Sərginin mərkəzi eksponatlarını "Elysium" (2024–2025) seriyasına aid xalça nümunələri təşkil edir. Bu seriya, Bakının Nardaran qəsəbəsində, eləcə də Azərbaycanın Şəmkir və Quba bölgələrində çalışan qadın sənətkarlarla əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş üç ədəd əllə toxunmuş xalçadan (hər birinin ölçüsü 150 x 200 sm) ibarətdir. Ekspozisiyanı "Beyond Utility" (Faydalılıqdan kənar, 2024–2026) adlı keramika qablar silsiləsi tamamlayır.
Azərbaycan xalçaçılıq sənəti əsrlərin dərinliklərindən süzülüb gələn zəngin ənənələrə söykənir, zərif ustalığı və özünəməxsus estetik dili ilə dünya miqyasında tanınır. Bu xalçalar özünün müstəvi-təsviri kompozisiya quruluşu ilə fərqlənir; ornamentlərin ölçülü-biçili ritmi, mərkəzi sahə ilə haşiyə arasındakı harmoniya və həndəsi motivlərin kəskin aydınlığı vahid vizual balans yaradır. Texniki mürəkkəbliyinə baxmayaraq, bu əsərlər dərinlik illüziyasından uzaqlaşaraq, səthə və naxışa üstünlük verən müstəvilik prinsipini qoruyub saxlayır.
Aida Mahmudovanın materiallarla apardığı uzunmüddətli və cəsarətli eksperimentləri bu köklü ənənələrə canlı skulptural dinamika bəxş edir. Laylı texnikaları, tekstura variasiyalarını və məkanla qarşılıqlı əlaqəni araşdıraraq, o, tekstil sənətinin həm formal, həm də konseptual sərhədlərini genişləndirir. Rəssamın yaradıcılığında xalça, döşəmə və ya divar üçün nəzərdə tutulmuş funksional obyektdən dərin fəlsəfi məna kəsb edən, taktil və məkanla vəhdət təşkil edən heykəltəraşlıq nümunəsinə çevrilir.
"Beyond Utility"(Faydalılıqdan kənar) seriyasına daxil olan keramika işləri rəssamın dulusçuluq və dekorativ şüşə-tətbiqi sənət sahəsindəki eksperimental axtarışlarının məntiqi zirvəsi kimi təqdim olunur. Ənənəvi sənətkarlığa əsaslanan bu keramika qablar məişət əşyası formasında hazırlansa da, rəssam tərəfindən unikal və nəfis dizayn nümunələrinə transformasiya edilir. Əsərlər Azərbaycan torpağından əldə edilmiş neft, kül, qum, gil və daşlardan hazırlanan əl işi şirələrlə (qlazur) örtülmüşdür. Bu cür material yanaşması əsərləri fiziki mühitlə üzvi şəkildə bağlayır, səthlərdə təkrarolunmaz, dinamik və gözlənilməz vizual effektlər yaradır. Eyni zamanda, maddə və yaddaş poetikasına müraciət edən bu seriya qədim ənənələr ilə rəssamın müasir ifadə tərzi arasında zərif və poetik dialoq qurur. Aida Mahmudova Azərbaycan mənzərələrinə həsr olunmuş geniş foto arxivinə istinad edərək, şəxsən çəkdiyi görüntüləri dekal texnikası vasitəsilə keramika səthlərinə köçürür və bununla da öz şəxsi yaddaşını və intim hekayələrini əsərlərə həkk edir. Nəticədə, bu qabların ritual formaları ən həssas xatirələri qoruyan mənəvi sığınacaqlar kimi yenidən doğulur. Bu sadə, lakin fərqli formalar insan ruhunun şəxsi və reflektiv xəritəsindəki rəmzi dönüş nöqtələrinin səssiz şahidləri kimi zamanın axarını təcəssüm etdirir.


