NARGIS
NARGIS MAGAZINE
Bloqlar

HER STORY: AMERİKANIN İLK QADIN SƏNƏTŞÜNASLARINDAN BİRİ OLAN QƏMƏR AĞA-OĞLU

15 oktyabr 1903-cü il, Şuşa, Azərbaycan. Qarabağ xanlığına mənsub, Çar Rusiyası və ADR dövründə polis pristavı Talıbxan bəy Talıbxanovun (1859-1920) və Xеyrannisə xanımın ailəsində dörd qızdan ortancılı Qəmər anadan olacaq. Daha sonra bacıların bir də Hüseyn adlı qardaşları dünyaya gələcək.

Qəmər Bakının məktəblərindən birində təhsil alır. Təəssüf ki, onun uşaqlıq dövrü barədə dəqiq məlumat yoxdur. Sovet hakimiyyətinin gəlməsi ilə bu ailənin Azərbaycanda qalması təhlükəli olmağa başlayır. Qəhrəmanımızın doğma dayısı, Məhəmməd Əmin Rəsulzadənin və Yusif Vəzir Çəmənzəminlinin yaxın dostu, hər kəsin "dayı" deyə müraciət etdiyi Hüseyn Yanar Mirzəcamalоv onlara Türkiyəyə getməyə yardım edir. Müəllim, şair, tərcüməçi və ictimai xadim olan Hüseyn bəy özü Azərbaycan mühacirətinin ilk və görkəmli nümayəndələrindən biri kimi iz buraxacaqdır. Onun nə ailəsi, nə də uşağı olmayıb, buna görə bütün sevgisini və qayğısını bacısı Xеyrannisə xanımın uşaqlarına göstərib.

Onun səyləri boşa çıxmadı, çünki bacısının üç uşağı da öz dövrlərinin elm və mədəniyyətinə töhfələrini verə biliblər. Belə ki, ən böyük qız Sürəyya (1899-1974) görkəmli filoloq, folklorçu olacaq, elmi əsərlərini və məqalələrini Azərbaycan dilinə həsr edəcək. Dilşad Talıbxan Elbrus (1915-1979) – nüvə fizikası üzrə ilk Azərbaycanlı qadın alimi olacaq.

Dilşad Talıbxan Elbrus

Bütün uşaqlar xarici dillərdə yaxşı danışırdılar: Türk, Rus, İngilis. Qəmər və Dilşad isə alman dilində sərbəst danışırdılar. Amma, gəlin, ortancıl qıza, Qəmərə qayıdaq.

ADR dağıldığında Qəmər 18 yaşında idi. Çox güman ki, məhz Bakıda, Mehmet Ağa-Oğlu kimi tarixə düşən, az tanınmış Məhəmməd Ağayevlə tanış olur. Mühacirət etdikdən bir müddət sonra gənc cütlük ailə həyatı qururlar.

1922-ci ildə yeni evlilər Almaniyaya, daha sonra isə Avstriyaya köçürlər. Onlar ikisi də Avropanın aparıcı universitetlərində təhsil alırlar, bir ildən sonra elə burada onların yeganə övladları Gültəkin dünyaya gəlir.

1927-ci ildə Qəmər xanım İstanbul Universitetində Şərq tarixi sahəsində doktorluq dərəcəsi alır. O, həyatını incəsənətə həsr edir, 1929-cu ildə isə həyat yoldaşını Detroyt Gözəl Sənətlər İnstitutuna dəvət etdiklərində Qəmər xanım onunla və qızı ilə birlikdə okeanın o biri tayına gedir. Bu dəfə həmişəlik.

Amerikada gənc ailənin işləri hələ ki yaxşı gedir. 1933-cü ildə Şərq sənəti sahəsində elmi işçi və müəllim olan Mehmet Ağa-Oğlu Amerikada İslam sənət tarixinin ilk kafedrasını yaradır.

Onların evi amerika standartlarına görə çox sadə idi, ancaq evin qapıları həmişə qonaqlara açıq olurdu. Çox vaxt Azərbaycanlı və Türk gənclər onların evində toplaşırdı, musiqi səslənirdi, bəzən canlı ifalar olurdu, keçmişə dair söhbətlər aparılırdı. Amma tamamilə ev işləri ilə məşğul olmaq və yorulmadan qonaqları qarşılamaq qəhrəmanımızın əsas məqsədi deyildi.

1937-ci ildən 1938-ci ilə qədər Qəmər xanım Miçiqan universitetində aspirantura kursuna gedir. Bundan dərhal sonra onu Antropologiya Muzeyində elmi araşdırma aparmağa dəvət edirlər. Daha sonra isə İkinci Dünya Müharibəsi gündəlik həyat tərzinə öz damğasını vurur.

Müharibə illərində o, Amerika Ordusu zabitlərinin dil hazırlığı ilə məşğul olur: iki il boyunca onlara rus dili dərsi verir.

Müharibədən sonra muzeyə qayıdır, karyerası boyunca (1974-cü ilə qədər) o, yeganə qadın kurator olaraq qalır. Muzeyin rəsmi saytında qeyd olunub ki, "Qəmər xanım Asiya keramika tədqiq sahəsini təkbaşına yenidən yaradıb". Bundan əlavə, onun üçün doğma olan alma-materdə professor dərəcəsinə çataraq dərs deyir.

Qəmər Aqaoğlu

Qəmər xanım Cənub-Şərqi Asiya keramikası üzrə aparıcı mütəxəssis və ekspert olub. Qazıntıların nəticələri ilk olaraq ona təqdim edilirdi. O, 40-dan çox nəşrin və bu günədək internet məkanında mövcud olan bir neçə kitabın müəllifidir. Qəmər xanım maddi-mədəni irsin öyrənilməsinə öz töhfəsini verərək dünya muzeylərini ziyarət edib. 

Yanvar, 1948-ci il. Qəmər xanım böyük Tsin sülaləsinin çin tədbirlərində geyindiyi iki libası nümayiş etdirir. Fotodakı masa və taburet 1884-cü ildə Yeni Orleanda keçirilən Dünya Sərgisindən sonra Çin hökuməti tərəfindən Antropologiya Muzeyinə hədiyyə edilmiş çin mebel kolleksiyasının bir hissəsidir

Təəssüf ki, elm sahəsində uğur qazansalar da alimlərin şəxsi həyatı zərər görür və nəticədə dağılır. Mehmet Ağa-Oğlu nun ikinci həyat yoldaşı toplanmış bütün materialları Freer Gallery of Art sənət qalereyasının arxivinə təqdim edir. 1959-cu ildə Qəmər xanım keçmiş həyat yoldaşının bütün əlyazmalarını və bitməmiş işlərini həmin qalereyaya təqdim edərək kolleksiyanı tamamlayacaqdır.

Hər kəsin Gilli kimi tanıdığı yeganə övladları Gültəkin də valideynlərinin yolu ilə gedəcək və həyatını incəsənətə həsr edəcək. Anasının vəfatından sonra Qəmər xanıma məxsus bütün dəyərli materialları və kitabları Antropologiya Muzeyinə hədiyyə edəcək. Təəssüf ki, Gültəkin xanım keçən il, 2018-ci ilin avqust ayında Ohayo şəhərində vəfat edib.

Gültəkin 1920-ci ilin sonunda Vyanada anası ilə

Mətn: Arzu Cahid