NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Stil ikonu: Albina Canabayeva haqqında sadə həqiqətlər

Volqaətrafı şəhərlərdən birinin sakini olan bu zərif qızcığazın qəlbi rəngarəng arzularla dolu idi. O, şöhrət, göz qamaşdıran həyat arzusunda idi. Bir də, bütün qadınlar kimi, bəsit qadın xoşbəxtliyi arzulayırdı... İndi isə qırx yaşına qədəm qoyan bu qadın tanınmış estrada ulduzu və postsovet məkanının seks-simvolu, "VİAQRA" pop qrupunun şöhrətin zirvəsinə qalxmasında əməyi keçmiş gözəlçələrdən biri, teatr və kino aktrisası, televiziya aparıcısı, ixtisaslı psixoloq və iki oğul anasıdır. Albina Canayeva həyatına zənginlik və harmoniya qatan sadə həqiqətləri "Nargis" jurnalı ilə bölüşür.

 

Ümid etmək və ya hərəkətə keçmək - bunlardan hansı Sizə daha yaxındır?

Hərəkətə keçmək mənə daha yaxındır! Çünki hərəkətə keçmək – aktiv olmaq, hərəkətdə olmaq deməkdir. Ümid etmək isə... Məsələn, uğur qazanacağına ümid edə bilərsən, yaxşı şeylərin olacağına ümid edə bilərsən... Amma, sözsüz ki, uğur və şans olmadan da olmaz. Mən yaxşı şeylərin olacağına ümid edərək hərəkətə keçirəm!

Elə bir qərarınız olubmu ki, onu verdiyinizə görə özünüzlə fəxr edəsiniz və bu qərara görə heç vaxt peşman olmayasınız?

Bəli, olub – 17 yaşım olanda doğma şəhərimi tərk etməyim. İndi də özümlə qürur duyuram ki, özümdə cəsarət tapıb yaşadığım şəhəri tərk etdim, cəsarət toplayıb həyatdakı yolumu tapdım, öz cığırımı açdım.

Səhnədə gördüyümüz Albina Canabayeva və gündəlik həyatda Albina Canabayeva. Bu iki insan bir-birindən çoxmu fərqlənir?

Əgər mənim musiqi fəaliyyətimi nəzərdə tutursunuzsa, o zaman bunlar elə eyni insandır. Səhnədə olarkən hər şey – musiqi də, mahnının mətni də mənə uyğun olmalıdır. Mənim dünyamla, daxili aləmimlə həmahəng olmalıdır. Teatrda səhnəyə çıxanda isə, əlbəttə ki, mən özüm deyiləm, sadəcə rola girirəm.

 

2013-cü ildən bəri "Zərərli vərdişlər" adlı antrepriza tamaşasında vəkil rolunu oynayır; bu ilin aprelində o, bu roluna görə "HELLO" jurnalı tərəfindən "Klassika" nominasiyasında mükafata layiq görülüb.

Adətən, belə sual verirlər: “18 yaşına qayıtsaydın, özünə nə arzu edərdin?” Bizə isə əksi maraqlıdır – bəs 18 yaşlı Albina yanınıza gəlsəydi, Sizə nə arzu edərdi?

Yəqin ki, o, mənə 18 yaşında olduğu vəziyyəti, o vaxtlar yaşadığı həyatı unutmamağı tövsiyə edərdi. Xəyal qurmaqdan vaz keçməməyi tövsiyə edərdi. Bir də – həyatı çox da ciddiyə almamağı.


Bəs səhəriniz necə başlamalıdır ki, bütün gününüz əla keçsin?

Yuxudan rahat və xoş əhval-ruhiyyədə oyanmalıyam. Bir də günə mütləq ailə ortamında dadlı səhər yeməyindən başlamalıyam.

 

Səhnədə nə cür geyimlərdə özünüzü daha rahat hiss edirsiniz? Bəs gündəlik həyatda necə?

Hər hansı geyimin mənə yaraşıb-yaraşmayacağını dərhal başa düşürəm. İlk baxışdan. Əgər bu, konsertdə geyinəcəyim kostyumdursa, o zaman onu hərtərəfli götür-qoy etmək, nəyin necə olacağını əvvəlcədən yaxşı düşünmək lazımdır! Gündəlik həyatda isə hər şey olduqca sadədir: gəldim-gördüm-sevdim-geydim-getdim. Bu qədər sadə.

 

Xarakterinizdə hansı cəhətlər xoşunuza gəlir, hansıları isə bəyənmirsiniz?

Hər şeylə maraqlanmağımı, hər şeyi mükəmməlləşdirməyə çalışmağımı sevirəm. Bir də yaxşı şeylərə dəyər verməyi bacarmağımı. Bəyənmədiyim cəhətlərim isə səhv edənə təkrar şans verməməyim və şübhəli yanaşmağımdır. 

 

Bir müğənni, aktrisa və psixoloq kimi bütün qadınlara nə arzu edərdiniz?

Bizim hamımız o qədər fərqliyik ki... Amma dünyanı dünya edən də elə bu fərqlilikdir! Bütün qadınlar gözəldir! Hamısına xoşbəxtlik arzu edirəm!

 

Bakı haqqında ən yaddaqalan xatirəniz hansıdır?

"Jara" festivalı.

Müsabihə: Nigar Orucova

Foto: Pərviz Qasımzadə

Material 64-ü buraxılışda dərc olunub