NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Elizabet II: Stabilliyin qalası

 Əlahəzrət Kraliça II Elizabet Böyük Britaniyanın bütün tarixi boyunca ən uzun müddət hökm sürmüş və ən uzunömürlü monarxıdır. Kraliçanın arxiv fotoşəkillərinə əsasən asanlıqla XX əsrin siyasi və mədəni tarixini izləmək mümkündür. Beləliklə, sizə Zati-aliləri haqqında maraqlı, gözlənilməz və əyləncəli faktları təqdim edirik!

Kraliça doğum gününü iki dəfə qeyd edir: 21 aprel - ailə əhatəsində və rəsmi olaraq iyun ayının əvvəlində. Bu, XX əsrin əvvəllərində kral VII Edvard tərəfindən əsası qoyulmuş ənənədir. Noyabr ayında anadan olan kral ad gününü yaxşı hava olan günlərdə qeyd etmək istəyirdi.

Kraliçanın doğulduğu evdə hal-hazırda çin restoranı yerləşir.

Uşaqlıqda Elizabet öz adını düzgün tələffüz edə bilmirdi, özünü Lilibet adlandırırdı. Bu da sonradan onun ləqəbi oldu.

Babası V Georq dövründə Lilibet taxt üçün namizədlikdə üçüncü idi. Lakin 1936-cı ildə babasının ölümündən, əmisi VIII Edvardın taxtdan imtina etməsindən və 1937-ci ildə atası VI Georqun taca sahib olmasından sonra Elizabet birbaşa varis olur.

1945-ci ilin fevralında Elizabet qadınların özünümüdafiə bölmələrinə qoşulur, orada sürücü-mexanik kimi təlim keçir və sanitar maşınını və yük maşını sürür.

Kraliça üzgüçülüklə məşğul olub və xilasedici şəhadətnaməsi var.

Gələcək həyat yoldaşı, Filip Mauntbatten – sürgün olunmuş yunan prinsi, britaniya flotunun baş leytenantı ilə Elizabet ilk dəfə 1934-cü ildə özü 8, o isə 13 yaşında olarkən rastlaşmışdı. Lilibet ilk baxışdan aşiq olur, amma gənc Filip uzaq qohumundan o qədər də təsirlənmir.

Kraliçanın şəxsi katibinin xatirələrinə görə, onun həyat yoldaşı yer üzündə yeganə şəxsdir ki, "Əlahəzrətdən səsini kəsməsini xahiş edə bilər".

1948-ci ilin mayında II Elizabet oğlu - Şahzadə Çarlzı, 1950-ci ilin avqustunda isə qızı Annanı dünyaya gətirib. Ümumilikdə, II Elizabetin dörd uşağı, səkkiz nəvəsi və yeddi nəticəsi var.

II Elizabetin tacqoyma mərasimi 1953-cü il 2 iyun tarixində Vestminster Abbatlığında baş tutdu və televiziya ilə yayımlandı. Bütün Böyük Britaniyada 27 milyon insan tərəfindən izlənildi.

II Elizabetin hakimiyyəti dövründə 12 baş nazir, 7 Roma papası və 7 Kanterberi Arxiyepiskopu dəyişmişdir.

Baş nazir hər həftə II Elizabetin qarşısında krallıqdakı vəziyyət haqqında hesabat verir.

Kraliça özü ilə pul gəzdirmir. Yalnız bazar günü, kilsəyə gedən zaman o, ianə üçün 5 ya 10 funt götürür

Kraliça II Elizabetin şərəfinə 237 küçə adlandırılıb.

Əlahəzrətin pasportu yoxdur.

1981-ci ildə atların paradında 17 yaşındakı bir gənc II Elizabetə altı ədəd boş güllə atdı. O, sadəcə şlyapasındakı lələkləri düzəltdi və çapıb getdi.

Əlahəzrətin həyat yoldaşı istisna olmaqla ictimaiyyətə heç kimin ona toxunmaq hüququ yoxdur.

Kraliça korqisinə viskinin dadına baxmağa icazə verdiyini öyrəndiyində xidmətçini işdən qovmuşdu.

1992-ci ildən etibarən Kraliça könüllü olaraq gəlir və mənfəət vergisi ödəməyə razılaşıb.

Kraliça yalnız Britaniya istehsalı olan paltarları geyinir.

II Elizabetin dörd uşağından üçü - Şahzadə Endryu, Şahzadə Anna və Şahzadə Çarlz boşanma yaşayıb.

Bu gün britaniyalılar arasında II Elizabetin məşhurluğu hər zamankından daha yüksəkdir. Krallıq sakinləri onu "sabitlik qalası" hesab edirlər.