NARGIS
NARGIS MAGAZINE
Bloqlar

What's Cooking: French Toast

icon

Adətən səhər yeməyinə nə yeyirsiniz? Ənənəvi "pomidor-yumurta"? Bəlkə bəyaz pendir, bal və təndir çörəyi? Yoxsa ayaqüstü atışdırıb, işlərinizin ardınca qaçırsınız? Əgər özünüzü və ailənizi dadlı səhər yeməyi ilə əzizləmək üçün vaxtınız varsa, bunun üçün mənim uyğun reseptim var! Söhbət ətri və dadı kimsəni laqeyd qoymayan fransız tostlarından gedir. Əgər bayat çörəyiniz varsa - daha da yaxşı! Teksturu dolğun alınacaq, dadı isə daha da önə çıxacaq! 

Bu tost üçün batard, baget və ya ağ baton çörəyi daha uyğundur. Məsələ bundadır ki, a-la "custard" yumurta qarışığını özünə hopduran "qabarıq" çörək lazımdır.  

image1_copy

2 porsiya üçün:

  • 8 kiçik və ya 4 ədəd orta çörək dilimi (yaxşı olardı ki, 2 günlük bayat çörək olsun)
  • 2 yumurta
  • 1 stəkan süd 
  • 2 xörək qaşığı kərə və ya günəbaxan yağı
  • 1/2 çay qaşığı duz
  • 1 xörək qaşığı şəkər tozu
  • Ədviyyat: vanil və ya darçın. 

Mənim porsiyam 2 nəfərlik idi və yarım bagetdən istifadə etdim (8 kiçik tost). Çörəyi 5-6 sm qalınlığında dairəvi dilimlərə kəsirik. 

2 yumurtadan və bir stəkan süddən yumurta qarışığı çalırıq. Duz və şəkər əlavə edirik. Vanil və ya darçını istədiyinizə görə əlavə edə bilərsiniz. 

image2_copy

Yumurta qarışığını eynicinsli kütlə alınanadək çalırıq və tostları bu qarışığın içinə bir neçə dəqiqəlik salırıq. Tostları kərə ya da günəbaxan yağında orta odda qızardırıq. Hazır fransız tostlarının üzərinə şəkər pudrası səpirik və isti ağcaqayın siropu, qatılaşdırılmış süd və ya mürəbbə ilə təqdim edirik.  

image1x

Bon appetite! 

Mətn: Həcər Əliyeva