NARGIS MAGAZINE
Simalar

Azadlıq hicabı

O podiumda addımlayanda, ilk növbədə onun qürurlu qaməti, vüqarlı yerişi, yaşına uyğun olmayan ciddi baxışı, daha sonra bütün bədənini örtən paltarı və nəhayət başındakı yaylığı nəzəri cəlb edir. Həlimə Aden, Somalidən olan 21 yaşlı qaçqın – beynəlxalq model agentliyi ilə müqavilə imzalayan ilk hicablı model oldu, onun fotosu ən məşhur moda jurnallarının üz qapaqlarını bəzəyir. O, həmçinin BMT-nin Uşaq Fondunun (UNICEF) sülhməramlı səfiridir. Lakin onun dünya modası podiumuna yolu heç də asan başlamamışdı – doğulduğu və 7 yaşına kimi yaşadığı qaçqınlar düşərgəsindən...

“Miss Minesota USA” gözəllik müsabiqəsinə qatılan ilk hicablı iştirakçı, ümumiyyətlə ilk hicablı model olmaq yəqin ki, çətindir…

Birinci olmaq həmişə çətindir. Yeni, naməlum həmişə qorxudur – heç olmasa ona görə ki, insanlar bunun nə ilə nəticələnəcəyini bilmirlər. Həmçinin neqativ kiminsə qeyri-adi görünməsindən, hələ özü üçün xas olmayan yeri tutmasından da meydana gəlir. İstənilən məşhur şəxsin sosial şəbəkələrdə bədxahları tapılacaq, lakin bir mənfi şərhə yüz müsbət şərh düşür. Ən yaxşısı isə, mənim işimlə heç bir problemim olmur: əməkdaşlıq etdiyim brendlər və jurnallar özümü rahat hiss etməyim üçün hər şey edirdilər. Kütləvi informasiya vasitələri mənim hekayəmi yalnız müsbət tərəfdən nəql edirlər və mən bütün dünyadakı fanatlarımın dəstəyinə valeh olmuşam. Bəxtim çox gətirib.

Model olmaq qərarına necə gəldiniz? Model karyeranızı davam etdirmək niyyətindəsinizmi? Bəlkə bu nə isə böyük bir şeyin başlanğıcıdır?

Düzünü deyim ki, mən heç zaman qaradərili hicablı müsəlman qaçqınının model olacağı barədə arzulara qapılmamışam. Böyüdüyüm dövrdə jurnallarda, televiziyada, reklam lövhələrində bir dəfə də olsa mənə bənzər və ya mənim kimi geyinən qadınları görməmişəm. “Miss Minnesota USA” müsabiqəsi əvvəllər mənim kimi qadınların təmsil olunmadığı sahəyə yolumu açdı. Çimərlik paltarları müsabiqəsində hicabda və niqabdakı çıxışımdan sonra beynəlxalq mətbuatın diqqəti sayəsində əyləncə sənayesinin tanınmış simalarının nəzərini cəlb etdim. Həyatım sürətlə dəyişdi: dərslərdən sonra Minnesota ştatının SentKlud şəhərinin xəstəxana palatalarının təmizlənməsindən adlı-sanlı dizaynerlər üçün podiuma çıxmağa və çoxsaylı moda jurnallarının üz qapağında yer almağa qədər. “IMG Models”dən olan model agentliyi ilə ilk dəfə görüşəndə anlatdım ki, yekun məqsədim nə zamansa Keniyadakı düşərgədə uşaqlara ümid vermək üçün oraya dönmək olacaq və istərdim ki, kiçik qızcığaz olduğum dövrdə mənə yardım edən təşkilatla – UNICEF-lə əməkdaşlıq edim. Ötən yay Kakumda, UNICEF nəzdindəki düşərgəmdə oldum və “TED Talk”da çıxış etdim. Bir neçə həftə sonra məni UNICEF-in səfiri təyin etdilər və indi yeni səfəri planlaşdırıram ki, onların dünya üzrə uşaqlar üçün etdiklərini görüm. İndiyə qədər şəxsən özüm UNICEF-in fəaliyyətini Meksikanın cənub sərhəddində, Keniyada, həmçinin Vaşinqtonun Kapitoli təpəsində müşahidə etmişəm.

