NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Vertigo in details

Söz verdiyim kimi, Şirvanşahlar Sarayında yeni quraşdırılmış səs qurğusu barədə ətraflı məlumatla geri dönürəm. Bu gün bu haqda şair Leyli Salayeva, layihənin musiqi prodüseri Cahangir Səlimxanov, eləcə də iş prosesindən bir-iki dəqiqəlik ayırıb bir neçə söz ala bildiyim rəssam Fərhad Fərzəliyev danışacaqlar.

img_0681

Leyli Salayeva

"Çox maraqlı təsadüfdür ki, biz səninlə çərşənbə axşamı görüşdük. Məhz bu gün, məhz dekabr ayında Nizami Gəncəvinin məşhur "Yeddi gözəl" poemasından olan Bəhram şah qırmızı rəngin əhəmiyyəti haqqında nağıl dinləmək üçün Slavyan gözəlinin çadırına yollanır. Budur, biz səninlə burada oturub kökləri bu hekayəyə bağlı olan layihəni müzakirə edirik. Görünür təsadüfi olmayan bir təsadüfdür. Eynilə, VERTIGO layihəsinin kuratoru Əsli Səmədova ilə tanışlığım kimi. Bizim ilk görüşümüzdə o, mənə həvəslə Turandot operasının hekayəsi, Azərbaycan şairi Nizami Gəncəvinin əsərinin süjetinin avropa mədəniyyətinə köç etdiyi və yeni mühitdə assimilyasiya olunduğu barədə bəhs etdi, həmçinin bu təhlili əks etdirən səs qurğusu yaratmaq fikrini paylaşdı. Mən isə öz növbəmdə onunla öz poeziyamı bölüşdüm. Hələ o zaman o, məni bu layihədə iştirak etmək üçün dəvət etdi, mən də dərhal razılaşdım, baxmayaraq ki, bu cür layihə mənim üçün ilk dəfə idi.

Ssenarinin yazıldığı zaman mən özümə həmişə bir sual verirdim - şahzadə Turandot kimdir? Onun ağlında nə fikirlər var? O nə arzulayır? Axı hər bir halda tariximizin müxtəlif mədəni dövrlərinə baxmayaraq, həmişə cəmiyyətimizdə mövcud olan güclü bir qadın prototipi olub. Süjet xəttinə görə, çoxsaylı pərəstişkarlarından yorulan ağıllı və bilikli şahzadə qalada hər şeydən təcrid olunur. Müasir dünyada o, öz düşüncələrini, qorxularını və arzularını sosial şəbəkələr vasitəsilə paylaşa bilərdi. O, insanlarla fiziki təmasda olmadan dialoqa girə bilərdi. Lakin on ikinci əsrdə əlbəttə ki, bu mümkün deyildi. Beləliklə, biz qərara gəldik ki, ssenariyə Turandotun daxili dünyasını yayımlana biləcəyi beş radio stansiyasının təqlidi daxil olmalıdır. Beş sayı da həmçinin simvolik bir məna daşıyır, çünki bu rəqəm nağılda şahzadə tərəfindən şahlara ifa etməyə hazır olduğu beş mahnı kimi qeyd olunur.

Qeyd etmək istərdim ki, mətndə Nizaminin tapmaca vermək ənənəsini davam etdirdim. Sərginin ziyarətçiləri bu tapmacaları yalnız azərbaycan dilində deyil, həm də alman, italyan və ingilis dillərində eşidəcəklər. Şahzadə xanımın gənc şahzadəyə verdiyi tapmacalar ərə getmək üçün xəmirin hazırlanma reseptinə çevrildi. Mətnin oxunması üçün biz İtaliya, Almaniya, İngiltərə və ABŞ-dan qiraətçiləri dəvət etdik. Mənim şeirlərimlə yanaşı Friedrich von Schiller tərəfindən tərcümə olunmuş Turandot pyesindən bir parçanı dinləmək mümkün olacaq. Bir sözlə layihəmizin hər bir elementi Cahangir müəllimin və Fərhadın daha ətraflı məlumat verəcəyi pozulmuş telefon («Chinese Whisper”) prinsipini qoruyaraq mədəni metamorfozlarla əhatə olunub.

Mənim üçün bu layihə - sərgini ziyarət edənlərə mədəni və coğrafi sərhədlərin şərti olduğunu və əslində bunun yalnız şüurumuzda mövcud olduğunu göstərmək üsuludur. Yayımlanan radio dalğalar layihənin adı kimi həqiqətən baş "döndürməlidir", bəzi yerlərdə isə dinləyicini çaşdırmalıdır. Bir yazıçı olaraq ümid edirəm ki, Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olmayan insanlar sərgidən sonra evə gəlib və onun "Yeddi Gözəl" əsərini google'də araşdıracaqlar”.

Cahangir Səlimxanov

Layihə haqqında mən çoxdan eşitmişdim, Turandotun hekayəsini kənardan maraqla müşahidə edirdim və Əsli məni VERTIGO layihəsinə iştirak etməyə dəvət etdiyində çox xoş təəccübləndim. Mən onların hər biri ilə ayrı-ayrılıqda dostluq edirdim və onların yaradıcılığına hörmətim var idi. Bu sizə qəribə gələ bilər, axı onlar məndən yaş olaraq tam bir nəsil kiçikdirlər. Lakin mən heç vaxt çox yaşayanın daha çox bildiyini hesab etməmişəm. Fərhad, Leyli və Əsli ilə olduğu kimi. Onlar tam da çox şey öyrənə biləcəyiniz gənclərdir. Üstəlik, onlarla birlikdə işləməyi özümə şərəf bilirəm və bu geri qalmadığımın, zamanla ayaqlaşdığım faktının göstəricisidir.

