NARGIS MAGAZINE
Simalar

ƏBƏDİ AN

Sırğa, asma bəzək Roberto Coin, NEW BAROCCO kolleksiyası (Glampire Jewellery butiki)

Nə vaxtsa zamanı durdurmaq istəmisiniz?

Ya da nə vaxtsa yaşanmış anı geri qaytarmaq - Replay düyməsinə basmaq və ən gözəl hissləri yenidən dadmaq? Düşünürəm ki, bir çoxumuz qəlbimizin dərinliyində belə bir arzunu gizlətmişik... 

Və bilirsinizmi? Axı insan istənilən kompüterdən dahidir, buna görə də onun üçün əziz bir anı təkrar-təkrar yaşamaq üçün bir maqnit diski kimi yaddaşda "dondurmaq" qabiliyyətinə malikdir.

Nə vaxtsa kiçik, boş bir şey – məsələn tamamilə tanımadığınız bir insanın səs intonasiyası, ətri və ya yerişi unudulmuş bir anı xatırladaraq beş-on il geriyə qaytardığı hadisə sizə tanış deyil?.. Eyni sehri musiqi də yaradır - harada və kiminlə dinlədiyiniz xatirəni oyadaraq sizi keçmişə aparır... Budur sizin yenə iyirmi üç yaşınız var, Parisdəsiniz, tanış küçə ilə gedirsiniz, saçlarınızı şıltaq külək sovurur, qulağınızda isə Edit Piafın həyəcanlandıran səsi var... Ürəyiniz xoşbəxtcəsinə döyünür, nə vaxtsa özünüzü yaxşı hiss etdiyiniz yerə necə düşdüyünüzü heç anlamırsınız...

Jurnalın bu sayını biz film çəkən insanların lüğətindəki termin ilə adlandırmışıq. Lakin bunu sadəcə kinematoqrafa həsr etmirik. Hərçənd məhz o bizə göstərdi ki, zaman – əslində özümüz üçün uydurduğumuz bir illüziyadır. Kino zamana tabe olmur! "Moskva gözyaşlarına inanmır" filmini seyr etdiyimizdə, daxilimizdə bir dəyişiklik hiss edirik, sanki keçmişə qayıdırıq. Luk Bessonun uzaq gələcək haqqında filmini seyr edərkən isə – xəyalən kosmik səyahətçilərə dönüşürük və bir müddət tamamilə fərqli, kosmik ritmdə yaşamağa başlayırıq. Biz tez-tez düşünürük: bundan sonra necə yaşayaq? Bəs "sonra" mövcud deyilsə – yalnız "indi" varsa?

O zaman: məhz burada, məhz indi xoşbəxt olmalıyıq!

 

Ülviyyə Mahmudova,

baş redaktor