NARGIS
NARGIS MAGAZINE
Simalar

NİKOLAY TSİSKARİDZE. BİRİNCİ ULDUZ

O, birbaşa qübbəyə doğru uçur, al qırmızı fata hava istiqamətində onun ardınca dalğalanır. Nə qədər asan, sanki oynarcasına orada, yüksəklikdə, soffit işıqlarının altında, bütün bədənini sarımış sıx lentin cəhənnəm ağrısına etiraz etmədən yenidən və yenidən havaya qalxaraq vüqarla poz verməsinə baxdıqda, anlayırsan ki: budur o, – Allah vergisi olan artist! Təəccüblüdür, amma öz taleyini lap az yaşlarında, birinci sinifdə oxuyarkən müəlliminin ondan gələcək peşəsini təsvir etməsi istəyinə balerina rəsmi çəkib və altından "Bolet" yazaraq dərk edib. Yəqin ki, "ağrı" sözündən, – anası zarafat edərdi. Fenomenal təbiət keyfiyyətləri üstəgəl gücü xarakter – xoşbəxt artistlik taleyin rəhnidir. Və yalnız artistlik deyil: Tsiskaridze altı ildir ki, əfsanəvi müəssisənin ruhunu canlandıraraq A.Y.Vaqanova adına Rus Balet Akademiyasına rəhbərlik edir.

Entrée

Hər bir böyük artistin daxilində – vəziyyətdən asılı olaraq, məsələn, balaca qızın kukla ilə evcik-evcik, ya da həkimlik oyununu oynayan bir uşaq yatır. Bir tərəfdən – istedadlı, digər tərəfdən dahi, üçüncü tərəfdən isə hissləri manipulyasiya edən biri üçün peşəni yüksək dərəcədə idarə etmək bacarığı inanılmazdır. Artist – bir çox kompleksi olan və bu kompleksləri boğmağa çalışan bir şəxsiyyətdir. Bir qayda olaraq, bu insanlar hissiyatlı insanlardır; publikada onlar başqa cürdür, həyatda başqa cür. Moemin “Teatr" əsərində baş qəhrəman Culiya oğluna əsl fəlakətin obrazsız olduğunu və onu səhnədə canlandırmaq üçün onu yaşamaq yox, təsvir etməyi bacarmalıyıq deyə izah edir. Sadəcə gözəl ifa edən vokalçılar var, bir də hər mahnıda teatr yaradanlar var. Larisa Dolinanın dediyi kimi: «Müğənni olan mənəm, Puqaçova isə mahnı oxuyan aktrisadır». Buna görə də Puqaçovanın hər bir mahnısı bir hadisə, mini-teatrdır. Bəlkə də, vokal baxımından kimsə bunu daha yaxşı edir, ancaq heç kim, heç vaxt onun kimi bu qədər dərindən ruha toxunmayıb. Artistlərdə də eyni: Teatrın bir məbəd olduğunu başa düşmürsənsə və orada xidmət etmir, yalnız işləyirsənsə, o zaman sadə bir insana çevrilirsən. Çünki teatrda işləmək mümkün deyil, teatrda yalnız xidmət etmək olar. Buna görə də sadə insan səhnəyə çıxa bilmir: onun fəlakəti obrazsız olacaq, onun dərdinə şərik olmayacaqlar. Mən özüm hərəkət etməyi, idmanla məşğul olmağı sevmirəm. Mənim üçün divanda uzanıb və heç nə etməmək ən rahat şeydir. Baletlə yalnız bir sadə səbəbə görə məşğul olmağa başlamışam: unikal keyfiyyətlərimin olduğunu anladım, belə bir qabiliyyət gələcək bir neçə milyon insan arasında yoxdur və əgər mən bundan istifadə etməsəm, səhv etmiş olaram. Çünki Allah-Təala qarşıma çıxan dahi müəllimlərim kimi bütün bunları mənə bəxş edib, bu istedadımı istifadə etməməyə haqqım yoxdur. Axı, bir çox insan mənim yerimdə olmağa can atır, lakin onlarda heç nə alınmır: məni itələyərək özləri düşürlər. Buna görə də, əgər xidmət etmirsənsə, səndə heç nə alınmayacaq.

