NARGIS MAGAZINE
Həyat tərzi

İnsan: özünü dərk et!

Nosce te ipsum. «İnsan: özünü dərk et». Bu hikmətli ifadə YARAT mərkəzinin başlatdığı təhsil proqramının şüarı oldu. “YARAT” Müasir İncəsənət Mərkəzi bu ilin mart ayından dekabradək ABŞ, Almaniya, Rusiya, Belarusiya, İsveç və İrlandiyadan olan 10 məşhur özünüinkişaf üzrə mütəxəssis və bestseller müəllifinin mühazirələrini təşkil edəcək. Proqram dörd kateqoriyadan ibarətdir:

  1. Mən – indi və burada: zehni bacarıqlar
  2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları
  3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış
  4. Ətraf mühitlə qarşılıqlı münasibət: empatiya, minnətdarlıq və bağışlama bacarıqları

"YARAT” Mərkəzinin təsisçisi Aida Mahmudova proqram barədə fikirlərini bölüşərək deyib: “Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan Özü özünə qoyduğu məhdudiyyətlərdən azad olub özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək”.

Bu özünüinkişaf sahəsində ödənişsiz əlavə təhsil almaq, pozitiv psixologiya prinsipləri ilə tanış olmaq və diqqətin yönləndirilməsi, emosional özünütənzimləmə, özünüidarə qabiliyyəti, stress müqavimətliliyi, effektiv istirahət kimi bacarıqları inkişaf etdirmək üçün unikal imkandır.

Bu kimə lazımdır? Daxili tarazlığa ehtiyacı olanlar və ən dəyərli resurs – vaxtı düzgün idarə etməyi öyrənmək istəyənlərə. Şirkət rəhbərlərinə, tələbələrə, yaradıcı şəxslərə...

Hansı formatda keçiriləcək? Məruzələr və treninqlərdən ibarət 2 saatlıq giriş dərsləri, dinləyicilərin dərin vərdişlərinin transformasiyası – 6 saatdan 3 günə qədər davam edən təlimlər. Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.

Giriş mühazirəsi martın 7-də, təlimlər isə martın 8-də və 9-da başlayacaq. Proqramda məşhur amerikalı professor, təhsildə öyrənməyə yönəlmiş yanaşmanın və riyaziyyat sahəsində inkişaf etmək üçün beyni yenidən proqramlaşdırmaq haqqında kitabların müəllifi Barbara Oukli çıxış edəcək. Əslində, o, yalnız riyaziyyatla dostluq etməyi öyrətmir, onun “öyrənməyi necə öyrənməliyik” metodikası qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirməyi və təlim prosesinə baxışınızı tamamilə dəyişməyə imkan yaradır.

Təlimlərdə görüşənədək!

Ətraflı məlumat üçün 050 289 31 32 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.