NARGIS
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

Rəvayətin ipucları

Bi̇ri̇ var i̇di̇, bi̇ri̇ yox i̇di̇. Dünyada Qali̇b adli bi̇r uşaq yaşayirdi. O, vətəndaş mühari̇bəsi̇ bi̇tdi̇kdən 1 i̇l sonra ki̇çi̇k dağ ölkəsi̇ndə, Qaracala kəndi̇ndə anadan olmuşdu. 90-ci i̇llərdə əksəri̇yyət paytaxta köçmək i̇stəyi̇rdi̇, o da i̇sti̇sna deyi̇ldi̇. Vali̇deynləri̇ onun hansisa dəbdəbəli̇ ofi̇sdə karyera qurmasini arzulayirdilar, amma onun yolu gözləni̇lməz oldu...

Sofiya Çkoniya xatırlayır: “O, faktiki olaraq küçədən gəldi, xüsusi təhsili olmayan oğlan uşağı”. Onun gənc dizaynerlər üçün təşkil etdiyi “Be Next” müsabiqəsinin finalına hələ 19 yaşında ikən yüksəldi, mükafat olaraq təhsilini davam etdirmək üçün Milana getdi. Və İtaliyada qaldı. Ötən il Reco-Emiliya şəhərciyində gürcüstanlı azərbaycanlı Qalib Həsənov və italiyalı çinli Luka Lin dəbdəbəli “Act no1” brendini yaratdılar və Romada Franki Sotsaninin (həmin il ilk dəfə özünün iştirakı olmadan keçdi) təşəbbüsü ilə gənc dizaynerlərin XIII  “Who Is On Next?”  müsabiqəsində qalib gəldilər. Onlar özlərinin ilk, kruiz kolleksiyalarını “White Show Milano”da təqdim etdilər və “Vogue Italia” dərhal onları Milan moda həftəsinə bahar və yay-2017-ni təqdim etmək üçün “Vogue Talent” kornerinə dəvət etdi. “Act no1” açıqlaması “Act numero uno”dur – ilk qərarlar, ilk addımlar, ilk təcrübə, uşaqlıq xatirələrinin rəngarəng parçaları və əlbəttə ki, gənclərin söyləyə biləcəyi sonsuz əhvalatlar. Nazik parçalar və sərt reallığın kobud tikişləri haqqında tarixçələr, nə vaxtsa gördüyünün və eşitdiyinin yenidən dərk edilmə aktı: gözü bağlı toxunduqda xalçaların qırışları, ananın əlində iynənin hərəkətləri, artıq bir çox gürcü dizaynerlərinin vizit vərəqəsinə çevrilmiş tutqun qara rəngin bolluğu... Məzmunsuzlaşmış akademizmlə korlanmayan, hər şeyə maraq göstərən və diqqətli olan bu gənc öz orijinallığı ilə diqqət çəkir.

Sizin peşə seçiminiz atanızın ürəyincə deyildi. Sonralar bu aradan qalxdı?

Əvvəl o razı deyildi. Amma mənim qətiyyətimi görəndən sonra anam kimi mənim ən böyük tərəfdarıma çevrildi. Onlar hər ikisi mənim üçün çox şey ediblər.Onların sayəsində bu mərhələyə gəlib çatdım.

“Act no1” haqqında deyirlər ki, bu markanın ilk vəzifəsi hadisələri nəql etməkdir. Bəs Sizin uğurunuzun tarixçəsi necə başlayır?

Bir neçə mədəniyyət, ənənə və dil mühitində böyüməyimdən. Bu, ruhlandırır!

Azərbaycanda olmusunuz?

İki dəfə. Bakıda olanda 12 yaşım var idi, o səfərdən artıq 10 ildən çox vaxt ötüb... Yaxın zamanlarda bir daha getmək istərdim. Orada Tbilisidə və ümumi tanışlarım vasitəsi ilə tapdığım bir neçə dostum var.

