
İllər ötdükcə dəb və trendlər bir birini əvəz edir. Dəb evləri moda sənayesində trendləri müəyyənləşdirdiyi kimi, qida sənayesində marketinq də yeni tendensiyalar yaratmaqda onlardan geri qalmır. Yağsızlaşdırılmış məhsullar dövrü bitib və artıq bu dövrü şəkərsiz qidalar əvəz etməkdədir. Şəkər bu gün təkcə gündəlik qida məhsulu yox, həm də müzakirə və qınaq obyektinə çevrilir – sağlamlıqla bağlı bir çox problemlərin səbəbkarı rolunu məhz onun adına yazırlar. Şəkər nədir və həqiqətən də bir çox problemlərin mənbəyidirmi? Gəlin aydınlaşdıraq.
Şəkər nədir və həqiqətən də bir çox problemlərin mənbəyidirmi?
Şəkəri sənaye istehsalı və biokimya mövqeyindən nəzərdən keçirək.
Adətən şəkər, sənaye istehsalı prosesində xüsusi emala məruz qalmış təmizlənmiş ağ şəkərlə əlaqələndirilir. Xammalın emalı prosesində (şəkər çuğunduru, şəkər qamışı və s.) biz saf saxaroza və ya sonradan mağaza rəflərində gördüyümüz şəkəri əldə edirik.
Biokimya nöqteyi nəzərindən şəkər – şirin dada malik karbohidrat qrupunun ümumi adıdır. Biokimyada şəkər adətən aşağı molekulyar çəkiyə malik və ya sadə karbohidratlara (şirniyyat, şirin un məmulatları, siroplar, şirin meyvələr və s.) aid edilir. Onlar, qanda şəkər miqdarının qəfil artmasına və eyni ilə güclü enişinə səbəb olur və nəticədə biz, yenidən yemək yemək istəyirik. Polisaxaridlər və ya mürəkkəb karbohidratlar (dənli bitkilər, tərəvəzlər, paxlalılar və s.), molekulyar strukturlarının mürəkkəblikləri hesabına yavaş - yavaş parçalanır və bizim daha uzun müddət tox qalmağımıza səbəb olurlar.
Gəlin birlikdə şəkər, onun istehsalı və orqanizmə təsiri haqqında geniş yayılmış miflərlə tanış olaq.
Mif 1. Şəkər çəki artımına səbəb olur.
Geniş yayılmış belə bir fikir var ki, şəkər özlüyündə çəkinin artmasına səbəb olur, lakin bu çox da doğru deyil. Şəkərin orqanizmə göstərdiyi təsiri və çəki artımına səbəb olan ünsürü anlamaq lazımdır.
Şəkər orqanizmə necə təsir edir?
Şəkər enerji mənbəyidir. Biz sadə şəkərləri istehlak etdiyimiz zaman onlar qana tez mənimsənilir və orqanizmə enerjinin əldə edilməsi üçün istifadə olunan qlükozaya çevrilir. Şəkərlərin sadə molekulyar quruluşa səbəb olması, orqanizmin onlardan enerji əldə etməsi üçün çox da enerji sərf etməsinə ehtiyac duymamağına gətirib çıxarır: kalorilər bir anda daxil olur, lakin bu o demək deyil ki, şəkər çəkinin artmasına səbəb olur. Çəkinin artmasına səbəb hansı mənbədən əldə etdiyimizin bir əhəmiyyəti olmayan, lakin istifadə etmədiyimiz çoxlu miqdarda artıq kaloriləri qəbul etməyimizdir. Bəli, tort dilimdən əldə etdiyimiz 200 kalori və davamlı şəkildə istehlak etdiyimiz toyuq döş ətindən aldığımız 200 kalori tərkibində olan qida maddələrinə və orqanizmə verdiyi faydalara görə bir birindən fərqlənir, amma enerji nöqteyi nəzərindən bərabər olur. Eyni ilə yüksək və aşağı keyfiyyətli yanacağın mühərrikə verdiyi enerji kimi.
Şəkər necə çəki artımına səbəb ola bilər?
Əgər siz çoxlu miqdarda şəkər qəbul edir və bu enerjini sərf etmirsinizsə, şəkərdən gələn enerji, bütün digər qida məhsullarından gələn enerji kimi yağ şəklində toplana bilər. Şəkərin özü deyil, onun artıq miqdarda istifadəsi arzu edilməyən çəki artımına səbəb ola bilər.
