NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Yaşidlarinin arasinda ilklər

Qasımova bacıları taleyin qisməti ilə müasir klassik opera məktəbinin təşəkkülündə ön sıralarda yer alıblar. Eyni dərəcədə parlaq səhnə qabiliyyətinə sahib olan bacılar, bunu xalqın milli xəzinəsinə çevirməyi bacarıblar. Opera divaları olaraq eyni tale ilə birləşmiş, eyni teatrların səhnəsində iki fərqli karyera qurmuş bacılar ailə ənənələrinin, əsl vətənpərvərliyin və qarşılıqlı hörmətin dəyərini hər kəsdən çox bilirlər. İnanılmaz məqsədyönlü, çalışqan, musiqiyə sonsuz məhəbbəti olan Qasımova bacıları heç vaxt əldə etdikləri nailiyyətlərlə kifayətlənmirlər.

Musiqi karyerasını seçməkdə təməl, əsas təkan nə oldu?

FİDAN: Biz çox intellektual, yaradıcı insanların mühitində böyümüşük və valideynlərimizdən çox şey almışıq. Əvvəlcə, əlbəttə ki, bizim musiqi ilə məşğul olmağımız anamızın arzusu idi. Atamızın çox gözəl, təbiətdən gələn möhtəşəm səsi var idi – lirik-dramatik tenor və o, tez-tez yoldaşlarının əhatəsində Neapolitan mahnılarını ifa edirdi. O, professional musiqiçi deyildi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyub və energetika mühəndisi diplomununu almışdı. Anam da, yaradıcılıq baxımdan çox istedadlı idi: gözəl rəqs edirdi, şeir yazırdı. Onların arasında çox gözəl bir sevgi var idi. Toydan sonra dərhal atamı cəbhəyə apardılar, o, 1943-cü ildə Stalinqrad döyüşlərində mühəndis kimi tankların təmiri ilə məşğul idi. Müharibədə gördükləri onu o qədər təsirləndirmişdi ki, artıq gənclik dövründə, 22 və ya 23 yaşlarında saçları ağarmışdı. Musiqiyə olan sevgisi müharibədə də onu buraxmırdı, bütün həyatı boyunca onu ürəyində daşıyırdı və səxavətlə bizə ötürürdü. Ad günlərimizdə və ya başqa bayram tədbirlərində atam həmişə royal arxasında oturub oxuyurdu. Biz hamımız evdə ailəvi konsert verirdik. Buna görə də, musiqi və ifa – biz böyüdükdə özü-özlüyündə ailə ənənəmizə çevrildi. "Təmələ" gəldikdə isə, hansı insanların mühitində bu istedadımızı formalaşdırdığımızı dərk etmək lazımdır. O dövrün ən böyük insanlarını görmək Xuramanla mənə nəsib oldu. Anamızın böyük qardaşı, professor-neftçi İskəndər İsgəndərov Niyazi ilə dostluq edirdi, bizim valideynlərimiz də tez-tez İskəndər dayımızgilə qonaq gedirdilər; o da musiqini çox sevirdi, royalda ifa edirdi. Niyazi onun evinə gəlirdi, royalda ifa edirdi və atam da həm akkordeonda, həm də royalda çalırdı. Bəzən atam "Koroğlu" operasından Koroğlu ariyasını ifa edirdi, Niyazi isə onu müşayiət edirdi. Bizə dahi insanlar qonaq gəlirdi: Tofiq Quliyev, Niyazi, məşhur xalça sənətçisi Lətif Kərimov, məşhur alimlər də olurdu – məsələn, Əşrəf Hüseynov və ümumiyyətlə, həmin dövrün yaradıcı və elmi elitasının görkəmli insanları. Biz Xuramanla bununla böyümüşük. Xuraman erkən dil açıb və onun həmişə möhtəşəm musiqini düzgün qavrama qabiliyyəti olub. Xatırlayıram ki, Niyazi onu qucağına alıb deyərdi: "Qızım, Kirov Dağüstü Parkı haqqında mahnını oxu". Bu mahnını nə vaxtsa Rəşid Behbudov ifa etmişdi. O zaman onun iki-üç yaşı var idi, amma artıq bu mahnını çox gözəl ifa edirdi. Budur, bacım artıq üç yaşından dahi insanların qarşısında oxumağa başlamışdı. Mən daha utancaq idim. Amma mənim yaxşı musiqi qabiliyyətim var idi, altı yaşından fortopiano sinfinə gedən qardaşımla birlikdə Konservatoriyanın musiqi məktəbinə skripkaya gedirdim. Biz Konservatoriyanın yanında yaşayırdıq...