Battlements

Hər kəsin bəzi inacları var, artistlərin də – teatr insanları çox xurafatçıdırlar. Teatr dünyası qismən şeytanlıqdır. Bir çoxları inanmadıqlarını söyləsələr də, "işin avand olsun!" deyənə mütləq cavab verirlər, çünki təcrübələrindən bilirlər ki, cavab verməsələr nələr baş verər!.. Böyük Teatrda səhnə yolu asan olmamalıdır və insanın həyatını mütləq zəhərləməlidir fikrinin olması başqa məsələdir. Bəzi gənc artistlərə kömək edəndə, mənə heç kimə kömək etməməyi xatırladırlar. Amma əminəm: hər kəs alnına yazılanı yaşayır.

Relevé

Ciddi idman növü və ya ciddi sənətlə məşğulsansa, fiziki ağrını hiss etməmək mümkün deyil. Hər peşənin ağrı da daxil olmaqla özünə aid bəzi nüansları var. Və bunlar fərqli ola bilərlər: fiziki, mənəvi, ruhən... Hərəkətin formalaşması üçün zaman lazımdır və çox vaxt bu zamanı gözləmək istəmirsən, amma anlayırsan ki, başqa yol yoxdur. Ağrı fiziki yorğunluqla müşayiət olunur və buna da dözmək lazımdır. Hətta belə bir fikir var ki, peşənin digər üzü haqqında danışarkən, ondan üz döndərmək olar. Bu yaxınlarda rəfiqəmin oğlu ilə söhbət etdim. Valideynləri onu xəstələrə kömək etmək üçün amerikan klinikasına işə düzəldiblər, baxmayaraq ki, o, tibbi təhsil almır. Sadəcə həyat təcrübəsi üçün. Və o, özünü o qədər yaxşı göstərib ki, bir dəfə həkim əməliyyat zamanı ona yardım etməyə dəvət edib. Bu uşaqda o qədər böyük təəssürat yaratmışdı ki, o, insan həyatı barəsində uzun bir esse yazmışdı. Axı bir tərəfdən bu insanların həyatını necə qurtaracağına dair çox gözəl bir hekayədir. Digər tərəfdən – çox çirkin bir hekayədir: qan, fizioloji manipulyasiya, daxili orqanlar açılır... Kimsə, solğun bir çiçəyi görəndə deyəcək: "Həyat bu cür bitir", başqa biri isə: "Oy, bax, alaq otu!" Odur ki, hər şey necə baxdığından asılıdır...

Pasdedeux

Opera və ya balet pərdəsi ən azı 50 dəqiqə davam edir. Müasir izləyici tamaşada artıq çox otura bilmir – 45 dəqiqədən sonra hər şeyi dayandırmaq lazımdır. Əgər bu məndən asılıdırsa, o zaman tamaşadan nə isə kəsirəm. Hamımız qadcetlar dünyasında yaşadığımızı başa düşməliyik, bunu dəyişmək olmur. Və afişalarda yaş məhdudiyyətini yazmaq – tamamilə boş şeydir, çünki bu gün hər bir uşağın əlində telefon var, deməli o, dünyada nə pis şey varsa mütləq tapıb baxacaq. Və bu şəraitdə teatr tamaşalarına yaş məhdudiyyəti qoymaq – sadəcə riyakarlıqdır. Əgər uşağa simfonik konsertdə, ya da heç olmasa opera və ya balet tamaşasının bir pərdəsini oturmağı öyrətməmisinizsə, sonra çətin olacaq. Bu gün Böyük Teatr, La Skala, Kovent-Qarden kimi teatrlar kənarda bağlı qalıb, çünki tamaşaçıların 99%-i oraya selfi çəkdirmək ya da paylaşım etmək üçün gəlir. Və bu bir fəlakətdir! Teatrları idarə etməyə elə insanları qoyublar ki, onlar sadəcə özləri üçün pul qazanırlar və bu dünyanın hər yerində belədir. Böyük Teatrda pərəstişkarlar nəslini tamaşalara hər gün getmək fürsətlərini əllərindən alaraq tükətdilər, çünki onların bahalı biletlər almağa imkanları yoxdur! Əvvəllər buraxılış sistemi vardı – bu insanlar bəzi narahat olan yerlərdə otururdu, kimisə hətta ayaq üstə dayanırdı, amma onlar bununla yaşayırdılar! Bu gün isə bir artist olaraq əsl tamaşaçıdan məhrumsan. Bundan başqa dünyanın ən ciddi balet tənqidçilərindən biri olan Klement Krisp artıq Financial Times qəzetində yazı yazmır: qəzetlərdə tamaşalar haqqında artıq resenziyalar verilmir. Onlar balla, ulduzla dəyərləndirmə sisteminə keçiblər və Klementdə bunu etmək istəmədiyini bildirib. Amma vaxtilə bu nəşr bütün dünya teatr palitrasına təsir edirdi! Bu da o deməkdir ki, sistem özü-özünü məhv etdi. Hər dövrdə hər şeyin yeni bir şəkildə başlaması lazım olduğu bir dönüş nöqtəsi var və biz indi həmin dönüş nöqtəsini yaşayırıq. Qalina Vişnevskaya "biz zaldakı iki-üç insan üçün ifa edirik, onlar keçən tamaşaya da gəlmişdilər, bir ay sonra da gələcəklər, onlar məni mənimlə müqayisə edirlər" – deyərək öz kitabında bu barədə ətraflı yazmışdı. Növbəti nəsli nə gözlədiyini bilmirəm, çünki bu gün məlumat axınının içində həqiqətən maraqlı biri olmaq, ulduza çevrilmək demək olar ki, mümkün deyil. İndi hər bir evdə ən az 150 kanal var, hələ bir də peyki saysaq, o zaman min kanal və daim kanaldan kanala keçmək olur. Lakin ən pis şey yeni çıxan reytinqdir. Buna görə də bir çox dəfə bildirmişəm ki, bu gün artist olmaq istəməzdim. Mən əbədiyyətə gedən qatarın son vaqonunun qapısından girməyə çatdım və Böyük teatrın milli miqyasda sonuncu ulduzu oldum.

