NARGIS MAGAZINE
Redaktorla Müsahibə

DİN ŞNAYDERİN ASLAN ÜRƏYİ

Bir çoxumuz üçün İsveçrə rifah və sabitliklə assosiasiya olur. Buna görə də vəhşi heyvanları xilas etmək üçün Sürixdə nüfuzlu işini, zəngin evini və ailəsini ataraq Afrikaya yollanan bu cavan oğlanı heç kim anlamır. Lakin onun “Istagram”dakı @dean.schneider çoxsaylı çarxlarına baxdıqdan və bolluca paylaşdığı kiçik qardaşlarımız haqqında məlumatı mənimsədikdən sonra, bəşəriyyət üçün qarşılıqlı hörmət və vəhşi təbiətlə harmonik yaşam kimi qlobal və vacib şeylər haqqında düşünməyə başlayırsan. Din Şnayder Afrikadakı missiyasından və özünü üzvü saydığı praydın həyatından danışır.

Uşaqlıqda təsadüfən Stiv İrvinin “Timsah ovçusu” serialının pərəstişkarı olmamısınız? Sizi təbiətlə belə sıx ünsiyyətə o ilhamlandırmayıb?
Təbii ki, boya-başa çatdığım İsveçrədə, Sürixdə ətrafda indiki kimi belə vəhşi təbiət yox idi. Lakin mən həmişə vəhşi təbiətdən ilhamlanırdım, kiçik yaşlarımdan qurbağaları xilas edirdim və ümumiyyətlə təbiətə ziyan vurmamağa çalışırdım. Bəli, Stiv İrvin məni çox ilhamlandırırdı. İlk dəfə Cənubi Afrikada zəhərli ilanla üz-üzə gəldikdə, yadımdadır, gözlərimin önündə Stiv İrvin olan kadrlar canlandı: o ilanı necə tutmuşdu və ilan onun hərəkətlərinə necə reaksiya verirdi. Mən onları təkrarlamağa başladım və beləcə ilan tutmağı öyrəndim. Demək olar ki, Stiv İrvinin müqabilində indiki halıma gəldim, o bu odu məndə alovlandırdı, heyvanlar aləminə şərtsiz məhəbbət və ehtiras yetişdirdi.

Afrikaya köçənə qədər vəhşi heyvanlarla ünsiyyətə dair hansısa təcrübəyə malik idiniz?
Mən təcrübəni müxtəlif müvəqqəti qoruqlarda, məsələn, heyvanları yemləməyə yardım göstərməklə toplayırdım. Məhz o zaman aslan və digər vəhşi növ heyvanlarla ünsiyyət qurmaq imkanı qazandım. Bu mənin kiçik də olsa ilk təcrübəm idi.

Siz İnstaqramda çox məşhursunuz. Belə populyar olacağınızı nə vaxtsa düşünmüşdünüz?
Düzü, yox. Əzəldən məqsədim sadəcə xilas edilən heyvanları yerləşdirə biləcəyim yer yaratmaq idi, elə bir yer ki, onlar orada normal, mümkün qədər vəhşi həyat sürsünlər. Hazırda bir çox gənclərin etdikləri kimi sosial şəbəkələrdə gündəlik həyatımı nümayiş etdirərək, mən tamamilə gözləmədiyim halda İnstaqram və sosial şəbəkələri partlatdım – baxış rəqəmləri ağılasığmaz idi və bu, müəyyən mənada, qarşımda bəzi qapıları açdı. Axı indi mən sadəcə ayrı-ayrı heyvanları xilas etməkdən daha çox şeyə qadirəm! Mən planetimizin vəhşi təbiətinə qlobal səviyyədə fayda verə bilirəm – daha çox sayda insanlara təbiətin mühafizəsi və planetin vəhşi həyatına pozitiv töhfənin əsasında məhəbbət və mərhəmət olduğunu çatdırıram. Biz hamımız heyvanları sevməyi öyrənməliyik, o zaman bütün dünya onların müdafiəsinə qalxacaq. Pulumuzu və vaxtımızı məhz buna sərf etməliyik! İnanıram ki, bizim çox gözəl təbiət müdafiəçilərimiz və bir çox sualların həlli üçün zəruri olan nəhəng biliyə malik alimlərimiz var. Lakin insanlar emosional olaraq bağlı olmadıqları şeylər haqqında düşünməyə meylli deyillər.