Deyəsən o zaman Konservatoriyanın rektoru mötəbər Üzeyir Hacıbəyov idi?

FİDAN: Bəli, elədir ki, var. Niyazi, istedad aşiqi idi və atamı dinləyən kimi, demişdi ki: "Mən səni əmim ilə tanış etməliyəm!" Atamı Konservatoriyaya çağırdı və o da ​​Üzeyir Hacıbəyov üçün Koroğlu ariyasını ifa etdi. Üzeyir bəy onu birbaşa üçüncü kursa, İtalyan Nina Rinaldovna Valatsinin sinfinə qəbul etdi. Nina Rinaldovna atama parlaq gələcək vəd edirdi, lakin o təhsilini bitirə bilmədi: o dövrdə Azərbaycan daha çox peşəkar dövlət kadrlarına ehtiyac duyurdu, axı müharibədən sonra hər şeyi bərpa etmək lazım idi. O zaman sadəcə 27 yaşında olan atama da yüksək vəzifə təklif etdilər – Dövlət Plan Komitəsinə sədr müavini. Axşamları Konservatoriyada təhsil aldığını öyrəndiklərində isə, onu seçim qarşısında qoydular: artist Dövlət Plan Komitəsində çalışa bilməz! Buna görə də, o heç vaxt müğənnilik karyerasını qura bilmədi. Lakin onun istedadı inanılmaz şəkildə bizə, uşaqlarına keçdi. Yəni biz bacımla onun arzusunu həyata keçirdik – opera müğənnisi olduq.

Amma Konservatoriya məktəbində Siz skripka sinfində oxuyurdunuz. Yəni, Azərbaycanın Fidan Qasımova kimi skripkaçısı ola bilərdi...

FİDAN: Musiqi məktəbindən sonra Konservatoriyaya skripka sinfinə daxil olduqda rektor Cövdət Hacıyev məni dinlədi və dedi ki: "Skripkanı at, biz səni vokal şöbəsinə götürürük!" Mən ona skripkanı çox sevdiyimi və əgər onlar mənə icazə versələr eyni zamanda hər iki fakültədə oxuyacağımı söylədim. Və onlar istisna hal kimi mənə icazə verdilər. Əlbəttə ki, mən skripkanı atmadım, amma vokal həmişə özümdə daşıdığım alət idi, onu ata bilməzdim. Biz bacımla Allaha və valideynlərimizə belə səslərə sahib olduğumuza görə borcluyuq. Zamanla bu vergini dərk etmək və bunun üçün böyük minnətdarlıq hissi duymaq özümə inam yaratdı: məhz vokalın – mənim taleyim olduğuna və peşəkar opera müğənnisi olacağım inamına. Güclü ailə ənənələri, evdə yaradıcı mühit və bacımla aralarında böyüdüyümüz o dövrün parlaq istedadları – bizi opera sənətinin yüksək səviyyəsinə qalxmağa kömək etdi. Opera – bizim taleyimizdir.

Xuraman xanım, eyni ailədə böyüyən, bu cür istedada sahib olan iki insan arasında rəqabət hissinin olmamasına inanmaq bəzən çətindir. Yaradıcı insanlara xas olan rəqabət hissinin Sizdən və bacınızdan yan keçməsi necə mümkün oldu?

XURAMAN: Bizə tez-tez bu sualı verirlər. Bəli, biz karyeramızı demək olar ki, eyni anda, bir ailədə, bir ölkədə yaşayaraq qurduq, eyni səhnələrdə çıxış edirdik və edirik. Aramızda heç bir rəqabət olmayıb! Görünür ki, valideynlərimiz bizə düzgün şəkildə tərbiyə veriblər. Bütün müəllimlərimə hörmətlə yanaşaraq, onların mənim təhsilimə qatqılarını dərk edərək, yenə də əsas müəllimim Fidanı hesab edirəm. Bacım – mənim müəllimimdir, axı müəllimə həsəd apara bilməzsən! Mən həmişə onu dinləyirdim, həmişə qürur duyurdum və duyuram. O, həmişə ən yaxşısı olub və olacaq!

