qorxu – normaldır, “yalnız axmaq heç nədən qorxmur” və biz hamımız qorxuruq. Lakin məsələ bu qorxunun öhdəsindən necə gəlməyimizdədir. Və qorxu anı elə andır ki, təcrübəsiz adam hələ nəyi isə bilmədiyini anlayır və bu yeni bilikləri əldə etmək üçün başqasının təcrübəsinə etimad etməyə, etirafa hazırdır: qorxmamaq, vahiməyə düşməmək, aramlığı qorumaq, özünü üstələmək, davranışların düzgün alqoritminə riayət etmək. 

“Dağlar ruhu onlara tən gələnləri səsləyirlər”

Növbəti dəfə dağa çıxmağa hazırlaşdığımı eşidən anam qəmli halda soruşur: “Axı sən nəhayət nə zaman sakitləşəcəksən?” Amma dağlar mənim həyatımdır, bu müəyyən güc və enerji ünvanıdır. Mən dağlardan çox şey alıram, bu da mənə sonradan özümü həyatda təsdiq etməyə yardım edir. Dağlar o qədər çox şey bəxş edir ki, bu məni hələ uzun müddət qidalandırır, hətta çoxdan onları tərk etdiyim və şəhərdə yaşadığım zaman. Dağlar xarakterin müəyyən cəhətlərini qabardırlar: dözmək, dəf etmək, mübarizə aparmaq, yardım etmək bacarığı. Zənnimcə, bunlar ən vacib insani keyfiyyətlərdir. Sənin kim olmağın – kişi və ya qadın, yeniyetmə və ya ahıl - əhəmiyyətli deyil: dağlar səninlə həmişə xüsusi, çox dərin şəxsi dialoq quracaq. Ən əsası – onların ismarıclarını düzgün anlamaq və gücünü soyuq başla dəyərləndirməkdir: çox zaman insanın ambisiyaları onun real imkanlarını üstələyir, bu isə faciələrə gətirib çıxara bilər... Mənim 107 uğurlu və 17 uğursuz yüksəlişim olub, lakin bu uğursuz cəhdlər mənə əvəzsiz sağ qalmaq bacarığı təcrübəsi bəxş etdilər və hətta gələcəkdə həyatımı xilas etdilər.

Kişilik peyvəndi

“Alpinistlik – bütün xalq üçün kişilik peyvəndidir” – bir neçə alpinist nəslinin faydalandığı, taleyin hökmü nəticəsində ilk təlimatçım olmuş əfsanəvi Vladimir Nikolayeviç Şatayevin məşhur “Çətinlik kateqoriyası” kitabından sitatdır. Bu kitabın Azərbaycan dilində nəşr edilməsini arzulayıram: bizim uşaqlara alpinizmə məhəbbət aşılayan, müasir dünyada əldə edilməsi kifayət qədər çətin olan keyfiyyətləri tərbiyələndirən belə ədəbiyyatı oxumaq vacibdir. Baronessa Tetçet bir dəfə demişdir ki, “hamı Everestə özü üçün dırmanır, lakin onun zirvəsində dayanaraq hər kəs öz ölkəsinin bayrağını qaldırır”. Mən həmişə özümlə zirvələrə yalnız Azərbaycan bayrağını aparmışam, vəssalam, hətta öz şirkətimin bayrağını da götürməmişəm. Yalnız bir il əvvəl həm də Azərbaycan alpinist klubunun bayrağı da əlavə olundu. Azərbaycan bayrağı mənimlə birgə Everestdə, Kançencanqda, Şimal qütbündə, Antarktidada, bütün qitələrin ən yüksək nöqtələrində və demək olar ki, planetin bütün dağ sistemlərində olub. 2014-cü ildə məhz bu, bəzi yerlərdə cırılmış, qan izləri olan bayrağı saxlanılması üçün Azərbaycan Bayraq muzeyinə verdim. İndi də, hər hansı ekspedisiyaya yollanarkən, muzeyə gedirəm və bu bayrağı iltizam verərək, götürürəm. Nadir muzey belə tarixi olan eksponatla öyünə bilər! Mən çox ümid edirəm ki, gələcəkdə kimsə başqası, artıq mənim buna qüvvəm yetməyəndə, məhz bu bayrağı özü ilə aparacaq və onun şərəfli yüksəlişlər tarixini davam etdirəcək.

