NARGIS MAGAZINE
Həyat tərzi

CUBA LIBRE

Ağır və isti gecə sanki pambıq yorğanı kimi Havananın üzərini örtür... Bütün gecələr eynidir: fənərləri söndürsən – qaranlıq həm Kapitoliya qübbəsinin, həm Kafedral kilsəsinin üzərinə çökəcək, gecəqonduların xoşagəlməz görünüşünü gizlədəcək və turistlərin bu qədər çox sevdiyi səs-küylü küçələrin üzərinə qara drap səriləcək... Amma hələ ki, fənərlər yanır Havana canlıdır – ötən günün bütün ağırlığını gülərək, hərəkət edərək və sevgi ilə üzərindən atıb içki içir və rəqs edir. Gənc ruhlu köhnə şəhərdə adama elə gəlir ki: istənilən barda taxta stula oturan kimi yan masada axşam rom içməyə gələn Papa Hemini, Ernest Heminqueyi görəcəksən…

depositphotos_48061977_original

Kuba haqqında bütün məqalələr – müəllifdən müəllifə keçən saysız-hesabsız klişe və şablonlardan ibarətdir. Dünyanın ən yaxşı siqarları və ən gözəl rom içkisinin burada hazırlandığı, küçələrin köhnə avtomobillərlə dolu olduğu, hakimiyyət sükanından artritli barmaqları ilə bərk-bərk yapışan bir neçə yaşlıdan başqa Kuba haqqında nə bilirik? Kuba haqqında həqiqətən dəyərli bir şey söyləmək üçün günlərinizi cəhənnəm zəhməti ilə ayda iyirmi dollara qamış kəsməklə keçirməli, ya da son dərəcə istedadlı olub "Qoca və dəniz" kimi bir povest yazaraq burada yaşamalısınız. Düşünürəm ki, birinci varianta əlbəttə ki, can atmırsınız. Və inanmaq istəyirəm ki, nə vaxtsa ikinci variant sizdə alınacaq.

Hə, əgər klişedən danışırıqsa, bildirim ki, Kubanı adətən Azadlıq Adası və sosializmə qalib gələn ölkə adlandırırlar. Bir-birindən tamamilə fərqlənən iki gözəl fərziyyə. Kuba əyləncəli və dəlisovdur. Amma onun gülərüzlüyünə, latın ritmlərinə, küçələrdə orada-burada düzülən sütunlarına, hər tərəfdə asılan Çe Gevaranın portretlərinə diqqətlə nəzər saldıqda Kubanın ikinci üzünü görmək mümkündür. Kuba "kilsə siçanı" kimi yoxsuldur. Kuba əlli yeddi ildir ki, – "inqilabın qalib gəldiyi" andan etibarən irəliləmir.

Ən güclü və ən yaxın qonşusu olan ABŞ-dan izolyasiya olunmasından yarım əsr keçib. İrəlidə, "Kubanın mülayimliyinə" baxmayaraq – tam qeyri-müəyyənlik var... Məncə, Azadlıq Adası indi daha çox bağlı vəziyyətdə uzun və darıxdırıcı gün keçirən, sonra isə çəmənliyə buraxılan... balaca iti xatırladır. Azadlıqdan məst olan balaca it əvvəlcə otluqda başı gicəllənənədək oynadı, yoruldu və uzandı, artıq başqa heç nə istəmir. Günəşə tərəf uzanıb yatır.

depositphotos_8643262_original

Eynilə Kuba da günəşə və okean dalğalarına tərəf uzanıb mürgüləyir. Azadlıq çox olduqda qəribə bir dad qalır: əvvəlcə narahatlığa çevrilir, sonra isə – gərəksiz olur. Sosializmə gəldikdə isə, məhz Kubanın nümunəsində bu modelin nə qədər perspektivsiz və ölü olduğunu müşahidə etmək olar. Bəli, burada pulsuz təhsil, pulsuz və çox güclü tibb var. Amma bununla yanaşı, benzin, ət, balıq, elektronika, şəxsi gigiyena məhsulları və ümumiyyətlə yaşam üçün lazım olan çox şey defisitdir. Yerli valyuta – peso yalnız konfetti üçün yararlıdır. Turistlər bütün xidmətlər üçün yalnız konvertasiya edilmiş peso - ikinci yerli valyuta ilə ödəniş edirlər.

Əlbəttə ki, Varadero şəhərində – xüsusilə ağ dəriləri Kubanın günəşində əla qaralan zəngin avropalılar üçün inşa edilən ən gözəl turistik zonada tətil keçirdikdə maraqlı heç bir şey görməyəcəksiniz.  «Cuba Libre» kokteylini içərək otel və çimərlik arasında gedib-gələrək Kubada nələrin çatışmadığını öyrənmək olmayacaq. Burada isə bir şey çatışmır – pul! Dollar, dollar – Kubanın və kubalıların buna ehtiyacı var. Təəccüblüdür, kapitalizmin simvolu olan yaşıl kağız bu, ömrü boyu kapitalizmə qarşı mübarizə aparmış ölkə üçün o qədər əhəmiyyətlidir ki.  Burada dollara hər şey almaq olar: çəkmədən tutmuş bir gecəlik rəfiqəyə qədər.