Siz Afrikada vəhşi heyvanlarla çalışmaq üçün İsveçrəni tərk etdiniz. Bütün həyat tərzinin belə radikal dəyişikliyi Sizi qorxutmurdu?
Deyə bilərəm ki, bu addımı atmaqla çox həyəcanlanmışdım. İsveçrədə kifayət qədər rifah dolu həyat qurmuşdum. Öz şirkətim var idi, mən böyük pullar qazanırdım. Sürixdə – sevən ailə, dostlar və cəmiyyətin böyük hörməti... Hər şeyi atıb qanunlarını, mədəniyyətini dilini bilmədiyin bir ölkəyə köçmək həqiqətən də riskli idi. Üstəlik ingilis dili də doğma dilim deyil. Həqiqətən də, əgər bu addımı atmaqda itiriləsi bir şey yoxdursa, – bu başqa; lakin normal həyat üçün hər şeyə maliksənsə, o zaman hər şeydən imtina edib belə addım atmaq kifayət qədər çətindir. Lakin sonunda mən bunu ehtirasıma görə etdim. Ürəyinin səsinə qulaq asan isə səhv edə bilməz.

Neçə heyvan xilas etmisiniz və onlardan neçəsi hazırda təcriddədir?
Mən çox sayda çaqqal, ilan və digər heyvanları xilas etmişəm. Məsələn, yer canavarı bizdə sağaldı və vəhşi təbiətə döndü. Onların hamısı bu gün adət etdikləri mühitdədirlər! Lakin əsarətdə böyümüş, qayğıya adət etmiş və insan qorxusunu itirmiş aslanlar və ya, deyək ki, fillər, mütləq insanlara baş çəkəcəklər, buna görə də bu heyvanları vəhşi təbiətə buraxmaq olmaz. Hətta mənim aslanım Deksteri və ümumilikdə praydı belə, hərçənd onların hamısı müstəqil olaraq çox gözəl yaşamağı, ov etməyi, yemlənməyi və artmağı bacarırlar. Elə Təbiətin mühafizəsi institutu da mənə onları əzəli təbiətə buraxmağa icazə verməz. Buna görə də 3,6 milyon kvadrat metr hasarlanmış ərazi mənə məxsusdur. Onun 3 milyonunu aslan praydına ayırmağa hazırlaşıram ki, aslanlar maksimal dərəcədə vəhşi təbiətə yaxın və təhlükəsiz şəraitdə yaşaya bilsinlər.

Heyvanların Afrikada, xüsusən də Sizin “Hakuna Mipaka” qoruğundakı həyat şəraitini necə təsvir edərdiniz?
Təəssüf, vəhşi heyvanların populyasiyası o qədər sürətlə azalır ki, bizdə burada, Cənubi Afrikada hətta böyük vəhşi aslan qalmayıb. Ümumiyyətlə, Afrikada onlar hələ var, lakin Cənubi Afrikada onları məsələn, Kryuqer Parkında görmək mümkündür, orada onları müəyyən dərəcədə vəhşi adlandırmaq olar. Mən əsarətdə yaşayanları saymıram: çox zaman orada o qədər dəhşətli şərait olur ki, əksər insanlar bunu heyvanlara qarşı qəddarlıq adlandırardı. Hərçənd bəzi yerlərdə heyvanlar üçün çox gözəl sığınacaqlar var və orada həqiqətən onların qeydinə qalırlar. Məsələn, bizim “Hakuna Mipaka” qoruğundakı heyvanlar həqiqətən gözəl həyat sürürlər. Onları əslən olduqları sırf Afrika təbiəti əhatə edir. Əlbəttə ki, bu ərazi hasarlanıb və daha sonrakı mərhələlərdə, onları fermanın hüdudlarından kənara çıxardığımdan sonra da hasarlanacaq – o zaman onlar müstəqil ov etməyi bacaracaqlar və mümkün qədər azad olacaqlar. Hərçənd, azadlıq – yer deyil, daha çox hissdir. Buna görə də əminəm ki, bizim “Hakuna Mipaka Oasis” kimi yırtıcılara daha çox azadlıq hissi verməyə qadir başqa belə təhlükəsiz yer yoxdur.