Estafeti ötürmək

İl yarım öncə məşqçilik fəaliyyətinə başlamaq qərarına gəldim. Buna səbəb 2017-ci ilin sonlarında dağlarımızda baş verən hadisə oldu, o zaman birdən birə üç gənc alpinistimizi itirdik. Bu çox ağırdır... Faciənin baş vermə səbəblərindən biri də bu idi ki, o zaman üçün bizdə alpinistlərin tərbiyə və hazırlıq sistemi tamamilə dağılmışdı. Dağlar bizdən bilik, təcrübə və diqqət tələb edir. Dağlar bizi yüksəldir, çətinlikləri dəf edərək məqsədə yetişməyi öyrədir. Amma bütün deyilənlərə rəğmən unutmamalıyıq ki, dağlar təhlükəlidir və səhvləri bağışlamırlar. Müvafiq hazırlığa malik təlimatçı olmayanda isə, gənclərə elə gəlir ki, ağır nəticələri dərk etməyərək dağlarda avantüraya yol vermək olar. Faciədən iki il öncə, hələ ictimai fəaliyyətdən kənarlaşmamış, Elbrusda sonradan həlak olan Namin Bünyadzadə ilə söhbətim oldu. O zaman o mənə dedi: “Siz işlərdən uzaqlaşdınız, biz isə yaşayırıq və bizə sırınan oyun qaydalarına razılaşaraq, bacardığımız kimi sağ qalırıq”. Mən bu sözləri faciədən sonra xatırladım və çox pis oldum... Buna görə də ortağımla birlikdə, vəziyyəti analiz edərək, xaricdə Mərkəzi təlimatçılar məktəbini bitirdik və təcrübə keçdik, təlimatçı adı qazandıq ki, təcrübəmizin bir hissəsini ölkəmizdə dağlara dırmanmaq istəyənlərə ötürək. Bu məqsədlər üçün biz Azərbaycan alpinistlər klubunu yaratdıq. İdmançı kimi, yəqin ki, şəxsi fəaliyyətimdə çox iş görmüşəm, lakin istərdim ki, varislik olsun, daha sonra estafetimizi daşıyacaq yeni kadrlar böyüsün.

Zirvəyə aparan təmiz yollar

Dağlar bizə dünyanı dərk etmək, daha güclü və yaxşı olmaq üçün lazımdır. Lakin, təəssüf ki, hamı insanın dağların ekoloji vəziyyətinə vurduğu zərər haqqında düşünmür. Biz unutmamalıyıq ki, dağlara gələrək və onun gözəlliklərindən həzz alaraq, ambisiyalarımızı razı salaraq ətraf mühiti də qorumalıyıq. Xüsusən də, nəinki özümüzdən sonra zibil saxlamamalı, həm də digərlərinin qoyub getdiklərini yığışdırmalıyıq. Zirvəyə özümün getməyimdən, bələdçi kimi müştəri aparmağımdan və ya təlimatçı kimi idmançılarla işləməyimdən asılı olmayaraq, həmişə həm düşərgələrin ərazisini, həm də dağ cığırlarını zibildən təmizləməyə çalışıram. Evimizə arzumuzun həyata keçirilməsi hissi ilə dönərkən, arxamızda, dağlarda yalnız keçdiyimiz marşrutları buraxmalıyıq – başqa heç nə.

Müsahibə: Leyla Sultanzadə

Foto: Elçin Quliyev, şəxsi arxiv