NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Qəlbin musiqisi

Azərbaycan muğamının mahir ifaçısının adı çoxdan dəyərə çevrilib, istedadı isə - ölkəmizin hüdudlarından çox uzaqlarda onun vizit vərəqəsidir. Alim Qasımov – tanınmış Azərbaycan xanəndəsi, adı Vaşinqtondan Keyptauna, Səmərqənddən Londona qədər dünyanın ən yaxşı konsert salonlarının afişalarını bəzəyən beynəlxalq nadir səslər assambleyasının üzvüdür. Bənzərsiz istedadına görə onu “böyük musiqiçi”, “zəmanəmizin dahisi” adlandırırlar, populyar İslandiya müğənnisi, bəstəkarı və kino aktrisası Byork isə etiraf edir ki, Alim Qasımov onun “bu gün həyatda olan ən sevimli müğənnisidir”. Alim Qasımov dünyanın ən nüfuzlu müsəlmanları siyahısına daxil edilib, ona çoxsaylı adlar, titullar və mükafatlar, o cümlədən, YUNESKO-nun beynəlxalq musiqi mükafatı təqdim edilib, onun istedadı qarşısında böyükdən kiçiyə qədər hamı təzim edir... Artist özü isə istedadına sakit yanaşır, təkəbbür ondan uzaqdır. İstənilən həmsöhbəti ilə onun ifasında paklayan, şəfa verən və dinləyicilərdə dərin hisslər oyadan muğamda olduğu kimi açıq və səmimidir. Ərəb dilindən “alim” adı “xəbərdar”, “müdrik” kimi tərcümə olunur. Alim Qasımovun ifaçılıq bacarığı doğrudan da mənəvi təbiətə malikdir və dinləyicini yer həyatının hadisələr burulğanından digər fəzalara, ruhun dərinliklərinə çox maraqlı səyahətlərə aparmaq iqtidarındadır. NARGIS jurnalına müsahibəsində muğam ustası, Azərbaycanın xalq artisti Alim Qasımov istedadın təbiəti və gücü, həmçinin ən vacib, əbədi və gizli dəyərlər haqqında düşüncələrini bölüşüb.

Bilirəm ki, uzun illərdir oruc tutursunuz. Fikir vermisinizsə, son zamanlar oruc tutanların sayı çoxalıb və bu yalnız dindarlar arasında deyil. İlk dəfə bu yola qədəm qoyanlara nə məsləhət görərdiniz?
Oruc xüsusi zövq verir, bu imanın təcəssümüdür. Orucluq zamanı günün işıqlı vaxtında insan yemir və içmir, yəni dünyaya bütün bağlılıqları tərk edir. Düşünürəm ki, ruhunu sınamaq üçün bu şansdan istifadə etməyə dəyər. İnsanların oruc zamanı mənəvi zənginləşməsini hiss edirəm. İftarı xüsusən ailə, dostlar və qohumlarla keçirmək yaxşıdır. Nəvələrimin hər ikisi – birinin 12, digərinin 15 yaşı var – oruc tuturlar. Yaxınlarla ünsiyyət sevinci – xüsusi sevincdir.

Ailədən söz düşmüşkən, səhnəni gözəl muğam ifaçısı, qızınız Fərqanə xanımla böldükdə nə hiss edirsiniz?
Səhnədə Fərqanə ilə çıxış etsəm də, əslində konsertdə bütün ailəmiz iştirak edir. Biz hamımız incəsənətlə sıx bağlıyıq və ona çox tənqidi yanaşırıq. Hətta başqaları mənə nöqsanlarım barədə evdəkilər qədər demirlər! Bəli-bəli, ailəm – özünəməxsus böyük jüridir və “müsabiqədən” keçmək elə də asan deyil!

Bəs nəvələriniz yaradıcılığınız barədə nə düşünürlər?
Onlar artıq nəyin yaxşı, nəyin isə pis olduğunu anlayırlar. Onların öz fikirlərini belə ifadə etmək azadlığına malik olmaları xoşuma gəlir. Əlbəttə, onlar gəncdirlər, onların incəsənətə öz baxışları, muğamı özlərinə xas qavramaları var. Mən onlarla tez-tez söhbət edirəm, bu və ya digər məsələ barəsində düşüncələrini xəbər alıram. Böyük nəvəm bir dəfə dedi: “Baba, bağışla, əvvəllər mən səni az dinləyirdim, amma indi nəyi və necə etdiyini anlayıram”. Əsas odur ki, onlar yalnız dinləməsinlər, həm də eşitsinlər.