Qaraçala Alazan vadisində yerləşir? Xatirələrinizlə bizimlə bölüşərdiniz.

Mən əhalisi tam Azərbaycanlılardan ibarət kənd yerində böyümüşəm. Tamamilə xalçalarla bəzədilmiş, böyük bağı olan evdə böyümüşəm. Mənə anam və böyük bacım ilham verirdilər. O zaman nə sosail şəbəkə, nə də kompüter var idi.  Biz bağçada qonşu uşaqlarla oynayaraq vaxtımızı keçirirdik. Mən kifayət qədər ünsiyyətcil idim, amma oynamağa adam olmayanda böyük mənuniyyətlə öz oyunlarımı fikirləşirdim ya da şəkil çəkirdim.

16 yaşında olanda artıq peşə seçimini etmişdiniz?

Məktəblə paralel 3 il xüsusi məktəbdə də təhsil aldım, sonra Tbilisi Milli Teatr və Kino universitetinə daxil oldum, tam stipendiya aldım, sonra isə Milana köçdüm.

Deyirlər, Siz səylə gürcü dilini öyrənirdiniz.

Mən həmişə dillərlə maraqlanmışam. Kənddə Azərbaycan məktəbində oxuyurdum, həftədə 5 dəfə gürcü dili və ədəbiyyatı dərsi olurdu, gözəl də müəllimimiz var idi – Liya Mukbaniani. O, ümumiyyətlə mənim təhsil almağım və xüsusən də gürcü dilində danışmağım üçün o qədər səy göstərdi ki!

Maraqlıdır: yazırlar ki, Siz həmişə modaya mübtəla olmusunuz... Yoxsa Qaraçala tükənməz ilham mənbəyidir?

Mən uşaqlıqdan hadisələr yaratmağı (əsasən də şəkil çəkərək) sevmişəm. Sonralar, yeniyetmə çağlarımda, özüm üçün vizaul sənətlə nəql etməni kəşf etdim. Mənə ən yaxın üsul isə moda oldu: o, bir predmetdə musiqi, teatr, yüksək incəsənəti və sənəti birləşdirməyə imkan yaradır, beləliklə də istənilən ismarıcı translyasiya edir. Bütün bunların sizin harada yaşamağınıza heç bir aidiyyatı yoxdur.

Hətta sadə bir şey də ilham verə bilər:  nənəmin örtüyündəki naxış, otaqdakı xalçalar... Odur ki, peşəyə maraq tədricən oyanırdı. Eyni zamanda şəkil çəkməyi, yapışdırmağı, insan bədənində nəsə yaratmağı, musiqi ilə bölüşməyi və ətraf mühitə hansısa məlumatı ötürə bildiyimi anladıqda, özümə dedim: “Bax, mən bu işlə məşğul olacam!”

Laşa Devdariani Sizin haqqınızda çox xoş sözlər deyir...

O, olduqca gözəl insandır! Modada ilk addımlarımı onun rəhbərliyi altında etmişəm. Xüsusi məktəbə daxil olmazdan öncə o, məndən kiçik imtahan götürmüşdü, elə o zaman da tanış olduq.

Siz sosial problemlərə laqeyd deyilsiniz. Sizin yaradıcılığınızda stress mövzusu qırmızı xətt olaraq keçir. Buna necə gəldiniz?

Bu mənim ilk ismarıcım idi, çünki bu – reallıq haqqındadır. Mən reallıqla işləməyi sosial illüziyalardan üstün tuturam.

Bəs Sizin üçün stress nə deməkdir? O, ruhlandırır yoxsa əksinə, ruhdan salır?

Stress – gündəlik həyatın təzyiqidir. Ümumilikdə o, ruhlandırır, ən azından nəyəsə nail olmağa məcbur edir. Amma yenə də, bu – təzyiqdir...