Fidan Qasımova Azərbaycan vokal məktəbini beynəlxalq səviyyədə tanıtdı – bu, onun tarixi xidmətidir. O, operanın vətənində, İtaliyada Grand Pri qazanmış ilk Azərbaycanlı müğənnidir. İki il əvvəl, onun adı Cambridge Universitetinin ensiklopediyasına daxil olub. Onun istedadını dünyada və vokal sənətinin dünya mədəniyyətinə olan töhfəsini bu qədər yüksək qiymətləndiriblər. Mən həmişə onun istedadı qarşısında baş əymişəm. Bizim həyatımız müxtəlif hadisələrlə dolu olub – həm yaxşı, həm də təəssüf ki, çətin – amma biz hər şeyin öhdəsindən birlikdə gəlmişik və bir-birimizə dayaq olduğumuzu daim bilmişik. Uşaqlıqdan bacımın mənim yaradıcılıq arzuma, istedamı inkişaf etdirmək cəhdimə olan münasibəti, dəstəyi rəqabətin deyil, qarşılıqlı hörmətin və peşəkar əməkdaşlığın təməlini qoydu. Biz Fidanla bir-birimizə çox hörmət edirik və həm həyatda, həm də səhnədə bir-birimizi dəstəkləyirik.

Son zamanlar sizi səhnədə birlikdə tez-tez görürük. Yəqin ki, həqiqətən də, ziddiyyətdə hər bir səsin özünəməxsus səslənməsi özünü daha çox büruzə verir, nəinki ayrı-ayrılıqda?

XURAMAN: Əslində, əlbəttə ki, biz ayrı-ayrı müğənnilərik, lakin son illərdə birlikdə səhnəyə çıxmağa başlamışıq, bəzi əsərləri artıq sadəcə duet şəklində ifa edirik. İlk dəfə duetimizi tamaşaçılara bir şou, bir eksperiment kimi təqdim etməyə qərar vermişdik. Sonra isə gördük ki, bunu çox bəyəndilər. Mənim fikrimcə, duetlərimiz xüsusən operada bir tamaşada iki fərqli rolları ifa edərkən daha maraqlı alınır: məsələn "Bohema"da Mimi və Musette'ni, ya da möhtəşəm bəstəkar Fikrət Əmirovun şərq qadınının azadlığını təsvir etdiyi "Sevil" operasında – burada da biz iki tamamilə fərqli xarakterli rolları ifa etmişik. Səhnədə ata-oğul ya ana-oğul və sair hallar olub. Amma iki bacı isə – çox nadir hadisədir...

Bəzən məşhur teatrlardan birlikdə işləmək təklifi almadığımız üçün təəssüflənirəm. Biz hərəmiz öz proqramımız ilə çıxış edirik: məsələn mənə Bostonda işləmək təklifi gəlir, ona isə – Münhendə, mənə Düsseldorfda, ona isə – San Fransiskoda... Xaricdə bizi birlikdə dəvət etmək təcrübəsi isə düzünü desəm olmayıb, axı bununla bağlı teatrda hətta ailədaxili münaqişələrə səbəb olan hadisələr baş verib. Yeri gəlmişkən, biz bir çox vaxt ayrılmamaq üçün çox dəyərli təkliflərdən imtina etmişik. Bizim üçün birlikdə, lakin eyni zamanda fərqli olmaq çox əhəmiyyətlidir. Düşünürəm ki, valideynlərimiz bizimlə qürur duyardılar. Təkcə istedadımızı inkişaf etdirərək uzun zaman və inadla çalışdığımıza görə yox, həm də ayrı-ayrılıqda şəxsiyyət olduğumuz, müstəqil şəkildə layiqli karyera qurduğumuz və eyni zamanda bir-birini sevən bacılar olaraq qaldığımız üçün də.

Fidan xanım, bəs Siz bacınızı opera divası Xuraman Qasımovadan savayı kim olaraq təsəvvür edə bilərsiniz?