Layihə, müxtəlif amillərə görə maraqlı və qeyri-adidir. Dünən, dostlarım və tanışlarım məndən "açılışa" saat neçədə gəlmələri barədə soruşduqda, mən cavab verdim ki, onların alışdığı, bir-iki saat vaxt keçirdiyi sərgi və ya konsert kimi başqa tədbirlərdən fəqrli olaraq VERTIGO - öz-özünüzlə keçirəcəyiniz zamandır. Bu layihə ilə kütləvi tanışlıq ola bilməz, gəlib otaqları gəzməlisiniz, atmosferi hiss etməlisiniz və ən əsası vaxtı və hərəkət trayektoriyasını özünüz müəyyənləşdirməlisiniz.

Ziyarətçi, VERTIGO'ya "səyahəti" boyunca tapmacalar tapmağa hazır olmalıdır. Faktiki olaraq o, özünü Turandotun coşqu ilə tapmacalarını tapmaq istəyən cəngavər Kalafın yerində təsəvvür etməlidir. Sirli və çalarlarla vibrasiya edən qadının qəlbini anlamaq isə asan deyil - yaranan çoxsaylı suallara təəccüblənməyin, bu sərgi emosional və intellektual başlıqlarla doludur. Bizim bu düşüncəmiz haqqında yəqin ki, bir kitab yazmaq olar, lakin şəxsən mənə hər bir ziyarətçinin ayrı-ayrılıqda nə anladığı maraqlıdır, çünki bir çox şey üzdə yatır, bir çoxunu isə düşünmək lazımdır. Bir çox insanlar artıq Nessun Dorma ariyasını niyə kontratenorun ifa etdiyini soruşurlar. Mən bunun əslində şərti olaraq Сhinese Whisper adlandırdığımız pozulmuş telefonun əsas məzmunu olduğunu başa salıram. Axı mədəniyyətin hərəkət prosesi məhz budur: kimsə düz eşitməyib, yaxud eşitdiklərini şüurlu şəkildə başqa cür şərh edib və başqasına istədiyi kimi ötürüb. Beləliklə, yeni mənaların, transformasiyanın, mutasiyanın və s. uzadılması baş verir. Mədəniyyətin canlı prosesi elə budur və biz məhz bunu göstərmək istəyirik.

Bir də qeyd etmək istərdim ki, yaradıcılıq müxtəlif mənbələrin gözlənilməz qarşıdurması zamanı yaranır. VERTIGO'nun ziyarətçisi, daha doğru desək dinləyicisi öz emosiyalarında, biliklərində qurdalanmalıdır.

Fərhad Fərzəliyev

Bu ideya məni dərhal cəlb etdi, həmişə əlimdən gələni maksimal dərəcə etməyə çalışıram. "Emalatxana həmkarlarım" kimi, mənim üçün də bu layihə ilk dəfədir, sadəcə səslə işlədiyim birinci bu cür qurğudur. Baxmayaraq ki, uzaqdan da olsa, bu işdə debütant deyiləm. Bundan əvvəl mənim iki mədəniyyətin birləşdirilməsində təcrübəm var, yenə də format tamamilə yenidir! Həmkarlara gəldikdə isə - onlarla işləməyi son dərəcə valehedici adlandıra bilərəm. Daha öncə ən çox Cahangir Səlimxanovla işləmişəm, bu musiqi ilə bağlı 3-cü birgə layihədir. Qeyd edim ki, onunla belə bir tandemdə işləmək hər kəsə nəsib olmur. Həmçinin Leyli ilə - o, bir sözdən başa düşür. Əsli ümumiyyətlə məni heyran edir, onunla ilk dəfə işləyirəm və "yuxu"nun onun üçün alternativ olduğu təəssüratı yaranır - bu qədər özünü işə həsr edən biridir.

VERTIGO'da ən çətin iş – yəqin ki, vaxtın olmamasıdır. İdeyanın hazırlanması yox, implementasiyası, icrasıdır. Əslində, bu, bütün rəssamların və sərgilərlə necəsə bağlı olan hər bir kəsin daimi hekayəsidir.

Şirvanşahlar Sarayında mədəni tədbirlərin keçirilməsi kimi gözəl ənənənin qayıtması mənə çox xoşdur. Xatırlayıram ki, Aluminum (Bakı Bədii İncəsənət Biennalesi) dövründə Divanxanada Holland rəssamın işləri təqdim olunmuşdu. Əvvəllər Saray daha çox sənət sərgiləri üçün istifadə edilirdi və ənənənin qayıtması sevindirməyə bilməz.

Sərgidən nə gözləyirəm? Səmimi və qısaca - konstruktiv Feedback. Ziyarətçilərə isə gəlib bizim yaratmağa çalışdığımız audio vasitəsi ilə xəyali dünyaya qərq olunmalarını məsləhət görürəm!

img_0680_copy

Oxuculara xatırladım ki, VERTIGO sərgisini 31 mart 2018-ci il tarixinədək Şirvanşahlar Muzey-Sarayına bilet alaraq ziyarət etmək olar! 

Zeynəb Cahan