NARGIS MAGAZINE
Bloqlar

Her Story: Leyla Vəkilli

Bir-birinin ardınca partiyaların, fərdlərin, rəhbərlərin, nizamsız şəkildə hökümətin dəyişildiyi bir dövrdə Azərbaycan bir çox layiqli nümayəndələrini itirdi. Faciəli hadisələrdən qaçmaq üçün imkanı olan hər bir kəs ölkəni təcili olaraq tərk etdi.

Həmin bu tarixdən əvvəlki dövr - bizim qəhrəmanımızın atası Həsanalısultan bəy Vəkilovun həyatının təsviridir. Bəy sülaləsindən olan bu gənc 1887-ci ildə Şərur-Dərələyəz ərazisində yerləşən Çivə kəndində anadan olmuşdur. İbtidai təhsilini İrəvan gimnaziyasında almış, sonra isə Rusiyada hüquq fakültəsini bitirmişdi. Bundan sonra Qafqaza qayıdıb, Tbilisidə yaşayıb və elə burada da Mariya ilə qarşılaşıb, ailə qurmuşdu. Görkəmli xadim Azərbaycan Demokratik Respublikası dövründə, 1920-ci ildə Qafqazda Sovet rejiminin qurulmasından sonra Türkiyəyə mühacirət edir. Həyat yoldaşı onunla getməkdən imtina edir.

Amma həyatda fəal olan insan dayanmır və Vətən uğrunda çalışmağa davam edir. Bir gün o, Krım tatarı Sofia ilə tanış olur. Evi, statusu, hüquqları və sənədləri əlindən alınmış, nəticəsində rəsmi olaraq hüquqşünas kimi işləyə bilməyən bəy özünə ikinci şans verir. Həyat yoldaşı ilə birlikdə Parisə köçürlər, burada o, anadan olur - Leyla Vəkilli.

2 aydan sonra ailə yenidən Türkiyəyə qayıdacaq. Ailənin yeganə uşağı olan Leyla böyüyəcək, 1 saylı Notre Dame Fransız Gimnaziyasında təhsil alacaq. Belə gimnaziyalarda təhsil almaq bu gün də olduqca nüfuzlu hesab olunur.

«Siz haradansınız?»

«Mən Azərbaycanlıyam» - yaşa dolanadək nə Bakını, nə Azərbaycanı görməyən, bütün qohumları ilə əlaqəsi kəsilən Leyla belə cavab verir.

«Mənim uşaqlığım Vətən haqqında hekayələrlə keçəcək. Atamın Azərbaycandan çox sayda dostu var idi. Mən rus dilində də danışıram. Atam belə istəyirdi, rus dili və rus ədəbiyyatı onun çox xoşuna gəlirdi. Hər cümə axşamı Azərbaycanlı ailələr bizim evimizdə toplaşırdılar, eləcə də nənəm Şirin Şəfiyevanın əmisi oğlu - Türkiyənin görkəmli rəssamı İbrahim Safi. Beləliklə Azərbaycanda baş verənlərlə bağlı uzun müzakirələr başlanırdı. Hətta nə baş verdiyini bilməsələr də söhbət etməyə mövzu tapırdılar...»

Liseyi bitirdikdən sonra o, ona həyat verən şəhəri fəth etməyə gedir. Fransanın ən qədim və ən məşhur ali təhsil müəssisəsi olan Sorbonne Universitetinin tələbəsi - burada o, sosiologiya fakültəsini bitirəcək. Amma ailə, qan və yaddaş onu siyasətə yönləndirəcək. Bütün həyatını o, tarixin təsadüfləri ilə müharibənin və çevrilişlərin ortasına düşən yoxsul insanların problemlərini işıqlandırmağa həsr edəcək.

Karyerasını müstəqil jurnalist kimi başlayaraq, müsəlman məsələsini araşdırırdı. Çox tezliklə Sipa-Press komandasının bir parçası oldu, həm də sadəcə jurnalist kimi deyil, kino ssenarist olaraq da çıxış edirdi. Sipa-Press - dünyanın 178 ölkəsində büro kimi fəaliyyət göstərən agentlikdir. O, qaynar nöqtələri ziyarət etməyə başlayır, dünyanı səyahət edir, yazılar yazır, gələcəkdə isə sözlər kifayət etmədikdə əlinə fotoaparat alacaq.

Afrika, Latın Amerikası, Yaxın Şərq ... Fələstində müharibə, Nikaraqua və Əlcəzairdə vətəndaş müharibələri... Yeri gəlmişkən, Əlcəzairdə ciddi avtomobil qəzasına düşəcək. Sınıq sümüklər, ölümlə üzləşmə və elə orada da, 1965-ci ildə böyük Çe ilə şəxsən görüşəcək. Həmin marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara. Onların görüşləri tam 3 saat davam edəcək!

«Böyük bir idealist idi, onun bütün arzuları gerçək ola bilməzdi - mən bunu indi, 60 yaşımda anlayıram».

5 ildən sonra o, Fransada Türk inqilabçı poeziyasının qurucusu Nazim Hikmətlə həmsöhbət olacaq.

Leyla Vəkilli hərbi hadisələri sıravi insanların gözü ilə yayımlayan DEFİ jurnalının baş redaktoru olub. Onun komandasında satınalma, idarəetmə və sairə komandaları saymasaq dünyanın hər yerindən olan 10-dan çox xarici jurnalistlər çalışacaq.

Bundan başqa, Fransada Türk Film Festivalının qurucularından olub.

Təxminən 80 yaşında o, Səməd Vəkilovdan atasının, əmisinin fotoşəkilləri ilə bir məktub alır. O, fotoşəkillərə heyranlıqla baxaraq bir neçə gün ağlayacaq, çünki özü bütün ömrü boyu qohumlarını axtarırdı. Axtarışları zamanı hətta Hindistana belə gedib çıxmışdı, lakin sadəcə eyni soyadı daşıdıqları aşkar olunmuşdu. Ümidini itirdiyi zaman qohumları özləri onu tapırlar.

79 yaşında o, ilk dəfə Bakını ziyarət edəcək.

«Bir qadın 79 yaşında bundan böyük bir şey arzulayarmı?» - tezliklə, keçən ilin 26 noyabr tarixində bu dünyadan köçən Leyla xanım belə deyəcək. Onun qızı Dəniz 23 yaşında avtomobil qəzasında vəfat edəcək. Yeganə oğlu Çingiz hazırda Fransada yaşayır

Leyla xanım tarixi Vəkilovlar nəslinin nümayəndəsidir, amma onun mirası - beynəlxalq hərbi jurnalistin, ssenaristin, rejissorun mirası Azərbaycanda tanınmır.

Materialın ərsəyə gəlməsində Səməd Vəkilova xüsusi təşəkkürümüzü bildiririk.

Mətn: Arzu Cahid