FİDAN: Tale bacıma əsl istedad bəxş edib. Xuramanın parlaq keyfiyyətləri var: həm artistik, həm vokal. O, 14 yaşından filmdə də aktrisa kimi oynayıb. Yəqin ki, kino aktrisası ola bilərdi və əminəm ki, ulduz olardı. Amma bacımı bu gün kimdirsə, elə də görmək istərdim. Mən artıq bir çox beynəlxalq müsabiqənin laureatı olmuşdum və nəticədə Moskvaya, Opera və Balet Teatrının solisti kimi gedirdim, sonra isə mənim ardımca o da oxumağa başladı və çox uğurla, o da mükafatlar alırdı. Mən böyük bacı olduğuma görə ona məsləhətlər verirdim, onunla məşğul olurdum. O, bizim Konservatoriyanı bitirib, bütün Sovet İttifaqında, sonra isə bütün dünyada şöhrət qazanıb. Çünki o, Yunanıstanda Maria Callas adına çox çətin müsabiqədə Gran Pri qazananlardan biridir. Onun adı Sovet vokal mədəniyyətinin tarixinə daxil olduğuna görə qürur duyuram – ondan əvvəl SSRİ-dən heç kim bu müsabiqədə Gran Pri qazanmamışdı. Bu inanılmaz müvəffəqiyyət idi və müsabiqə bitdikdən sonra münsiflər heyətinin sədri, dahi Tito Gobbi Xuramanı Florensiyadakı məktəbinə iki illik dəvət etdi. O, Xuramana İtaliyada oxumağa icazə vermələri üçün Moskvaya məktub yazmışdı. Yəqin ki, Gobbi onu Maria Callasın varisi olaraq görürdü: axı o Callas'la birlikdə ifa edirdi və ola bilsin ki, Xuramanla onun tembr oxşarlığının fərqinə varmışdı... SSRİ və İtaliya arasında gənc kadrların mübadiləsi və hazırlaşdırılması ilə bağlı dövlət razılaşması var idi, bir çox artistlər gedə bilirdi, lakin bu fərdi məktəbə individual dəvət idi və DTK Xuramana getməyə icazə vermədi. Biz ölkəmizi çox sevirik, amma buna görə çox üzülmüşdük. Azərbaycanda və Moskvada isə Xuraman olduqca məşhur idi. Bizi həmişə Moskvanın "Rus Qışı", "Moskva ulduzları", "May ulduzları" kimi musiqi gecələrinə, konsertlərə və sair dəvət edirdilər. Biz isə hər zaman Azərbaycanı ən yüksək səviyyədə təmsil edirdik. Neçə dəfə olub ki, Böyük teatra tamaşaya kömək məqsədilə, Konservatoriyanın Böyük Zalında oxumaq üçün dəvət ediblər – bu meydançaları nadir hallarda respublika müğənnilərinə etibar edirdilər, yalnız SSRİ xalq artistlərinə, o da hər kəsə deyil, sadəcə seçilmişlərə. Bizim haqqımızda deyirdilər: Qasımova bacıları – bir təzahürdür!

Necə hesab edirsiniz, bu gün cəmiyyətdə nə baş verməlidir ki, gənc istedadlar opera səhnəsinə gəlsinlər?

XURAMAN: Yəqin ki, sənətin bütün sahələrini eyni dərəcədə ədalətli şəkildə təbliğ etmək lazımdır. Baxın, biz Motsartın məzarının harada olduğunu heç bilmirik, lakin o, hər yerdədir və onun adı əsrlərlə yaşayacaq. Onun adı ilə bütöv bir ölkə mövcuddur – Avstriya. Özü yoxdur, lakin onun portretlərinin əks olunduğu yaylıqlar, kafelər, restoranlar, konfetlər və s. var. Deməli bununla məşğul olmaq lazımdır. Görkəmli Callas yoxdur, lakin onun səsi eşidilir. Bizdə milli klassiklərin təşviqi üçün heç bir institutumuz yoxdur, baxmayaraq ki, Azərbaycanda gözəl bəstəkarlar var. Biz Nyuport şəhərinə qastrola getdiyimizdə, orada Rahmaninov festivalı keçirilirdi və Azərbaycan musiqisinə bir gün həsr olunmuşdu. Biz Fidan ilə orada Azərbaycan klassik bəstəkarlarının əsərlərini ifa etmişdik. Sonra isə qəzetlər bu əsərlərin gözəllik, dərinlik və melodiklik səviyyəsini – Schubert, Schumann, Brahms, Mendelsson ilə müqayisə etdilər. Əgər onları Fransız və ya Alman dilində oxusaydıq – bu bizim qarmağımız olacaqdı! Biz həmişə çox güclü bəstəkarlıq məktəbinə malik olmuşuq, hər bir ölkənin musiqisinin mənbəyində isə öz milli melodiyası gizlənmişdir. Azərbaycan klassik musiqisini daha çox təbliğ etmək, mümkün qədər çox diqqət yetirmək lazımdır. Məsələn, şərqdəki ilk klassik opera, Üzeyir Hacıbəyovun "Koroğlu" operasına uvertüranı götürək. Bu musiqidə həm Verdi, həm Puccini həm də Wagner var, bir çox görkəmli bəstəkarın musiqi çalarları var...

