NARGIS MAGAZINE
Bloqlar

What's Cooking: Balqabaq şorbası

icon

Balqabaq. Uşaqlıqdan bəri onu sevmirəm. Evdə həmişə qazanın qapağını qaldırdıqda və orada pörtlənmiş balqabaq gördükdə üz-gözümü büzüşdürüb, oradan tez uzaqlaşırdım. Ətrafımdakı insanlardan nəticə çıxarıram ki, onlar iki hissəyə bölünürlər: balqabağı istənilən şəkildə sevirəm və ümumiyyətlə heç sevmirəm. Belə ki, təxminən dörd il əvvəl balqabağı özüm üçün başqa tərəfdən kəşf etdim və bütün qəlbimlə onu sevməyə başladım!

screen_shot_2017-11-22_at_12.30.30_copy

Hekayə mənim tələbə olduğum vaxt hər payız evimizin yaxınlığında quraşdırılan fermer yarmarkasına balqabaq gətirmələrindən başladı. Yalnız bir deyil, bir çox növ balqabaq! Rənglərindən, fakturalarından və ölçülərindən gözlərim çaşıb qalırdı. İlk vaxtlar balaca balqabaqları sırf dekorativ funksiya məqsədilə alırdım. Sonra bir fermer balqabaqdan nə bişirmək olar, hansı növü daha şirindir, hansı biri adi qızartma, hansı isə piroq üçün olduğu barədə danışdı. Balqabağa qarşı qəti qərəzimi bildirdikdə, o mənə şorba, krem-şorbası bişirməyi məsləhət gördü. Balqabağa qarşı münasibətimin bir dəfəlik dəyişəcəyinə söz verdi.

Fikir çox cazibədar idi. Orta ölçülü bir balqabaq aldım və ruh yüksəkliyi ilə evə gəldim. Soyuq bir noyabr ayı idi. Evə gəldikdə balqabaq şorbasını bişirdim, onu blenderlə çırpdım və onun valehedici olduğuna qərar verdim. Rəfiqəmlə birlikdə şorbanı qızardılmış çörək tikələri ilə yedik və olduqca məmnun qaldıq. Bundan sonra, balqabaq şorbası bizdə ənənəvi olaraq payızda bişirilir və mənə bu fikri verən fermerə bu vaxta qədər minnətdaram.

image3_1

Buna görə də, əgər balqabağı çox da sevmirsinizsə, ondan şorba bişirməyi sınayın, əgər sevirsinizsə - daha da yaxşı! Reseptlər çoxdur, lakin bizim istifadə etdiyimiz resept çox sadədir!

4 nəfərlik porsiya:

  • 500 qram təmizlənmiş balqabağın ləti;
  • 1 soğan;
  • 2 xörək qaşığı zeytun yağı;
  • 350-400 ml bulyon (və ya su);
  • 75 ml qaymaq;
  • Zövqə görə duz və istiot;
  • 1 çay qaşığı darçın və istəyə görə 1/4 çay qaşığı cövüz.

Soğanı zeytun yağında şəffaf rəng alanadək qızardırıq, balqabağı əlavə edirik və soğanla birlikdə 10 dəqiqə qarışdırmağa davam edirik. İstəyə görə darçın və cövüz əlavə edirik. Üzərinə bulyon tökürük və balqabağı yumşalanadək 10-15 dəqiqə müddətinə bişməyə qoyuruq. Qaymaq əlavə edirik. Blenderlə krem şəkli alanadək çırpırıq. Zövqə görə duz və darçın əlavə edirik.

Əgər balqabağı tumlu alırsınızsa, heç bir halda onları atmayın. Tumlarını yuyun, bir-iki dəqiqə yağda qızardın, şorbanın üzərinə tökün. Şorbanın yanında çörək tikələri qızartmaq olar. İsti şəkildə təqdim edin!

image1

Bon appetit!

Mətn: Həcər Əliyeva