NARGIS MAGAZINE
Simalar

TANQO RİTMİNDƏ

Bir neçə ildir ki, Bakıda ehtirası təmsil edən tanqo rəqs festivalı keçirilir. Bu hadisə heç kimi laqeyd qoymur, çünki üç gün davam edən festivalın zəngin proqramına dünyanın müxtəlif yerlərindən ən istedadlı tangerosların ustad dərsləri, həmçinin unudulmaz şou, mahir musiqiçilərin ifasında canlı musiqi və ən əsası – rəqs daxildir!

img_5476

Məlum olduğu kimi, tanqonun vətəni Argentinadır. Tanqo burada immiqrantlar arasında yaranıb və dünyanın müxtəlif mədəni ənənələrindən hərəsindən bir az mənimsəyib: Kuba, Afrika, Avropa ölkələri və əlbəttə ki, Argentina. Festival çərçivəsində bir neçə dərs keçirmək üçün Bakıya gələn, tanqo dilində danışan argentinalı xanım - Sesiliya Akosta ilə bu möhtəşəm və emosional rəqs haqqında danışdıq. Sesiliyanın rəqs təcrübəsi 10 ildir. Bu müddətdə o, çox sayda müsabiqədə iştirak etməklə yanaşı 2015-ci ildə Tanqo və Milonqa kateqoriyasında region üzrə çempionu, həmçinin 2017-ci ildə Buenos-Ayres şəhərindəki Milonqa kateqoriyasında Metropolitan Championship finalçısı olmağa nail olmuşdur.

Onun rəqs və müsahibədəki partnyoru eyni zamanda DJ və Gürcüstanda ilk "Tbilisi Tango" məktəbinin qurucusu Levan Qomelauridir.

img_5426

Sesiliya, özünüz üçün rəqs, xüsusən də, tanqo dünyasını necə kəşf etdiniz?

Sesiliya: Argentinada tanqo və folklor çox məşhurdur. Tanqonu hər yerdə, bütün bayramlarda və əyləncə gecələrində rəqs edirlər. Bir dəfə milonqada insanların necə rəqs etdiyini gördüm... Mən sözün əsl mənasında bu rəqslə ovsunlanmışdım. Elə həmin o anda nə işlə məşğul olacağımı anladım. Universitetdə rəqs kursları tapdım və tanqo dərslərinə başladım.

Belə bir səviyyəyə çatmaq üçün şəxsən Siz nə qədər vaxt sərf etdiniz?

Sesiliya: İki ilə yaxın. Mən əvvəl dərsə, sonra isə milonqalarda rəqs etməyə gedirdim – öyrənmək prosesim bu cür idi.

Sizə dərsləri görkəmli müəllimlər keçirdi. Onların arasında fərqləndirdiyiniz şəxsi qurunuz var idi?

Sesiliya: Hər bir maestro xüsusi bir şey paylaşır, müxtəlif nümunələr və emosiyalar istifadə edərək müəyyən bir təcrübə verir. Hər hansısa birini ayırmaq çətindir, axı hər bir dərs özünəməxsus dəyərlidir.

img_5457

Özünüzün xüsusi təlim metodunuz varmı? Bu haqda danışın.

Sesiliya: Hər bir müəllimin duyğularını ötürmə üsulu var. Biz Levan ilə birlikdə çox gözəl işləyirik, çünki mən özümü bədənin daxili duyğular dilində ifadə edirəm, Levan isə həyat ilə rəqslərin emosional əlaqəsini çox gözəl göstərə bilir. Buna görə bizim metodumuz iki hissədən ibarətdir – texniki və emosional tərəf.

Tanqo rəqsini öyrənmək üçün bir insan ilk növbədə hansı keyfiyyətlərə sahib olmalıdır?

Sesiliya: Hiss etmək və qucaqlamaq hissi vacibdir. Rəqs etməyi hər kəs bacarar, amma tanqo üçün düzgün qucaqlamaq lazımdır.