Dean Schneider YouTube channel

Yerli sakinlər ənənəvi olaraq təbiətə hansı münasibət bəsləyirlər?
Səmimi deyim ki, yerli sakinlərin heyvanlara xüsusi dəyər verdiklərini görmürəm. Problem bundadır ki, bu onların təhsil sisteminə daxil deyil, onlar heyvanlar aləmi haqqında zəruri obyektiv məlumat almırlar. Onlar üçün vəhşi heyvan nə isə gözəl və ya onların ölkəsinin təbiətini zənginləşdirən bir şeydən daha çox təhlükədir. Əksəriyyət, belə deyək, heyvanlar aləmində nə baş verdiyinə laqeyiddir. Lakin bu, yalnız Cənubi Afrikada belə deyil – insanların təbiətə və heyvanlara belə münasibəti bütün dünyada müşahidə olunur. Və bu məni missiyama qaytarır: heyvanları insanların qəlbində sakin etmək, çünki indi bizim vəhşi təbiətə lazım olan məhz budur!

“Hakuna Mipaka” komandasında neçə nəfər var və onlar nə ilə məşğul olurlar?
Hazırda “Hakuna Mipaka”da, mühafizə və hər yerin təmiz olmasına nəzarət edən və bütövlükdə təmizlik proseslərini səhmana salmağa yardım göstərən iki ev qulluqçusu da daxil olmaqla, 15 nəfərə yaxın çalışan var. Bizdə Cessi var, fermadakı menecerim və onun sağ əli Uklen, onun arvadı – bizim şef-aşpaz, onun sayəsində qarnımız həmişə toxdur! İki-üç fermer əsas işimizdə yardım edirlər. Noy, Qaz və Stiv də bizimlədir, üçü bir yerdə kontent-krieytor komandasını təşkil edirlər. Bir də Prissila – mənim şəxsi assistentim, sağ əlim və bütün gördüyüm işlərdə köməkçim.

“Hakuna Mipaka” parkı gəlir gətirir?
Mən “Hakuna Mipaka”dan qazanmıram. Amma saytımda “fermanın saxlanılması üçün ianələr” opsiyası var – buradan heyvanların qidalanması və saxlanılması üçün köçürmələr edilir. Bu ziyarətçilər üçün bağlı, şəxsi qoruqdur, biz bura turistləri buraxmırıq. Bizim qonaq evlərimiz, könüllülər proqramlarımız və bu qəbildən olan nəyimizsə yoxdur. Odur ki, mən bu qoruqdan pul qazanmıram. Ümid edirəm ki, tezliklə satış üçün mal kolleksiyasını işə salacam... Bununla yanaşı bu məsələdə ehtiyatlı olmağa çalışacam: hansısa məhsul və ya brendin populyarlaşdırılması üçün öz missiyamdan, əsas prioritetdən yayınmaq istəmirəm.

Çoxları hesab edir ki, müəyyən ərazidə, müəyyən iyerarxiya ilə həyat sürən vəhşi heyvanlar mövsümi hormonal sıçrayış yaşayarkən ev heyvanlarından daha aqressiv olurlar. Bu həqiqətdir?
Hər heyvanın öz təbii aqressiyası var və onlar bunu yalnız zərurət halında nümayiş etdirirlər. Əgər onu provokasiyaya təhrik etmirsinizsə və ya sizə qədər o kim tərəfindənsə yaralanmayıb və aqressivləşməyibsə, heyvanın sizə qarşı aqressiv olması üçün bir tək səbəb belə yoxdur. Heyvan vəhşi təbiətdə yaralanıbsa və siz ona həddindən artıq yaxınlaşsanız, o özünümüdafiə mövqeyini tutacaq və sağlam fərddən daha aqressiv olacaq. Eynilə, əldən düşən heyvan doyunca yeyən və sadəcə istirahət etmək istəyən heyvandan aclıq səbəbi ilə daha aqressiv reaksiya verəcək. Bu həm vəhşi mühitdə, həm də əsarətdə eynidir. Heyvan əgər kifayət qədər sahəsi olmayan əsarətdə, digər növlərlə ünsiyyət olmayan dəhşətli şəraitdə yaşayırsa, o zaman komfort şəraitdə yaşayacağı təqdirdə ola biləcəyindən daha aqressiv olacaq. Düşünürəm ki, hər şey nisbidir. Sadəcə özünüzü onun yerinə qoyun – və hər şeyi anlayacaqsınız. İnsanı dar otaqda bağlı qapı arxasında saxlasan, o da özünü haradasa fermada, azadlıqda yaşadığı ilə müqayisədə daha aqressiv aparmağa başlayacaq...