Emboiter

İndi qəbul imtahanında uşaqlar buraxılış imtahanında etdiklərini edirlər. Bəzən bizə inanılmaz istedadlı uşaqlar gəlir, amma onların diqqətini cəlb etmək heç cür mümkün deyil. Onlar olduqca infantildirlər, oğlan uşaqları emosional olaraq dörd il inkişafda geri qalırlar, halbuki fiziki cəhətdən biz o yaşda onlardan geri qalırdıq. Tələbələrim 15 yaşlarında mənim 19-20 yaşında elədiklərimi edirlər, lakin onların emosional (zehni baxımdan deyil) inkişafı 12 yaş səviyyəsindədir. Və bir çox şeylərlə fiziologiya sayəsində tanış olmaları inanılmazdır: məsələn, onların, fiziki sevgi təcrübələri, ilk olmayan münasibət təcrübələri var, amma aşiq olmaq təcrübələri hələ ki yoxdur. Mən buna çox təəccüblənirəm, çünki onlarda hər şey fərqlidir. Bir dəfə mən qızlara Cülyettanın öncə evləndiyini, sonra isə bakirəliyini itirdiyini izah etməyə çalışdım. Onlar isə heç cürə bunu başa düşə bilmədilər – intriqa bunun harasındadır, niyə o bədbəxt idi, əzab çəkirdi!

Çünki müasir dünyada bu anlayış artıq yoxdur, bunda müqəddəs olan bir şey yoxdur. Psixologiya dəyişib və bir çox şeyi artıq izah etmək mümkün deyil. Məsələn, nə üçün Romeoya vaxtında mesaj çatdırılmayıb: "Sms göndərmək olmazdı ki?" – soruşurlar məndən.

Fermé

Dünya klassikası hesab edilən əsas ədəbi əsərlər xristian müəlliflər tərəfindən yazılıb. Və onlar öz qəhrəmanlarını adətən müqəddəs İncil kitabına uyğun cəzalandırıblar. Bunu nəzərə almaya bilmərik, xüsusilə də bu gün, köhnə tamaşaların süjetlərini yenidən yazdıqları, filmlərin çəkildiyi, konsepsiyanı pozduqları bir gündə... Mən bununla Roland Peti "Qaratoxmaq qadın" tamaşasını səhnələşdirdiyində qarşılaşdım. Mən sonluğun tamamilə Puşkinin yazdığı əsasında olması üçün mübarizə apardım. Mən ona izah etməyə çalışdım: siz katoliksiz, Puşkin isə pravoslav, əgər katolik inancında ən ağır cəza ölümdürsə, pravoslavların isə ən ağır cəzası – ölüm deyil, ağıldan məhrum olmaqdır. Və Puşkin Hermanı öldürmür, onu ruhi xəstəxanaya yerləşdirir. Buna görə də, uşaqları hər dəfə əsərin mənasını düşünməyə məcbur etməyə çalışıram.