2010-cu ildən Kubada yaşamaq bir qədər asanlaşıb: Fidel Kastro düşünərək fərdi şəxslərin məşğul ola biləcəyi biznes növlərinin siyahısını genişləndirdi – yəni öz vətəndaşlarına turistlərdən pul qazanmağa icazə verdi. Yarım əsr ərzində bu ciddi iqtisadi reformaya köhnə sosialist ənənəyə görə gözəl və dramatik don geyindirdilər: guya «inqilab tükdən asılı qalıb», «biz sosializmimizi xilas edirik» kimi digər təmtəraqlı cümlələr səslənməyə başladı. Onların məğzi bir nöqtəyə cəmlənmişdi – yaxşı bir təkan vermədən Kubanın iqtisadiyyatı işə düşməyəcək. Bütün deyilənlərə baxmayaraq, Kuba adamı özünə valeh edir. Kubanın möhtəşəmliyi onun gülərüz, gözəl və olduqca canlı sakinlərindədir.  

depositphotos_72836185_original

Havanada əsasən turistlərin hesabına yaşayan kubalılar haqqında pis təəssüratlarınız yarana bilər: onlar hiyləgərdirlər, onlar üçün xarici vətəndaş bir neçə «kuk» – konvertasiya edilən peso qazanmaq vasitəsidir. Amma bu xüsusiyyət turistlərin axın etdiyi dünyanın bütün şəhərlərinin sakinlərini birləşdirir. Bəlkə də, Havanada yerlilərin bu hiyləgərliyi ətrafda hökm sürən yoxsulluğa görə gözə batır. Amma turistləri hər yerdə eyni şəkildə aldadırlar. Kubalılara bir şeydə etiraz etmək olmur – onlar çox yaraşıqlıdırlar, onlar dəliqanlı və pişik plastikasına sahibdirlər, qadınların isə elə bir yerişi var ki, gözünü çəkə bilmirsən!

depositphotos_8482808_original

Yəqin ki, yerli sakinlər bu qədər gülərüzlü və cəlbedici olmasaydılar, Kuba Şimali Koreyaya bənzəyərdi, sadəcə dünyanın digər ucunda yerləşən. Kubalılarla aramızdakı fərq bir vaxtlar Heminqueyin Santyaqosunun bu sahillərdə tutduğu marlin balığı kimi böyükdür. Biz onların səhhətinə, ünsiyyətcil, elastik olmalarına, təmiz çimərliklərinə və isti günəşlərinə paxıllıq edirik… Onlar isə bizə - çünki biz Kubada yaşamırıq. Yəqin ki, hər hansı bir kubalıya şans verilsəydi – o, həvəslə həm Azadlıq adasını, həm salsa ritmini, həm də okeanı Avropanın hansısa sıxıcı və hüznlü yerində yaşayan şəhərlinin sakit, səssiz həyatına dəyişərdi.

depositphotos_84718820_original

Barın divarından Çe Gevara gözlərini zilləyib və sanki öz sözünü təkrarlayır: «Mən xilaskar deyiləm. Xilaskarlar mövcud deyil. İnsanlar özləri özlərini xilas edirlər». Çe hər zamankı kimi haqlıdır. İnsanlar özləri özlərini xilas edirlər. Və azadlıqdan yeyə biləcəkləri qədər alırlar. Bəzən isə azadlıq həddindən artıq çox olur, kuba romundan düzgün hazırlanmamış kokteyl kimi boğazı elə yandırır ki, nəfəs almaq mümkün olmur...

Kubada iki valyuta növü var: Kuba pesosu və convertible” yazısı olan konvertasiya edilən peso  (CUC). Birincisi yerli əhali üçün, ikincisi yalnız turistlər üçündür. Baxmayaraq ki, Kuba hər tərəfdən dənizlə əhatə olunub, burada demək olar ki, balıq tutmurlar –  qayıq və digər üzən vasitələr yoxdur. Bazarda mal əti tapmaq olmur: bütün inəklər dövlətə məxsusdur və heyvan öldürməyə görə düz iyirmi il həbs cəzası almaq mümkündür. Heminqueyin Nobel mükafatı aldığı «Qoca və dəniz» povesti gerçək hadisələr əsasında yazılıb: qədim zamanlarda kubalı yaşlı balıqçı həqiqətən beş metr uzunluğunda marlin balığı tutmuşdu və geri qayıtdığında onu  akulalar yemişdi.