“Stereotipləri alt-üst edən podium ulduzu” – Sizi belə adlandırırlar. Bəs Siz necə, özünüzü ulduz hiss edirsinizmi?

Bəxtim çox gətirib: mənə tamamilə yad mühitdə şəxsi şərtlərimlə, şəxsi əqidəmə və müsəlman inancıma sadiq qalaraq uğur qazana bildim. “Özün dəyişmə, oyunu dəyiş!” – şüarım həmişə belə olub. Düşünürəm ki, müsəlman qadınlarının düşüncəsini dəyişərək, buna nail olmağı bacarmışam.

Doğmalarınız Sizə dəstək verdilərmi?  Ananızın işinizə münasibətini dəyişmək mümkün oldumu?

Naməlumluq qorxuda bilər, amma indi əvvəl tərəddüd edən yaxınlarım, işimlə əlaqədar səhayətlər zamanı fəaliyyətimlə tanışdırlar və bilirlər ki, mən hicabımı çıxarmıram. Ən çox anam UNICEF-lə tərəfdaşlığımla qürur duyur, bu isə model karyeram olmadan belə bir miqyasda mümkün deyildi. Ötən payızda mən ona “CR Fashion Book”un üz qapağını göstərdim, orada Cici Hadidlə birlikdə UNICEF futbolkalarında fotomuz yer alır. Bu, onun üçün də vacib məqam idi, axı o, UNICEF-in nə olduğunu və ailəmiz üçün nə etdiyini bilir.

Hazırda moda sənayesində diversifikasiya dövrüdür. Hesab edirsinizmi ki, hicab dünya podiumuna yol tapdı və yaxın gələcəkdə hicablı modellər moda nümayişlərinə daha çox cəlb ediləcəklər?

Zənnimcə, tezliklə çox sayda hicablı model görəcəyik. Dizaynerlər xüsusən Yaxın Şərqdə böyük bazarın olduğunu etiraf edirlər, burada müsəlman qadınları dəbli geyinmək istəyirlər və bunun üçün vəsaitə malikdirlər. Kim özünü hər hansı paltardasa təsəvvür edə bilmirsə, sadəcə onu almır. Lakin insanlara reklamda və ya podiumda bənzərini görmək kifayətdir və hər şey yerini alır. Bilmirəm, mənə qədər fashion-sənaye hicablı modelləri təqdir edibmi və ya sadəcə hicablı xanımlar heç zaman özlərini bu sənayedə sınamayıblar, çünki öz yerlərini tələb etmək əvəzinə onları dəvət edəcəklərini gözləyiblər...

İnsanların bənzəmək istədiyi kəs olmaq istəyirsinizmi? Sizin üçün belə nümunə kimdir və nə üçün?

Mən heç zaman ideal müsəlman qadını adına iddialı olmamışam, amma sadəcə özüm kimi qalmağa və hamıya qarşı xeyirxah olmağa var gücümlə çalışıram. Bəli, mən gənc qızlar üçün nümunə olmaq istərdim və həmişə çalışıram ki, onların məni izlədiyini unutmayım. Mənim də kifayət qədər bənzəməyə çalışdığım nümunəvi insanlar var – mənim anam, modellər Eşli Qrem və İman, mənim əvvəlki müəllimlərim, əvvəlki sosial işçilər, mənim qadın menecment komandam, dostlarım...

Dediniz ki, Kakumaya qayıdaraq qaçqın uşaqlarla çalışmaq istərdiniz. Sizcə, onlara daha yaxşı necə yardım etmək mümkündür: onlarla düşərgədə işləyərək və ya onların tarixçəsini beynəlxalq səviyyədə nəql edərək? 

Mən həmişə hər şeyi bir araya gətirmək barəsində düşünürəm və Kakuma uşaqlarına ümid vermək üçün məndən asılı olan hər şeyi etmək istəyirəm. Ötən yay orada olanda çox sayda uşağın pilot olmaq arzusunda olduğuna təəccübləndim. Mən dərhal “Etihad Airways”la əməkdaşlığımı xatırladım və IMG komandasını onlarla əlaqə quraraq pilotların Kakuma uşaqlarına məktub yazmaq və fəaliyyətlərini əks etdirən fotoşəkilləri göndərmək imkanlarını araşdırmağı xahiş etdim. Həm bu uşaqların, həm də mənim hekayəmi dinləmək istəyənlərə danışmaq vacibdir. Mən isə istəyirəm ki, Kakuma uşaqları unudulmadıqlarını bilsinlər.