Xüsusilə də hər bir detalın məna ilə dolu olduğu romantik baletdə. Silfida müəyyən bir yerdən uçub gəlir, sağ küncdən təsadüfən daxil olmur, onun qanadlarında alabəzək kəpənək var – hər bir xırdalıq milyonlarla gizli məna daşıyır – və XIX əsrin izləyicilərinə isə bunu izah etməyə ehtiyac olmamalı idi. ХХ izləyicisinə "Jizeldə" məsələn, qraf Albert özünün şəxsi malı olan qızla əylənmək üçün özünə məxsus kəndə gəldiyini, lakin bunun üçün kəndli kimi geyindiyini artıq izah etmək məcburiyyətindəyik. "Jizel" ümumiyyətlə balet tarixində xüsusi bir yer tutur, çünki onun ikinci pərdəsində qrafın peşmanlığı ortaya çıxır. Romantik balet qanunlarına görə mənfi qəhrəman klassik rəqs edə bilməz: klassik rəqsi yalnız müsbət qəhrəman ifa edə bilər! Məhz buna görə bütün birinci pərdədə Albert xarakterik ayaqqabılardadır və yalnız ikinci pərdədə bağışlandıqdan və günahı təmizlədikdən sonra klassik dəyişiklik hüququ qazanır. Halbuki, bu günə qədər çox sayda insan bu əsərin sosial dram deyil, bir sevgi hekayəsi olduğuna əmindir. Mən hər bir uşağa sual verirəm: "Niyə mərsin budağı qırılır? Sevgi? Heç bir sevgi yoxdur! Onun sinəsində də, arxasında da xaç var, o xristianlıqla əhatə olunub, qız isə başqa dünyadan gəlib". Təəssüf ki, bu cür incəliklərin anlayışı yox olur və sənət əsərləri öz dəyərini itirir...

Əlbəttə ki, Rusiya böyükdür və orada seçimlər çox sayda uşaqların arasından aparılır, lakin Azərbaycan daha kiçikdir və burada seçimlər daha az say arasından aparılır. Əgər biz məktəbə təxminən 60 uşağı qəbul ediriksə, anlayırıq ki, bunlardan yalnız 10 uşaq pis deyil, qalanları isə belə də... təəssüf ki, bu həmişə belə olub. Balet keyfiyyəti – ən nadir olandır, çünki baletdə çox yaxşı bədən quruluşuna və yaxşı koordinasiyaya sahib olmalısan, bu isə son zamanlarda nadir hallarda baş verir, çünki bir çoxları qeysəriyyə vasitəsilə dünyaya gəlir. Əlbəttə, belə bir doğuş travması beyinə fayda vermir, koordinasiya isə hər şeydən əvvəl – beyindir. Bir də musiqi duyumu var – bu ən çətinidir. Dörd musiqi duyumu növü var: eşidib və bunu yazmaq bacarığı; musiqi alətində ifa etmək bacarığı; oxumaq – duyum və səs bacarığı; və musiqi ilə hərəkət etmək bacarığı – bu ən nadir musiqi duyumu növüdür. Mən master-klasslar tərəfdarı deyiləm, baxmayaraq ki, Bakı Xoreoqrafiya Akademiyasında və Azərbaycan Gimnastika Federasiyasında bir neçə dərs keçirmişəm. Bu, müəllimlər üçün maraqlı ola bilər, ancaq uşaqları öyrənmək üçün bir müddətlik hansısa dərslərə yazdırdığınız halda nəticə əldə edə bilərsiniz. Başqa cür isə – məşhur bir adam gəldi, dərs keçdi, bəlkə də maraqlı idi, bəlkə çətin, ancaq nəticə haqqında danışmaq düzgün deyil.

Müsahibə: Leyla Sultanzadə

Foto: Xəlid Zeynalov 

NARGIS redaksiyası çəkilişlərin təşkilində göstərdiyi köməyə görə Bakı Dövlət Sirkinin rəhbərliyinə və Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə təşəkkür edir

Material əlli doqquzuncu buraxılışda dərc olunmuşdur.