Bəs simfonik musiqimizdə nə qədər gözəlliklər var! Axı etnik Azərbaycan musiqisi festivalları var və mən hesab edirəm ki, mütləq milli klassik musiqi festivalları da olmalıdır. Onun əhəmiyyəti etnik musiqidən heç də az deyil. Gənc istedadlı nəsil klassik musiqinin vacibliyini və onun dünya arenasındakı əhəmiyyətini dərk etməlidir, ona can atmalıdır, onun ehtiramını və öz karyerasının perspektivlərini görməlidir. Biz yeni təhsil almağa başladığımızda, bunun nə qədər nüfuzlu, perspektivli və ləyaqətli olduğunu dərk edirdik.

Öz üzərimizdə çox çalışmalı idik. Lakin cəmiyyət və SSRİ-nin rəhbərliyi tərəfindən klassik sənətə olan diqqət nəticəsində, bu əmək özünü doğrultdu. Bacımla bizim peşəkar inkişafımız və karyeramız klassik musiqiyə yüksək diqqət yetirilmiş xüsusi bir mühitdə başlayıb – mənim fikrimcə, indi də belə olmalıdır.

Fidan xanım, bəs Sizin peşəkar inkişafınız necə olub? Bacınız hansı xüsusi mühitdən bəhs edir?

FİDAN: Mənim bir peşəkar kimi inkişafım Bakıda Konservatoriyanı bitirdiyim və Moskva musiqi elitasının arasında bişdiyim, Moskva Konservatoriyasının aspiranturasına daxil olduğum dövrdə başlayıb. O zaman rektor Aleksandr Sveşnikov idi. O məni, hələ bir imtahandan keçməmiş olsam da dərhal aspiranturaya qəbul etdi. Mən Rixter və Rostropoviç, Vişnevskayanı və Milaşkinanı, Atlantovu və Dorliakı gördüm, məşhur müğənnilərin, Stalin və Lenin mükafatçılarının evlərini ziyarət etdim – demək olar ki, onların hamısı Moskva Konservatoriyasında dərs verirdi, mən isə ən güclü aspirant hesab olunurdum. Məni tez-tez qonaq çağırırdılar və həmişə Çaykovski adına Konservatoriyanın müəllimlərinin verdiyi konsertlərə daxil edirdilər. Mən Oystraxın, Koqanın, Bella Davidoviç, Lev Vlasenkonun iştirak etdiyi bütün konsertlərə gedirdim, Rixteri, Flieri heç demirəm... Karyeranızın ilk addımlarında səni Rixter və Rostropoviç kimi insanlar əhatə etdikdə – klassik sənətinin nüfuz anlayışını dərk edirsən. Yeri gəlmişkən, onlar Bakıya da gəlmişdilər: Rixter burada Niyazi ilə konsert vermişdi. Pərəstiş etdiyim kumirlərimin məndən iki addım aralıqda dayanmalarından, söhbət etmələrindən, siqaret çəkmələrindən, Moskva Konservatoriyasında təvazökarlıqla gəzmələrindən çox təsirlənmişdim.

Bir çox müəllimlərin evlərində özlərini təmin edə bilməyən kasıb tələbələr yaşayırdı. Tələbələr öz professorlarına sıx bağlı idilər. Gənc müğənnilər, beynəlxalq müsabiqələrin laureatları arasında mən ən güclülərdən biri sayılırdım və ölkəni təmsil etmək üçün məni xaricə göndərirdilər. Bu da gənclər üçün təqdir etdiklərinə görə, fərqləndirdiklərinə görə cox vacibdir. Gənc istedadın düşdüyü mühit bax belə olmalıdır.

Sizin fikrinizcə, Qərbdən nə öyrənə bilərik? Səhnəmizin eyni səviyyəyə çatması üçün hansı tədbirləri görməliyik?