“Nargis” jurnalının bu buraxılışının mövzusu istedaddır. Sizcə, istedad ilahi vergidir, yoxsa onu inkişaf etdirmək mümkündür?
İnsan daim öz üzərində çalışır, onun təbiəti belədir və əlbəttə ki, Allah ona məqsədinə çatmaqda yardım edir. Bəziləri istedadlı olmalarını və onun qüvvəsini dərk etmirlər. Məsələn, mən dərk etmirdim. Bizim nəsildə hamı oxuyurdu. Atamın gözəl səsi var idi və hətta indi, pis eşitdiyi dövrdə də səsi yerindədir. Doğmalarım və tanışlarım mənə incəsənətdə təkmilləşməyi məsləhət görürdülər. Mən bir çox peşə sınamışam: sürücü, fəhlə, qarovulçu işləmişəm, bacardığım kimi çörək qazanmışam, amma həyat özü məni muğama gətirdi.
Bəli, sovetlər dönəminə təsadüf edən gəncliyimdə indiki kimi şərait yox idi. Elə olurdu ki, hətta musiqi məktəbinə daxil olmaq üçün rüşvət alırdılar. İndiki uşaqlar müsabiqələrdə münsiflər qarşısında çıxış etdiyi kimi, mən də bütün böyük artististlərimizin yanına dinləmələrə gedirdim. Qəribədir, lakin onlardan heç biri əlimdən tutub demədi ki, bu istedadlı uşaqdır, ona məktəbə daxil olmağa yardım göstərmək, təhsil almağa imkan vermək lazımdır. Sonda məni rəhmətlik Siyavuş Aslanın məsləhəti ilə Asəf Zeynallı adına peşə məktəbinə pulsuz qəbul etdilər. Demək istəyirəm ki, həyat heç vaxt düz xətt üzrə getmir, bu daimi yüksəlişlər və enişlər, yağış və günəş, gecə və gündüzdür. Nə mən özüm, nə doğmalarım ağlımıza belə gətirmirdik ki, mən muğam ustası olacam. Düzünü desəm, məktəbdə yuxarı siniflərdə mən o qədər də yaxşı oxumurdum. Və birdən, heç özüm də bilmirəm necə, ciddi oxumağa başladım. Müəllimlərimdən biri həm də tanınmış müğənni Ağaxan Abdullayev idi. O, mənim nə qədər oxuduğumu görürdü. Hətta evimizə qonaq gələndə belə oxumağa davam edirdim... Əvvəllər mənimlə belə hal baş verməmişdi. Öz üzərimdə çox çalışırdım.
Əlbəttə, vergili, istedadlı insanlar var. Olur ki, on nəfər şeir oxuyur, amma yalnız biri təsir bağışlayır. On nəfər muğam oxuyur, amma yalnız biri ürəkləri riqqətə gətirir. Deməli, başqa insanların hisslərinə təsir etmək qabiliyyəti ona Yaradanın Özü tərəfindən bəxş edilib...

Necə düşünürsünüz, istedad insana hansısa müəyyən missiyanın yerinə yetirilməsi üçün verilir?
İnanclı insanlar deyir ki, mən dini təhsil almalıydım. Bu istiqamətdə çox işləmişəm, amma mənim elə təhsilim yoxdur, elə yaddaşım da o qədər yaxşı deyil. Çox gözəl səslər, çox gözəl Quran oxuyanlar var. Lakin Yaradan məni muğam yolu ilə aparırdı və insanların qəlbində Allaha, insana məhəbbəti, mənəvi eşqi artırmağı öyrətdi. Bu mənim missiyamdır. Əks təqdirdə mənə, məsələn, Quran oxumaq nəsib olardı. Mənim isə qabiliyyətim başqadır – muğam vasitəsi ilə insanları toplamaq və Allaha yaxınlaşmaq, mənən paklanmaq imkanı vermək. Allah buyurur: “Mən hər yerdəyəm, məni hər şeydə görə bilərsiniz”. Ona görə də mənə elə gəlir ki, Yaradan bütün sahələrdə, peşələrdə boşluqları doldurur ki, sonda hər kəs mənəvi paklanma yoluna qədəm qoya bilsin.

Çox insanlar öz missiyalarını, qismətlərini tapmaq istəyirlər. Onlara nə məsləhət görərdiniz?
Missiya – paklığa, gözəlliyə və nəticədə Allahı tanımağa aparan yoldur. Yaşadığım illərə arxalanaraq deyə bilərəm ki, gənclər bu yolu tapa və onunla addımlaya bilsələr, bir çox suallarına cavab tapacaqlar: bu dünyaya nə üçün gəliblər, onların vəzifəsi nədir... Məhz mənəvi paklıq yolunda özündə istedad kəşf etmək və həyatın mənasını tapmaq mümkündür.