Vərdiş və gizli kalorilər
Bəzən biz, bir konfetin əvəzinə 5 – ni yediyimizin fərqinə varmırıq, tərkibində yüksək miqdarda şəkər olan içkiləri sifariş etməyə vərdiş edirik, tərkibində çoxlu miqdarda boş kalori olan desertlər alırıq. Toxluq hissi qısa müddətli olur və biz, yenə də yemək istəyirik. Öz qida rasionunu dəyərləndirmək və rəngarəng və balanslaşdırılmış qidalanmanın xeyrinə düzgün seçimlər etmək - gözəl və sağlam bədənə doğru gedən yoldur. Rasional qidalanmağı öyrənərək siz hər zaman özünüzü desert ilə sevindirə bilərsiniz – bəli, şəkərli desertlə və bu da, sizin bədən quruluşunuza ziyan vurmayacaqdır.
Mif 2. Sənaye şəkəri fiziki asılılıq əmələ gətirir
Şəkər asılılığı məsələsi müasir qabaqcıl alimlərin müzakirə mövzusu və tədqiqat obyekti olmuşdur. Məsələnin aktuallığı əsassız deyildir, axı bəzən desertdən və ya daha bir şokolad dilimindən imtina etmək mümkün olmur. Lakin, hər şey bu qədər sadə deyil.
"Şəkər asılılığı" mövzusunda az deyil, xeyli tədqiqat mövcuddur. Lakin onların əksəriyyəti qeyd edir ki, şəkərin həddindən artıq istehlakı fiziki asılılıqdan daha çox bir vərdiş və ya zövq almağa yönəlmiş emosional ehtiyacdır. Biz şirniyyat yedikdə, beyində dopamin ifrazı stimullaşdırılır və bu, bizdə xoşbəxtlik hissi yaradır. Beyində baş verən bu “xoş kimyəvi reaksiya” isə şirniyyata daha çox can atmağımıza səbəb ola bilər.
Başqa bir maraqlı fakt: saf halda şəkəri yemək çox az adamın ağlına gələr. Fikir verin, şəkərin özü-özlüyündə heç də xüsusi bir həzz yaratdığını demək olmaz, elə deyilmi? Axı çox az adam axşam yeməyindən sonra bir-iki xörək qaşığı şəkəri xırtıldatmaq xəyalındadır. Amma məsələn, bir parça çiskeyk şəklində həm şirin, həm də yağlı birləşməni təqdim etdikdə – bu dad bizim üçün əsl cəlbedici olur. Ümumiyyətlə, “şirin + yağlı” kombinasiyası beynimiz tərəfindən ən xoş kimi qəbul olunur.
Fiziologiya və yaşamaq baxımından beyin olduqca məntiqli və bizim xeyrimizə işləyir: məhz bu cür qidalar (şirin və yağlı) ən çox kalorili olduqları üçün bizi ehtiyat enerji ilə təmin edə bilir. Amma artıq aclıq təhlükəsi və sağ qalmaq uğrunda mübarizə dövrləri geridə qalıb – mağazalar asanlıqla əldə edilə bilən qida ilə doludur və onları əldə etmək üçün mübarizə aparmağa ehtiyac yoxdur. Lakin insan beyninin işləmə prinsipləri, ümumilikdə, min illər öncəki ilə eynidir.
Bu da müasir insanın qarşısında duran əsas çətinliklərdən biridir: biz reallığın yeni qaydalarına uyğunlaşmağı, o cümlədən də yeni qidalanma vərdişləri formalaşdırmağı öyrənməli oluruq.
Tədqiqat («Westwater və b., 2016, Neuroscience & Biobehavioral Reviews»):Hazırda şəkərin kimyəvi asılılıq yaratdığına dair heç bir sübut yoxdur. Şəkərin həddindən normadan artıq istehlak edilməsi qida vərdişləri ilə bağlıdır – yəni dadlı yemək yemək istəyi ilə, məhz şəkərlə deyil.
Tədqiqat («Gearhardt və b., 2011, Yale Food Addiction Scale»):Bəzi insanlarda, xüsusən də şəkər + yağ kombinasiyasına qarşı “qida asılılığı” olur (məsələn, un məmulatları, şokolad).
Bu yalnız şəkərlə deyil, həm də yüksək kalorili qida ilə bağlıdır.
