NARGIS MAGAZINE
Simalar

Bella Freud. Dəbli psixoanaliz

Onun ulu babası psixoanalizin banisi Ziqmund Freyd olub. Babası – memar Ernst Freyd, atası isə fiqurativ təsviri sənətin nümayəndəsi, rəssam Lüsyen Freyd olub. Bella Freyd isə fashion-dizayner oldu; Bella Freud brendinin geyimlərini Britaniyanın Vogue jurnalının redaktoru Aleksa Çanq, supermodel Keyt Moss, digər media şəxslər və dünya ulduzları geyinir. Genlər çox şeyi müəyyən edir. Bellanın vəziyyətində genlər onun əşyaların və hadisələrin daxilinə nüfuz edən baxışlarında, səbəbləri analiz etmək cəhdində, həm də bizim suallarımıza verdiyi cavablarda biruzə verir.

İlk dəfə modaya maraq nə zaman başladı?

Bunun modaya maraq olduğundan əmin deyiləm, mən bunu daha çox geyimə həvəs olduğunu deyərdim. Mən geyimlə doqquz yaşında maraqlanmağa başladım. Yeri gəlmişkən, uşaq ikən oğlan geyimləri geyinməyi sevirdim: mənə elə gəlirdi ki, bu yolla mən güclü oluram. Yeniyetmə yaşlarında isə pank-rok tərzi məni cəlb etdi. O zamanlar bu tərz çox dəbdə idi və özlüyündə özünüidentifikasiya, dəyişmək imkanı daşıyırdı.

Bəs niyə özünüzü oğlan geyimində daha güclü hiss edirdiniz?

Mən 1970-ci ildə anadan olmuşam, o zamanlar qadın olmaq əzəldən əlverişli olmayan vəziyyətdə olmağı ifadə efirdi. Məktəbdə oxuduğum zaman məndən kim olmaq istədiyimi soruşduqlarında həmişə fermer deyə cavab vermək istəyirdim. Amma bunun yerinə “arzum fermerlə ailə qurmaqdır” demək məcburiyyətində qalırdım. Çünki ümumi anlamda fermer yalnız kişi ola bilərdi. İndi hər şey fərqlidir.

Siz nüfuzlu Müqəddəs Martin adına sənət və dizayn Mərkəzi kollecin yerləşdiyi Londonda anadan olmusunuz. Bəs niyə bu qədər uzağa, Roma kostyum və moda akademiyasına daxil oldunuz?

Mən bir italyana aşiq oldum və buraya daşındım. Ümumi olaraq akademiya o qədər də yaxşı çıxmadı. Mən daha çox italyan sənətkarlarının işlərini izləməyi, onların geyim istehsalında yüksək standartlarını araşdırmağı sevirdim: pencəklərin ətəklərindəki tikişləri necə tikdikləri, düymə ilmələrini necə işlədiklərini – bütün bunlar əl ilə hazırlanırdı… 80-ci illərdə Romada çox sayda kiçik atelyelər, tikiş və ayaqqabı emalatxanaları vardı və mən ustaların işləməsini izləməyi sevirdim. Sonra mən akademiyanı bitirdim və dərzi məktəbinə daxil oldum. Bax bu artıq çətin əmək idi, amma mənim üçün ən vacib və faydalı oldu. Burada modadan heç bir əsər yox idi, sadəcə əmək vardı. Amma mən burada tikiş texnikasını öyrəndim.

Vivyen Vestvudla nə vaxt işləməyə başladınız?

Hələ yeniyetmə ikən onun nümayişlərində çalışırdım. Kolleci bitirdikdən sonra onun yanına geri döndüm, assistent olaraq çalışırdım. Etiraf edim ki, bu o qədər də yaxşı zəmanə deyildi! Üç ildən sonra oradan ayrıldım və öz brendimi yaratdım. Lakin Vestvudun yanında mən çox şey öyrənmişdim və öyrəndiyim ən əhəmiyyətli dərs – çətinliklərə və maneələrə baxmayaraq həmişə irəli getmək idi. Mən ondan cəsarətli olmağı öyrəndim – bu keyfiyyət moda biznesində çox vacibdir.

Hansı parçalardan istifadə edirsiniz?

Mənim şotland tvid və ənənəvi ingilis flaneli xoşuma gəlir. Boğuq çalarları sevirəm. İndi öz modellərimi Instagramda gördüyümdə, parçalara olan tələbatın dəyişdiyini anlayıram: o eyni zamanda fotoda cazibədar görünməlidir. Əgər mən çox model satmaq istəyirəmsə o zaman qızların sənət əsəri kimi görünəcəyi modeli yaratmalıyam. Mən öz yaradıcılığıma fərqli bucaqlardan baxmağa çalışıram.

