NARGIS
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

SKRİPKA İLƏ DİALOQLAR

Uzun müddət cansız bir cismə baxıb və heç bir şey hiss etməyə bilərsən. Ta ki, o, danışana qədər. Bu əşyaları canlandıra bilənlər əsl sehrbazlardır: onlar bizə dünyaya fərqli gözlə baxmağa imkan yaradırlar, ruhumuzun ən dərinliyində qapalı olan hisslərimizi üzə çıxarırlar... Azərbaycan tarixində ən gənc əməkdar artist olan, babası – xalq artisti Sərvər Qəniyevin layiqli davamçısı olmaq üçün öz üzərində çox çalışan skripkaçı Elvin Xoca Qəniyev öz sehrli musiqi aləti skripkanı məhz bu cür canlandırır. Keçən il Elvin Berlində keçirilən, bütün dünyadan 18-35 yaş arası ifaçıların qatıldığı II Beynəlxalq Skripka Müsabiqəsində qızıl medal qazanıb. İyirmi yaşında Zaxar Bron kimi ustaddan dərs almaq, konsert proqramları ilə bütün Avropada çıxış etmək, Sürixdə, sonra Madriddə təhsil almaq və eyni zamanda ruhən sadə bir azərbaycanlı oğlan qalmaq necə bir hissdir? Bütün bunlar haqqında bizə Elvin Qəniyev özü bəhs edəcək.

YAXŞI SKRİPKAÇI

Sostenuto (təmkinli)

Nöqsanlarını bilə-bilə özünü müsbət qiymətləndirmək çətindir, həm də özünü tərifləmək nəzakətsizlikdir. Ancaq hər şeyə rəğmən mən yaxşı skripkaçıyam, ifa səviyyəsi yüksək olan konsert musiqiçisiyəm, bunun sübutu nəinki qazandığım mükafatlardır, həm də çıxış etdiyim müxtəlif ölkələrin tamaşaçılarının məni necə qarşıladıqları və necə yola saldıqlarıdır. 18 yaşından sonra heç kim səni gənc istedad kimi qəbul etmir: yaşın heç bir əhəmiyyətinin olmadığı bir pillədə dayanırsan. Sizdən on, iyirmi yaş və ya daha böyük olan musiqiçilərin ifası ilə rəqabət edə biləcək yüksək keyfiyyətli bir ifa gözlənilir – ya da bu işi buraxmalısan. Mən öz potensialımı bilirəm, amma onun hüdudlarını görmürəm. Öz nöqsanlarınla barışmamalısan. Onları özündə görməli və yaxşılığa doğru dəyişməyə çalışmalısan. Düşünürəm ki, daim öz üzərində işləmək vacibdir.

 

NƏ OLURSA, OLSUN, MUSİQİÇİ OLMAZ!

Risoluto (qətiyyətlə)

Valideynlərim qəti şəkildə mənim musiqiçi olmağımı istəmirdilər. Səbəblər olduqca sadə idi: zəhmətli işdir,  klassik musiqi dünyasında dəstək almaq çətindir və sair. Paradoksaldır, amma ailəmizdə hər kəs musiqiçidir: atam – violonçelist, anam və nənəm – pianoçu, babam və bacım – skripkaçı. Beş yaşımda artıq müxtəlif əsərlərdən melodiyalar zümzümə edirdim, dirijorun əllərinin hərəkətlərini təqlid edirdim. Nəticədə ailə məclisi məni kor-koranə musiqiçi etmədən əvvəl musiqi qabiliyyətimi yoxlamağa qərar verdi. “Mən onun bu nəhəng violonçeli daşımasına icazə vermərəm!” – nənəm bildirdi, buna görə atam öz ustalıq sənətini mənə ötürməkdən imtina edib bu işi babamın ixtiyarına vermək məcburiyyətində qaldı və mənə ilk skripkamı təqdim etdilər. Babam o vaxtlar artıq Azərbaycan Respublikasının xalq artisti idi, hələ 1986-1987-ci illərdə Ankarada, bəlkə də, o dövrdə Türkiyənin ən güclü skripka məktəbinin qurucusu idi. Elə orada təhsil almağa başladım. Yeddi yaşında isə ilk konsertimi verdim. Bir çox müsbət rəylər səsləndi və mən səhnəyə dəlicəsinə aşiq oldum. Qərar alındı – musiqiçi olacam!