Bəs bu nə deməkdir? Deməli, saflaşdırılmış şəkər, əslində, bizim qida vərdişlərimizə görə məsuliyyət daşımır?İnandırıcı səslənir, elə deyilmi? Tamamilə.
Mif 3. Ağ şəkərə kimyəvi maddələr və ağardıcılar əlavə olunur.
Gəlin bu məsələyə aydınlıq gətirək. Şəkər sənaye miqyasında necə əldə olunur?
Rafinə olunmuş şəkər bu mənbələrdən alınır:• Şəkər qamışı (tropik ölkələrdə: Braziliya, Hindistan, Tailand);• Şəkər çuğunduru (mülayim iqlimdə: Rusiya, Almaniya, Fransa).
Rafinə olunmuş şəkərin istehsal mərhələləri:
1. Şirənin alınması• Şəkər çuğunduru xırdalanır və isti su ilə emal edilərək şəkər çıxarılır.• Şəkər qamışı isə əzilir və sıxılır, nəticədə şirəsi ayrılır.
2. Şirənin çirklərdən təmizlənməsi• Məsələn, lif və digər yad maddələrdən.
3. Qatılaşdırma və kristallaşma• Şəkər siropu suyu buxarlandırmaqla qatılaşdırılır.• Daha sonra soyudulur və bu zaman şəkər kristalları əmələ gəlməyə başlayır.
4. Sentrifuqalama• Kristallar mayedən (qara şərbət – patka) ayrılır.• Nəticədə sarımtıl və ya qəhvəyi rəngdə olan xam şəkər alınır.
5. Rafinasiya (təmizləmə prosesi)• Xam şəkər suda həll olunur və aktivləşdirilmiş kömür və ya ion mübadilə qatranları ilə təmizlənir.• Bu yolla patka qalığı və rəngverici maddələr uzaqlaşdırılır.• Daha sonra sirop yenidən buxarlandırılır və kristallaşdırılır.
6. Son qurutma və qablaşdırma• Kristallar qurudulur, ələnir və qablaşdırılır.• Nəticədə 99,9% təmizliyə malik ağ rafinə şəkər əldə olunur — bütün proses isə təbii xarakter daşıyan fiziki-kimyəvi mərhələlərdən ibarətdir.
Mif 4. Şəkər əvəzinə bal yemək daha yaxşıdır.
Bal və şəkər – fərq nədədir?
Tərkibi və biokimyəvi xüsusiyyətləri:
• Şəkər (saxaroza) – təxminən 50% qlükoza + 50% fruktoza ibarətdir.• Bal isə təxminən 30–40% qlükoza və 30–40% fruktoza ehtiva edir, eyni zamanda az miqdarda vitamin və minerallar da mövcuddur.• Lakin bu faydalı maddələrin miqdarı o qədər azdır ki, real təsir göstərməsi üçün balı çox böyük miqdarda qəbul etmək lazımdır – bu isə sağlamlıq üçün zərərli ola bilər.• Üstəlik, bal qızdırıldıqda (məsələn, isti çaya əlavə edildikdə) tərkibindəki vitaminlərin əksəriyyəti məhv olur və nəticədə o, sadəcə şəkər kimi qalır.
Nəticə:
Bal və şəkər arasında fərq minimaldır. Əsas olan miqdara nəzarət etməkdir – hər şeydə olduğu kimi, burada da ölçü vacibdir.
Mif 5. Qəhvəyi şəkər ağ şəkərdən daha faydalıdır.
Qəhvəyi və ağ şəkər arasındakı fərq.
Qəhvəyi və ağ şəkər – hər ikisi saxaroza (C₁₂H₂₂O₁₁) növüdür, lakin istehsal üsulu, tərkibi və bəzi xüsusiyyətləri ilə fərqlənirlər.
1. Bu şəkər növləri necə hazırlanır?
Ağ şəkər (rafinə olunmuş)
Şəkər qamışından və ya şəkər çuğundurundan alınır.
Tam təmizlənmə və rafinə edilmə prosesi keçir, patka və digər qalıqlar aradan qaldırılır.
Kristallaşdırılır və qurudulur - nəticədə təmiz saxaroza əldə edilir.
Qəhvəyi şəkərQəhvəyi şəkərin iki növü var:
Rafinə olunmamış (əsas) – şəkər qamışının buxarlanmasından sonra patka ilə birlikdə qalır.
Rafinə olunmuş, patka əlavə edilmiş – ağ şəkərə yenidən patka əlavə olunur ki, rəng və dad əldə edilsin.
