NARGIS MAGAZINE
Bloqlar

HOAKİN SOROYYA. LONDON SƏRGİSİ

Oxucularımı layiqincə qiymətləndirilməmiş, demək olar ki, unudulmuş ispan rəssamı Hoakin Soroyya ilə tanış etməyə tələsirəm. Etiraf edim ki, özüm impressionizmin böyük bir pərəstişkarı olaraq onun Orsay Muzeyindəki bir neçə əsərini yalnız Londonda fərdi sərgisində olarkən xatırladım. Ovsunlayıcı əsərlərinin gözəlliyinə baxarkən onun haqqında daha ətraflı öyrənmək və sizinlə bölüşmək istədim. 

Soroyya 1863-cü ildə, ispan rəssamlığının qızıl əsri keçmişdə qaldığında Valensiya şəhərində anadan olub. O, hansısa monarxlardan birini əbədiləşdirən saray rəssamı ola bilməzdi. Bunun əvəzinə öz ailəsini, uşaqlarını, balıqçıları, təbiəti və bir çox başqa həyat səhnələrini təsvir edirdi.

Hoakin iki yaşında yetim qalır və o vaxtdan bəri əmisinin himayəsi altında böyüyür. 14 yaşından Əl Sənətləri Məktəbində rəsm dərslərinə getməyə başlayır, 15 yaşında isə əmisindən boya qutusu hədiyyə aldıqdan sonra Valensiya Gözəl Sənətlər Məktəbinə daxil olur. Müəllimlər Soroyyanın istedadlı olduğunu görürlər, lakin bir şey çatışmır: rəsm həmişə bahalı bir zövq olub və əmisinə bu xərcləri qarşılamaq getdikcə çətinləşir. Təhsil haqqını ödəmək üçün gənc rəssam çəkdiklərini satışa çıxarmağa başlayır.

18 yaşında Soroyya Velaskesin və Prado muzeyində El Qrekonun əsərlərinin surətlərini çəkmək üçün İspaniyanın paytaxtına yola düşür və onları müxtəlif sərgilərə göndərir. Qarşıdakı on illikdə o, tanınmış rəssama çevrilir və bir çox mükafatlar qazanır. 1892-ci ildə Hötenin "Faust" əsərindən ilhamlanaraq çəkdiyi "Başqa Marqarita" rəsmi Madriddə qızıl və Çikaqoda sərgi mükafatı qazanır. Bu əsər Amerikada qalır və bu gün Vaşinqton Universitetinə məxsusdur.

"Balıq ovundan qayıdış" (1894) əsəri Paris Salonunun gümüş medalına layiq görülmüşdür və Lüksemburq Muzeyi tərəfindən satın alınmışdır.

Soroyya Velaskes və ya Qoya kimi dahi rəssam ola bilməsə də, Pikasso və Dali kimi qalmaqallı şöhrət qazanmasa da, şübhəsiz ki, dünya rəsm tarixində onun xüsusi yeri var.

Əgər siz impressionizmi sevirsinizsə, o zaman xüsusi İspan üslubunda bu cərəyanı 7 iyul tarixinə qədər London Milli Qalereyasında görmək şansınız var.

Zeynəb Cahan