NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

“Atkinsonun qızılgüllərinə aşiq olaraq...”

Fransa hər zaman modada trend hesab olunub, eləcə də parfümeriada da, zərif ətirlərin vətəni... Amma Qallar ölkəsində meydana gəlmədən öncə parfümer sənəti Şərqdə yaranıb və minillərlə inkişaf edib. Belə ki, Azərbaycan xanımları qədimdən bəri xüsusi ətirlərdən istifadə etməyi bacarırdılar. 100-cə il bundan əvvəl isə Avropanın ən yaxşı “burunları”nı işlədən rusiyanın parfümer sənayesi, bütün dünyada şöhrət qazandı...

screen_shot_2017-04-04_at_14.24.51

İnqilabdan əvvəlki Azərbaycanda zadəgənlar, ziyalılar və daha zəngin tacirlər həm yerli (yəni Rusiya imperiyasında istehsal olunan), həm də xarici ətirlərdən və odekolonlardan çox geniş istifadə edirdilər. Amma müsəlman ruhaniləri, ortabab tacirlər (xrestomatik Meşədi İbad kimi) və az-çox pulu olanlar “əttar dükanları” adlanan – ədviyyat satılan dəzgahlardan ətirli məhsulları əldə edirdilər. 

“Əttar” sözü Azərbaycan dilində həm ətriyyatçı həm əczaçı deməkdir. Xalq təbabəti tarixinin tədqiqatçısı Fərid Ələkbərli deyir ki, bu məkanların sahibləri adətləri qayğı ilə qoruyaraq İbn Sina dövrünün reseplərindən istifadə edirdilər. “Əttar dükanı”ndakı ətirlər aromatik yağlar, ənbər və müşkün bir-birinə sürtülməsi əsasında təqdim olunurdu. Bu, bir qayda olaraq “ikisi birində” idi: həm ətir, həm dərman. Məsələn, qızılgül və bənövşə aromatik yağlarını baş ağırılarında, ənbəri isə tonus üçün istifadə edirdilər .

İnqilab bu təkrarolunmaz dəzgahları məhsulları ilə birgə ləğv etdi... Yalnız yarım əsrdən sonra  - 70-ci illərdə, Azərbaycanda buna bənzər ticarət nöqtələri yaranmağa başladı. Onları “yaşıl apteklər” adlandırırdılar və çox vaxt tarixi binalarda yerləşirdilər. Belə ki, Gəncədə (o vaxtkı Kirovabad) “Şəfalı gül” apteki köhnə məsciddə yerləşirdi, yaşıl aptek isə Bakının İçəri Şəhərində - öz zərif interyeri və günbəzlərin içindəki divar naxışları ilə tanınmış köhnə hamamın binasında. Yenə də sovetin yaşıl aptekləri, onların faydasına heç bir şübhə olmasına baxmayaraq, klassik “əttar dükanı” -  nümunəsinin solğun surəti idi...

f3fcab947e86

Gəlin, II Nikolayın dövrünə -  ətriyyatın Rusiyada fabriklərdə istehsal olunduğu və bu məhsulu hər kəsin əldə edə biləcəyi bir dövrə qayıdaq. İmkanlı, daha çox təmin olunmuş və təhsilli əhali CREED, Guerlain, Houbigant, Floris və digər xarici firmaların məhsullarına üstünlük verirdilər. Əlbəttə ki, bütün imperiyada olduğu kimi  "neft və milyonlar səltənətində" də çar ailəsinin zövqü ilə hərəkət etmək nəzakət hesab olunurdu.           

İmperatriçə Aleksandra Fedorovnanın ən sevdiyi ətir ingilis firması Atkinsonun “Ağ qızılgül” (White Rose) ətri idi. Şair Andrey Belıy bu parfümü belə mədh edib: “Poudre Simonu qoxlarkən, Atkinsonun qızılgüllərinə aşiq olaraq...”. Görkəmli Knyaginyalara gəldikdə isə, onların parfümeriyaya olan həvəsləri ümumrusiyanın “Ətriyyat Napoleonu”  Fransua Kotunun yaratdığı məhsullara olan sevgisinin aydın şəkildə izahıdır: Anastasiya onun “Purpur bənövşə”, Olqa – “Qızılgül çayı”, Tatyana- “Korsika jasmini”, Mariya isə  – “Purpur zanbaq” ətirlərini sevirdilər.