2. Hansı şəkər daha faydalıdır?
Kalori miqdarı və qan şəkəri səviyyəsinə təsiri (qlisemik indeks təxminən 65) hər iki növdə demək olar ki, eynidir.
Qəhvəyi şəkər az miqdarda minerallar ehtiva edir, amma bu miqdar çox cüzi və əhəmiyyətsizdir.
Fərq daha çox dad və teksturada hiss olunur, fayda baxımından isə minimaldır.
Nəticə:
Əgər daha “faydalı” bir seçim axtarırsınızsa, fərq demək olar ki, yoxdur. Əsas odur ki, qidalanmada ümumi şəkər miqdarını nəzarətdə saxlayasınız!
Mif 6. Fruktoza şəkərdən yaxşıdır
Fruktozanı adətən şəkərə qarşı “sağlam” alternativ kimi reklam edirlər. Bu təbliğat xüsusən də şəkərli diabet xəstələri və arıqlamaq istəyənlər üçün keçərlidir. Lakin, elmi araşdırmalar sübut edir ki, bu mifdir və fruktoza, adi şəkərdən daha çox mənfi təsirlərə malik ola ilər.
Fruktoza nədir?
Fruktoza – meyvə, bal və bəzi siropların tərkibində olan sadə karbohidratdır (monosaxarid).
O, qlükoza və saxarozadan daha şirindir, buna görə də, şirinləşdirici kimi istifadə oluna bilər.
Niyə fruktoza adi şəkərdən daha şirin ola bilər?
Fruktozanın orqanizmdə mənimsənilmə prosesi fərqlidir:
Bütün hüceyrələr tərəfindən mənimsənilən qlükozadan fərqli olaraq, fruktoza yalnız qara ciyərdə emal edilir.
Fruktozanın çoxluğu artıq kaloriyə səbəb olur ki, bu da həm çəki artımına, həm də qaraciyərin yüklənməsinə gətirib çıxara bilər.
Maraqlı tədqiqat («Stanhope və b., 2009, J Clin Invest»):• Bir qrup insan qlükoza ilə zəngin içkilər içdi, digər qrup isə fruktoza ilə.• Fruktoza içən qrupda daxili orqanların ətrafında (visseral) daha çox yağ yığıldı.
Bu, fruktozanın mütləq çəki artımına səbəb olduğunu və ya sağlamlıq üçün təhlükəli olduğunu sübut etmir. Sadəcə olaraq göstərir ki, məhsulun özünün deyil, onun nəzarətsiz istehlakının mənfi nəticələrə gətirib çıxarır.
Mif 7. Şəkər əvəzediciləri şəkərdən daha yaxşıdır
İlk baxışda şəkər əvəzediciləri mükəmməl çıxış yolu kimi görünür: kalori yoxdur, kariyesin əmələ gəlməsinə səbəb olmur, qanda şəkər səviyyəsini artırmır. Lakin bəzi xüsusiyyətləri nəzərə alaraq demək olar ki, onlar heç də hər zaman şəkərdən daha yaxşı deyil. Bunun səbəbini aydınlaşdıraq. Bizə nə məlumdur?
Şəkər əvəzediciləri qanda şəkər səviyyəsini artırmasalar da, bəziləri bağırsaq mikroflorasını dəyişmək xüsusiyyətlərinə malikdir (məsələn, sukraloza, saxarin).
Bəzi əvəzedicilər həzm sisteminin problemlərinə səbəb ola bilər. Böyük miqdarda ksilit, sorbit, maltit laksativ təsirə malikdir və köp və diskonforta səbəb olur.
Ən təhlükəsizlərdən hesab edilən eritrit, həddindən artıq çox istifadə olunduqda köp əmələ gəlməsinə səbəb ola bilər.
Aspartam fenilalanin və metanola parçalanır.
Lakin: Fenilalalnin az rast gəlinən xəstəlik olan fenilketonuri xəstəliyinə malik şəxslər üçün təhlükəlidir. Metanol, həmçinin adi məhsulların da tərkibində kiçik miqdarda (meyvələr, tərəvəzlər) rast gəlinir. Normal miqdarda aspartam sağlamlığa təhlükə yaratmır.
