NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Nəsillərdən gələn musiqi

30 ildən çoxdur ki, Havyer Nandayapa ksilofon ailəsindən olan, meksika milli musiqi aləti marimbada ifa edir. O, Daniya, BƏƏ, Fransa, Yaponiya və sair ölkələrdə keçirilən dünyanın müxtəlif beynəlxalq festivallarında iştirak edib. Onun Meksikada iyirmi ildən çox gənc ifaçılara marimbada ifa sənətini öyrətmək təcrübəsi və Tobasko ştatında marimba ifaçıları Beynəlxalq festivalında səkkiz il rəhbərlik vəzifəsi var. Bu yay Havyer Nandayapa Avropa, Asiyanın 17 ölkəsində və Amerikada yubiley konsert turu çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib və bizim suallarımıza cavab verib.

 

Necə oldu ki, musiqi ilə məşğul olmağa başladınız?

Bu təbii hal idi, çünki mən musiqiçilər ailəsində anadan olmuşam və ailəmiz artıq yüz ildən çoxdur ki, marimba alətinin istehsalı və bu alətdə ifa sirlərini qoruyub saxlayır.

Və sizin başqa musiqi alətində ifa etmək istəyiniz olmayıb?

Düzünü desəm, başqa alətdə ifa etməyə cəhd göstərmişəm, lakin marimba bizim ailənin bir hissəsidir. Biz cənubi Meksika ştatı Çiapasdanıq, burada marimba əsas musiqi alətidir. Mən də qardaşlarım kimi hələ anamızın bətnində bu alətin necə səsləndiyini dinləmişəm. Musiqi mənim qanımdadır.

 

 

Siz artıq 30 ildir ki, səhnədəsiniz, bu necə hissdir? Heç səhnəni buraxıb, başqa bir işlə məşğul olmaq fikriniz olub?

30 il ərzində bir dəfə də olsun, şübhəm olmayıb. Hərçənd çətinliklərim olub. İndi, necə deyirlər, «frilanserəm», azad musiqiçiyəm. Meksikada iqtisadi böhran zamanı çətinliklərim olub. Lakin buna baxmayaraq heç vaxt peşə seçimimə şübhə etməmişəm.

Siz həmçinin gənc marimba ifaçılarına dərs verirsiniz. Müəllimlikdə ən çətin və ən maraqlı olan nədir?

Mən həmişə dərs vermirəm, müxtəlif təşkilatlarla və ya təhsil mərkəzləri ilə müvəqqəti müqavilələr bağlayırıq. Əsasən uşaqları öyrətmək daha asan olur, nəinki yeniyetmələri – onların başı müasir texnologiyalara qarışıb və ağılları havadadır. Həm də müasir gənclər hər şeyi tez və asan yolla əldə etmək istəyirlər, müasir texnologiyalar əsrində isə bu və ya digər məlumatları əldə etmək çox asandır. Mən isə tələbələrimə çalışıram başa salım ki, bir çox ölkələrə dəvət edilən və bütün dünyanı gəzə bilən artist olmaq üçün uzun və çətin yol qət etmək lazımdır.   

Səhnədə ifa edərkən auditoriyanız haqqında düşünürsünüz, yoxsa o anda ruhən təcrid olub prosesdən zövq alırsınız?

Mən səhnədə ifa etdiyim musiqidən zövq alıram, lakin bu ona tamamən qərq olduğum demək deyil. Artist tamaşaçının xoşuna gəldiyini hiss etməlidir.

Siz müxtəlif beynəlxalq festivallarda iştirak edirsiniz və Meksikanı beynəlxalq səviyyədə təmsil edirsiniz. Ölkəniz qarşısında hansısa bir məsuliyyət daşıyırsınız, bu sizin üçün həyəcanvericidir?

Əlbəttə! Mən həm ölkəmi, həm də ailəmi təmsil edirəm, bu mənim üçün qürurvericidir. Atam da marimbada ifa edirdi və çox hörmətli biri idi, 1996-cı ildə Meksika rəhbərliyi onu gözəl sənətlər milli mükafatı ilə təltif edib. O zaman biz qardaşlarımla birlikdə «Mandayaka marimba»  qrupunun heyətində dünya qastrolunda idik, və həmin anda Yaponiyada idik… və atamıza görə qürur duyduq. Bu sənəti Bakıda ilk dəfə olaraq təqdim etdiyimə görə çox şadam.

