Yorqos Lantimosun daha bir şah əsəri səhnələrə geri dönür
Dövrümüzün ən cəsarətli və nüfuzlu kino rejissorlarından biri olan Yorqos Lantimos təzadlar və provokasiyaların, soyuq isteza və ekstsentrik estetik anlayışın, insan təbiəti və dəliliyin qorxmaz təcrübələrinin ustası kimi tanınır. Onun yaradıcılıq yolu Afinadan başlasa da tez bir zamanda milli kinonun sərhədlərini aşdı və adını yeni kinematoqrafik inqilabın sinoniminə çevirdi. Onun hər bir filmi – gözəlliyin qəddarlıqla yan – yana olduğu, gülüşün bizim ən dərin qorxu və istəklərimizi əks etdirdiyi bəşəriyyətə bir dəvətdir.
Onun ilk beynəlxalq uğuru «Dogtooth» filmi oldu. «The Lobster» ilə o sübut etdi ki, absurd həm romantik, həm də faciəvi ola bilər, «The Favourite» ilə isə Hollywood-u tamamilə fəth etdi. Bir neçə il əvvəl Lantimosun «Poor Things» filmi Venesiya Kino Festivalında Qızıl Aslanla təltif olunmuşdu. Bu il isə o, tamamilə yeni filmi «Bugonia» ilə həmin səhnəyə geri dönüb və bu, onun NARGIS jurnalına verdiyi müsahibənin əsas mövzusudur.

Emma sadəcə dedi: «Bilirsən nə var?! Mən bu rol üçün başımı qırxaram. Amma sən də eyni şeyi etməlisən — həmrəylik üçün».


Mən foto çəkməyi sevirəm. Bəzən kinodan daha çox.


Bizim Emma ilə iş münasibətlərimiz həqiqətən heyrətamizdir.
Yeni filminizin adında sirli söz var — «Bugonia». Bu nə deməkdir və niyə məhz onu seçdiniz?
«Bugonia» qədim yunanların «öz-özünə yaranan həyat» anlayışına işarə edir. Film qəhrəmanların hərəkətlərinin absurd, eyni zamanda inadkar təbiətini vurğulayır. Mən göstərmək istəyirdim ki, müasir dünyada insanlar öz kiçik “balonları” içində yaşayırlar. Texnologiyalar yalnız bu divarları qalınlaşdırıb, başqalarını necə qəbul etdiyimizi həmin balonlara görə formalaşdırır. Mən bu stereotiplərə meydan oxumaq və tamaşaçını düşündürmək istədim: başqalarını qiymətləndirərkən nə qədər əminsiniz və bu qiymətləndirmələr nə dərəcədə əsaslıdır? Bu, mənim cəmiyyətimizin ziddiyyətlərini və keçdiyimiz daxili qarşıdurmaları əks etdirmək yolumdur.
Absurd həyatın hər təbəqəsinə nüfuz edir.
Bu hekayəni danışmağınıza sizi nə ruhlandırdı?
Hər şey cəsarətli və itiağıllı Uil Treysinin ssenarisindən başladı. Bir neçə il əvvəl filmin prodüseri Ari Aster Treysiyə “Save the Green Planet” adlı Koreya filminə baxmağı tövsiyə etdi. Bundan öncə o bu film haqda eşitməsə də kinonun nüsxəsini tapdı və məhz bu əsər onun şəxsi hekayəsinin qığılcımına çevrildi. O zamanlar hamımız COVİD səbəbi ilə bağlı məkanlarda yavaş -yavaş ağlımızı itirirdik. Özünün Bruklində yerləşən kiçik mənzilində Treysi üç həftə ərzində ssenari yazdı – analiz etmədi, sadəcə milyonlarla insanın həmin dövrdə yaşadığı, hər şeyi öz içinə çəkən klaustrafobiya hissini ötürdü.
Ssenari mənim əlimə düşdükdə, mən dərhal onda qaranlıq komediya provokasiyası üçün əsas sezdim. Bu, böyük ekran üçün üçün hazırlanmış və zəmanəmizin absurdluğunu əks etdirən yeni növ psixoloji trillerdir. Onu oxumaq asan idi: o cazibədar, çoxlu məna qatlarına malik və inanılmaz aktual idi.Mən dərhal bu filmi kinoda görmək istədim – hamı ilə birlikdən gülmək, ağlamaq, qorxudan inidəyərək geri çəkilmək. Bir çox filmlər, məhz bu cür təcrübə üçündür – zalda, tamaşaçıların arasında. Bu dolğun, drammatik görüşdür – həm yumorda, həm də dəhşət içində - bunu yalnız böyük ekranda izləməklə yaşamaq olar.
Sizin filminiz bu günün reallığını heyrətamiz dərəcədə dəqiq əks etdirir. Bu hekayədə sizin üçün ən vacib olan nə idi?
