NARGIS
NARGIS MAGAZINE
Simalar

Gina Ginali

Gina Ginali – işləri ilə bütün dünyanı fəth edəcəyini vəd edən yunan kökənli perspektivli gənc rəssamdır. O öz işləri ilə sıx əlaqə yaradaraq istisnasız mənəvi hisslər yaşadığı zaman yaradıcılıqla məşğul olur. Biz onunla hər mövzudan bir azca söhbət etdik və onun yaradıcılığı ilə yaxından tanış olduq.

Sənətə necə gəldiniz?

Uşaqlıqdan kukla ilə oynamaq yerinə plastilindən bir şeylər düzəltməyə üstünlük vermişəm. Təəssüf ki, incəsənət məktəbinə daxil olmağa imkanım yox idi, amma buna baxmayaraq həyat məni sənətlə bağladı.

İlk rəsminizdən bəhs edin. Kimə həsr etmişdiniz onu?

İlk rəsmim atamın portreti olub. Atam vəfat etdikdən sonra anam onun xatirəsinə həsr olunmuş portretini çəkməyimi məndən xahiş etdi. İndi onun portreti bizim evdə qonaq otağında asılıb.

Rəsm çəkdiyiniz zaman hansı hissləri keçirirsiniz?

Hansı hissləri keçirirəm? Azadlıq. Mən ancaq çətin vaxtlarımda, qəlbimdə bir ağrı və ya yük olduğunda rəsm çəkməyə başlayıram. Mən durduq yerə emalatxanaya gəlib, rəsm çəkə bilmərəm. Məhz bu səbəbdən işlərimin sayı azdır və onların hər birinin mənim üçün öz xüsusi yeri var.

Sizi nə ilhamlandırır?

Daha öncə qeyd etdiyim kimi, sadəcə ruh halım mənim yaradıcılığıma təsir göstərir.

Siz kikboksinqlə məşğulsunuz. Necə oldu ki, sizin kimi incə bir sənətlə məşğul olan zərif bir qız birdən
belə bir kobud idman növünə meyl saldı?

Düzünü desəm, daha çox qolf oynamağı sevirəm, o məni çox rahatladır. 14 yaşımdan oynayıram. Tay boksuna niyə maraq saldığımın isə sirr olaraq qalmasını istəyirəm (gülür).

Sizin rəsmləriniz və heykəlləriniz bir-birinə bənzəmir. İlk növbədə rəngləri və çalarları heç bənzəmir.
Zəhmət olmasa, deyin, bu düşünülmüş bir şeydir?

Yox, düşünülmüş bir şey yoxdur, axı mən sifarişlə rəsm çəkmirəm. Mən sadəcə gözlərimi bağlayıram, dərin nəfəs alıram və çəkməyə başlayıram. Rəng seçimi, ideya iş prosesi zamanı yaranır.

Sizin yunan kökləriniz yaradıcılığınıza təsir göstəribmi?

Mənim bəxtim gətirib, çünki mən Sankt-Peterburqda anadan olmuşam, amma evim Afinadadır. Bu şəhərlər daima ilhamlanmaq üçün inanılmaz memarlığa malikdirlər.

Siz dünya şöhrətinə can atırsınız? Yoxsa sizin üçün gözəlliyi yaratmaq prosesinin özü daha vacibdir?

Açığını desəm, bütün ölkələrdə işlərimin tanınması və adımın bütün dünyaya səs salması planlarımda var.

Siz nəticə etibarilə işlərinizdən həmişə razı qalırsınız?

Mən razı qalmayana qədər işimi bitirmirəm.


Hazırda hansı işin üzərində çalışırsınız?

Alovlu heykəl. Hələlik bu qədərini deyə bilərəm.

Siz gözəl, effektiv gənc qadınsınız. Əgər seçiminiz sənət olmasaydı, nə ilə məşğul olardınız?

Aktrisa olardım. Hətta deyim ki, seriallarda və filmlərdə çəkilməyə artıq dəvətlər belə almışam.

Gələcək planlarınızı bölüşərdiniz.

Mən heç vaxt gələcəyi planlamıram, bunu pis əlamət hesab edirəm. Bütün addımlarım indiki zamanda yaranan arzularımdan irəli gəlir.