Sizin rəqsinizi seyr edərkən sanki səhnədə süzdüyünüzü görmək mümkündür, çox gözəldir. Bu effektə nail olmaq çətindirmi və buna nə qədər vaxt lazımdır?

Sesiliya: Bu insanın necə biri olduğundan asılıdır. Kimsə sadəcə milonqada açılmaq istəyir, biz isə bir-birimizi rəqs içində hiss etməyə çalışırıq. Nə qədər vaxt lazım olduğunu dəqiq demək çətindir, çox şey partnyorlar arasında qarşılıqlı münasibətdən asılıdır.

Məlum olduğu kimi tanqoda addımları kişi idarə edir. Bu, həqiqətən belədirmi?

Sesiliya: Rəqsdə idarəçi funksiyası şübhəsiz ki, kişinin üzərinə düşür, lakin bu, rəqsdə hər şeyə onun qərar verdiyini bildirmir. Hər iki tərəf bir-birini hiss etməli və bir-biri ilə nəyi paylaşa biləcəklərini göstərməlidir. Tanqo – təmaslı, intim bir rəqsdir, Qafqaz rəqsləri isə daha çox təvazölü, təmassızdır. Amma tanqoda olduğu kimi, bu rəqsdə də güclü emosional əlaqəni müşahidə etmək mümkündür. Argentina mədəniyyəti əsasən Avropalı immiqrantlar tərəfindən formalaşdırılmışdır, buna görə də tanqoda avropa ruhunun mövcudluğu çox hiss olunur.

img_5429

Levan, sizin qeyri-adi partnyorluğunuz necə başladı?

Levan: Mən Gürcüstanlıyam, Tbilisidə yaşayıb rəqslə məşğul olmuşam. Müəllimim Almaniyaya gedərkən onun yerinə Milonqaları təşkil etməyə təklif etmişdi. Əlbəttə ki, çox təəccüblənmişdim, o vaxt mən konservatoriyada təhsil alırdım və Argentinaya getməyi planlaşdırırdım, halbuki yoldaşlarım məni Avropaya dəvət edirdirər. Sesiliya ilə biz milonqada tanış olduq, birlikdə rəqs etməyə və təcrübə qazanmağa başladıq. Ona birlikdə işləmək üçün Gürcüstana getməyi təklif etdim. Sesiliya Tukuman əyalətindəndir, o vaxt isə artıq 8-9 ay idi ki Buenos Ayresdə yaşayırdı. Beləliklə, bir-birimizi Argentinada tapdıq, Gürcüstana getdik, indi isə rəqs edərək bütün dünyanı gəzirik.

Bu, festival çərçivəsində paytaxtımıza ikinci gəlişinizdir. Bakı publikası və bütövlükdə paytaxtımız necə təəssürat yaratdı?

Levan: Yeri gəlmişkən, mən beş il əvvəl dərs vermək üçün Bakıya ilk dəfə gəldiyimdə rəqqas Sənan Hüseynli ilə birlikdə çalışmışdım. Bu təcrübə həqiqətən maraqlı və unudulmaz idi. Burada belə böyük bir tanqo cəmiyyətinin, rəqs etməyi sevənlərin olduğu üçün çox şad olduq. İndi görürük ki, istəkli insanlar çoxdur, publika böyüyür, təşkilat isə daha da inkişaf edir. Tanqonun bu qədər məşhur olduğunu bilmirdik.

Yaxın gələcəkdəki planlarınızla bölüşün. Yeni festivallar və ya turlar gözlənilirmi?

Levan: Bəli, yanvar ayında Almaniyaya və İtaliyaya gedəcəyik, dərslər verəcəyik. May ayında isə Tbilisidə keçiriləcək festivala çempionlar olaraq dəvət edilmişik.

img_5506

MÜSAHİBƏ: GÜNAY ASLANOVA

FOTO: PƏRVİZ QASIMZADƏ