 

MƏNİM İDEALIM

Morendo (yavaşlayaraq)

Ölümündən bir müddət əvvəl, 2010-cu ildə babam, nüfuzlu Venyavski müsabiqəsinin qalibi olduğumu öyrəndi. "Nə yaxşı ki, bunu görmək mənə nəsib oldu! Mən çox şey edə bilmədim, amma Elvin mütləq Azərbaycan skripka məktəbini şöhrətləndirəcək" – o zaman babam belə demişdi. Mənim orkestrlə ilk çıxışım babam ilə birlikdə olmuşdu. Sözlə ifadə edilməyən qürur hissi keçirdiyimi, hətta deyərdim səhnədə bir növ qorunduğumu xatırlayıram. Mən sadəcə dahi musiqiçi Sərvər Qəniyev ilə çıxış etmirdim, həm də yanında ən böyük hisslər yaşadığım sevimli babamla çıxış edirdim. Həyəcan belə keçirmirdim. Mən babamı yalnız mötəbər bir musiqiçi və müəllim olmazdan əvvəl çətin yol qət etdiyi üçün idealım hesab etmirəm. Axı onun nə dəstəyi, nə də mənim kimi imkanları olmayıb. O, böyük insan idi, həmişə tələbələrinə kömək edirdi, istedadlı insanları dəstəkləyirdi, ehtiyacı olanlara qayğı göstərirdi... Mən də babam kimi peşəmdə zirvələrə yüksəlməyi, məktəblər və konservatoriyalar qurmağı, Azərbaycan skripka məktəbinə yeni nəfəs verməyi arzulayıram!

 

ƏN GƏNC

Animato (ruh yüksəkliyi ilə)

Bu gün mənim üçün əldə etdiyim nailiyyətlərin ən yüksək qiymətləndirilməsi ilə yanaşı, həm də gələcək üçün əlavə motivasiya olan ən önəmli mükafat Azərbaycanın əməkdar artisti adıdır. İyirmi yaşımda bu ada layiq olub-olmadığım – mənim qərarım deyil. Səkkiz yaşımda artıq bir neçə ciddi musiqi müsabiqələrinin laureatı idim, məni təkcə Türkiyədə deyil, Azərbaycanda da tanıyırdılar. Belə ki, akademik Nərgiz xanım Paşayeva məni, doqquz yaşlı skripkaçını ilk dəfə Azərbaycan səhnəsində, UNS Teatrında çıxış etməyə dəvət etdi. O vaxtdan bəri mən yüksək dövlət məmurlarının, xüsusən də, vitse-prezident Mehriban Əliyevanın himayədarlığını hiss edirəm. Kömək isə lazım idi! Maddi dəstək ala bilməyən çox sayda istedadlı musiqiçi hədər olur. Bütün bu xarici səyahətlər, master-klasslar, çıxışlar ailəm üçün çox baha başa gəlirdi, valideynlərim musiqi karyerama sonuncu qəpiklərini xərcləyirdilər. Onların səyləri boşa çıxmadı – mənim adım Azərbaycanın gənc istedadlarının qızıl kitabına yazıldı və mən ölkəmizi dünyanın müxtəlif yerlərində keçirilən müsabiqələrdə və festivallarda qürurla təmsil edirəm.

 

SƏDAQƏT

Affettuose (duyğulu)

Qazaxıstanda babamla getdiyim master-klassların birində dünyanın ən yaxşı skripkaçılar pleyadasını yetişdirən məşhur müəllim Zaxar Bronla tanış olmaq şərəfinə sahib oldum. Mənim ifamı dinlədi və mənim böyük gələcəyimin olduğunu bildirərək babamı təbrik etdi. Və sonra sanki bir yuxu kimi, Zaxar Bron özü onun tələbəsi olmağımı təklif etdi! Ayda bir dəfə gah Sürixə, gah Milana, bəzən isə Körnə onun yanına gedirdim və ondan əvəzolunmaz dərslər alırdım. Belə bir görkəmli musiqiçinin tələbəsi olmaq hər kəsə nəsib olmur. Mən çox xoşbəxt idim. Müsabiqələrdə iştirak etməyə davam edirdim, əvvəllər yalnız xəyal edə biləcəyim səhnələrdə çıxış edirdim, Avropa və Rusiyadakı məşhur müəllimlərdən onların tələbəsi olmaq təkliflərini almağa başladım. Bəlkə də bu mənim üçün maraqlı olardı, amma mən Zaxar Brona sadiq qalmağı tərcih edirəm.