Bu film, əslində, müasir dünyanın mahiyyətini — insanları bir-birindən uzaqlaşdıran reallıqdan qopmuş vəziyyəti çox dəqiq əks etdirir. Ssenarini ilk dəfə təxminən üç il əvvəl oxumuşdum və təəssüf ki, bu gün o, daha da aktual səslənir. Biz görürük ki, sərvət, şöhrət və uğur insanları dəyişir, onları daha qəddar və laqeyd edir. Ünsiyyətin saysız-hesabsız formaları mövcud olsa da, biz sanki artıq bir-birimizi həqiqətən dinləməyi və anlamağı unudmuşuq.
Texnologiyalar insanı mükəmməlləşdirməli idi, amma getdikcə elə bil ki, bizi geri çəkir, daha ibtidai hala salır. Sosial şəbəkələr xəbərlərin yerini tutub və artıq dünyanı bizə elə təqdim edir ki, baş verənlər guya bizdən uzaqda, bizə aid olmayan hadisələrdir. Bizə elə gəlir ki, hər şeyi görür və hər şeyi bilirik, amma, bəlkə də, heç vaxt indiki qədər az bilməmişik.
Eyni zamanda, elə bir hiss yaranır ki, sanki biz artıq nəisə idarə etmək qabiliyyətimizi itiririk. İlk baxışda film antiutopiya kimi görünə bilər, amma mən onu belə qəbul etmirəm. Əksinə, onun bir çox absurd detallarında bu günün reallığı birbaşa əks olunur. Mənim üçün bu, antiutopiya deyil — zamanımızın aynasıdır.
Elə buna görə də, bəşəriyyət çox tezliklə seçim qarşısında qalacaq — düzgün yolu tutmaq məcburiyyətində. Əks halda, dünyada baş verənləri — texnologiyaları, süni intellekti, müharibələri, iqlim dəyişikliklərini və bütün bunlara göstərdiyimiz heyrətamiz laqeydliyi — nəzərə alsaq, nə qədər vaxtımızın qaldığından əmin deyiləm. Mənim üçün bu film hər şeydən əvvəl bu gün haqqındadır. Və ümid edirəm ki, tamaşaçılar onu izlədikdən sonra ətrafımızda gerçəkdə nələrin baş verdiyi barədə düşünəcəklər.
Bu sizin Emma Stoun ilə etdiyiniz beşinci əməkdaşlıqdır. Bu yaradıcılıq bağının sirri nədədir?
Emma ilə aramızda müstəsna iş münasibətləri var. O, sadəcə aktrisa deyil, həm də prodüserdir. Və onun ətrafında toplanan komanda adətən bizim hər zaman işlədiyimiz komanda olur. Bütün bunlar ailə mühiti yaradır: biz öz üzərimizə kifayət qədər mürəkkəb layihələri götürsəkdə özümüzü təhlükəsizlikdə hiss edir, güvən və qarşılıqlı dəstək ab – havasında çalışırıq. Bu az rast gəlinən haldır – və demək olar ki, yenidən yaradılması mümkün deyil.
Emma ilə mənim zövqüm və materiala baxışım oxşardır, buna görə də, təəccüblü deyil ki, o da, bu hekayədə mənim gördüklərimi görür - zəmanəmizin əyləncəli, lakin qorxunc tərəflərini. Mən ssenarini oxuduqdan dərhal sonra ona göndərdim, çünki onun intuisiyasına tamamilə güvənirəm. Ona Mişel obrazını sərbəst tapması azadlığını verdim – nəticədə bu yol, onun başını keçəl qırxmaq qərarını verməsinə vəsilə oldu.
Əvvəlcə biz bunu “sadəcə təəssürat üçün” etməyi düşünürdük, amma tezliklə aydın oldu ki, proses gözlədiyimizdən çox vaxt aparacaq. Onda Emma sadəcə dedi: “Bilirsən nə var, mən rol üçün başımı qırxacağam. Amma sən də bunu etməlisən — həmrəylik naminə.” Beləcə etdik. Əvvəl mən onun başını qırxdım, sonra o mənimkini — və o vaxtdan etibarən biz bunu hər iki-üç gündə bir təkrarlamalı olurduq. Maraqlıdır ki, bu, gözlənilmədən çox rahat çıxdı: səhərlər çəkilişə hazırlaşmaq birdən-birə xeyli tezləşdi.
Filmin absurd reallığını yaratmaq üçün kostyum və dekorasiyalarla necə çalışırdınız?
Ev, hadisələrin əsas hissəsinin cərəyan etdiyi məkan, tamamilə sıfırdan inşa olunub. Biz London yaxınlığındakı qədim bir malikanənin kənarında, kiçik bir vadidə tam immersiv bir mühit yaratdıq. Sadəcə fasad deyil, həm interyer, həm də eksteryer eyni anda, bir yerdə quruldu. Nəticədə hər şey o qədər real alındı ki, aktyorlar və çəkiliş heyəti tez-tez unudurdular — sanki İngiltərənin kəndində deyil, Amerikanın ucqarında, tərk edilmiş bir rançoda idilər.