XURAMAN: Mən möhtəşəm səhnə meydançalarında çıxış etmişəm. Ən sevdiyim: Düsseldorf, Nyuport, Toledoda - milli muzeyin səhnəsi, Kiprdə – opera teatrıdır. Yəqin ki, rejissorluğu öyrənməliyik. Bəli, rejissorluğu, tərtibatı – bizdə hələ ki, bu çox zəif halqadır. Çox uzun islahatlar lazımdır və bu işə funksionerlər yox, olduqca yaradıcı insanlar rəhbərlik etməlidirlər. Şöhrət və qazanc üçün can atanlar da deyil. Operadan sadəcə onun xoşuna gəlmir deyə ariyanı çıxaran rəhbəri təsəvvür edə bilərsinizmi?! Bizdə belə şeylər də baş verir. Ya da uvertüranı uzun olduğu üçün, pərdəni isə "uzadılmış" olduğundan qısaldan rəhbər. Məsələn Rusiyada, əksinə: köhnə notları tapırlar və sevinirlər – sən demə "Boris Qodunovda" daha bir pərdə var imiş, amma biz isə bunu bilmirdik! "Knyaz İqor" da dörd səhifə ötürülüb! Bu onlar üçün böyük dəyərdir. Bu yaxınlarda Puççininin "Turandot" operasını Franko Zeffirelli quruluşunda izlədim və bunun təəssüf ki, bizdə hələ etmək mümkün olmadığını düşündüm. Çünki operamızda belə bir orkestr, belə rəssam, belə bir bədii rəhbər və nəhayət ən əsası – Zeffirelli kimi rejissor yoxdur! Təcrübəmdə bir məzəli hadisə baş vermişdi...

Leonkovallonun “Təlxəklər” operasını italyan dilində oxumağa qərar verdik. Yeri gəlmişkən, tamaşa uzun müddət əvvəl səhnələşdirilmişdi, lakin afişalarda premyera kimi qeyd olunmuşdu. Bizdə hər mövsüm eyni tamaşa oynanılır, lakin hər dəfə bu "premyera" kimi qeyd olunur. Xaricdə, premyera 10 gün davam edir – vəssəlam! Amma bunu iki-üç heyət ifa edir. Beləliklə “Təlxəklər”i ifa etdik. Bizim teatrın çox fəal rəhbəri var, o həmişə səfirliklərdən, diplomatik korpusun nümayəndələrindən çox maraqlı insanları dəvət edir. Budur, İtaliya səfiri sənətçilərə yaxınlaşdı: "Hər şey gözəldir. Sizi təbrik edirəm" – dedi!

"İtalyan operasını Azərbaycan dilində ifa etməyin nə qədər çətin olduğunu təsəvvür edirəm!" Yəni, o, operanın İtalyan dilində ifa olunduğunu heç anlamayıb! Konsertmeyster ən azı dörd dil bilməlidir: ingilis, italyan, alman, fransız. Bu çox bəsit tələbdir. Əks təqdirdə, tamaşa səhnələşdirmək mümkün deyil. Operamızı dünya səviyyəsinə qaldırmaq üçün bizə bir vahid lazımdır – həm rejissor, həm rəssam, həm texniki personal, həm maliyyələşdirmə.

Teatral səhnədə klassikanın eksperimentlərinə necə baxırsınız?

XURAMAN: Mən buna normal baxıram, mühafizəkar biri deyiləm. Hər şey rejissorluqdan asılıdır. Biz Fidanla müasir rəssamlığa, bütövlükdə müasir sənətə, ümumiyyətlə yeniliyə, maraqlı bir şeyə tamamilə gözəl münasibət bəsləyirik, əgər bu həqiqətən də yüksək bədii və keyfiyyətlidirsə. Təəssüf ki, bizimlə heç kim belə bir modernist şəkildə işləməyib, bu da haradasa bizi incidir. Opera sahəsində elədiyimiz bütün eksperimentlər – öz nailiyyətlərimiz, kəşflərimiz, tapıntılarımızdır. Mənim fikrimcə, daha vacib bir aspekt var. Bu gün əlbəttə ki, çox işlər ölkənin rəhbərliyi və müxtəlif mədəniyyət təşkilatları tərəfindən aparılır, amma məsələ prioritetdədir. Əgər dünya miqyasında məşhur idman tədbirlərini keçirə biliriksə, nə üçün bir dəfə də olsa xaricdə olduğu kimi əzəmətli bir opera quruluşunu edə bilməyək? Mən təqribən bir ilə yaxın Amerikada, Hyuston şəhərində yaşamışam, orada opera daxil olmaqla bir çox teatrlara getmişəm. Salonun yarısının sponsorlardan ibarət olduğunu görürdüm. Belə əzəmətli tədbir kiminsə tərəfindən dəstəklənməlidir: böyük şirkətlər, fərdi şəxslər – xeyriyyəçilər, oliqarxlar... Biz bilirdik ki, ilk sıra filan şirkətdir, üçüncü sıra digər bir şirkət, dördüncü sıra – bankdır və bütün bu şirkətlər sponsorlardır. Başqa cür alınmır. Ancaq səhnə kostyumlarının nə qədər qiyməti var! Məsələn, Cio-Cio-San ("Madame Butterfly")-dakı kostyumlar sanki qızılla bəzədilmişdi. Lakin özəl investorlar tərəfindən operanın dəstəklənməsi anlayışı birbaşa bütövlükdə ölkədə cəmiyyətin mədəniyyət səviyyəsindən asılıdır.