Bəs necə etmək olar ki, istedadını əldə etdikdən, dərk etdikdən sonra uğurlardan baş gicəllənməsin?
Düşünürəm ki, məni mənim özümdən daha çox incəsənət tərbiyələndirib. Lakin daxilimdə həmişə düzlük, inam və mərhəmət olub. Uşaqlığıma nəzər salaraq xatırlayıram ki, mən həmişə mərhəmətli olmuşam. Mərhəmət isə artıq imanın yarısıdır. O varsa, insan öz yolunu, özünü tapa bilər. Əsas özünə arzu etmədiyini başqalarına arzu etməməkdir. Haqq yoluna insanı öz işinə vurğunluğu və iman çıxarır. O zaman o həm Yaradan, həm də insanlar tərəfindən sevilir.

İfa üçün qəzəlləri necə seçirsiniz?
Əvvəlcə ustadlarımızın oxuduqları qəzəlləri seçirdik. Lakin çoxsaylı konsertlərdən sonra mən özüm qəzəlləri öyrənməyə və onlar əsasında muğam ifa etməyə başladım. Sevindiricidir ki, gənclər də bu gün belə edir, beləliklə də qəzəllər nəsildən-nəslə ötürülür.

Necə düşünürsünüz, muğamın gücü nədədir?
Özümə bunu belə izah edirəm ki, Allah yaşamaları üçün bütün canlılara ruzi yetirib. Muğam – ruhumuzun qidasıdır. Axı onun da qidaya ehtiyacı var. Konsertlərdən sonra məndən tez-tez soruşurlar: “Siz sufisiniz, ya dərviş?” Mən adətən cavab verirəm ki, bu cərəyanlar haqqında heç nə bilmirəm, amma ola bilsin mənim musiqimdə və ya davranışımda onlara nəsə bənzərlik var... Bəziləri muğamı dinləyəndə ağlayırlar, digərləri ona vurulurlar... Tez-tez camaat bizə deyir: “Siz bizi Allaha yaxınlaşdırdınız, biz sanki onu gördük!” Hətta islama aidiyyəti olmayanlar bizi dinlədikdən sonra deyirlər: “Sən bizi ulduzlara ucaltdın”.

...Sanki insanın ruhunda gözəgörünməz qapı açılır.
Eynən. Musiqi insanları maddiyyatdan, görünən dünyadan uzaqlaşdırır və mənəvi dünyaya, məhəbbət dünyasına aparır. Belə xüsusiyyət muğama da xasdır.
Bu musiqiyə qərq olduqda siz ətrafdakıların nəzərində qəribə görünə bilərsiniz. Lakin muğam dünyasında sözlər, musiqi və improvizasiya o qədər orqanik bir-birinə sarılıblar ki, siz uçduğunuzu hiss edirsiniz! Siz bu musiqi dünyasında özünüzü çox rahat hiss edirsiniz, bu çox gözəl hissdir – harmoniya duyğusu. Musiqiçilərin daxilində alov yananda, musiqi və səs ahəng təşkil edəndə, ətrafda hər şey harmoniya tapır. Belə bir halda hətta dinləyicinin səni qəbul edib-etməməsi barədə düşünmürsən, - sən sadəcə əminsən ki, musiqiçi pərvazlandığını hiss edirsə, o zaman onun dinləyicisi də eyni hissi keçirir. Biz bunu hər konsertdə müşahidə edirik.

İlk dəfə muğamı eşidən dinləyicilərin reaksiyası, adətən, necə olur?
Bu an insan özünü son dərəcə xoşbəxt hiss edir. Bunu müşahidə etmək çox maraqlıdır. Sanki insanlar acıblar, siz isə onları doyuzdurdunuz, susamışdılar – siz isə bu yanğını aradan qaldırdınız.

Biz ofisdə tez-tez ötən ilin dekabrında təqdim olunan Cəlaləddin Ruminin sözlərinə yazılmış “Rababi” mahnınızı dinləyirik. Bilirəm ki, Ruminin qəzəlləri yaradıcılığınızın əhəmiyyətli hissəsidir. Daha hansı klassiklər Sizi ilhamlandırır?
Sufi musiqisi və Allah sözünü tərənnüm edən pakistanlı mərhum Fateh Əli Xan. O bizim peyğəmbərimiz Məhəmməd (Allahın salamı olsun ona) haqqında, ilahi dəyərlər haqqında oxuyub... Sufi musiqisi pakistanlılara yaxındır. Fateh Əli Xan dünyada çox populyardı. Mən bir dəfə Fransada ona həsr olunan konsertdə oldum, çox maraqlı idi. Mən musiqini, şeiri, səsi indicə söz açdığım dünyadan qaynaqlananları dinləyirəm. O dünyaya məxsus olmayan, amma sufi musiqisini ifa edən musiqiçilər də var. Onun öz füsunkarlığı var.

