Lacivərd sahilin sirləri

Sentyabr istirahət üçün gözəl vaxtdır. Günəş səxavətlə nur saçsa da yandırmır, bu isə şezlonqdan durub ətrafı seyr etməyə imkan verir. Artıq günəş şüalarından gizlənməyə ehtiyac qalmır, əksinə, onun istisini yayın son hədiyyəsi kimi qəbul edirsən. Yayda ən məşhur kurortlara göz qamaşdıran rəngarəng çimərlik paltarlarından və kokteyllərdən sonra sakitlik və rahatlıq çökür. Ancaq bu zaman izdiham və ya kluba növbələr səbəbindən nəzərdən qaçan detallara fikir verməyə, istirahətdən zövq almağa başlayırsan. Mənə Lacivərd sahilin səfalı məkanlarından olan Sen-Tropeyə səfər etmək xoşbəxtliyi məhz bu vaxt nəsib oldu.

Sen-Trope. Lyuks üslubunda fransız kəndi

Sen-Tropenin ilk sinonimi qayğısızlıqdır. Lacivərd sahilin ərazisinə addım atdığın andan etibarən burada bütün səyahət müddəti boyunca səni tərk etməyən sevinc ab-havası hiss edirsən. Limanda gəzintilər, premium markaların mağazalarının yerləşdiyi və dərhal diqqətini çəkməyən xırda köşklərə ekskursiyalar, dəniz və qum ilk baxışda çox sadə və iddiasız görünür... Və elə bu zaman qaçılmaz bir assosiasiya yaranır: başında israrla 90-cı illərin eyniadlı serialının saundtreki səslənir (orijinalda “Sen-Trope” serialı “Sous le soleil” adlanırdı). Haradan biləydim ki, illər sonra yolum Cessika ilə rəfiqələrinin sevimli çimərliyindən düşəcək.

Fransız rejissoru Jan Jironun əfsanəvi “Sen-Tropeli jandarm” filmi də burada çəkilib. Filmin süjeti Sen-Trope çimərliyində kamerası oğurlanan Jironun həyatından götürülüb. Rejissorun kömək üçün müraciət etdiyi cəsur jandarmlarla ünsiyyət onu Kryuşo obrazını yaratmağa ilhamlandırıb. Nəticədə bu obraz inanılmaz dərəcədə populyarlaşıb.

Bricit Bardo ilə Jan-Lui Trentinyanın çəkildiyi “Və Tanrı qadını yaratdı” və Alen Delonla Romi Şnayderin oynadığı “Hovuz” filmlərinin çəkilişlərindən sonra isə bu şəhərciyin “qlamurlar məbədi” kimi şöhrəti daha da möhkəmlənib.

Sen-Tropedə uyğunsuzluqlar heyrətamiz şəkildə uyğunlaşır: yerli sakinlər turistlərə əhəmiyyət vermədən, həvəslə petank (topla oyun) oynayır, limanda qayış yarışlarına görə canlanma hökm sürür, biz isə bu gözəl şəhərciyin kiçik küçələrini lazımi ölçülərdə tropezyenlər (dəridən olan bu yüngün səndəlləri sen-tropelilərin qürur mənbəyi olan eyniadlı şirniyyatla qarışdırmayın) tapmaq üçün dolaşırıq.

Şəhərdə ən populyar yer – sahildir.  Burada həmişə baxmağa və qəlyanaltı etməyə bir şey tapa bilərsiniz: rəssamlar öz işlərini sərgiləyirlər, çoxsaylı kafelər isə ətirli şirniyyatların və dadlı yeməklərin dadına baxmağa dəvət edirlər.

Qədim şəhər qalasının gözətçi qüllələri də burada yerləşir. Şəhərin küçələrini gəzərkən isə gözlənilmədən sənət emalatxanalarına rast gəlmək olar. Şəhərin əsas diqqətəlayiq yeri – “Place des Laces” meydanında həftədə iki dəfə açılan bazardır. Turistlər buraya suvenirlərin növbəti partiyasını və yerli tacirlərin təklif etdiyi məhsulları almaq üçün axışırlar. Odur ki, bu günlər ərzində şəhərdə xüsusi canlanma olur...

Təbii ki, Sen-Tropeyə gəlib çimərliyə getməmək olmaz. Ən məşhur çimərlik “Pompellone”dur. Təəssüf, bizim səfərimiz günü hava şəraiti çimmək üçün əlverişli deyildi. Deməli, bura yenidən qayıtmalı və bəxtimizi bir daha sınamalıyıq...