Qaçqınlar düşərgəsindəki həyatınız sizə nəyi öyrətdi? Hər kəsə faydalı olacaq məlumatları paylaşın.

Uşaq ikən, heç bir maddiyyata sahib olmadıqda, tezliklə anlayırsınız ki, öz yaxınınız elə özünüzsünüz. Qaçqınlar şəhərciyində ayrıca qruplar yox idi – biz hamımız birgə oynayırdıq, biz hamımız bir idik.

Bir dəfə demisiniz ki, şəhərcikdən sonra həyat asanlaşmadı. ABŞ-dakı yeni həyatınızda ən çətin nə idi? Hicaba görə özünüzü sıxıntıda hiss edirdinizmi?

Əsas çətinlik dil idi. Təəssüf ki, düşdüyüm Missuri ştatında, Sent-Luisdəki məktəbdə ingilis dilinin sürətli öyrənilməsi proqramı yox idi, odur ki, hər gün sinifdə otursam da, heç nə anlamırdım. Rayonun özü düşərgəyə bənzəyirdi: küçələr yoxsul idi, gecələr atışmalar olurdu... Yalnız yarım ildən sonra anam xəbər tutdu ki, somaliliər Sent-Kludda məskən salıblar və biz Minnesotaya köçdük. Mən ingilis dilini öyrənməyə başladım, müəllimlər isə mənə yardım etmək üçün çalışırdılar, hətta nahar fasiləsində və dərsdən sonra mənimlə məşğul olurdular. Lakin Minnesotada bizi daha bir çətinlik gözləyirdi – adət etmədiyimiz qar və soyuq. Məktəbə hicabla gedəndə mənə sataşmağa cəhd etdilər. Amma mən hicabımla qürur duyurdum, odur ki, sataşmalar məni qıcıqlandırsa da, özümü sıxıntılı hiss etmirdim.

Qaçqınlar düşərgəsinə baş çəkdikdə Sizin sadəcə tanınmış sima deyil, həm də onlardan biri olduğunuzu öyrənəndə necə reaksiya göstərirlər?

Onlar, əlbəttə ki, təəccüblənirlər. Düşünürəm ki, məhz bu, onların mənimlə açıq danışmasına imkan yaradır. Onların həmişə çoxlu sualları var, bəziləri ingilis dili bilikləri və ya iplə tullanmaları ilə məndə təəssürat yaratmaq istəyirlər. Bir dəfə isə mən... “miss Kakuma”, qaçqınlar düşərgəsində təşkil edilən gözəllik müsabiqəsinin qalibi ilə rastlaşdım. Onun paltarını dizayner qismində çıxış edən bacısı tikmişdi. ABŞ-da məşğul olduğum işə maraq göstərən qızları düşərgədə görmək əla idi!

UNICEF uşaqlıqda Sizə nə verib? Və hazırda sülhməramlı səfir kimi qaçqın uşaqlarla nəyi bölüşürsünüz?

Bu təşkilatın əməkdaşları bizimlə idilər və mənə ümid verdilər. Düşərgədə dünyaya gələn qızcığaz olaraq onların nə ilə məşğul olduqlarını bilmirdim, lakin əminliklə bilirdim ki, böyüyəndə onlardan biri olmaq istəyirəm. Mən düşərgədə insanlara yardım etmək istəyirdim və mən bu yardımı edirəm.

Moda aləmindəki gənc müsəlman qadınlar digər müsəlman qadınlar üçün çox şey edirlər – hicablı smayliklərdən məşhur jurnalların üz qapağına qədər. Amma bütün müsəlman qadınlar bu səyləri dəstəkləmir. Bunu nə ilə izah edərdiniz?

