NARGIS MAGAZINE
İNCƏSƏNƏT

MÜASİR İNCƏSƏNƏT MUZEYİNDƏ «Живопись»

Müasir İncəsənət Muzeyində 14 iyul – 13 avqust 2019-cu il tarixlərində bir-birindən tamamilə fərqlənən lakin ruhən yaxın olan üç rəssam – Aida Mahmudova, Fərid Rəsulov və Niyaz Nəcəfovu birləşdirən “Rəngkarlıq” adlı sərgi keçirilir.

[IG_1183]

Onları Abşeron rəngkarlıq məktəbinin ənənələri birləşdirir, təkrarolunmaz vizual dili universal mədəniyyətə çevrilir. Onların çox ortaq baxışları var, amma eyni zamanda çox fərqlidirlər. Hər bir iştirakçının özünə xas üslubu, öz tanınan obraz sistemi var, hər bir kətanın arxasında özünəməxsus emosional təcrübə dayanır – onları qarışdırmaq mümkün deyil.

Aida Mahmudova çoxşaxəli əsərlər yaradır, onu yaddaş, şüuraltı mövzular maraqlandırır. Onun işləri diqqəti özünə cəlb edir və izləyici qeyri-ixtiyari öz daxili dərinliyinə nəzər yetirir, şüuraltı dərinlikdə gizlənmiş ən ağrılı situasiyaları yaşayır, eynən psixoterapevtin qəbulunda olduğu kimi... Onun təxəyyül gücü ilə yaratdığı rəngarəng dünyalar sadə və eyni zamanda mürəkkəbdir, qəribə xoşluq və rahatlıq hissləri doğurur.

Şuşalı Fərid Rəsulov rəngkarlığı hiperrealizmin hüdudlarında təsvir edir, amma holland rəngkarlarının həyat, sevinc dolu əsərləri ilə əlaqəlilik hissi yaradır.

Niyaz Nəcəfovun ifadəli, iddialı rəngkarlığı insanı maqnit kimi özünə çəkir. Onun əsərlərində nikbinlik yoxdur, amma bir çox məqamlarda müəllifin həyat fəlsəfəsini əks etdirərək, kifayət qədər istehza, sarkazm və hətta öldürücü gülüşün elementləri yer alır. Bütün hisslər gərgin, xüsusiyyətlər qabarıq və aydın təzahür edir. “Ruh – qabığı soyulmuş şaftalı kimidir”. Təsvirlər gah dəhşətli və tükürpərdici, gah da olduqca valehedicidir.

Bundan əlavə sərgidə Aida Mahmudovanın qızı Soraya da iştirak edir. O, şən rəsmlərdən tutmuş ziddiyyətli duyğulara qədər, qabarıq formalardan mürəkkəb çoxşaxəli təsvirlərə qədər dünyaya olan münasibətini əks etdirmək üçün həcm və rənglərdən istifadə edib.

Bütün bu əsərlər təkcə yeni mənalar və həyəcanlandırıcı mövzularda refleksiya axtarışı ilə deyil, eyni zamanda səmimi bir heyranlıq – və nə vaxtsa rəssamların gördükləri obyektləri və situasiyaları tamaşaçıya göstərmək istəyi ilə birləşib. Ümumi olaraq, bu sərgi müasir rəngkarlığa aktual baxışdan və onun, xüsusilə muzeylərdə çox istifadə olunan multimediya texnologiyalarının populyarlığının artması fonunda ifadəli imkanlarının  tədqiqatından ibarətdir.

“Rəngkarlıq” sərgisini bazar ertəsi istisna olmaqla hər gün 13 avqusta qədər Müasir İncəsənət Muzeyində ziyarət etmək mümkündür. İş saatları: 11:00-dan 20:00-a qədər.

Foto: Pərviz Qasımzadə