Şəkər əvəzediciləri mübahisələrə səbəb olur. Bəziləri onları problemlərin həlli, digələri isə mənbəyi hesab edir. Təbii olanlar (steviya, eritrit, ksilit) təhlükəsizdir. Süni olanlar (aspartam, saxarin, tsiklamat) daha ətraflı tədqiq edilir və yol verilən dozaları təhlükəsiz hesab edilir. əgər şəkər əvəzedicilərindən istifadə edirsinizsə tədbirlər görməli və onlara qarşı fərdi reaksiyanızı izləməlisiniz.
Mif 8. “Şəkərsiz” = kalorisiz deməkdir
Şəkər əvəzediciləri kalori miqdarını azalda bilər, lakin bu, qidalanma balansını aradan qaldırmır.Bir məhsulun üzərində "şəkərsiz" yazısını görən insan avtomatik olaraq onu daha az zərərli hesab edir və planlaşdırdığından daha çox yeyə bilər.Məsələn, “şəkərsiz” şokolad ksilit və ya maltit kimi şəkər əvəzediciləri ilə hazırlana bilər – bunlar da kalori və karbohidrat verir.
Məsələn:
• Adi şokolad (100 qram) — 540 kkal• “Şəkərsiz” şokolad (maltitlə) — 480 kkal
Fərq kiçikdir, amma bir çox insan onu “faydalı” hesab edərək ikiqat artıq yeyir.
Gizli karbohidratlar və şəkər əvəzediciləri
• Qablaşdırmanın üzərində "ŞƏKƏRSİZ" sözünü görən kimi, məhsulu düşünmədən səbətə atırıq: “bundan iki dənə olsun!”• Tərkibə baxdıqda doğrudan da “şəkər” sözü olmayacaq, lakin onun əvəzində qlükoza siropu, yerarmudu (topinambur) siropu, bal, fruktoza, maltit və s. ola bilər.• Bütün bunlar da qan şəkərini artırır və kalori verir.
Ən maraqlısı odur ki, “şəkərsiz”, “fitnes” kimi etiketlər daşıyan məhsulların karbohidrat tərkibi, bəzən adi şəkərli məhsullarla demək olar ki, eynidir.
Nəticə: “Şəkərsiz” yazısı məhsulun dietik, faydalı və ya az kalorili olduğu anlamına gəlmir.Məhsulun tərkibinə və qida dəyərinə diqqət edin və marketinq hiylələrinin qurbanına çevrilməyin.
Mif 9. Ağ şəkər şəkərli diabetin yaranmasına səbəb olur
Bu mif çox geniş yayılmışdır, lakin şəkər özü şəkərli diabet xəstəliyinin yaranma səbəbi deyil. Lakin şəkərdən istifadə miqdarı normadan çox olduqda, bu dolayı yolla 2 – ci tip şəkərli diabet xəstəliyini əmələ gətirə bilər. Bunun necə baş verdiyini aydınlaşdıraq
1 və 2 – ci tip şəkəli diabet: fərqlər
Şəkərin şəkərli diabetlə əlaqəsini anlamaq üçün xəstələyinin iki tipini fərqləndirmək lazımdır:
1 – ci tip şəkərli diabet – orqanizmin insulin ifraz etmədiyi autoimmun xəstəliyidir. Onun şəkərdən istifadə ilə əlaqəsi yoxdur.
2 – ci tip şəkərli diabet – hüceyrələrin insulinə qarşı həssaslığının itdiyi (insulin dirənci) maddələr mübadiləsi pozuntusudur. Məhz bu tipi qidalanma ilə əlaqələndirirlər. Lakin ardıcıllıq belədir: öncə artıq çəki, sonra – insulin dirənci. Çəkini azaldaraq hüceyrələrin insulinə qarşı həssaslığını artırırıq. Əksinə deyil!
Nə üçün şəkər 2 – ci tip şəkərli diabet xəstəliyinin bir başa səbəbkarı deyil?
2 – ci tip şəkərli diabet xəstəliyi bir sıra faktoralardan dolayı meydana gəlir:
- İrsi meyllilik
- Artıq çəki
- Azhərəkətli həyat tərzi
- Hər hansı bir mənbədən əldə edilən kalori miqdarının çoxluğu (yalnız şəkər deyil!)
Şəkərin həddindən artıq çox istifadə edilməsi artıq çəkinin meydana gəlməsinə səbəb olur.
- Artıq çəki – 2 – ci tip şəkəli diabet xəstəliyinin yaranmasına səbəb olan əsas səbəblərdən biridir.