Heyvanlar həmişə sizin xoş məramınızı hiss edirlər? Hücuma məruz qalmısınız?
Sözsüz ki, onlar həm xoş məramları, həm sevgini hiss edirlər, onlarda aura hissi və bədən dilini anlamaq qabiliyyəti qəribə tərzdə ahəng təşkil edir. Odur ki, onlara öz məhəbbətini və məramını ifadə etmək üçün ilk növbədə onların dilini bilməlisən. Onlarla eyni dildə danışmağa başladıqda siz avtomatik olaraq onlara məramlarınızı - əzab verməyəcəyinizi, yaxşılıq etmək istəyinizi çatdıra biləcəksiniz. Mənə heç zaman aqressiya ilə hücum etməyiblər. Biz bir-birimizlə oynayırıq, onlar mənimlə praydın digər üzvləri kimi davranırlar və oyun zamanı digər fərdləri olduğu kimi yaralaya bilərlər. Onların hamısının üzlərində, bədənlərində çapıqları var və mən ümid etməməliyəm ki, onların ailəsinin bir hissəsi olmaq qərarına gəldikdə, onların qaydaları ilə yaşadıqda və onların dilində danışdıqda belə yara və çapıqlardan qurtula biləcəm. Ehtimal ki, mənim də başıma başqalarının başına gələn olacaq! Və bu çox əladır, çünki aslanlar insan yox, aslan olmaq üçün doğulublar.


Dean Schneider YouTube channel

Tarixdə vəhşi heyvanlarla yaxın ünsiyyətin kifayət qədər qəmli nəticələri var. Bakıda Bərbərovlar ailəsi var idi, evdə aslan və bəbir saxlayırdılar və bu faciə ilə bitdi. Vəhşi yırtıcılarla yaxın ünsiyyət qurarkən belə taleyi bölüşəcəyinizdən qorxmursunuz?
Tamamilə yox. Çünki indi qeyd etdiyiniz kimi, Bərbərovlar aslan və bəbirləri evdə saxlayıblar, onlar isə ev heyvanları deyil! Bir qayda olaraq, heyvanlarla qarşılıqlı əlaqədə olan və onlar tərəfindən qismən qəbul edilən insanlar sonunda bu heyvanları nəyəsə məcbur edirlər, bu isə böyük səhvdir. Məsələn, mən özümü aslan praydının üzvü hesab edirəm. Mən onların dilində danışıram, onlar mənim deyil. Mən onlara heç nə öyrətməmişəm, onlar mənə aslan olmağı öyrədiblər. Odur ki, mən onlarla onların evində yaşayıram, öz evimə gətirmirəm. Bu çox böyük fərqdir! Mənimlə üz-üzə gəlmək istəmədikdə onlar sadəcə çıxıb gedirlər və bu, normaldır. Mən onlarla üz-üzə gəlmək istəmədikdə isə, mən də onları tərk edirəm və bu da onlar üçün adi haldır. Biz sadəcə bir-birimizə hörmət etməliyik, özgənin ərazisinə girməməliyik. Heyvan adət etməlidir ki, ona lazım olduğum zaman mən həmişə onun yanındayam. Bax buna görə də aslanlarımın nə zamansa mənə qarşı qalxacaqlarından qorxmuram. Nə üçünsə, çox zaman yem uğrunda mübarizə aparmaq lazım gəlməyincə, onlar qardaş və ya bacıya qarşı getmirlər. Mən isə onları yemə aid olan şeylərlə sınamıram.

Valideynləriniz və dostlarınız heyvanlar aləminə təhlükəli ehtirasınızı təqdir edirlərmi?
Açığını deyim ki, mənə heç kimin təqdiri lazım da deyil. Bəli, əvvəlcə heç kim xüsusi dəstək göstərmirdi, amma hər şeyin işə düşdükdən, aslanlar məni qəbul etdikdən və sairdən sonra, bu hamının xoşuna gəlməyə başladı.