Tələbələriniz arasında estafeti ötürməyə hazır olduğunuz biri varmı? Axı bu gün bir çoxları xaricə gedirlər...

XURAMAN: Gənc olanda, nə haqqında oxuduğumuzu hər zaman anlamırdıq. Amma hər halda lüğətləri açırdıq, transkripsiyanı, necə tələffüz olunduğunu öyrənirdik. Xaricdə çıxış etdikdə, heç kim onların dilini bilmədiyimizi anlamırdı. Alman dilini bilməyib Schubertin romanslarını necə ifa etmək olar?! Daim öz üzərində çalışmalısan. Günümüzün gənclərindən bir çoxu (əlbəttə ki, hamısı deyil) az müqavimət göstərərək, asanlıqla uğur əldə etmək istəyirlər, baxmayaraq ki, indi onların bizdən daha çox imkanları var. Şəxsən biz, Qasımova bacıları, hesab edirik ki: bu gün Azərbaycanda çalmağı, oxumağı, rəqs etməyi, rəsm çəkməyi öyrənmək asanlıqla mümkündür –sadəcə buna böyük istək olmalıdır. Biz çətin yolla gedirdik, yaradıcılıq inkişafımızın dövrü asan olmayıb. Öz zamanımızı qurban verirdik, vaxtımızı sonuna qədər operaya sərf edirdik. Hər gün öz üzərimizdə işləyirdik. Sənətin ciddiyyətsiz münasibətə dözməyəcəyini bilirdik. Onun haqqını daimi əmək və vaxtınızı sərf edərək ödəyə bilərsiniz! Biz bu qurbana şüurlu olaraq gedirik və gənc ifaçılar bunu anlamalıdırlar. Biz həm də, pedaqoji fəaliyyətə erkən başlamışıq. Müəllimlik – çox maraqlı bir işdir. Lakin biz özümüzü tələbələrə tez həsr etməyə başladıq – bu, bir müəllim kimi bizim vəzifəmizdir və onu yerinə yetirilməliyik, tələbələrlə biliklərimizi bölüşməliyik. Tələbələrimiz arasında, əlbəttə ki, bizim estafeti qəbul edəcək olanlar var. Var! Hərçənd, həqiqətən də, bir çoxları xaricə köçüblər.

Ölkəmizin xaricində çıxış edən, xaricdə yaşayan beynəlxalq müsabiqələrin laureatları, məsələn Böyük teatrda, Almaniyadakı teatrlarda ifa edən tələbələrimiz var... Mən onların adlarını çəkməyəcəm, onların uğurunun üzərindən özümü reklam etməyəcəm, buna ehtiyacımız yoxdur. Biz sadəcə onların karyeralarının artmasını izləyirik və sevinirik. Düşünürəm ki, onların bizim – onlara “bel canto” sənətini öyrədən insanların adlarını çəkmələri daha doğrudur...

Fidan xanım, bəs Siz Vətəndə qalmaq və ya getmək kimi seçim qarşısında qalmısınız?

