NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Puerto-Riko carçısı

Qalın qaşlar, ehtiraslı dodaqlar, düşüncəli gözlərinin altında qara dairələr – müasir Hollivudun ən maraqlı nümayəndələrindən biri - Benisio Del Torodan söz düşdükdə fikirlərdə məhz belə portret canlanır. Stiven Soderberqin “Traffik” (2001) filmindəki meksikalı polis roluna görə aktyor həm “Qızıl qlobus”, həm də “Oskar” alıb. Hərçənd Benisio rəssam olmaq istəyirdi, aktyorluq sənətini maraqdan öyrənirdi və yalnız “Qətlə lisenziya” trillerində kiçik rol oynadıqdan sonra onun marağı peşəyə çevrildi. Lakin özünün bu yaxınlardakı “Fransız carçısı” filmindəki işində aktyor nəhayət ki, hər iki sevgisini birləşdirə bildi: kino və rəssamlığı. Kinoartist taleyinin dəyişkənliyindən Benisio Del Toro özü bizə eksklüziv müsahibəsində söz açdı.

Ues Andersonun “Fransız carçısı” filmindəki rol bu rejissorla Sizin ilk əməkdaşlığınızdır?
Bəxtim çox gətirdi ki, o məni öz aktyor heyətinə daxil etdi. Məlum olduğu kimi, bu heyət, demək olar, həmişə eynidir. Ehtimal edirəm ki, onun daimi aktyorlarından heç kim məhbusu oynamaq istəməyib, buna görə də rol mənə qismət olub. Ues Andersondan nə gözləyəcəyimi bilmirdim və heç kim də mənə heç nə izah etmədi. Məni Fransanın ucqar yerinə gətirib hətta nömrələrə xidmət göstərilməyən bir oteldə yerləşdirdilər. Rejissor mənə az yuyunmağı, üzümü taraş etməkdən isə ümumiyyətlə imtina etməyi məsləhət gördü. Səhəri gün əsl dəhşət yaşadım! İlk növbədə səhər yeməyi müəyyən saatlarda verilən restorana qaçmalı oldum və zamanında yetişməsəydim, ac qalacaqdım. Bir sözlə, bütün bunlar mənlik deyildi... Əvəzində axşam əsl şənlik başladı. Çəkilişlərdən sonra yorğun halda otelə qayıtdıqda orada artıq məşhur Hollivud ulduzları toplaşmışdılar: Tilda Suinton, Edrian Broudi, Bill Mürrey, Timoti Şalame, Frensis MakDormand, Anjelika Hyuston, Ouen Uilson, Kristof Bals və başqaları – sanki “Oskar” təqdimetmə mərasiminə gəlmişdilər. Mərkəzdə Ues Anderson əyləşmişdi və demək olar, hər şey haqqında boşboğazlıq edirdi – yaxınlardakı çəkilişlərdən Jan-Lyuk Qodarın rəsm əsərləri və yerli mətbəxin özəlliklərinə qədər. Mən isə yatmaq istəyirdim, axı səhər yenə saat 6-da ayağa qalxmaq lazımdır, mən stulda qurdalanırdım və yeməklərin gətirilməsinə nə zaman son veriləcəyini gözləyirdim... Amma şam yeməyindən sonra da heç kim dağılışmaq barədə düşünmürdü. Uesdən bir qədər tez getməyin mümkünlüyü barədə soruşduqda o çox təəccübləndi: “Əlbəttə, istədiyiniz vaxt gedin!” Amma hamı yerində qalırdı və mən də qalmaq qərarına gəldim. Zamanla mən buna alışdım, hətta həvəsə gəldim. İndi məndə də çəkilişləri müzakirə etmək vərdişi əmələ gəlib, amma bunu etməyə heç kim yoxdu – axı belə ailəvi atmosfer yalnız Uesin çəkilişlərində olur...

“Fransız carçısı”ndakı personajınız Mozes Rozentalerə ilk baxışdan aydın olur ki, bütün çəkiliş dövründə Siz üzünüzü taraş edə bilməmisiniz. Məhbus rəssam obrazının yaradılması üçün ilhamı harada axtarırdınız?
Caniləri, narkobaronları və digər cinayətkarları ilk dəfə oynamıram. Amma sərsəm rəssamı ilk dəfə oynadım. Bura onun əsərlərini alan art-dileri və ona çılpaq poz verən nəzarətçi qismində ilham pərisini də əlavə edin... Səhnələri təhlil edib və məşq edəndə Ues mənə Pikasso, Matiss, Frensis Bekon, Uilyam de Kuninq, Anselm Kifer kimi rəssamlara diqqət yetirməyi məsləhət gördü. Mənə isə daha çox Cekson Pollokun obrazı xoş gəldi. Rolu ifa etməyə isə mənə alman rəssamı və Tilda Suintonun partnyoru Sandro Kopp yardım etdi: o yalnız “mənim” bütün rəsm əsərlərimi çəkməklə qalmadı, həm də mənə qəzəb anlarında onlara necə bıçaqla hücum etməyi öyrətdi.