 

Зеферино Нандаяпа

Siz özünüz hansı musiqini dinləyirsiniz? Bu ifanıza təsir edirmi?

Mən özümü meloman hesab edirəm. Həm caz, həm folklor və orkestr, simfonik və ya kamera musiqisini dinləyə bilərəm. 90-cı illərdə caz musiqiçisi Əzizə Mustafazadənin ifa tərzinə valeh olmuşdum və budur, indi Bakıdayam… Bu yaxınlarda isə Mstislav Rostropoviç muzeyini ziyarət etdim. Gəncliyimdə onun musiqisini dinləyərək çox təcrübə toplamışam. Dinlədiyim bütün musiqi ifama təsir edir: mənim repertuarımda bəzi folklor və caz elementləri ilə olan kompozisiyalar yer alır... Meksikada məni çox vaxt caz festivallarına dəvət edirlər.

Sevdiyiniz kompozisiyalar var?

Argentinalı bəstəkar Pablo Agir mənə ruhən çox yaxındır, mən artıq altı ildir ki, onun əsərlərini ifa edirəm. Onun «Dünya naminə konsertini» dəfələrlə dinləyə bilərəm. Bütün musiqi karyeram müddətində Hosus Martines ilə əməkdaşlıq etmişəm. Son illərdə birlikdə «Retrospektiv» adlı disk buraxmışıq, bu albomda əvvəlki yeddi diskdən ən yaxşı əsərləri toplamışıq.

Öz musiqinizi, məsələn, yolda qulaqcıqla dinləyirsiniz?

Yox, digər kolleqalarımdan məhz bununla fərqlənirəm. Mən öz musiqimi yalnız səsyazma studiyasında dinləyirəm, sonra səsyazmanı kənara qoyuram və daha əl vurmuram. Seçmə əsərlər toplusu olan «Retrospektiv» albomundan «Hərb və sülh konserti» istisnadır.

Siz həyat yoldaşınız ilə birlikdə çıxış edirsiniz. Sizi musiqi bir araya gətirib?

Bəli. Biz Mexikoda bir festivalda tanış olmuşuq və o vaxtdan bəri artıq 15 ildir ki, birlikdəyik.

Birlikdə yaşayıb, yaratmaq və çalışmaq çətindir?

Bəzi çətinliklər var, xüsusilə, gündəlik həyatda. Biz oğlumuzu böyüdürük. O, məktəblidir və Bakıda olduğumuz üçün artıq beş həftədir ki, dərsləri buraxıb. Biz musiqiçiyik, bizim daimi işimiz və müəyyən gündəlik nizam-intizamımız yoxdur, buna görə bugünkü günümüz dünənkindən fərqlənir. Əgər işlə bağlı bir yerə gedirəmsə, nə vaxt qayıdacağımı dəqiq bilmirəm, eynilə həyat yoldaşım da. Biz azadıq, yalnız özümüzdən asılıyıq, lakin eyni zamanda bəzi neqativ hallar bizim övladımızda əks olunur.

Madam ki, söhbət uşaqdan açıldı, onun sizin izinizlə getməsini və marimbada ifa etməsini istərdinizmi?

Əlbəttə ki, oğlumun ailə ənənəmizi davam etdirməsini istərdim, lakin seçimi ona buraxıram. Və bu məsələdə atamı nümunə alıram. Onun bütün oğulları marimba ifaçısıdır, amma o heç kimi buna məcbur etməyib.

Bakıda ilk dəfəsiniz, şəhəri və Bakı tamaşaçılarını bəyəndiniz?

İnsanlar çox qonaqpərvər, çox səmimidirlər. Sadəcə azərbaycan dilini bilmədiyim üçün təəssüf edirəm. Dünən gecə Tbilisidən Bakıya gəldik, avtobusda bizdən haradan gəldiyimizi soruşdular və bizə suallar verirdilər. Sərnişinlər əsasən azərbaycanlı idi, və hərçənd suallarına cavab verə bilməsək də, bizi yemək yeməyə dəvət etdilər. Dil maneəsinə baxmayaraq bu çox xoş idi, səmimiyyəti və qonaqpərvərliyi hiss edə bildik.

Müsabihə: Güzəl Kəmalətdinova