NARGIS
NARGIS MAGAZINE
Həyat tərzi

"YARAT" DÜZGÜN İSTİRAHƏTİN SİRLƏRİNİ AÇIR

Yəqin ki, time management və işinizin effektivliyi barədə düşünürsünüz, bəs istirahət barədə necə? Tətilinizi düzgün təşkil edirsinizmi? Dincəlməyə vaxt tapa bilirsinizmi? İstirahət haqqında elmin və bu sahədə mütəxəssislərin olduğunu bilirdinizmi?

Hamımız istirahət etməyi bacarırıq, lakin hər kəs ən səmərəli vaxta ciddi yanaşmır. Bununla yanaşı, şüurlu istirahət nəinki zehni və fiziki enerjini bərpa edir, həm də innovativ düşüncəni stimullaşdırmaqla, həyatınızda yaradıcılıq axını yarada bilir.

Bəzən bizə elə gəlir ki, hər şeyə yetişmək üçün bir gün çox az vaxtdır. Nəticədə bəzi böyük şirkətlər öz işçilərinin daxili resurslarını bərpa etmək üçün məzuniyyətlərdən istifadə etməyə həvəsləndirmək məqsədilə hətta lotereyalar keçirmək məcburiyyətində qalırlar. Futurist, yazıçı və Silikon Vadisinin biznes məsləhətçisi Aleks Suçjon-Kim Pan istirahətə ciddi yanaşmanın zəruri olduğunu izah edərək neyrobioloji tədqiqatlara və uğurlu, məhsuldar insanların bioqrafiyasına müraciət edib.

Aleks Pan Bakıda 16 və 17 may tarixlərində "İnsan: Özünü dərk et" proqramı çərçivəsində "YARAT" müasir incəsənət məkanında "Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi" adlı unikal təlim keçirəcək.

Doktor Aleks Pan Pensilvaniya Universitetinin tarix və sosiologiya üzrə elmlər namizədidir. O, Villiams, Stenford, Berkli kimi kolleclərdə və Devisdəki Kaliforniya Universitetində dərs demişdir. Keçmişdə, Strategy Business Insights-də texnoloji proqnozçu və futurist, Fortune 100 siyahısında olan şirkətlərdə startap məsləhətçisi, təşkilatlara yaradıcı və məhsuldar yanaşmanın inkişafı üçün şüurlu və planlaşdırılmış istirahəti istifadə etməyə kömək edən The Restful Company şirkətinin təsisçisi və icraçı direktoru vəzifəsində çalışmışdır.

Bakıda keçirilən iki günlük təlim zamanı Doktor Pan daha az işləyərək, daha çox iş görmək barədə danışacaq. İstirahət və iş arasında tarazlığa əməl etməyi öyrədəcək, istirahətin bizi daha yaradıcı və resurslu etməsi, sağlamlıq və məhsuldarlıq xeyrinə həyatın ritmini yenidən gözdən keçirmək barədə bəhs edəcək. Elmi biliklərə əsaslanan praktik alətlər və məsləhətlər alacaqsınız. Və bu dəyərli məlumatları tamamilə təmənnasız əldə edə biləcəksiniz!

Aleks Pan yazır: "İstirahət dünyanın bizə verdiyi nemət deyil. Bu, heç vaxt hədiyyə olmayıb. Əgər istirahət etmək istəyirsinizsə, bunu etməlisiniz. Siz məşğulluq tamahına qarşı çıxmalı, istirahətə vaxt ayırmalı, ona ciddi yanaşmalı və onu oğurlamaq niyyətində olan dünyadan qorumalısınız". O, Facebook, Microsoft, P&G, Jabra və digər şirkətlərdə söhbətlər və seminarlar keçirib.

Hər kəsi şüurlu istirahətin sirləri ilə bağlı ilkin mühazirəyə dəvət edirik! Daha çox məlumat əldə etmək istəyənlər gündüz təlimlərinə yazıla bilər.

Ətraflı məlumatı üçün 050 289 31 32 telefon nömrəsi və ya [email protected] e-maili vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Əlavə məlumatı təşkilatçının saytından da əldə etmək mümkündür.