- Sadə karbohidratları (o cümlədən şəkəri) həddindən artıq qəbul etmək asandır və bu, artıq kalori toplanmasına və piylənməyə səbəb ola bilər.
• Xüsusilə təhlükəli olan visseral piydir, çünki o, insulinə qarşı müqaviməti artırır.
Ümumdünya səhiyyə təşkilatının məlumatına görə 2 – ci tip şəkərli diabet xəstəliyi orqanizmin insulindən effektiv şəkildə istifadə edə bilməməsindən irəli gəlir. Belə ki, bu halda qanda olan şəkər səviyyəsi artır. Əsas fator bədən kütləsinin çoxluğu, fiziki aktivliyin azlığı və irsi meyllik olduğu qeyd edilir. Şəkər istifadəsi ilə 2 – ci tip şəkərli diabet xəstəliyinin inkişifaı arasında bir başa əlaqə aşkar edilməmişdir. “ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) hazırladığı «Qlobal Diabet Hesabatı» və onların araşdırmaları göstərir ki, şəkərli diabetin inkişafı daha mürəkkəb və çoxkomponentli bir məsələdir və təkcə şəkərin özü bu xəstəliyin yaranmasının səbəbi deyil.”
Mif 10. Şəkər uşaqlarda hiperaktivliyə səbəb olur
Bu mif valideynlər arasında geniş yayılmışdır. Lakin nə dərəcədə həqiqəti əks etdirir?
Bu mif haradan meydana gəlmişdir?
Bu mif 1970 -ci ildə müəyyən qida əlavələrinin və həmçinin də şəkərin uşaqlarda hiperaktivliyin və diqqət çatışmamazlığının yaramasına təsir etməsi barədə hipotezin dərc edilməsindən sonra meydana gəldi.
Məsələn, həkim Benjamin Faynqold rəngləyicilərin, qida əlavələrinin və şəkərin uşaqların davranışına təsir etdiyini fərz etdi. Bu həqiqətən də narahatlıq üçün bir səbəb idi. Lakin onun nəzəriyyəsi öz elmi sübutunu tapmadı.
2. Tədqiqatlar nə deyir?
Elm şəkər və hiperaktivlik arasında əlaqəni təsdiq etmir.
1994 – ci ildə “Journal of Abnormal Child Psychology” – də dərc edilmiş araşdırma göstərdi ki, şəkər qəbul etmiş uşaqların davranışlarında hiperaktivliyi gözləyən valideynlər bu halı, uşaqlara şəkər vermədikdə də müşahidə ediblər.
*digər tədqiqat (New England Journal of Medicine, 1995) uşaqların şəkər və şəkər əvəzedicilərinə qarşı reaksiyasını yoxlamışdır. Davranışda əsaslı fərqlər müşahidə edilməmişdir.
Nəticə: “şəkərli hiperaktivlik” halı daha çox valideynlərin gözələntiləri və şəraitlə (məsələn, tədbirlər, ad günləri) əlaqəlidir.
Tədqiqatın nəticələri
Artıq çəkinin yaranma səbəbi şəkər deyil. Əgər biz, həyat tərzimizə və düzgün rasionumuzun müəyyən edilməsinə görə məsuliyyət daşıyırıqsa şəkər bizim üçün təhlükə kəsb etmir!
Əgər siz aktiv həyat tərzi keçirir və balanslaşdırılmış qidalanırsınızsa, az miqdarda şəkər sizə ziyan vurmaz, lakin əgər az hərəkət etsəniz, çox yesəniz və şirin qidaların həddini aşsanız bu artıq çəkinin əmələ gəlməsinə və maddələr mübadiləsi pozulmalarına səbəb olacaq.
Şəkər sağlamlığınız üçün təhlükəli və ya ziyanlı deyil. Qəbul edilən kalorilərin ümumi miqdarı və həyat tərzi ümumilikdə - diqqət yetirilməli olan əsas məqamdır.
Həll yolu:
1. Daha çox hərəkət etmək (gün ərzində idman, gəzinti, aktivlik)
2. Kalorilərin və zülallar, yağlar, kabohidratların ümumi miqdarına diqqət etmək, yalnız şəkərə deyil.
3. Emal edilmiş şəkərlərə deyil, təbii qidalara üstünlük vermək.
Daha çox hərəkət edin, idmanla məşğul olun, balanslaşdırılmış qidalanın, özünüzü şirniyyatlarla sevindirin və unutmayın ki, hər şeydə önəmli olan ölçüdür.