NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Tələsmədən yaşamaq

Dənizi sevirsiniz? Mən onu çox sevirəm. Dəniz mənə enerji verir, tarazlığımı bərpa edir və yalnız dənizin bəxş etdiyi xüsusi bir daxili sakitlik hissini yaşadır. Təsəvvür edin: şəhərin səs-küyündən bir neçə günlüyə uzaqlaşırsınız, üfüqün evinizə çevrildiyi, dalğaların isə ən yaxşı meditasiya kimi sizi yuxuya apardığı bir kruizə çıxırsınız.

Yaxınlarda MSC Cruises ilə səyahət etmək şansım oldu və bu, unuda bilməyəcəyim bir təcrübə idi. MSC Cruises Aralıq dənizindən Kariblərə, Şimali Avropadan Cənubi Amerikaya qədər dünyanın dörd bir yanına yollanır. Mənim marşrutum Aralıq dənizi idi — Roma çıxış nöqtəsi, dayanacaqlar isə Palma-de-Mayorka və Barselona. Vizasız səyahət etmək istəyənlər üçün şirkət Fars körfəzinə doğru vizasız marşrutlar da təklif edir — Dubay, Doha, Bəhreyn, Əbu-Dabi və Sir Bani Yas adası kimi dayanacaqlarla.

Etiraf edim ki, səyahətdən əvvəl bir az narahat idim. Çünki mən o insanlardanam ki, hətta maşında belə hərəkət xəstəliyi yaşaya bilirəm. Ona görə özümlə dəniz xəstəliyi dərmanları götürmüşdüm, dalğaların ritminə hazırlaşırdım. Amma təəccüblüsü odur ki, onlardan heç birinə ehtiyac olmadı. Gəminin stabilizatorları mükəmməl işləyirdi, dəniz isə sanki bizimlə birlikdə nəfəs alan sakit bir varlıq idi.

Və beləliklə — macəra başladı! İlk məni heyran edən şey gəminin ölçüsü oldu. Bu, sözün əsl mənasında üzən bir şəhərdir. Hər göyərtə bir dənizin və ya okeanın adını daşıyır və sanki hər birinin öz kiçik dünyası var. Kabinəm geniş və inanılmaz dərəcədə rahat idi. Lakin terrasım daha füsünkar idi. Hər səhər günəşdən əvvəl oyanır, səhər yeməyi sifariş edir və qəhvəmi çəhrayı şəfəqlə birlikdə qarşılayan dənizin mənzərəsi ilə günü başlayırdım.

Kruiz bütün gözləntilərimi aşdı. Zipline, teatr, akvapark, spa, butiklər, hətta kazino — hər şey yüksək səviyyədə idi. Amma ən çox məni Şüşə Körpü — Bridge of Sights valeh etdi. Orada dayananda, altında parıldayan dalğalara baxarkən zaman sanki dayanırdı. O anlarda dəniz sonsuz görünürdü və özümü onun bir parçası kimi hiss edirdim.
Teatrı sevən biri olaraq axşam şoularını qaçıra bilməzdim. Səhnələr o qədər rəngarəng və peşəkar idi ki, dənizin ortasında olduğumu unutdururdu! Ardınca gecə klubu, rəqs və istirahətin gətirdiyi o yüngüllük hissi gəlirdi.

  •  
  •  
  •  
  •  
  •  
/

“Kruizlər yalnız təqaüdçülər üçündür” kimi təsəvvürlər çoxdan köhnəlib. Unudun bunu! Gəmi gənc cütlüklərlə, uşaqlı ailələrlə, dost qrupları ilə dolu idi — sadəcə dincəlmək və enerji toplamaq istəyən insanlarla. Maraqlısı odur ki, 2019–2024-cü illər arasında MSC Cruises sərnişinlərinin orta yaşı 11 il aşağı düşüb. Görünür, dənizin hamıya gəncləşdirici təsiri var.

Və əlbəttə, gəminin əfsanəvi Swarovski kristal pilləkənini qeyd etməmək olmaz. O, dörd göyərtəni birləşdirir və hər addımda parıldayaraq sanki rəqsə dəvət edir.
Gəmidə yemək də ayrıca bir macəra idi. Onlarla restoran — adi kafe üslubundan tutmuş yüksək səviyyəli mətbəxə qədər. Dəniz məhsullarını sevən biri olaraq Ocean Cay məni tamamilə valeh etdi — təzə istridyələr, keçic balığı, midyalar. Sakit bir məkan axtaranda isə L’Atelier Bistro-ya gedirdim — zərif fransız kafe atmosferi, dalğaların səsi və qəhvə ilə birlikdə düşünmək üçün mükəmməl məkandır.

Bu səyahət həmişə yaddaşımdə qalacaq. Kruizdə bir sehr var — səhərlər dənizin yumşaq səsi ilə, zəngli saatsız başlayanda; üfüq hər gün dəyişəndə və insan özü də yavaşlayıb daha dərindən nəfəs almağa başlayanda. Quruya qayıdanda bir şeyi anladım: dəniz sadəcə varlığı ilə insanı sağaldır.