Heyvanların iştirakı ilə zooparklara, sirklərə və şoulara münasibətiniz necədir?
Sirk və şou – tamamilə sarsaq şeydir. Biz insanlar heyvanları əyləncə üçün istifadə etməyə son qoymalıyıq. Onların özləri üçün qeyri-təbii olan şeyləri – yanan halqanın içərisindən tullanmağı və ya hovuzda üzməyi, özü də qapalı məkanda, çox sayda səs-küy, kameraların əhatəsində - etməməlidirlər, bu onların təbii mühiti, təbii davranışı deyil... Təəssüf ki, əksər zooparklar heyvanları bərbad şəraitdə saxlayır, belə müəssisələrin pis ad çıxarmasının səbəbi də budur. Lakin zoopark heyvanların bütün ehtiyaclarını ödəyirsə, onlara təbii və təhlükəsiz mühitdə komfort həyat tərzi sürmə imkanı yaradırsa, o zaman hesab edirəm ki, bu əladır! Bu bizə heyvanları daha yaxından seyr etməyə imkan verir, onların həyatına, heyvanlar aləminə yaxınlaşdırır.

Su içdiyi zaman aslana xəlvət yaxınlaşdığınız, onunla oynadığınız və yırtıcının cavabında heç bir aqressiya ifadə etmədiyi videonu şərh edə bilərsinizmi? Heyvanlar zarafat etməyə və bundan zövq almağa qadirdilər?
Əlbəttə! Ümumiyyətlə aslanlar bütün gün elə bununla məşğuldurlar. Əgər onlar qidalanmırsa, cütləşmirsə, yatmırsa, o zaman oynayırlar: xəlvət yaxınlaşırlar, atlanırlar və bir-biri ilə oynayırlar – bu onların ovçu bacarıqlarının inkişaf etdirilməsinin bir hissəsidir. Aslanlar bununla daim, erkən yaşlarından məşğuldurlar, yalnız tam yetişdikdən sonra onlar sakitləşirlər. Hətta Dekster, nəhəng görünməsinə və iki yaşa dolmasına rəğmən, hələ uşaqdır, buna görə də əsas vaxtını oyunlara sərf edir. Aslan praydının tərkib hissəsi olmaq istəyirəmsə, özümü eyni ilə onlar kimi aparmalıyam. Mən də bütün günü onlar kimi davranıram, sadəcə bəzi anlarda oyunlarımızı kamera ilə çəkirəm. Çoxları hiddətlənir: “Bu ağılsızlıqdır!”, amma mən və aslanlarım üçün bu tamamilə təbii və normal davranışdır.

Siz heç onları əhliləşdirməyə cəhd göstərməmisiniz?
Xeyr, heç bir heyvanım əhliləşdirilməyə məruz qalmayıb. Əgər onlara yaxınlaşıb oturmağı, harasa getməyi və ya nə isə etməyi əmr etsəydim, onlar mənə baxar və onlardan nə istədiyimi anlamazdılar. Təkrar edirəm, aslanlar mənə öz dillərini öyrədiblər, mən onlara öz dilimizi yox.

Afrikadakı eviniz barədə söz aça bilərsiniz? Qoruqdan çox uzaqdadır?
Ev qoruğun ərazisində yerləşir. Mən əməkdaşlarımla yan-yana yaşayıram. Onlardan bəziləri mənim evimdə, əsas binada yaşayır, kim üçünsə ayrıca ev tikdirmişəm, məsələn, fermanın meneceri Cessi üçün, çünki o burada arvadı və uşağı ilə qalır. Odur ki, hamımız yan-yana, birlikdə, böyük bir ailə kimi yaşayırıq! Heyvanların yaşadıqları ərazi isə bizi hər tərəfdən əhatə edir və yırtıcılar evlərimizin ətrafında azad dolaşırlar.

Boş vaxtınızı necə keçirirsiniz? Heyvanlar aləmindən savayı nəyəsə marağınız varmı?
Özümü formada saxlamaq üçün məşq etməyi, idmanla məşğul olmağı sevirəm. Bəzən pianino və ya ukuleledə ifa edirəm. Amma bilirsiniz, mən boş vaxta o qədər də ehtiyac duymuram, çünki məşğul olduğum hər şeyi sevirəm və bütün vaxtım buna sərf olur. Bütün gün ərzində istirahət etmək istəyəndə isə, mən belə də edirəm, həftənin günündən asılı olmayaraq. Düşünürəm ki, bu çox gözəldir! Əgər şövqlə sevdiyin işlə məşğulsansa və ətrafında səndə olanların ən yaxşısını üzə çıxaran insanlar varsa, o zaman hər andan zövq alırsan və əlavə boş vaxta ehtiyac duymursan. Bəli, mənim tonlarla o qədər də bəyənmədiyim işlərim olur, lakin onları sadəcə etmək lazımdır. Ancaq biz nə etsək də, həmişə bəyənmədiyimiz işlərlə üz-üzə gəlməli oluruq, amma onları etməliyik ki, yenidən sevinc bəxş edən işlə məşğul olaq!