Yəqin Siz də fikir vermisiniz ki, çox zaman istedadlı insanları bir coğrafiya, ölkə, region və hətta şəhər birləşdirir. Məsələn, Azərbaycanda işğala qədər belə yer Şuşa idi...
Şuşa istedadlarla zəngin bir torpaqdır. Bir çox azərbaycanlı musiqiçilərin də əslən Şuşadan olması bunun bariz sübutudur. Qədim zamanlardan ziyalılar hər tərəfdən Şuşaya axışırdı və buna görə də orada hər şey inkişaf edirdi – musiqi, incəsənət... Zamanla Şuşada yaradıcı atmosfer öz-özünə formalaşdı. Gördüyünüz kimi, indi hamı Bakıda toplaşıb və istedadlar daha çox burada üzə çıxır. Məsələn, əvvəllər mədəniyyət mərkəzi Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı olanda, bütün rəssamlar və yazıçılar orada cəmləşirdi. Və yeri gəlmişkən, ora da intellektualların, bütün sahələrdə bacarıqlı insanların inkişaf etdiyi yer idi. Onlar da öz ölkələrinin mədəniyyətinin inkişafına az töhfə verməyiblər.

Ötən ilin dekabrında Siz Şuşada oldunuz. Təəssüratlarınızı bölüşə bilərsinizmi?
Bu mənim Şuşaya ilk səfərim deyildi. İlk dəfə orada 80-ci illərdə mərhum Süleyman Ələsgərovla olmuşam. Yadımdadır, ağacların təpələri sanki Şaxta Baba bəzəmiş kimi ağappaq idi... Sonralar dağ zirvələri və təmiz havalı Şuşa sanki yetim qaldı – amma indi tədricən onun əvvəlki atmosferi bərpa olunacaq və insanlar doğma diyarlarına dönəcəklər.

Siz demisiz ki, Cıdır Düzündə festival təşkil etmək lazımdır. Onu necə görürsünüz?
Allah eləsin, bu baş tutsun. Bu festival hər il keçirilsə və ənənəvi hal alsa, Şuşaya məşhur insanlar gəlməyə başlayacaq və onun gözəlliyi barədə bütün dünya biləcək. Düşünürəm ki, bu musiqi bayramı müxtəlif ölkələrdə çox sayda pərəstişkarı olan beynəlxalq folklor festivalları sırasında layiqli yer tutacaq.

Hazırda Şuşanın türk dünyasının mədəniyyət mərkəzi elan edilməsi müzakirə olunur. Necə düşünürsünüz, dediyiniz kimi, “yetim” qalmış şəhərin dəyişdirilməsinə nədən başlamaq lazımdı?
Şuşanı bərpa etmək üçün, incəsənətə dəyər verən və ona xidmət edən əsl sənətkarlar orada nümunəvi məktəblər və emalatxanalar inşa etməyə başlamalıdırlar. Elə məktəblər ki, hansısa sualımıza yalnız orada cavab tapa bilək. Bu gözəl diyar, əsl ziyarətgah olmalıdır ki, insanlar xaricdən ora mənəvi qida axtarışına gəlsinlər. Bu, orada özünəməxsus aura bərpa edildikdən sonra baş verəcək. Biz Şuşa məscidində dua etdik ki, bizim xalq, gənclərimiz və torpağımız bir daha müharibə görməsin.

Bilirəm ki, Siz hətta pandemiya şəraitində çalışmağa davam etmisiniz. Yaxın planlarınız haqqında nə deyə bilərsiniz?
Tezliklə Moskvada böyük teatr festivalı baş tutacaq. Onun teatral olmasına baxmayaraq, biz orada iştirak etmək, uşaqlar və musiqiçiləri dəstəkləmək qərarına gəldik. Bununla yanaşı biz Türkiyədən bir neçə maraqlı təkliflər aldıq.

Təəssüf ki, pandemiya yaradıcı insanlara ağır zərbə vurdu...
Pandemiya zamanı artistlərdə hər şey dayandı, başqalarında olduğu kimi. Nə zamanlar yaşadıq biz! Elə olurdu ki, yaxın adam xəstələnib, amma ona baş çəkmək olmaz... Sizin doğma balanız qonşu otaqdadı, amma sizə daxil olmaq olmaz, yoluxa bilərsiniz... Düşünürəm ki, bu üsulla Yaradan bizə deyir: “Siz kimsiniz? Əslində, heç kim!” Bəzən ətrafımızda o qədər səs-küy yaradırıq ki, amma əslində biz heç kimik!

“Nargis” jurnalının oxucularına nə arzulayardınız?
“Nargis” jurnalının oxucularına dünyanı gözləri ilə deyil, ürəkləri ilə dərk etmələrini arzulayıram. Gözlərimiz artıq bizi pozublar. Daxili dünyanı inkişaf etdirən musiqi dinləmək lazımdır, - hamıya bunu arzulayıram.