Bella Freud brendinin fanatları necə olmalıdır?

Mənə elə gəlir ki, bu hələ özünü, öz tərzini tapmayan, amma fərq edilmək istəyən biridir. Və mən onun məhz mənim sviterimdə özünü tapacağını düşünməyim xoşuma gəlir. Brendimi bəyənən çox insan var və onlar hamısı fərqlidirlər. Amma mənə elə gəlir ki, onlar hamısı mənim sviterlərimi ilk öncə özlərinə əlavə olaraq görürlər. Bəzən itimlə gəzərkən brendimin cemperində bir qız gördüyümdə düşünürəm: özünü ifadə etmək üçün məni seçməsi nə qədər xoşdur!

Kolleksiyanızın əsası niyə məhz cemper oldu?

Mən hazırlanması və bitdikdən sonra necə olacaqlarını təsəvvür etmək asan olan cemperlərdən başladım. Həm də mənim ikililik xoşuma gəlir: yumşaq və eyni zamanda toxunduqda kifayət qədər qalın, onlar sizi həm təqdim edir, həm də gizlədir. Cemper sizi ömür boyu müşayiət edir və həmişə dəblə əlaqəlidir – sanki alışılmış və tanış obraz, lakin həmişə yeni, dəyişkən. Mənim üçün cemper özümün yazdığım bir səhifədir və bundan çox böyük zövq alıram!

Bəs Ginsberg is God, Godard is Dog yazısı ilə cemper necə yarandı?

Mən Con Malkoviçlə qısametrajlı film çəkirdim. Bundan əvvəl artıq moda sahəsi ilə əlaqəli olmayan, amma onunla maraqlanan rejissorla çalışmağı arzulayırdım. Bir dəfə məni Malkoviçə təqdim etdilər. Birlikdə üç film çəkdik – bu filmlər mənim veb saytımda var. Sonuncu film şairi, poetik qiraətin başlanğıcını gözləyən bitnik-qızlar haqqındadır. 1970-ci illərdə Clapton is God yazılı köynəklər dəbdə idi, çünki bir çoxları üçün rok-musiqiçi Erik Klepton həqiqətən bir tanrı kimi idi. Mən ədəbiyyat dünyasında da bu qədər populyar qəhrəman tapmaq istəyirdim – bu da Allen Qinzberq oldu. Amma mənim üçün hər şeydən önəmli sevgidir. İnsanları sevginin motivasiya etdiyini, onları hərəkət etməyə məcbur etdiyini, başqalarına qarşı hörmət bəslədiklərini və şəxsi ləyaqət hissini göstərdiklərini gördükdə mən həqiqətən xoşbəxt oluram. Mən indi hippilərin dəvət etdikləri ümumi sevgidən danışmıram, – mən müasir insanların ehtiyacı olan bir-birinə qarşı həssas, qayğıkeş münasibətdən bəhs edirəm...

Sizin kinodakı çalışmalarınızdan danışaq. Malkoviçlə birlikdə yaratdığınız Hideous Man filmi bəlli olunan detallaşdırma və xüsusi atmosferi ilə fərqlənir. Komandada başqa kimlər vardı?

Bu film üzərində çox böyük komanda çalışırdı. Con ideyalar verirdi, mən isə kostyumlarla bağlı hekayələr uydururdum, kastinqlər keçirirdim… Çəkiliş meydançasında musiqi, kino ilə əlaqəli insanların, ya da sadəcə dostların toplaşması çox həyəcanlı anlar idi!

Siz tez-tez 70-ci illəri xatırlayırsınız. Göründüyü kimi, orada uşaqlıq və yeniyetməlik dövründən başqa bir şeylər qalıb? Sizi o zamanlara qayıtmağa nə vadar edir?

Mənim üçün o illər uşaqlıqdan savayı böyümə çağı idi, məktəbi bitirdikdən sonra ailəmdən ayrıldığım, özünüidentifikasiya, cəmiyyətə və ənənələrə qarşı etirazlar dövrü idi. Mən retronu sevmirəm, nostalgiyaya dalmağı sevmirəm. Amma mənim o dövrdə dəbdə olan rənglər xoşuma gəlir, məni hamar və tor şəkilli fakturaların birləşməsi cəzb edir. Mənim 70-ci illərin qrafikası xoşuma gəlir. Uzun illər insanlar o dövrün estetikasına yönəliblər, indi çox vaxt 90-cı illərdən bəhs edirlər… Yeni nəsil gəlib, onlar geriyə, iyirmi il əvvələ, o dövrdən nə isə əhəmiyyətli bir şey tapmaq üçün artıq yetərincə yetkindirlər. Əlbətdə, 90-cı illər də maraqlı idi, amma mənim üçün ən əhəmiyyətli dövr 70-ci illər idi!