Sizin personajlarınız çox zaman cəmiyyətin lap dibini, kriminal aləmi təmsil edirlər. Maraqlıdır, rolların belə seçimi nə ilə əlaqəlidir? Sizə belə mövzular yaxındır?
Heç özüm də anlamıram ki, nə üçün həmişə onların ətrafında dolanıram. Narkotiklərdən istifadə etmirəm, Meksika ilə sərhəddə yaşamıram, siyasət heç vaxt məni xüsusi olaraq maraqlandırmayıb, hərçənd bəzən xəbərlərə nəzər salıram və qəzet oxuyuram. Mən artıq alkoqoldan istifadə etmirəm və ümumilikdə təmkinli həyat tərzi sürürəm: tez yatıram, tez dururam... Bəlkə hər şey latın amerikalıların imici ilə bağlıdır? Axı qərbdə o avtomatik olaraq narkotiklə, davalarla və ümumiyyətlə kriminal aləmlə əlaqələndirilir.

Siz Puerto-Rikodan ABŞ-yə 13 yaşınızda gəlmisiniz. Adaptasiya necə keçirdi?
O zaman mən Amerika mədəniyyəti ilə artıq kifayət qədər yaxşı tanış olmuşdum. Basketbol oynamağı və musiqi, xüsusən də “Rolling Stones”u dinləməyi xoşlayırdım. Buna görə də mən kifayət qədər tez dost topladım və özümü heç də pis hiss etmirdim. Bundan əlavə, puertorikalılar anadan olan andan avtomatik ABŞ vətəndaşlığı alırlar. Hərçənd anamın vəfatından sonra məni çox zaman tənhalıq hissi bürüyürdü... O dünyasını dəyişən kimi atam məni internat məktəbinə verdi. İngilis dilini zəif bilirdim, amma nitq ifadəsinin kasadlığını idman, musiqi, daha sonra isə rəssamlıq məşğələləri gözəl kompensasiya etdi.

Belə fikir dolaşır ki, Hollivudda latın amerikalıları o qədər də sevmirlər...
Bu sənayedə özümə cığır açanda mənə də asan olmadı. Digər tərəfdən, mən Hollivudu fəth etməyə hazırlaşan ilk latın amerikalı deyildim. Mənim çox sayda sələfim vardı və yolumda mənə yardım və dəstək göstərən çox sayda insanla rastlaşırdım. Mən çox sayda maraqlı personajlar canlandırmaq xoşbəxtliyinə nail olmuşam və onların hamısı latın amerikalı deyildilər. Əsil-nəcabətə gəlincə, mən “latın amerikalılar lap aşağılardan başlayırlar” qaydasını tez mənimsədim. Hətta bu gün belə həmyerlilərimə Hollivudda aktyor karyerasını başlamaq asan deyil, bizi stereotiplərlə hələ uzun mübarizə gözləyir deyirəm. Lakin dünya, hətta tez-tez qapansa da, ümumilikdə yenə də daha açıq və proqressiv olur.

Necə düşünürsünüz, təvazökarlıq aktyoru zinətləndirir? Yoxsa ona böyük eqo lazımdır?
Düşünürəm ki, aktyora böyük eqoya malik olmaq vacib deyil. Özün haqqında həddindən artıq şişirdilmiş fikir və şəxsi sərhədlərin cəhdlə mühafizəsi – yalnız psixoloji disbalansın əlamətləridir. Eqonu aktyora, həqiqətən də, lazım olan özünəinamla səhv salmaq olmaz. Xoşbəxtlikdən, o məndə qaydasındadır. Aktyor işi imtiyazlı olsa da, həmişə çətin olub. Burada erkən uğur gözləməyinə dəyməz, hərçənd belə də olur. Aktyor öz karyerasını nəzarətdə saxlaya bilmir, çünki burada çox şey təsadüfdən və başqa insanlardan asılıdır. Bu peşədə effektli xarici görünüş və istedad kifayət etmir, nəsə başqa şey də, məsələn, bəxt də lazımdır. Bəzən uğur və nüfuzlu mükafatlar nə daimi iş, nə də başqa rola dəvət gətirmir. Bəzi aktyorlar hesab edirlər ki, baş rolu oynadınsa, deməli, işlərin düzəldi! Onlar səhv edirlər. Stiven Soderberq və ya Oliver Stoun kimi rejissorlar mənə diqqət yetirənə qədər 5 baş rol ifa etmişəm.