Din Şnayderin Afrikadakı adi gününü təsvir edin.
Düzü desəm, mənim adi günüm olmur. Hər gün nəsə yeni bir şey baş verir. Məsələn, bu gün idman zalına çevirdiyimiz damda kobra tutduq və ilanı yenidən təbiətin qoynuna buraxdıq. Sonra bu mövzuda kiçik maarifləndirici video çəkdik. Adətən, oyanan kimi ilk olaraq Cey-Cey və ya başqa aslanlarla süjetlər çəkirəm – mən mütamadi olaraq həyatım haqqında hadisələri sosial şəbəkələrdə yerləşdirirəm, odur ki, insanlar bu həyatı mənimlə birlikdə yaşaya bilirlər, ancaq məndən fərqli olaraq, heç bir riskə getmirlər.

Siz vegetariansınız?
Özümü mülayim vegetarian adlandırardım. Biz əsasən faydalı vegetarian qida qəbul edirik, lakin həftədə 2 və ya 3 dəfə məmnuniyyətlə ət yeyirəm. Əminəm ki, bu da yaxşı, zəruri qidadır. Mən yaxşı hazırlanmış ətdən zövq alıram və buna görə də onu qiymətləndirirəm. Bəzən hətta özüm ov edirəm...

İsveçrə, əvvəlki həyat tərzi üçün darıxmırsınız? Qayıtmağı düşünürsünüz? Və ya özünüzü vəhşi heyvanların xilasına həsr edərək bütün qalan ömrünüzü Afrikada yaşamağa hazırsınız?
Bəli, əlbəttə, İsveçrə üçün darıxıram. Axı hətta İsveçrədə yaşamaq üçün yaradılmadığımı düşünsəm də, orada çox şeyim qalıb: insanlar, bağlılıqlar... Təqribən ildə iki dəfə ailəmə və dostlarıma baş çəkmək üçün məmnuniyyətlə Sürixə yollanıram. Amma 1-2 həftə sonra, hamı ilə görüşdükdən, istədiyim hər şeyi etdikdən və ehtiyac duyduğum hər şeyi əldə etdikdən sonra, Cənubi Afrikaya dönməyimə görə sadəcə çox xoşbəxt oluram. Bəli, hələlik özümü əsasən Afrikada yaşayan, qalan bütün ömrümü isə – vəhşi heyvanların xilasına və insan marağının heyvanlar aləminə cəlb edilməsinə həsr etməkdə görürəm. Mənim gələcək həyatım da bütün dünya boyu səyahətlərlə bağlı olacaq, çünki bu – qlobal missiyadır, o yalnız Afrika ilə bağlı deyil. Lakin aydındır ki, ürəyim artıq həmişəlik bu yerə bağlıdır: mənim evim buradadır və mən həmişə Cənubi Afrikadakı “Hakuna Mipaka” oazisinə qayıdacağam.

Ailə qurmağı planlaşdırırsınız?
Bəli, əlbəttə. Uşaqları sevirəm və öz ailəmə sahib olmaq istərdim. Bir, maksimum iki doğma övlada sahib olmaq yaxşı olardı və mən bir və ya iki, bəlkə də hətta üç uşağı övladlığa götürmək istərdim... İnsanların artan populyasiyası o qədər böyükdür ki, mən öz nəslimi artırmaqdan daha çox ailəmə artıq mövcudları, lakin valideyn qayğısından məhrum olanları qəbul etmək istəyirəm ki, onların gözəl həyatını və böyük imkanlarını təmin edim.

Yırtıcı ailənizdə sevimliniz kimdir?
Bu “ən çox sevdiyiniz övladınız hansıdır?” sualına bərabərdir. Əhvalımdan asılı olaraq sevimlilərim hər gün fərqlidir. Bəzən vaxtımı ancaq Deksterlə, bəzən Cey-Ceylə keçirmək istəyirəm, bəzən isə itlərim – Roki və Liamdır.