 

ÇƏTİNLİK

Spirituoso (şövqlə)

Müsabiqələrdəki ən çətin şey heç də saatlarla məşq etdiyin, barmaqlarındakı döyənəkləri yenilədiyin, hətta çıxış etdiyin zaman həyəcanını necə ələ almağı bilmədiyin hazırlıq prosesi deyil. Bəzən siyasi məsələlər, hətta münsif heyətində müəllimlərin ya da iştirakçıların qohumlarının olması həlledici rol oynayır. Yaxşı ifaçı belə münsiflər heyətində tanışı olmadan hətta ilk turdan sonra kənarda qala bilir. Belə vəziyyətlərdə özünü göstərmək çox çətindir. Ancaq ədalətli yarışmalar da var: videolarını göndərən on min nəfər arasından yalnız otuz skripkaçının münsiflər heyəti qarşısında çıxış etməyə dəvət olunduğu Kraliça Yelizaveta və ya Çaykovski müsabiqəsini qeyd edə bilərəm. Kiminsə səhv çalacağına ümid etmək axmaqlıqdır. Burada yanaşma, ruh, əsəri yeni bir tərzdə, lakin not dəftərində yazılandan kənara çıxmadan ifa etmək bacarığı çox vacibdir. Axı klassik musiqi caz deyil, burada improvizasiya yolverilməzdir. Şəxsən mən münsiflər heyətində valideynlərimin tanışları olan müsabiqələrdə iştirak etməməyə çalışıram. Bəli, mən musiqiçi ailəsində böyümüşəm; bəlkə də mənim yerimdə başqası olsaydı, eynilə uğurlu olardı deyə düşünürsünüz və təbii olaraq, haqlısınız. Ailəm həqiqətən məni istiqamətləndirirdi, dəstəkləyirdi, təcrübəsi ilə bölüşürdü, məsləhətlər verirdi. Ancaq, məsələn, Nyu-Yorkda bir müsabiqənin səhnəsində valideynlərinizə və ya babanıza əhəmiyyət verməyən peşəkar bir münsif heyəti qarşısında skripka ilə təkbətək qalırsınız. Amma gün ərzində hər bir notanı düzgün səsləndirməq üçün çalışaraq, bütün gücünü ifaya sərf edərək altı saat məşq etdikdə hətta ən böyük səhnə belə yeganə sahibi olduğunuz ən rahat guşəyə çevrilir. Gözlərinizi bağlayırsınız, skripkanın yayını simlərə toxundurursunuz... və qarşınızda nə sərt münsif var, nə həyəcan var - yalnız musiqi, yalnız duyğular! Birdən hər şey gurultulu alqışlarla kəsilir və özünüzlə qürur duyursunuz! Bu möhtəşəmdir!

 

VACİBDİR

Parlando (danışaraq)

Çox vaxt valideynlər uşağında bir balaca istedad hiss edən kimi onu ən azı Motsart olaraq görmək istəyirlər. Pərdə arxasında bəzi anaların müsabiqə zamanı səhv ifa etdiklərinə görə uşaqlarını döydüklərini görmüşəm. Nəticədə, bu uşaqlardan çox vaxt musiqiçi yetişir, amma peşələrinə nifrət edən musiqiçi. Ancaq onlar bu peşədən imtina edə bilmirlər, çünki artıq musiqi alətində çalmaqdan başqa bir şey bacarmırlar. Onlara musiqiyə, alətə sevgi aşılamayıblar. Ancaq bu o qədər vacibdir ki! Bəli, yüksək sənət fədakarlıq tələb edir. Ancaq bunları azaltmaq olar, inanın, yalnız düzgün yanaşma tapmaq lazımdır. Uşaq heç bir halda ətraf mühitin anlamaq qabiliyyətini aşan bir əsərin notalarını açmamalıdır. Əgər siz uşağa, məsələn, Çaykovskinin əsərini öyrənməyə vermisinizsə, o zaman zəhmət çəkin bunu ona izah etmək üçün vaxt ayırın, uşağa beş xətt arasında sıçrayan hər bir notanı hiss etməyi öyrədin – qoy, o, səslərin hər bir çalarını daxilində hiss etsin... Əlbəttə ki, onları böyüklər kimi hiss etməyəcək, lakin onları özünəməxsus başa düşəcək və bəlkə də yeni bir ifa tərzi ortaya çıxaracaq. Uşaqların musiqiyə baxışı çox vaxt peşəkar olmur, lakin bəzən çox şey eşidən ən yaşlı musiqiçini belə təəccübləndirə bilər.