Kostyumlara gəlincə, mən istəyirdim ki, onlar tanış arxetipləri əks etdirsin: “avtoritar baş direktor”, “bağlamaları skan edən oğlan”, “günboyu videooyun oynayan biri”. Mişel Füller — baş direktor obrazı — bu anlayışı mükəmməl təcəssüm etdirir: qara Alexander McQueen kostyumu, ağ köynək, Louboutin ayaqqabıları və çantası. Bu, korporativ liderin mahiyyətidir. Belə insanlar, əslində, öz fərdi üslublarına və şəxsiyyətlərinə sahib deyillər — elə bil hamısı uniforma geyinib.
Sarkazm və qara yumoru niyə bu qədər sevirsiniz?
Yumor olmadan hekayələr öz mahiyyətini itirir. Dünyanı necə həddindən artıq ciddi qəbul etmək olar, axı bu dünya absurda doludur?! Özünə həddindən artıq ciddi münasibət bəsləyən insanlar məni qıcıqlandırır. Özünü ələ salmaq və varlığın komik tərəfini görmək – tamamilə zəruridir. Bu avtoritetlərə qarşı hörmətsizlik etmək və yaxud da məsuliyyətdən boyun qaçırmaq və işə qarşı laqeyid yanaşmaq demək deyil. Lakin, hər bir anın sanki təmtəraqlı və unudulmaz imiş kimi yaşamaq sizin dünyanı qəbul etmənizi daraldır.
Hətta ən dərin kədərli hekayələrdə gülməli məqam vardır. Mənim üçün məsafəni saxlamaq və hadisələrə məntiqli bucaqdan baxmaq vacibdir - məhz o na absurdun həyatın bütün təbəqələrinə nüfuz etdiyini anlayırsan.
Sizinlə çalışan aktyorlar, deyirlər ki, məşqləriniz qeyri – adi tərzdə keçir: onlar döşəmədə dığırranır, bir birinin üzərinə atlayır və qəribə ifadələri təkrar etməli olurlar. Bu doğrudurmu?
Mən iş üsullarımı açıq şəkildə paylaşmaq istəmirəm. Sadəcə deyə bilərəm ki, insanların özlərini narahat, gərgin və ya həssas hiss etdikləri anları müşahidə etməyi sevirəm. Mənim üçün aktyorları komfort zonasından çıxarmaq vacibdir — bu, onları daha səmimi və instinktiv edir. Mən, aktyorların nə etdiyini tam anlamadığı, sadəcə instinktlərinə arxalandığı anları sevirəm.
İlk vaxtlar, bu onlarda bir qədər narahatlıq və qeyri-müəyyənlik yaradır, amma zamanla azadlaşırlar. Əgər insan bu kimi anlardan ləyaqətlə keçə bilirsə, onun istedadına artıq şübhə qalmaz. Mən həmişə insan münasibətlərinin sərhədlərini sınaqdan keçirməyi və davranışın təbiətini araşdırmağı maraqlı hesab edirəm. Məhz məşqlər zamanı edilən bu cür eksperimentlər çox vaxt gözlənilməz nəticələr doğurur.
Eyni zamanda, mən tamaşaçının təxəyyülünə yer saxlamağa çalışıram — mənanı izah edib “hazıra çevirmirəm” və didaktik olmağa can atmıram. Mənim üçün vacib olan odur ki, film bitdikdən sonra da tamaşaçı düşünməyə davam etsin.

- Yorqos Lantimos Stavrakos Afina kino və televiziya məktəbinə qəbul olmazdan öncə biznes sahəsində təhsil almış və basketbol ilə maraqlanmışdır
- Ona Kafka, Dostoyevski və Bekket kimi yazıçılar təsir etmişdir
- 2025 – ci ilin mart ayında Los – Ancelsdə yerləşən “Webber” qalereyasında onun ilk foto sərgisi keçirilmişdir
- Lantimosun filmlərində təkrarlanan mövzulardan biri də insanların arasında qarşılıqlı münasibətlərin çətinlikləri və həqiqi əlaqənin olmamasıdır.
- Lantimos öz filmlərinin mənasını izah etməkdən boyun qaçırır və hesab edir ki, tamaşaçı özü bu mənanı anlamalıdır.
- O, 2004 – cü ildə Afinada keçirilmiş olimpiya oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilati heyətinə daxil olmuşdur.
Hekayələri danışmaq həvəsinin nə zaman meydana gəldi?
Uşaq ikən mən bütün gün televizorun qarşısında bir filmi dəfələrlə izləyərək keçirə bilərdim. Öz filmimi çəkməyimə məni nəyin məcbur etdiyini deyə bilmərəm. Ola bilsin bu sadəcə bir instinkt olmuşdur. Bəlkə də, ətrafdakı reallıq mənim çox da ürəyimcə deyildi və mən öz təxəyyül dünyama qərq olmağı sevirdim – özümün inşa etdiyim dünyaya. İndi də film çəkərkən özümü hələ də reallıqdan çox fantaziyaya yaxın hiss edirəm. Çünki əslində, “obyektiv reallıq” dediyimiz anlayış, dərindən baxanda, heç vaxt tam obyektiv olmur.