Mən bunu ancaq qeyri-müəyyənlikdən qorxu ilə izah edərdim. Yeni bir şey öyrənmək əvəzinə, insanlar köhnə doqmalar, valideynlərinin sözləri, oxuduqları və ya televizorda gördüklərinə əsaslanaraq qınamağa tələsirlər. Hər kəs dinini özünəməxsus şəkildə yaşayır və bunu hər kəsin edə biləcəyi bir dünyada yaşamağımız gözəldir. Prinsipcə, bəzi müsəlman qadınlarının mənim etdiklərimi dəstəkləməmələri normaldır, - bu, onların haqqıdır, mən etiraz etmirəm. Bəli, mən müsəlmanam, lakin öncə mən insanam və məsələlərə bir qədər fərqli şəkildə münasibət bəsləyənlərə hörmətlə yanaşıram. Mən publika önündə şort və qısa toplar geyinməyə bilərəm, amma bu əşyalarda özlərini inamlı və gözəl hiss edən qadınları dəstəkləyirəm. Hesab edirəm ki, qadınlar bir-birinin maraqlarını səylə müdafiə etməlidirlər, məsləkdaş olmalıdırlar. Başqa qadınları dəstəkləyən qadınlar – arzularımın zirvəsidir!

SİZİN ÜÇÜN GÖZƏLLİK NƏDİR?

ÖZÜNÜN ƏN YAXŞI ORİJİNAL VERSİYASI OLMAQ!

SEVİMLİ KİTABINIZ?

EŞLI QREMİN “YENİ MODEL: ƏSLİNDƏ QƏTİYYƏT, GÖZƏLLİK VƏ GÜC NƏDİR”.

SİZİ NƏ GÜLDÜRÜR?

MEMLƏR.

YAXIN GƏLƏCƏKDƏ HANSI ARZUNUZU GERÇƏKLƏŞDİRMƏK İSTƏRDİNİZ?

KİTAB YAZMAQ VƏ KOSMETİK BRENDİN REKLAM KAMPANİYASININ SİMASI OLMAQ.

MODEL OLARAQ ARZUNUZ?

PARİS MODA HƏFTƏSİNDƏ İŞTİRAK ETMƏK.

BƏS MÜSƏLMAN OLARAQ ARZUNUZ NƏDİR?

GƏNC QIZLARA HAMI KİMİ OLMAQ VƏ STEREOTİPLƏRƏ MÜVAFİQ OLMAQ MƏCBURİYYƏTİNDƏ QALMADIQLARINI NÜMAYİŞ ETDİRMƏK.

Həlimə Adenin bioqrafiyasından:

Həlimənin ailəsi 1988-ci ildən vətəndaş müharibəsi davam edən Somalidən qaçıb. Həlimə 1997-ci il sentyabrın 19-da Keniyada, Kakumdakı qaçqınlar düşərgəsində anadan olub.

2004 – ailəsi ilə ABŞ-a köçüb.

2016 – “Miss Minesota USA” müsabiqəsində iştirak edib; Həlimə podiuma hicab və niqabda çıxan ilk iştirakçıdır.

2017 – “IMG Models” model agentliyi ilə üç illik müqavilə imzalanıb.

2017 – Kanye Uestin “Yeezy Season 5” kolleksiyasının mümayişində model qismində debüt çıxışı olub. Bunun ardından “Max Mara”, “Philipp Plein”, “Dolce & Gabbana” və başqa nümayişlərdə iştirak edib. Həlimə Aden dünyada ilk hicablı model və Amerikanın “CR Fashion Book” və “Allure”, BƏƏ və Böyük Britaniyanın “Vogue”, Britaniyanın “Glamour” və “Elle” jurnallarında yer alan ilk hicablı modeldir, həmçinin Amerikanın “Sports Illustrated” və digər tanınmış nəşrlərində niqabda görünən ilk modeldir.

2018 – Kakuma düşərgəsində qaçqınlarla görüş və “TED Talk”da çıxış edib.

2018 – Həlimə UNICEF-in ən gənc sülhməramlı səfiridir. O, diqqətini uşaqların hüquqlarının qorunmasına yönəltmək qərarına gəlib.  

 

Müsahibə: Nigar Orucova   Foto: mətbuat materialları

FOTO FADIL BERISHA