Deyəsən keçmiş Sovet respublikaları ilə müqayisədə Qərbdə stressə daha ciddi yanaşma var...

Məncə, Qərbdə bunu bir qədər şişirdirlər...

Siz tünd çalarlarda kifayət qədər aqressiv kolleksiya təqdim etdiniz. Gizli mənası nə idi?

Bu, qadınlara və yalnız onlara qarşı deyil, istənilən şiddətə qarşı etiraz idi. Bax, buna görə də elə təsir bağışladı.

Siz bütün qadınların elə geyinməsini istəyirsiniz?

Əslində, qadınların fərqli üslublardan və rənglərdən istifadə etmələrini bəyənirəm. Azadlıq – həqiqətən də vacib olan budur.

Qadınlardan söz düşmüşkən, deyin: Siz 100 faizli gender bərabərliyinə inanırsınız?

Mən bərabərlik tərəfdarıyam, hansısa “amma”sız. Bütün fərqliliklər düşüncəmizdəki ötən nəsillərin topladıqları markerlərdir.

Siz çox vaxt öz parçalarınızın hekayəsində qəddarlıq, zorakılıq, müharibə mövzularını əks etdirirsiniz, hətta qara rəngə bağlılığı onunla əlaqələndirirsiniz... Axı niyə? Siz dünyaya gələnə qədər müharibə bitmişdi axı?

Bəli, bu belədir, amma mən hələ də 90-cı illərin müharibə sonrası Gürcüstanın xiffətini çəkirəm. Mən başqa, heç də az faciəvi olmayan hadisələrə şahidlik etdim – 8 avqust 2008-ci il... Qara, rəngarəng gün: o, ən dərin, eyni zamanda ən poetik gündür.  Bəli, o, qəm ötürə bilər, amma elə o da sonsuz dərəcədə  eleqantdır.

Gürcüstan və İtaliyada qara rəngi eyni cür qəbul edirlər?

İtaliyada bu daha çox axşam geyimlərinə və ya sərt dress-koda xasdır. Gürcüstanda – gündəlik həyatın rəngidir, insanlar sadəcə belə geyinməyi xoşlayırlar. Nəticə etibarı ilə hər şey şəxsi təəssüratlara bağlanır, seçim həmişə çox fərdi bir şeydir.

Deyirlər ki, italyanlarla azərbaycanlılar oxşardırlar: hər iki xalq çılğındır, böyük ailələrlə yaşayırlar, onlar böyük şəxsi zonaya ehtiyac duymurlar. Siz özünüzü İtaliyada rahat hiss edirsiniz?

Biz, bəlkə də zahirən oxşayırıq, amma əslində çox fərqliyik. İtalyanlar həqiqətən də çox açıq və azaddırlar, mən onlarla çox asanlıqla ümumi dil tapıram. Çatışmayan nəsə varsa, o da evdir.

Yerli mətbəxə alışmısınız? Bir məsləhət verərdiniz, Sizin Showroomdan sonra hara gedə bilərik?

Mən indi heç vaxt olmadığı qədər pasta yeyirəm. “Tagliatelle ai funghi” sevirəm. Düzünü desəm, Reco-Emiliyada gəzintiyə çıxmıram, bu qızğın iş yeridir, amma Milanda mən əla kafe tanıyıram, “Bianco Latte”. Məncə, orada şəhərin ən dadlı dondurmasını tapa bilərsiniz.

Şərqlə Qərb arasındakı məsafə nə dərəcədə qətolunmazdır? Hamını anlamağa və hər şeyi izah etməyə çalışmağına dəyərmi?

Fərqlilik çox gözəldir! Yeniliyi dadmaq, müxtəlif mədəniyyətlər mövqeyindən baxmaq da əladır. Biz bir birimizə hörmət etməliyik, ümumi dil tapmaq üçün bu ən yaxşı vasitədir.

 

Müsahi̇bə : Sona Nəsi̇bova

Foto : Francesco Vincenti