“Byblos” oteli. Cherchez la femme

Əfsanəvi “Byblos” otelini xatırlamasaq, hekayəmiz tam olmayacaq. Eyvanlı kiçik evlər, mərmər heykəllər və mozaik döşəmələr, qollu-budaqlı palmalar altında restoranlar, böyük hovuzun ətrafında şezlonqlar – bu cür yerdə istirahətin bütün gözəlliyini anlamaq və qiymətləndirmək üçün bir neçə dəqiqə kifayətdir.

 

Otelin tarixi romantika ilə əhatə olunub. Milyonçu Prosper Qay Paranın fransız gözəlçəsi, 60-cı illərin əfsanəsi Bricit Bardoya olan cavabsız və mücərrəd bir hiss kimi qalan sevgisi “Byblos” otelinin divarlarında əbədiləşdirilib. Bu hekayə o qədər gözəl və təsirlidir ki, hətta bu hadisə olmasaydı belə, onu uydurmaq lazım gələcəkdi.  

Çoxsaylı nikahlarına, sevgi romanlarına və “sədaqətsizlik istedadına” (həyat yoldaşı belə deyirdi) baxmayaraq, Bricit heç vaxt ehtiraslı livanlının hisslərinə qarşılıq verməmişdi.

Gözəlçə BB öz Rojesinə (Roje Vadim – fransız rejissoru, ssenarist, aktyor və prodüser) sədaqətini saxlayır, lakin şampanın çay kimi axdığı, bohem gəncliyin başına dolandığı qlamur əyləncə gecələrində vaxt keçirməyi qəbahət hesab etmirdi.  

O vaxtdan çox sular axıb, çox şeylər dəyişib, lakin səs-küylü kompaniya ilə yığışmaq ənənəsi qorunub saxlanıb. Bu gün də oteldə hansısa məşhur Hollivud aktyoruna və ya ekzotik ölkələrdən birinin vətəndaşına rast gələ bilərsiniz. Müştərilərə münasibət qüsursuz, qaydalar isə hamı üçün eynidir: xidməti personala və istirahət edən digər şəxslərə hörmət əsas məsələdir. Bu, bütün qonaqlara – həm sadə nömrələrin, həm də dəbdəbəli syutların sakinlərinə şamil edilir.

Yeri gəlmişkən, oteldə sadə otaqlar yoxdur. Bir neçə nömrəyə (nömrələrin interyeri təkrarlanmır) ekskursiya etdikdən sonra bunu tam məsuliyyətlə deyə bilərəm. Burada ifrat dəbdəbəyə və təmtərağa rast gəlməzsiniz, bununla belə hər bir əşyada zənginlik və zərif üslub hiss olunur. İnteryer, bəzək, mebel, tekstil, bir sözlə, hər şey ideal düşünülüb və öz eleqantlığı ilə insanı məftun edir.

Otelin əsas diqqətəlayiq yerlərindən biri – 1967-ci ildən planetin ən tanınmış insanlarını qəbul edən “Les Caves Du Roy” gecə klubudur. Bu mövsüm məkan yenilənmiş dizaynda qonaqları qəbul edəcək.

Otelin SPA mərkəzi hətta dünya şöhrətli ulduzların ürəyincə olan kompleks xidmətlər təklif edir. Sisley kosmetikası isə möcüzələr yaradır. Tropik qətran tərkibli məhsullar aktiv günəş vannaları qəbul etdikdən sonra qayğıya ehtiyacı olan dərinin çoxsaylı problemlərini aradan qaldırır.

Otel yarandığı vaxtdan qoyulan ənənələri bu gün də davam etdirir. Sahiblərinin dəyişməsinə baxmayaraq, o, əfsanəvi statusunu və bir dəfə “Byblos”da olub ona həmişəlik sadiq qalanlara cəlbediciliyini qoruyub saxlamağı bacarıb.

Mövsümün qızğın vaxtında oteldə boş nömrələr tapmaq demək olar ki, mümkün deyil. Onlar otelin açılışından xeyli əvvəl (otel apreldən oktyabradək fəaliyyət göstərir) bron edilir. Lakin əgər siz nəyin bahasına olursa-olsun məzuniyyətinizi bu əfsanəvi yerdə keçirmək fikrindəsinizsə, tələsin: bu il otel 50 illiyini qeyd edir. Yubilyarı təbrik etmək istəyənlərin sayı isə yəqin ki, çox olacaq.

 

Mətn: Nigar Məhərramova