FİDAN: Mən müəllimlik edirəm, bacımla birlikdə konsertlər veririk. Opera teatrından çoxdan çıxmışıq, buna da heç təəssüf etmirik. Bir zamanlar dünyanın hər yerinə qastrollara getmişik, dünyanın ən nüfuzlu səhnə meydançalarında ifa etmişik, Fedoseyevdən başlayaraq Mravinskiyə qədər ən görkəmli dirijorlarla işləmişik. Moskva və Peterburqun musiqi elitası, görkəmli dirijor Temirkanov bizi tanıyırdı, Niyazi bizi qiymətləndirirdi və bizimlə əməkdaşlıq edirdi – biz onunla çox işləyirdik, müğənni, musiqiçi kimi təcrübə qazanırdıq... Eşitmişəm ki, bu gün Çernov, Leyferkus kimi bir çox opera müğənniləri dünyaya səpələniblər və Avropa teatrlarının solistləri olublar. Biz isə bacım ilə hər zaman öz vətənimizə – Sovet İttifaqına, Azərbaycana sadiq olmuşuq. Baxmayaraq ki, bizi dəvət də ediblər, lakin biz ölkəni tərk etməmişik. İndi biz zəngin təcrübəmizi ötürməyə, Azərbaycanlı müğənnilərin gənc nəslini yetişdirməyə qarşımıza məqsəd qoymuşuq – həm opera, həm də kamera müğənnilərinin. Opera – klassik sənətdir, lakin burada bir səs kifayət etmir. Təəssüf ki, bir çoxları bu gün opera müğənnisinin formalaşması, hərtərəfli inkişafı, üfüqünün genişlənməsi, intellektual səviyyənin artırılması – yəni özü üzərində daimi yüksəliş tələb etdiyini dərk etmirlər.

Xuraman xanım, Sizin fikrinizcə, gənc istedadlı opera sənətçisinə dünya səviyyəsinə nail olmaq üçün hansı amillər kömək edə bilər?

XURAMAN: Əlbəttə ki, yalnız səs və onun üzərində sürəkli çalışmaq kifayət deyil. Mənim fikrimcə, gənc istedadı dünya səviyyəsinə qaldıra biləcək iki amil var. Birincisi – bacımın dediyi kimi, öz üzərində intellektual və mənəvi əməyin zəruriliyini, şəxsiyyətin hərtərəfli inkişafını dərk etməkdir. Belə bir misal çəkim: Qara Qarayev. O, musiqidə tanrı və canlı ensiklopediya idi. Onun dərsləri, leksiyaları çox maraqlı keçirdi. Kənardan, musiqiyə xüsusi maraq göstərməyənlər belə dinləmək üçün onun dərslərinə gəlirdi. O, Konservatoriyanın yaxınlığında yaşayırdı, uşaqlar hər dəfə onun yolunu izləyib bir-birinə xəbər verirdilər: budur o həyətdən çıxdı, indi yoldadır... Onun Konservatoriyanın qapısına daxil olmağı əvvəlcədən bəlli olurdu və artıq hər kəs auditoriyada sakitcə oturub gözləyirdi. Çünki bilirdilər ki, qarşıda çox maraqlı bir dərs gözlənilir. Ondan hətta çəkinirdilər də, çünki tələbələrə qəfildən bir sual verə bilərdi: "Zəhmət olmasa de, Ekzüperini oxumusan?" Əgər o, qorxaraq: "Bilirsiz, yox, oxumamışam" cavab verirdisə, onda Qarayev dərindən ah çəkərək "Yaxşı, bəs “Al Yelkənləri” necə?" – "Oy, yox, onu da oxumamışam..." Tələbə yerin dibinə girməyə hazır idi, Qarayev isə deyirdi: "Allahım, nə xoşbəxt bir insansan! Hələ nə qədər çox şey öyrənməlisən!" Bu dahiyanə idi! Mən isə tələbələrimə bunu demirəm – onlar onsuz da oxumayacaqlar. Məsələn, bizi heç kim sinifdən xaric ədəbiyyatı oxumağa məcbur etmirdi. Bilirsiniz, həyatda və peşədə ilk və əsas şey – daha dərin, çox yönlü olmağa can atmaqdır... İkinci amil isə – əlbəttə ki, bu yüksək tələbləri özünə, öz yaradıcılığına çəkən mühitdir. Biz belə mühitdə böyümüşük. İndi isə dərd bundadır ki, belə bir mühit artıq yoxdur – o, İttifaq ilə birlikdə dağıldı... Lakin biz keçmişə baxmamalıyıq. Vaxt itirmədən, yenidən SSRİ-dəkindən geri qalmayan, öz Azərbaycan klassik opera məktəbimizi qurmalıyıq. Həmçinin xalqın mədəniyyət səviyyəsini, klassik musiqisinin və operasının nüfuzunu inkişaf etdirmək və yüksəltmək lazımdır. İnanıram ki, biz buna müvəffəq olacağıq. Yüksək dünya səviyyəsinə meyl və öz gücünə, xalqımızın istedadına olan inam vacibdir. Bunun üçün bizim çox verimli zəminimiz var: axı Azərbaycanda çoxlu istedadlı, yaxşı səsləri olan insanlar var!