 

SKRİPKASIZ SAATLAR

Leggiero (yüngül)

Bəzən təxminən dörd saat məşq edirsən və özündə bir o qədər də gücünün olduğunu hiss edirsən, amma diqqəti artıq cəmləyə bilmirsən. Bədənin 12 saat ifa etməyə gücü yetir, lakin bu artıq sənə ziyan ola bilər, çünki əsəri öyrənərkən konsentrasiya çox vacibdir. Belə saatlarda skripkanı futlyarına qoyuram və gəzməyə gedirəm. Mən olduqca sosial, ünsiyyətcil insanam. Dostlarım çoxdur, onlarla vaxt keçirməyi, şahmat oynamağı xoşlayıram. Uşaqlıqdan bəri heç kim məni bir şey etməyə məcbur edə bilməzdi, mən çox şıltaq idim. Ancaq skripka dərslərini əsla buraxmazdım – yaşımın az olmasına baxmayaraq musiqiçi olmaq məqsədi mənim şüurlu seçimim idi. Düzdür, əvvəlcə səhnədə olmağım məni daha çox cəlb edirdi. Uşaqlıqda gündəlik cədvəlim əsasən bir neçə saat skripka məşqlərindən ibarət idi, sonra anamın etirazına baxmayaraq həyətdə uşaqlarla futbol oynamaq, və yenidən – musiqi. Mən teatrı dəlicəsinə sevirəm, hətta kinodan da çox. Aktyorluq istedadımın olub-olmadığını bilmirəm, amma teatr xadimləri ailəsində doğulsaydım, yəqin ki, aktyor olardım.

 

BÖYÜK SEVGİ

Giocoso (оynaq)

Başqalarından fərqli olaraq sevdiyim qızla aramda qərginliyi... İohann Sebastyan Bax yaradır. Məsələ ondadır ki, Baxın əsərlərini ifa etmə tərziniz peşəkarlığınızın göstəricisidir, lakin, bunula yanaşı, müxtəlif məktəblərdən və hətta ölkələrdən olan musiqiçilər bunu tamamilə fərqli şəkildə ifa edirlər. Mənim sevgilim də skripkaçıdır və onunla Baxın əsərlərini düzgün ifa etməklə bağlı daima mübahisə edirik. Ümumiyyətlə, həyatını mənimlə paylaşmağa hazır olan bir insanın nə işlə məşğul olduğumu başa düşməsi mənim üçün çox vacibdir – mənim üçün onun klassik musiqiyə olan münasibətinin belə əhəmiyyəti yoxdur, yalnız başa düşməyi vacibdir. Bundan əlavə, daim səfərlərdə olaraq kiməsə kifayət qədər diqqət yetirmək çətindir. Sabit bir həyat haqqında hələ ki, düşünmürəm – hələ çox iş görmək və çox şeyə nail olmaq lazımdır!

 

CANLI, LAKİN İNSAN DEYİL

Sensibile (həssaslıqla)

Mən onunla danışa bilirəm, fikirlərimi bölüşə bilirəm, ondan məni yarı yolda qoymamasını istəyə bilirəm, çünki mən heç vaxt onu yarı yolda qoymayacam!.. Bəzən mənə elə gəlir ki, uçuşlar və ya çəkilişlərlə məşğul olduğum üçün onunla az məşq etdiyimə görə məndən inciyir. Müxtəlif skripkalarda ifa edirəm, hətta birini –  Cennaro Qalyanonun əl işi olan skripkanı mənə Mehriban xanım Əliyeva hədiyyə edib. Hal-hazırda Cüzeppe Qvarnerinin skripkasında çalıram. Hər bir skripkaya, sanki bir insan kimi xüsusi yanaşmam var. Ancaq belə bir paralelə baxmayaraq əlbəttə ki, insanlarla ünsiyyəti daha yüksək tuturam. Çünki alətlə söhbətim mənim beynimdə baş verir və bilirəm ki, suallarımın cavabını heç vaxt eşitməyəcəyəm, mən isə hər şeydə reallığı qiymətləndirirəm. Bəlkə gənclik maksimalizmim və ya mənim həddindən artıq dərəcədə ekstravert olmağım səbəbindən canlı insanlarla ünsiyyətimi heç vaxt musiqi alətləri ilə sonsuz söhbətlərə dəyişmərəm!

 

Müsahibə: Fərid Məmmədov Fото: Pərviz Qasımzadə