Dean Schneider YouTube channel

Yaxın gələcək planlarınızı bölüşə bilərsinizmi?
Əlbəttə! Mən ianələr seksiyasını genişləndirməyə hazırlaşıram, çünki bizim “Hakuna Mipaka” oazisinə daimi maliyyə tələb olunur. Biz də dəbli mallar xəttini işə salmağa hazırlaşırıq ki, insanlar yalnız ianələrini daxil etməsinlər, həm də fəxrlə adımızı daşısınlar və missiyamız haqqında bütün dünyaya danışsınlar. Bundan əlavə, bu və ya növbəti il təqdim edəcəyim vəhşi təbiət haqqında qlobal şou üzərində çalışıram. Planlarda daha çox şey var... Mən hamıya sosial şəbəkələrimdə yenilikləri izləməyi tövsiyə edərdim – bu mənim üçün bizdə baş verənlər haqqında məlumat ötürməyin ən şəffaf üsuludur.

Aldığınız ən yaxşı məsləhət hansıdır və onu kim verib?
Yəqin ki, “Öz həvəsinin dalınca getmək və etdiyim hər şeyin də bundan qaynaqlanması” – bunu Stiv İrvin deyib. Mən həmişə bu məsləhətdən istifadə edirəm, bunun müqabilində də uğur qazandım. Stiv İrvinə təşəkkür edirəm!

“Nargis” oxucuları ilə heyvanlar haqqında bir neçə fikir və ya faktla bölüşün. Bəlkə, elə bir şey deyəcəksiniz ki, bizi vəhşi təbiəti daha yaxşı anlamağa və ona daha çox ehtiramla yanaşmağa məcbur edəcək...
Uşaqlar, bu faktdır ki, biz heyvanları görmək istədiyimiz kimi deyil, olduqları kimi sevməyi öyrənməliyik. Təbiət hazırda insanın milyon illərlə mövcudluğu müqabilində olduğu kimidir, amma o bizə qədər də çox yaxşı keçinirdi. Gəlin onu murdarlamayaq! Biz virus yarada, bir-birimizi öldürə, heç nədən müharibələr başlada bilərik, lakin gəlin heyvanları buna görə əzab çəkməyə məcbur etməyək. Yekununda biz onların həyat tərzinə uyğunlaşmalıyıq. Və daha bir vacib fakt: heyvanlar bizim emosiyaların eynisini keçirirlər! Onlar yalnız görür, eşidir və hiss etmirlər – onların ürəyi və ruhu var, onlar kim üçünsə darıxa, əzab çəkə və göz yaşı tökmədən, səs çıxarmadan ağlaya bilirlər. Bu barədə az adam düşünür. Mən sadəcə əminəm ki, hətta böcəklər də emosiyalara malikdirlər, sadəcə onlar başqa qəbildəndir. Məməlilərdən söz açırıqsa, mən dəqiq bilirəm ki, onlar da biz insanlar kimi eyni duyğulara malikdirlər.

Əlinizdəki döymənin mənası nədir?
Burada deyilir: “Taleyə qarşı sən acizsən”. Həyatımızda çox vaxt dəyişə bilmədiyimiz hadisələr baş verir, odur ki, onlarla sadəcə barışmaq qalır. Həyatımın müəyyən mərhələsində mən şiddətlə bu “barışıqla” mübarizə aparırdım, düşünürdüm ki, hər şey mənim hərəkətlərimdən asılıdır... Bu döymə iləsə sanki özümə xatırladıram: bəzən həyatda nə isə sənin günahın üzündən baş vermir – bu sadəcə taledir. Belə dərk etmə bəzi şeylərlə barışmağa yardım edir.

İnsanların yaddaşında nə ilə qalmaq istərdiniz?
İstərdim ki, bütün dünyada məhəbbət toxumu səpən, insanları ruhlandıran və onları heyvanlar aləmi ilə tanış edən, şövqlə və eşqlə bu dünyanı ilk növbədə heyvanlar üçün yaxşılaşdıran insan kimi yadda qalım. Lakin bu dünya onlar üçün daha yaxşı yer ancaq o zaman olar ki, biz insanlar özümüz daha yaxşı olaq, axı məhz biz qaydaları müəyyən edirik. Buna məhəbbət və qarşılıqlı anlayışdan savayı necə yetişə bilərik. – N

*Material 71-ci buraxılışda dərc olunmuşdur.