Siz həvəslə cemperlər üçün yazılar düşünürsünüz, qəzetdə moda haqqında guşəniz var. Siz kimsiniz – moda ilə məşğul olan jurnalist, yoxsa mətbuat üçün yazan dizayner?

Mən dizayner-modelyerəm, bu peşə - mənim mətbəximdir. Moda mənim üçün – özümü ifadə etmək fürsətidir. Amma mən yazmaqdan da zövq alıram, həmçinin interyer dizaynı ilə də məşğul oluram, film çəkirəm. Mən var gücümlə çalışıram və bu məni xoşbəxt edir. Mən hər hansısa bir işin üzərində çalışdığım zaman, tamamilə – bütün qəlbimlə, bədənimlə və ağlımla işə verilirəm. Nə isə alınırsa, bu məndə yeni kreativ ideyalar dalğası yaradır.

Sizin brendiniz həmçinin ətirli şamlar və parfümeriya təqdim edir. Ən çox sevdiyiniz ətir hansıdır?

Mən balaca olarkən, biz Mərakeşdə yaşayırdıq. Hələ də üzərində sehrli şərq ətirləri uçuşan böyük, günəşli mərakeş bazarını xatırlayıram. Bu ətirlər həmişə mənimlədir, onlar məni rahatladır.

Sizcə niyə modadan asılı olanlar əsasən məhz qadınlar olur?

Ənənəvi olaraq bu biznes qadınlara yönəlikdir. Bu aydındır – çünki qadınların qarderobu zəngindir və çox müxtəlif geyimlərlə doludur: onlar həm şalvar, həm ətək geyinirlər. Amma zaman dəyişir, moda dünyası kişilər üçün də genişlənir. Və geyimlərinizə olan münasibətimizin dəyişməsi az əhəmiyyətli deyil: gəncləri geyimlərin yenidən emalı, yenidən istifadə məsələsi getdikcə daha çox maraqlandırır.

Bəs modada vacib olan nədir: trendlərə uymaq, yoxsa geyimin ekoloji olması barədə düşünmək?

Geyim arzulanan olmalıdır ‒ bu ən vacibidir, əks təqdirdə geri qalanın heç bir mənası olmaz. Və bizim işimizin məqsədi odur ki, məhz elə bir geyim hazırlayaq ki, arzuolunan olsun. Odur ki, geyimdə ekoloji prinsipləri həyata keçirməzdən əvvəl dizaynı yaxşıca düşünmək lazımdır.

XIX əsrin sonlarında – XX əsrin əvvəllərində inflüenserlər əsasən rəssamlar idi, sonra aktyorlar oldu, daha sonra isə yazıçılar; bitniklərin epoxası şairlərin «hökmranlığı» ilə başladı, modanı musiqiçilərin idarə etməsi ilə isə bitdi. Sizcə niyə indi inflüenserlər modelyerlərin özləri oldular?

Son iyirmi il ərzində moda dəbli məşğuliyyət olub. Bu işlə ilk dəfə maraqlanmağa başladığım zaman, moda maraqların spesifik sferasında idi – ədabaz və zənginlərə yönəlmiş nişa təzahürü idi və arabir istehza hədəfinə çevrilirdi. Nə zaman ki, High Street-də anladılar ki, qorxunc kopyaları çoxaldaraq deyil, kreativ dizaynerləri dəvət edərək yaxşı pul qazanmaq olar – böyük irəliləyiş o zaman baş verdi. Həm də az gəlirli insanlar üçün də əlçatan olduğunda moda, onların ağıllarına hakim oldu. Dizaynerlər sahəsində öz ulduzları peyda oldu – öz tərzlərinin əlkimyagərləri, kişi və qadınlar üçün potensial xoşbəxtliyi yaradanlar, özlərini xüsusi hiss etmək istəyənlər, əvəzolunmaz olduğuna inananlar. Sual yaranır: dizaynerlər bütün bunları insanlara bəxş etmək üçün ideyaları haradan götürür? Cavab: hər yerdən! — N

*Material 58-ci sayda dərc edilib.