Nə üçün aktyor olmaq qərarına gəldiniz?
Aktyor sənətinin gözəlliyi bundadır ki, öz emosiyalarına azadlıq verə bilirsən. Mənim atam hüquqşünas idi və seçimimə qarşı idi, o hesab edirdi ki, oğlu institut bitirməlidir. Belə peşə sahibini anlamaq olar. Tələbə hüququ öyrənirsə, sonradan vəkil ola bilər, tibbi öyrənirsə - ondan həkim çıxacaq. Bəs bütün günü teatrda sülənən və aktyor ustalığını öyrənən insan nə olacaq? Fırıldaqçı? Çoxları üçün belə yol aydın deyil. Cavanlıqda buna görə daim atamla aram dəyirdi, o mənə konservativ və dardüşüncəli gəlirdi. Amma qızım anadan olandan sonra atamı və onun həyəcanlarını daha yaxşı anlamağa başladım.

Qızınız yolunuzu davam etdirərsə, Sizi ən çox nə narahat edəcək? Əzablar, işsizlik, getməyə məcbur olduğu güzəştlər?
Aktyor karyerası bütün bunları əzəli olaraq özündə ehtiva etmir, hərçənd bir sıra digər peşələrlə müqayisədə şanslar daha yüksəkdir. Hər rejissor Stiven Soderberq deyil və həmişə də filmin alınıb-alınmadığını əvvəlcədən bilmək olmur. Əvvəllər mənə elə gəlirdi ki, 30 illik karyeramda hər şeyi görmüşəm, həyat artıq məni heç nə ilə təəccübləndirməyəcək. Zaman ötdükcə anladım ki, təcrübə qayğısız həyata zəmanət vermir, çox zaman hər şeyi sanki ilk dəfə olduğu kimi yenidən başlamalı olursan, xüsusən də mənim sahəmdə. Buna adət etmək olmaz, amma yaradıcılığı sevirsənsə, bu yolla addımlamaq qərarına gəlmisənsə - hər an hər şeyi yenidən başlamağa hazır ol.


Qızınızın dünyaya gəlməsindən sonra rol seçiminə fərqli yanaşmağa başladınızmı?
Necə deyim... Bəzən Delaylanın bəyənə biləcəyi layihəni seçməyə çalışıram ki, onu mənimlə birgə izləmək istəsin. Uşaq filmlərindəki dublyajlarıma belə bəraət qazandırıram. Digər tərəfdən, qızımın öz həyatı var, mənim isə öz. Haradan bilim ki, o böyüdükdən sonra dünyaya baxışları necə dəyişəcək, sonralar nəyə üstünlük verəcək? Odur ki, yalnız onun bəyənməyəcəyinə görə hansısa rollardan imtina etmək istəməzdim.

Eksperimentlərə asanlıqla gedirsiniz?
Bəzən rola razılıq verirsən və elə təsəvvür yaranır ki, xırda detallara qədər hər şeyi düşünmüsən, amma sonra özünü ekranda görürsən və anlayırsan ki, film alınmayıb. Bəzən də rejissorla ümumi dil tapmırsan, rol qıcıqlandırır, çəkilişlər alınmır, nəticədə isə ən yaxşı filmində çəkilmisən. Heç də həmişə əlverişli rol və ya məşhur rejissor uğura gətirib çıxarmır. Təkrar edirəm: bu peşədə süstləşmək olmaz, daim çox işləmək, dəyişmək və özündə nəyinsə öhdəsindən gəlmək lazımdır.

Filmdəki rollarınızı təkrar izləməyi xoşlayırsınız?
Güzgüyə baxmağı sevməyən insan üçün bir qədər qəribə sualdır... Adətən, öz filmlərimə bir dəfə baxıram. Özümə ekranda tamaşa etmək üçün evdə xüsusi texnikam yoxdur. Bəzən televizorda öz filmimi gördükdə hansısa hissəsinə baxa, öz ifamda nəyəsə əsəbiləşə, sonra isə qardaşıma zəng vuraraq şikayət edə bilərəm. Lakin bir də baxacam ya yox – bu heç nəyi dəyişməyəcək! Qardaşım mənim şikayətlərimə həmişə eyni cür cavab verir: “Əgər sən hər şeyi belə gözəl bilirsənsə, nə üçün özün cəmi iki film çəkmisən? Rejissorluqla ciddi məşğul olmağının zamanı yetişib!” Amma mənə onsuz da aydındır ki, aktyor uzun müddət kamera qarşısında oynayanda hansısa anda özünün çəkmək istəyi yaranır. Odur ki, mən də öz şəxsi layihəm haqqında düşünürəm...