Yeri gəlmişkən, bu dahi fransız Viktoria dövrünün qadın ətirlərini yalnız gül bitkilərinin xammalından yaratmaq ənənəsini cəsarətlə pozmuşdur (müşkə bənzər heyvani əlavələr həddindən artıq həssas və ədəbsiz hesab olunurdu). Onun ən tanınmış “Loriqan” (L’Origan Coty) parfümü, kəklikotu bitkisinin adını daşımasına baxmayaraq, tərkibində çiçək tozlarından əlavə bir çox ədviyyat və hətta iki heyvani afrodizyak - müşk və viverra vardı.

Bu ətrin ənənəvi çiçək qoxularından necə fərqləndiyinə İ.Vasilenkonun “Cılızın həyatı və sərgüzəştləri” povestindəki (hadisələr “Loriqan”ın buraxıldığı 1905-ci ildə cərəyan edir) səhnəciyə əsasən qərar vermək olar: “Mülkədar qadınlarının birindən jasmin, digərindən yasəmən, üçüncüsündən bənövşə ətri gəlirdi”. Lakin madam Proxorova daxil olanda  bütün mülkədar qadınları ah çəkdilər:  Ah, Adda Markusovna, bu ki Kotinin “Loriqan”ıdır! Bəli, əsl Kotinin “Loriqan”nı!». Ailəsindəki qadınlardan fərqli olaraq, rus hökmdarı yerli istehsalı dəstəkləyirdi. İmperiyadakı bir çox kişilər onun zövqünə güvənirdilər. II Nikolay “Brokar və Ko” firması ilə birlikdə ölkənin əsas parfümeriya sənayesinin təməli olan  “A.Ralle və Ko”  firmasının odekolonuna üstünlük verirdi. 

1331388184_rene-lalique-1

İnqilabdan sonra Rusiyanın bu iki nəhəng parfümeriya kompaniyası digərləri kimi milliləşdirildi və «Jirkost» idarəsinə daxil oldu. Qısaca TJ  - “Teje” kimi tələffüs olunurdu, bu səbəbdən, keçmiş dövrün həsrətini çəkən bəzi qadınlar bu sözün fransızca olduğunu güman edirdilər. Lakin milliləşmədən sonra da bu idarənin reklam layihəsində hər kəsin çox yaxşı tanıdığı Ralle ve Brokara iştirak etmişdilər. 1920-ci illin əvvəllərində TJ-nin Bakı şöbəsi İçəri Şəhərin Qoşa Qala Qapısı yaxınlığında, Duma meydanındakı (indiki Gənclik meydanı) Mərkəzi iş klubunda yerləşirdi. Bu, bizim şəhərimizdə İnqilabdan əvvəlki Rusiyanın parfümeriya imperiyasında yox olan sonuncu adacıq idi. Qarşıda yeni dövr vardı: “Qırmızı Moskva” və “Şanel №5” – in səs saldığı dövr...

Lakin zamanlar arasındakı bağ qopmadı. Eləcə də “Qırmızı Moskva” Brokara şirkətinin əməkdaşı Avqusto Mişelin yaratdığı Romanov evinin 300 illiyinə həsr olunmuş “İmperatriçənin sevimli gül dəstəsi” qoxusunun sadələşdirilmiş variantını təmsil edirdi. “Shanel №5” parfümünün formulunu isə Rallenin keçmiş əməkdaşı Ernest Bo hazırlamışdı. Beləliklə, XX əsrin sovet və xarici ətriyyatının nailiyyətləri Rusiya Çarlığının keçmiş ətrinin şöhrətini ötüb keçərək böyüdü və çiçəkləndi. Bu isə təmam başqa bir əhvalatdır...